Скачать книгу

altından Battal Ənvər çıxdı.

      – Sənin bu uzunqulağın yolu bilir, amma diqqətli ol! Qarşıdakı döngədən maşın çıxsa qalarsan uzunqulaqsız.

      – Su tökürəm də… Dur, desəm durmaz, gedib-gələr öz özünə! Xeyir ola, inəyin xəstədi?

      – Yox, Rum kəndinə öküzə aparmışdım.

      – Hə!

      – Rum öküzünün xidməti bahalı imiş.

      – İyirmi qəpik. Üstündə də bir səbət alma, armud.

      – Vay kafir, amma yaman soymuş səni ha!

      – Öküzün orasından varlı olurlar, nə edəsən!

      – Rəcəbin öküzünə niyə aparmadın?

      – Heç soruşma! Niyə sənin Əminən başqasına vermədi də sənə verdi? Bu heyvanın da canı Rum öküzünü istədi!

      Gənc, əsmər, pəhləvan quruluşlu Ənvər başını arxaya atdı, parlaq dişlərini göstərərək güldü:

      – Allah qoysa, öküz balalayar.

      – Allahın işidi bu, qarışa bilmərik. İnək deyərik, öküz çıxar, öküz deyərik inək. Bizim əlimizdədi ki? Allahın əmri ilə olur hər şey. On beş il əvvəl oğlan olsun deyə can atırdım, amma qız çıxdı. Yenə də dua etməliyik. Tanrı dinləyər, dinləyər, sonra kəsib biçər, necə doğru görərsə elə edər, onun əmri…

      Battal Ənvər, ağappaq dişlərini göstərib gülərək, Bəkir Ağanı dinləyirdi. Aşağıda, tütün tarlasının içindəki cığırdakı uzunqulağı, yoldan çox uzaqlaşmışdı. İnək də, Bəkir Ağanın lakkırtısının bir xeyli uzanacağını görüb yolun kənarında başını kolların altına soxub təzə ot yeyirdi.

      Bəkir Ənvərin geniş, sağlam çiyinlərinə, kişi əllərinə baxıb qısqanaraq ah çəkdi:

      – Bizə də oğlan lazımdı, amma olmadı! – dedi.

      Ənvər Bəkir Ağanın könlünü almaq istəyərək cavab verdi:

      – Oğlan faydalıdır, düzdü! Amma qız da evin bəzəyidir, Bəkir Ağa!

      – Elə qapağını tapana qədər bəzəyər. Sonra kim? Onun da zamanı gələr.

      Ənvər bir neçə gündür könlündə daşıdığı gizli məsələni Bəkir Ağaya demək üçün fürsət tapdığına sevindi:

      – On beş oldu, yəqin! – dedi.

      Bəkir təsdiq edəcəkdi, bəli deyəcəkdi, amma boğazında qırıldı:

      – Elə… yəqin elə. Bilmirəm dəqiq. Ya on dörd, ya on beş. Yoxsa on üç desəm? Bilmirəm dəqiq, qönçədir hələ…

      Sonra birdən-birə Ənvərin Ayşənin yaşını soruşanda bir şeydən şübhələnmiş kimi:

      – Bizim Ayşənin yaşından sənə nə, – dedi, – Yaşı at bazarında soruşurlar.

      Sonra söhbəti başqa yana çevirdi:

      – Bu gün bizim sahələrə çıxdınmı? Allah hava verdi, bu bir-iki həftəyə tütünləri yığa bilməsək işimiz fırıqdır. Köhnədən saqqallı kazaklar gəlib kəndlərdə iş axtarardılar. İndi onlar da görünmürlər, batdılar görəsən?

      Ənvər ağ yenə güldü:

      – Kaş ki, batardılar. Şükür Allaha, bizim kənd bu vaxtadək təmiz qaldı. Alma rusu yanına, alsan bəla olar, Bəkir Ağa!

      – Eləmi?

      – Xeyli vaxtdı ki, böyük oğlan Rəmzi Əsma xalanın gözünə girmək istəyir.

      – Sən dedi-qoduya qulaq asma, Ənvər!

