Скачать книгу

idi. Ayşə də gedərsə, bu ev həyatının sonuna qədər həmişə belə boş və qaranlıq olacaqdı. İçindən: “Vermərəm qızımı daha!” – dedi.

      Tövlədə inəyə su verən Ayşə incə və şirin səsilə mahnı oxuyurdu, arvadı da soğan tarlasının kənarına çömbəlmiş, axşam yeməyinə göy soğan yığırdı. Qızı öz havasında, arvadı öz keyfində, ev sahibini sayan belə yoxdu! Bəkir dəhlizdə bir az səssizcə durdu, sonra incik səslə qışqırdı:

      – Əsma! Bostanı burax, mənə bax, dedim sənə! Bostana baxmaq vaxtıdı indi? Qarnım quruldayır.

      Ayşə atasına cavab verməyə hazırlaşaraq səsini yüksəltdi, mahnısını daha da sürətləndirdi. Bəkir tövlədən gələn mahnıda “çoban” sözünü eşidincə dinlədi:

      – Ayşə! Nə mahnısı oxuyursan orada?

      Ayşə atasının səsini eşitmirmiş kimi mahnısına davam etdi:

      Baş çobana, balam, baş çobana,

      Vermə qızını çobana.

      Qızını versən çobana,

      Soxar başını samana.

      Bəkir dəhlizdən endi. Artıq kimə qışqıracağını, kimə səslənəcəyini bilmirdi.

      – Ayşə, ay Ayşə! Sən də dişi porsuq kimi düşdün qaldın bostanda. Nədir o çoban mahnısı?

      Ayşə hələ mahnısına davam edirdi:

      Qarabaş qızım duz istər,

      Çoban ağam qız istər.

      Qarabaş quzuya duz yoxdur,

      Çoban ağama qız yoxdur.

      – Ayşə! Vallah, billah, bu qız ağlını itirib. Nədir bu çoban mahnısı? Millət yorğun-arğın tarlasından gəlir, bizim qız da çoban mahnısı oxuyur!

      Bostandan Əsmanın səsi eşidildi:

      – Nə olub? Keyfi yerində, inəyini gördü, sevindi, əlbəttə, mahnı oxuyacaq.

      – İnəyə oxuyur mahnını?

      – Kimə oxuyur, oxusun. Sən nə bilirsən kimə oxuyur! Könlündəkinə oxuyur. Könlündə çoban varsa çobana, dəmirçi varsa dəmirçiyə oxuyur.

      – Sən mənə bostandan filosofluq eləmə! Bizim ev teatra döndü, deyəsən. Tütünümüz tarlada yatır. Mən inəyin arxası ilə qaçdım bütün günü. Oğlumuz yox, halımızı düşünsün.

      Əsma ayağa qalxdı, yoldaşına yaxınlaşdı:

      – Dua et Allaha, qızına yaxşı ər versin. Hər şey düzələr. Tarlada yatan bir sənin tütünün deyil ki, el-aləm də sənin günündədir.

      – Amma belə hava…

      – Hava Allahdandır. Allah biz kasıbları unutmaz. Nə bilirsən, bəlkə, bir ay belə olacaq. Mahnının da insana zərəri yoxdu. Madam ki, mahnı oxuyur, keyfi yerindədir, demək.

      – Qarnım quruldayanda çoban mahnısı dinləyə bilmərəm.

      – Gəl evə. Yeməyin hazırdı. Şirin ye, şirin danış! Ürəyinə çoban qurdu girdi bu axşam! Qızın dilinə çoban mahnısı gəlib, oxuyur da.

      – İndicə könlündə demişdin.

      – Könlün də dili var.

      Bostanın yanındakı yoldan gəlib keçən kəndlilər eşitməsinlər deyə Bəkir susdu. Arvadına çoban Səid Əlinin oğlu Rəmzinin Ayşəyə göz qoyduğundan danışacaqdı, amma yenə dərdsiz başıma dərd açmayım deyə əlini salladı, məsələni unutmağa qərar verdi. Əsma da yenidən bostana girmişdi.

      Bəkir içində bir ağırlıq yorğun addımlarını sürüyərək evinə girdi. Dörd göz evi də ağ divarları, çarpayı, döşəkləri, qaranlığa basdırılmış, Bəkir Ağanın içi kimi səssiz, soyuq idi.

