ТОП просматриваемых книг сайта:
Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Читать онлайн.Название Avropa. Türklər. Böyük Çöl
Год выпуска 0
isbn 9789952243734
Автор произведения Murad Acı
Издательство Altun Kitab
Sonralar dünya yeni kəşflərə can atmadı, yalnız qıpçaqların ixtirasını necə var elə də qəbul etdi!
Ata mindikdən sonra xalqın hətta “geyimi” də dəyişdi: türklər süvari üçün daha əlverişlı olan paltarlar tikdilər. Həmin vaxt altaylılarda şalvar, çəkmə, başlıq, kaftan və digər geyimlər peyda oldu. Hətta çəkmələrinə daban da vurmağa başladılar. Öz geyimləri ilə qıpçaqlar başqa xalqlardan fərqlənirdi. Qədim şəkillərdə, sözlə təsvirlərdə, arxeoloji tapıntılarda onların xarici görünüşünü sezmək mümkündür.
Qıpçaq geyimlərinin keyfiyyəti və gözəlliyi haqqında xeyli danışmaq olar. Son dərəcə incə işdir. Pazırıq kurqanlarında, məsələn, arxeoloqlar ipək, toxuma, keçə, çesuça[10] tapmışdılar. Onlardan gündəlik geyinilən gözəl geyimlər alınırdı. Avropada belələrini hazırlamağı bacarmırdılar…
Dediklərimə etiraz etmək istəyənlərə bir faktı diqqətə almalarını məsləhət görürəm: belə çıxır ki, Böyük Çöldə sadəcə yaşayış məskənləri yox, məhz sənətkarların – zərgərlərin, toxucuların, dərzilərin, xalçaçıların, dəmirçilərin, dulusçuların və digərlərinin yaşadığı şəhərlər vardı. Onları unutdurmağa çalışsalar da, hazırlanan məmulatlar göz qabağındadır…
Arxeoloji tapıntılar türklərin digər “vizit kartlarından” da xəbər verir. Dünyada ilk dəfə məhz Altayda ağac tirindən qüllə, koma, sonra isə evlər meydana gəldi. Bu, adamlara mağaraları tərk etməyə və istədikləri yerdə yaşamağa imkan verdi. Türk memarlığı ağac kimi qol-budaq atıb inkişaf etdi. Onların əsrlərdən qalmış cizgilərini asanca tanımaq olar… Təəssüf ki, bunu da etiraf edə bilmirlər. Lakin o var!
Məsələn, daxmalar öz praktikliyi ilə fərqlənirdi, onu səkkizüzlü tikirdilər. Səkkizüzlülük türk memarlığının əsas geometrik elementidir. O ən qısa perimetrdə ən geniş sahə verir. Sadə dildə desək, ən qısa divar olan yerdə ən geniş ev alınır. Materiala və yanacağa qənaət, memarlıqda “səkkizüzlü” ənənə görün özündə nə daşıyırdı!
Bəs evdə soba? Bu da tərifəlayiq olan türk yaradıcılıq nümunəsidir. Xüsusilə şaxtada… “Uzun müddət” istilik verən və yanacağa qənaət edən ocaq.
Türklər soba hazırlamaqdan ötrü düşünüb-daşınıb yeni, xüsusi tikinti materialı – kərpici yaratdılar. Sonralar Altayda kərpicdən saraylar, müdafiə divarları tikməyi öyrəndilər. Lazım gələndə kərpicdən tikilmiş obyekti sökürdülər; uçurulmuş kərpiclər isə nə vaxtsa yenidən işə yarayırdı… Yenə qənaət.
İstəsələr-istəməsələr, özləri də bilmədən müxtəlif xalqlar türklərin bir çox ixtiraları haqqında məlumatları qoruyub-saxlayıblar. Türklərdən götürülmüş əşyalar onlarda əvvəlki kimi türkcə adlanır. Rus və ukraynalılarda, məsələn, bu, dengi (pul), kopeyka (qəpik), kniqa (kitab), çuqun (çuqun), bulat (polad), peç (soba), oçaq (ocaq), kirpiç (kərpic), izba-dır (koma)… Xeyli söz, məsələn, kolbasa, yaxud Avropada çox sevilən yoğurt çöl sakinlərindən gəlib, sonuncunun türk dilində hərfi tərcüməsi “turş süd” deməkdir.
