Аннотация

Yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanının süjet xətti bədbəxt taleli bir qızın – sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. ""Romanındakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Tacir Həzrətgülün bacısı qızı Əfsanə bədbəxt bir hadisə nəticəsində ata-anasını itirmiş, dayısının himayəsində yaşamağa məcbur olub. Həzrətgül bacısı qızını həm dükanda, həm də evdə qulluqçu kimi işlədir, onun arvadı isə qıza qarşı son dərəcə amansızdır. Evin kiçik gəlini Nazənin isə Əfsanəyə bir bacı kimi yanaşır, sevir, onun həmsöhbətinə və sirdaşına çevrilir. Əfsanə gözəldir, nəcibdir, qəlbi kövrəkdir, güclü hafizəsi var. Şeri, sənəti başa düşür. Bütün Əfqanıstanda olduğu kimi, Ədnan qəryəsində də savadsızlıq, hüquqsuzluq və məhrumiyyət hökm sürməkdədir. Kəndin ağbirçək qadınlarından biri də Səbihə arvaddır. O, gənc yaşlarından dul qalmış, çətinliklə Yusif və Elməddin adlı oğlanlarını böyütmüşdür. Yusif – böyük qardaş şəhərə gəlib çətinliklə açdığı kiçik dükanda odun və kömür satır, Elməddin isə oxumaq arzusunu yoxsulluq üzündən qəlbinin dərinliklərində dəfn edib kənddə qalaraq qəryədər Qulamın yanında katib işləyir. Elməddin və Əfsanə bir-birini sevsə də, Əfsanə Elməddinin böyük qardaşı Yusiflə evləndirilir.Yusufin ölümündən sonra qardaşının arvadı ilə evlənməyə məcbur olan Elməddin Əfsanəyə qardaşının arvadı olduğu üçün toxunmur. Buna dözməyən Əfsanə Ədnandan qaçır. Elməddin isə etdiklərinə peşman olub, itkin gəlini- Əfsanəni axtarmağa başlayır.Günəş, zirvəsində yay-qış qar ağaran Ağ dağın arxasında yenicə gizlənir, şər yavaş-yavaş qarışırdı. Uzaqda, göylərə dirənmiş kimi görünən dağın nəhəng, tutqun kölgəsi hələ də aydın seçilirdi. O, ancaq bir azdan qaranlıqlar içərisində əriyib gündüzlər adamı valeh eləyən əzəmətini itirəcək, sabah dan yeri ağaranadək gözə görünməyəcəkdi. Əlibala Hacızadəyə yüz minlərlə oxucu sevgisi qazandıran “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib və bu filmi Azərbaycanın ilk serialı hesab etmək olar.

Аннотация

“Tərsanə” romanını oxuduqdan sonra müəyyən etmək çətin deyil ki, müəllif fəhlə mövzusu ilə qəlbən, ürəkdən bağlı olan bir sənətkar olmuşdur. Fəhlə obrazını yazıçı geniş miqyasda mənalandırırdı. “Tərsanə” romanında 1970-ci illər həyatının bir sıra zahiri tərəfləri otağın mebelindən başlamış, intellektual söhbətlərə qədər bütün təfərrüatı ilə canlandırılır. Romanı oxuduqca bəzi qaranlıq, anlaşılmayan təsvirlərə də rast gəlinir. Əsərin yazılmasından 50 ildən çox çox vaxt keçdiyinə baxmayaraq, aktuallığını və estetik dəyərini bu gün də qoruyub saxlayan, hətta bu gün də insanları düşündürən, özünə cəlb edən yaradıcılıq nümunəsidir.

Аннотация

Nazım Hikmət Anadolu kəndlilərinin acınacaqlı həyatını hələ gənc yaşlarından görmüş və sonradan “Romantika” (“Yaşamaq gözəl şeydir, qardaşım”) romanında təsvir etmişdir.

Аннотация

Yad Qızı romanı, XIX – XX əsrin əvvələrində, Osmanlı dövlətinin yenicə çökdüyü və inqilabi əhval ruhiyyənin yüksək olduğu dönəmdə ailə-məişət yaşamını təsvir edir. Əsərin baş qəhrəmanı Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır. Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir. Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan qayınanasına qarşı amansız davranaraq onun özünün evdən uzaqlaşmasına müvəffəq olur. Əri tərəfindən küçəyə atılan Nazan nə edəcəyini, hara gedəcəyini bilməyərək saflığını kimsəsiz küçələrdə itirir. Ətrafdakıların ağır baxışları altında əzilən qadın öncə təcavüzə uğrayır, ardından dost dediyi insanın ucbatından həbsə düşür və həbsdə yüngül həyat keçirməyə başlayır. Sağlamlığı məhv olur. Həbsdən çıxdıqdan sonra isə artıq həyatda tutuna bilməyərək intiharı seçir. Kitab ailə-məişət mövzusunda yazılan ən yaxşı romanlardan biridir.