      Bəkir evinin səssizliyini hiss etmiş kimi içindən cavab verdi:

      – Babamin evisən sən. Atam, babam sənin divarların arasında dünyaya gəldi. Nənələrimiz beşiklərimizin başında laylay söylədi. Mənim evim, yalnızlıqlar, səssizliklər içində buraxaram səni heç? Bəlkə evim, bəlkə bir az daha çox nəsə! Zamanı gəlsin, görəcəksən otaqlarında, çarpayılarında, xalçalarında, dəhlizdə, bağçanda nəvələrim qaçacaq, divarların arasında onlar sevinəcə, onlar oynayıb, onlar qışqıracaqlar. Sən, evim, quş ailəsı kimi olacaqsan, sabah axşam onların ötüşmələrini dinləyəcəksən.

      Bəkir evilə danışmağa davam edirdi:

      – Elədirsə, Ayşəni ərə ver. Ayşə uşaqlar dünyaya gətirsin, nəvələrin doldursun evi!

      – Niyə tələsirik? On beş yaşı olmadı hələ.

      – On altı oldu.

      – Eləmi?

      – Elə, elə! Mən hər şeyi bilirəm, hər şeyi xatırlayıram. Sən də xatırlayarsan, qoca! Özünü aldatma! Elə gizli-gizli oyunlar etmə mənə!

      – On altı da olsa, gəncdir hələ.

      – Gənc haa? Ağ, billur boynuna bax, sinəsinə bax, ombalarına, qıçlarına bax. Qızıl rəngli bədəni atlas yorğanın altına uzadarkən sən Ayşəni görmürsən. Zəngin vücudunu döşəyə, həsrətli yanaqlarını yastığa dəyərkən sən Ayşəni görmürsən. Sən qızındakı darıxmağı nə vaxtsa hiss etdinmi?

      – Xeyr, xeyr!

      – Qırx beş yaşlı adamsan. Dünyanı, insanları deyil, öz balanı belə eşitmirsən, eşitmək istəmirsən.

      – Necə eşitmirəm?

      – Yaşı on yeddi olan bir qızın qəlbini sən necə eşidərsən?

      – On yeddi?

      – On yeddi, on yeddi! Bilməz kimi soruşma. On yeddi il sən mənim divarlarımdan, divarlarımın gözləri olan rəflərdə parıldayan mis qablarda sirr saxlaya bilməzsən, qoca! Rəflərdəki o qablar hər şeyi gördü, hər şeyi xatırlayar. Keçmişin sirri, sənin sirrin bütün bu divarlara hopdu. Ən ağır, ən çətin, ən xoş gecələrinizi bu divarların arasında yaşadınız. Mən səni anadan olduğun gündən xatırlayıram. Sən dünyaya gözlərini açmadan mən səni gördüm. Divarlarımla, damımla səni qucaqladım. İstidən, soyuqdan, qardan, borandan, yağışdan mən səni qorudum. Beşiyin yanında sənə layla deyərkən zavallı ananın səsini mən də səninlə bərabər dinlədim. Sonra yavaş-yavaş böyüdün, ayağa qalxdın, yeriməyə başladın. Yaramaz bir uşaq idin, dəhlizdə sinəmi bəzəyən çiçəkləri yolurdun, taxtaları kəsirdin. Bunu bir gün mənim köhnə ustam, sənin atan görmüş, səni əməlli-başlı döymüşdü. Yadındadırmı, Bəkir Usta?

      – Xatırlayıram, xatırlayıram…

      – Mən də hər şeyi xatırlayıram. Sənin sünnət olduğun günü belə xatırlayıram. Atlasların üstündə Molla Rəcəbin atası, sənin ayaqlarını tutmuşdu, atan da başını. Dəllək də tavanın küncündə asılı heyvaları işarə edərək: “Bax oğlum, bax bu siçovula!” – deyə səni aldatmışdı. Sən küncdə heyvalara baxmışdın və… Yadındadırmı?

      – Bəli.

      – Amma böyüdükcə yaxşılaşdın. Bacıların və böyük qardaşların bu evi buraxıb başqa evlərə köçdülər. Sənin atan, mənim ustam öldü. Amma ölmədən

Скачать книгу