Qədim, necə deyərlər, “rus” geyimləri də qıpçaqlardan gəlmədir; arxeoloqların Novqorod ətrafındakı tapıntıları sübut etdi ki, slavyanların geyimi tamamilə fərqli imiş. Armyak[11], yapıncı, kaftan, şuşun[12], şuba, klobuk[13] və digərləri – onlar türklərin yaddan çıxmış tarixinin əks-sədasıdır… Heç nə itməyib!
Nəhayət, hamımız bir sadə həqiqəti dərk etməliyik: xalqın mədəniyyəti heç bir tarixçi və ya siyasətçi tərəfindən yaradılmır, o, mücərrəd deyil, hətta öz kiçik detallarında belə çox dəqiq və konkretdir… Ona görə də xalqın tarixi sərbəst fikir yürütmək üçün deyil, o, elmdir! Riyaziyyat və ya fizika kimi ciddiyyət və dəqiqlik tələb edir…
Təəssüf ki, Rusiyada tarix həddindən artıq sərbəstdir, onu hər bir hökmdar öz istədiyi kimi yazıb…
Xalqların Böyük köçü
…Altayda artıq yaşamağın mümkün olmadığı günlər gəlib çatdı: burada həddindən çox insan yaşayırdı, torpaq hamını ərzaqla təmin edə bilmirdi. Xalqı uzaqlara baxmağa məcbur edən çətin an yetişdi.
Altaydan dünyanın dörd tərəfinə yollar uzanırdı. Hansı ilə getmək lazımdır? Hansını seçsinlər?
I əsrdə Altay əcdadlarımız üçün bütöv bir dünya demək idi. Həqiqətən də, türk mədəniyyətinin üstünlük təşkil etdiyi bütöv bir dünya! Altaya həm də Tenqri-tau (türk dilində “İlahi dağ”) və ya Edem (“Əcdadların torpağı”) deyirdilər. Türklər buradan dünyaya ilk addımlarını atdılar, bizim coğrafiya bu nöqtədən öz hesabını aparmağa başladı.
Düz getmək – şərqə yönəlmək, sağa getmək – cənuba istiqamətlənmək, sola getmək – şimala irəliləmək, arxaya getmək isə qərbə tərəf yollanmaq demək idi. Sola gedən (şimala) yol qısa idi və onların qarşısını bataqlıqla meşə kəsirdi. Çox az adamın bu yola tamahı düşdü, onlar Lena (“İlin” – türk dilində “Şərqi”) çayı sahilinə çıxdılar və orada məskunlaşdılar. Həmin türkləri indi “yakut” adı ilə tanıyırlar. Yenisey (“Ene-say” – “Ana-çay”) və Ob (“abe” – türk dilində “nənə”, yəni “Nənə-çay”) çayı sahilləri boyunca uzanan yollar da unudulmamışdı.
İ.S.Turgenev
«Turgenevlər nəslinin əsasını qoyan Murza Lev Turgenev – Qızıl Ordanın imtiyazlı təbəqəsinin əyanı idi… Turgenev soyadının kökündə Turgen ləqəbi dayanır». Sibirin türk xalqlarının dilində bu, «sürətli», «cəld» deməkdir.
Altaydan şərqdə az qala keçilməz olan Uzaq Şərq meşə və bataqlıqları yerləşirdi. Odur ki heç kəs oraya köçmək fikrində deyildi.
Cənub marşrutuna gəlincə, türk süvariləri Hindistana daxil oldular, bununla da məşhur Günəş çarlığı sülaləsi meydana çıxdı. Türklər indiki Mərkəzi Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan torpaqlarını birləşdirərək Kuşan xanlığını yaratdılar.
Qeyd edək ki, I–III əsrlər və türk tarixinin bütün “hind dövrü” türklərin özləri tərəfindən tamamilə unudulub. Lakin Hindistanın və İranın özündə bu dövrü yaxşı xatırlayırlar. Üstəlik, buddizmin şimal qolunun əsasını qoyan, Səma Allahı – Böyük Tenqriyə sitayiş edən və təmizqəlbli biri olan Kanişka xanı (78–123) hələ də ilahiləşdirirlər.
Kanişka uzaq Hindistanda qıpçaqların və bütünlükdə türk mədəniyyətinin rəmzi olaraq qalıb. Orada türkləri çoxdan tanıyırdılar: onlar şimaldan qəflətən peyda olmuş, birdən-birə də yoxa çıxmış tapmaca-xalqdır.
10
11
12
13