Аннотация

Аннотация

XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biri olan Corc Oruell əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizə aparan yazıçı kimi tanınıb. Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Oruell Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən «„Kataloniyaya məhəbbətlə“» kitabını qələmə almışdır. Bu sənədli povest İspaniyada vətəndaş müharibəsini nəinki öz gözləriylə görmüş, hətta onun bilavasitə iştirakçısı olmuş qələm sahibinin sanballı əsərlərindəndir. Müharibə bütün ziddiyyətləri və pislikləriylə, ondan bəhrələnmək istəyənlərin oyun və yalanlarıyla, habelə uğrunda vuruşduğuna inananların fədakarlıqlarıyla qələmə alınıb. Həm də bu kitab o vaxt bəzi siyasətçilər üçün çox “narahatlıq” yaradıb, ona görə də ciddi “əl gəzdirilərək” buraxılıb.

Аннотация

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş­­məsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəs­li­nin ta­rix­çəsinin özü və bununla yanaşı onun xarakterik xüsu­siy­yətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların tale­lə­rinin qabaq­cadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Ro­manda o, Makon­do­nun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəs­lin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir. Latın Amerikası nəsrinin mifyaradıcı “mö­cü­zə­nin reallığı”, “magik realizm” romanda Amerikanın tək­rarsız sima­sının yaradılmasının va­cib vasitəsi və eyni zamanda özünə bir pa­ro­diya kimi çıxış edir.

Аннотация

Xurşidbanu Natəvan – XIX əsr Azərbaycanın görkəmli şairəsi. Qarabağın sonuncu xanımı (hakimə) Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olmuşdur. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. O, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

Аннотация

Dramaturqun mənzum faciələrindən biri də beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.

Аннотация

Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər: Niyə Səfi? Tarixlə maraqlanmaq bütün ziyalı insanların xüsusiyyətidir. Ələlxüsus da öz xalqının tarixiylə, keçmişiylə. Bu prosesi uşaqlıqdan, yeniyetməlikdən başlayaraq hamımız keçmişik. İstər tarix kitablarımızdan, istər tarixi romanlardan, istər tarixi film və tamaşalardan öyrənmişik keçmişimizi, tarixi şəxsiyyətlərimizi tanımışıq və bir çoxlarını sevmişik. Son sözə diqqət edək – «Sevmişik.» Sevgini yaradan sadəcə şəxsiyyətin tarixi olmağı, yaxud hansısa tarixi xidmətləri, fəaliyyəti deyil. Bunları bilmək ona yalnız rəğbət hissi yarada bilər. Rasional düşüncənin məhsulu olan rəğbət və hörmət… Sevgi, eşq isə tamam başqa bir məfhumdur. Burda hansısa qeyri-müəyyən mistik cazibə var ki, bəzən bunun yaranmasını hansısa dəqiq faktlarla əsaslandırmaq olur, bəzən də olmur. Çünki eşq olan yerdə ağıl çox vaxt aciz olur. Azərbaycanın orta əsrlər tarixi barədə də analiz aparanda məlum olur ki, həmin dövrlər tarixi şəxsiyyətləri arasında bir fiqur var ki, bütün azərbaycanlılar tərəfindən daha çox sevilir, daha çox bütləşdirilir, daha çox düşündürür… Kimdi bu şəxsiyyət? Əlbəttə ki, Şah İsmayıl Xətai. Dünya siyasət tarixində – Böyük Səfəvi hökmdarı Şah İsmayıl Səfi… Döyüş meydanında – Qızılbaş sərkərdəsi İskəndərşan İsmayıl Bahadur. Mənəvi və Ruhani istiqamətdə – Səfəviyyə təriqinin Piri-Mürşidi Dərviş İsmayıl. Minillik poeziyamızın tarixində – Azərbaycanın ən zərif, həzin klassik şairi Xətai. Folklorda, Xalq dastanlarında, ümumxalq yaddaşında – Ədalətli hökmdar, Şeyx oğlu Şah. Və nəhayət, Mədəniyyət müstəvisində – o dövrün bütün incəsənət ustalarının, rəssamların, xəttatların, nəqqaşların, xalçaçıların, şair və aşıqların, memarların və sair sənətkarların ən ali himayədarı, bütün dünyada tanınan çoxşaxəli «„Səfəvi mədəniyyəti“»nin yaradıcısı, təəssübkeş mesenat İsmayıl Mirzə… Hətta müasir dövrümüzdə – ətrafında ən çox mübahisələr gedən, möhtəşəm şəxsiyyəti və zəngin fəaliyyəti ilə, beş yüz il sonra da daim bizim ictimaiyyətin diqqət mərkəzində olan bir tarixi obraz…