Аннотация

Romanda hadisələr 90-cı illərdə baş verir. Corc adında ingilis yazıçı ömrünün son günlərini qocalar evində tamamlamaq qərarına gəlsə də, illər əvvəl yolları ayrı düşən xanımla rastlaşması, onun həyat yoluna yenidən işıq tutur. Həmçinin romanda Corca yaxın insanların 90-cı illərdə dünyanın fərqli yerlərində baş verən siyasi proseslərin cərəyan etdiyi ölkələrdə başlarına gələn hadisələr də öz əksini tapır.

Аннотация

Hindistanda və dünyada tam yetkin və realist istiqamətli yazıçı, görkəmli ictimai xadim, Nobel mükafatı laureatı kimi tanınan Rabindranat Taqorun “Fəlakət” romanında real həyatla mühafizəkarlıq ənənələri, feodal ailə əxlaqı ilə demokratik meyllər arasındakı konflikt, müstəmləkəçiliyə, zülm və istibdada qarşı mübarizə psixoloji inandırıcılıqla göstərilmişdir.

Аннотация

Roman paralel süjet üzərində qurulub. Romanın müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub. Romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub. Birinci şəxsin dilindən yazılan roman “əsarət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübhə”, “sevgi-nifrət”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib. Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.

Аннотация

Bu kitaba daxil edilmiş şeirlər və hekayələr, folklor nümunələri məktəblilərin dünya görüşünün formalaşmasında, biliyinin zənginləşməsində faydalı olacaqdır. Həmçinin məktəblilər Vətənimizin gözəlliyindən, qəhrəmanlarımızın şücaətindən bəhs edən bir çox maraqlı yazılarla tanış olacaqlar.

Аннотация

Nüsrət Kəsəmənli… Azərbaycan gəncliyinin bütöv bır nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər. Dünyaya şair kimi gəlib, dünyadan şair kimi gedən Nüsrət Kəsəmənlinin sehrli söz aləmində yumşaq, həlim və səmimiyyətlə qovuşuq ürəklərə axan işıqlı duyğular isindirir, düşündürür. Poeziyamızın ənənəvi və yeni şeir formalarına istinad edərək həmişə maraqlı və orijinal lövhələr yaratmış şairin bu kitabında onun həyat, insan və cəmiyyət haqqında oxucu ilə səmimi, poetik söhbətləri toplanmışdır. Bu əsərlərində gənclik səmimiyyətini yaradıcılığı boyu qorumuş şairin mənəvi dünyası bütün zənginliyi ilə görünür. Bu kitab ürəyi sevgi həsrətindən yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də sadəcə sevənlər üçündü…

Аннотация

İsgəndərnamə (fars اسکندرنامه) – Nizami Gəncəvinin «Xəmsə» toplusuna daxil olan beşinci və sonuncu poemadır. Poema 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır. "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə «Şərəfnamə», ikinci hissə «İqbalnamə» adlanır. «Şərəfnamə» Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, «İqbalnamə» isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır. İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir. Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvainin “Səddi-İsgəndəri” və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yazılmış əsərlər sırasında göstərmək olar. Nizaminin poeması Hatifinin “Teymurnamə”si kimi İsgəndərin adı ilə bağlı olmayan əsərlərə də təsir etmişdir. Həmin təsir Teymurnaməyə qəhrəmanlıq motivləri, Sədinin “Bustan”ına isə didaktik cəhətdən olmuşdur. İsgəndərnamədə əxlaqi fikirlərin güclülüyü, Şərq ədəbiyyatında isə bu məsələyə xüsusi diqqət yetirilməsi poemanı sevdirən səbəblərdən olmuşdur.

Аннотация

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Nəbi Xəzrinin bu kitabına xalq şairinin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas ən saf duyğuların tərənnümü – Nəbi Xəzri poeziyasının başlıca gücü-qüvvəti bundadır. Lirik qəhrəmanın fəal həyat mövqeyi, hadisə və faktların sənətkarlıqla mənalandırılması, məzmun təzəliyi və forma mükəmməlliyinin təbii təqdimi kitabdakı şeirlərdə dolğun bədii əksini tapmışdır. Şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır. N.Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun ardınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarıq şəkildə öz əksini tapır. N.Xəzri yaradıcılığı Azərbaycanın saf mühitində yetişməklə bu mühitdə cəmləşib qalmamış, doğma Vətənin sərhədlərindən çox-çox uzaqlara doğru istiqamətlənmişdir.

Аннотация

Böyük Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin əldə olan qəzəl, müxəmməs və rübailəri onun nə qədər zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada malik olduğunu göstərir. Bu kitabda Mirzə Şəfinin doğma ana dilindəki şeirləri, farsca yazdığı şeirlərinin orijinalı və sətri tərcümələri, almanca şeirlərinin bədii tərcümələri verilmişdir. Şairin bu təranələrində ictimai-fəlsəfi ideyalar əsas yer tutur. Şairin yaşadığı dövrdə həmin ideyalar, bütün köhnə cəmiyyətə, onun həyat tərzi və geri qalmış görüşlərinə qarşı çevrilmişdir. O dövrdə köhnə cəmiyyətə, islam dini və şəriət qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə bilərdi. Mirzə Şəfi bu şeirlərində eyni zamanda, həyatdan zövq almağa çağırır.

Аннотация

Аннотация

Bu gün Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim, Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı il dönümüdür. Mirzə Ələkbər Sabir ХХ əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında fərqlənən görkəmli sənətkardır. O, həqiqi хalq şairi, yeni Azərbaycan şerinin yaradıcısıdır. Onun şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, ХХ əsrin əvvəlinin salnaməsidir. Əsrin nəfəsi ilə nəfəs alan şair şüurları, vicdanları hərəkətə gətirən qələmiylə həyatın ictimai təzadlarını açıb göstərən etirazlı, təəssübkeş bir ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. Vətəndaş şair yolunu insanlara məhəbbəti naminə seçmiş Sabirin əsərləri insan ləyaqətini alçaldan hər bir şeyə qarşı mübarizədə ovхarlanmış silah idi və indi də öz kəsərini itirməmişdir. Bədii düşüncənin vüsət və dərinliyi, məhz satirada ifadə olunan ictimai amal və vicdanın ülviliyi və büllurluğu ilə Sabir bütünlükdə milli poeziyanın simvoludur, vətəndaş tipinin, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkar tipinin yeni təzahürü, həqiqi davamıdır. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psiхologizmi, Nizami epizmi – hamısı Sabirdə üzvi vəhdət təşkil edir. Böyük şairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdığı satirik şeirlərlə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müхbir yazıları və məktubları toplanmışdır.