      – Nə olar? On beş oldu, ağlaya-ağlaya gedəcək, tapsın özünə bir ailə. Çoban Səid Əlinin ailəsı pisdir ki? Rəmzi də meşə ağacı kimi sağlam, namuslu bir oğlandır…

      – Səid Əlinin ailəsınə sözüm yoxdu. Amma bunun dillərdə gəzməsini istəmərəm. Qərib quşun ailəsını Allah qurar.

      Battal Ənvər utandı. Birdən ağlına gəldi ki, indi – işlərinin qızğın vaxtı bunu danışmağın yeri deyil. Amma başladığı söhbəti də yarıda buraxmaq istəmədi.

      – Dillərdə deyil, Bəkir Ağa! – dedi, – Dillərdə deyil… Bilirsən ki, Səid Əli bizə qohumdur. Eh, Rəmzi mənə dedi dərdini. Ayıbdırmı?

      – Ayıbdır! Sən özünə bir arvad tapdın ki, qalxıb el-aləmi evləndirirsən?

      – Hirslənmə, Bəkir Ağa, bu kiçik sözümə. Mən kimisə evləndirmək istəmirəm. Oğlan dərdini mənə danışdı, mən də sənə deyirəm. Kürəkəni Samsundan gətirəcək deyilsən ki! Verəcəksən kənddən birisinə…

      – Kimə versəm verərəm, bəlkə də, heç vermərəm. Qız mənim, mal mənim, haqq mənim, sənə nə? Evində otur, rahat-rahat bax arvadına: tarlada isə bax uzunqulağının quyruğuna. Mənim işimə qarışma. Kiçik söz, hə? Milçək də bir şey deyil, amma ürək bulandırır.

      Ənvər susdu, amma Bəkir Ağadan incimədi. Bu məsələni Bəkir Ağa ilə danışmağa nə yaşı çatırdı, nə də zamanı. Amma Ayşənin də Rəmzini sevdiyini, Rəmzidən başqasını istəmədiyini bilirdi.

      Lakin Ayşə bunu atasına deyə bilməzdi, bu, onun sirriydi. Bu sirri Bəkirə anası Əsma aça bilərdi.

      Ənvər bu işin sonunda qohumu Rəmzinin lehinə bitəcəyinə əmin imiş kimi güldü:

      – Nəysə, gəncik, incimə, Bəkir Ağa! Yavaş-yavaş hər şeyin yerini də öyrənərik, sirrini də.

      – Sirr yoxdu. Sirdaş axtarmaq sirri yaymaq üçündür. Bu sözü başqasının ağzından eşitsəm vurub gözünü partladaram. Həm sənin, həm Rəmzinin…

      – Vay, vay!

      – Baxaq onda “vay, vay!” – deyə bilərsənmi? Get uzunqulağının yanına. Əsəbiləşdirdin məni…

      Bəkir Ağa doğurdan da hirslənmişdi. Addımlayaraq inəyinin yanına getdi, ikiəlli inəyin buynuzlarından tutub dərtdı, heyvanı aparmaq istədi. Amma inək başını yaşıl otlardan ayıra bilmirdi.

      Bəkir əsəbdən titrəyən əlləri ilə ipi heyvanın buynuzlarına keçirtdi, yolu gedərək qışqırmağa başladı:

      – Oha, oha… Partlayana kimi yeməyəcəksən ki! Qaldır başını otlardan… Oha!

      Ətrafına baxdı, əsəbi gözlərilə Ənvəri axtardı. Amma Ənvər yox idi. İnəyini çəkə-çəkə yolun o biri tərəfinə keçdi, tütün tarlasına baxdı. Tarla yolunda gənc Ənvər iri addımlarla uzunqulağa tərəf gedirdi.

      – Zəmanə insanlarıdı bunlar! – deyə, Bəkir dodaqaltı deyindi. – Dinə də, imana da, kəndə də, millətə də xeyirləri yox! Bir qızımız var, ona da göz qoydular artıq… Qız da hələ gül qönçəsi, ağzı süd iyi verir… Get, Məcik, get… Mən Rum kəndində öküzlə meşədə, tülkülər də bizim sahədə. Nə bilmişdin, Bəkir?! Evdə bir arvad var, bir qız! Çoban Səid Əlinin övladları bizim sahələrdə Ayşəyə baxırlar. İtsiz evə tülkü asan girər…

      Günəş qıpqırmızı yamacın arxasına enirdi, əsmər göyün altında dənizin maviliyi göyərirdi.

Скачать книгу