ТОП просматриваемых книг сайта:
Günəşi gözləyənlər. Cavid Zeynallı
Читать онлайн.Название Günəşi gözləyənlər
Год выпуска 0
isbn 978-9952-8411-5-2
Автор произведения Cavid Zeynallı
Издательство Köhlən Nəşriyyatı
Kafenin yuxarı başında oturan kaftar qəhbəbaşına yaxınlaşıb adımı dəftərə yazdıranda, onun başını yellətməsindən acıqlanıb hikkəylə üstünə çəmkirdim. Qoca qancıq da öz işindən qalmadı, məni söyüb abırdan salandan sonra suyum süzülə-süzülə pilləkənləri qalxıb təmiz havaya çıxdım.
Metronun yanından üzü aşağı – Alatavayacan mahnı oxuya-oxuya gəldim. Hərdən fışdırıq çalırdım, yanımdan keçən tək-tük taksilərə əl edib məzələnirdim. Zibil yeşiklərində sümsünən küçə itlərini daşlamağı da yaddan çıxarmırdım. Təzə tikilən binaların yanından keçib gedərkən bəxtim gətirir, əlimi hara atırdımsa, kubik parçasına rast gəlirdi. Elə bu bəsdi ki, gecənin sakitliyini ürəkparçalayan it zingiltisi pozsun. Quşları da yuvasından perik salmaq lazım idi. İtin, insanın yuxusuna haram qatılan gecədə, quşun da yatmağa haqqı yoxdur! Ayaqqabılarımı çıxarıb yaxınlıqdakı ağaca tolazlamağımla, quşların “pırr” eləməyi bir olurdu. Bir ağac, iki ağac, üç ağac… əla idi. Sonra yolun ortasında mayallaq aşmağa başladım.
“Qələbə” meydanının yanından keçəndə, arxadan eşidilən qadın tuflilərinin səsindən özümə gəldim. Tələsik addımlarla binanın tinini burulan qaraltı gözümə dəydi. Arxasınca qaçıb qolundan tutdum, diksindi. Ayın süd-bəyaz işığında qızı tanımağa nə var, yaxınlıqdakı binada yaşayırdı. Çırpınıb əlimdən qurtarmağa çalışsa da, məndən yaxa qoparmaq müşkül işiydi. Özü də cibimdə siçanlar oynayırdı. Əlbəttə, qızı bekarçılıqdan, məzələnmək xətrinə saxlamamışdım, mənə pul lazım idi, pul!
– Haradan gəlirsən bu vaxt? – Qaşlarımı düyünləyib hikkəylə çəmkirdim. Elə bil, vaxtilə bir yastığa baş qoyub uşağımıza ad seçmək üçün saatlarla şirin xəyala dalmışdıq.
Sualıma kobud cavab verdi. Təkrar soruşanda nəsə bir bəhanə uydurdu ki, xatırlamıram. Ona bir az da diqqətlə baxanda üz-gözünün qızardığını gördüm. Deməli, saqqallı adamla təzəcə öpüşmüşdü.
– Məndən nə istəyirsən?
– On manat pul lazımdır.
– Neynirsən?!
– Şalvar alacam.
Xox gəldi ki, bu saat qışqıracam. He-he, axmaq adam!!! Elə bilirdi, inanacam.
– Sən qışqırsan, deməyəcəklər ki, gecənin gec vaxtı küçədə nə sülənirsən?
Polislə hədələdi. Tərslikdən, Yasamal Rayon Polis İdarəsinin səma rəngli dördmərtəbə binası bir addımlıqda idi. Kafedə içdiyim beş parç pivənin təsirindən əməllicə sərxoş olmuşdum. Polisin adını eşidəndə diksindim, öz aramızda qalsın, bu rütbəli məxluqlardan qotur itsayaq tük tökürəm. Hirsimdən dil-dodağımı gəmirib, pul üçün qıza sonuncu xəbərdarlığı etdim. Məni türməyə bastıracağını demişdi ki, şillə açıldı, nə açıldı. Canım yansın, əlimin belə ağır olduğunu hardan bilim, qız huşunu itirdi. Özünə gələndə sürüyüb binanın blokuna saldım. Gözü yaman qorxmuşdu, yəqin belə vəhşicəsinə davranacağımı gözləmirdi, bədəni titrəyirdi. Lal-dinməz çantasını açıb onmanatlıq çıxardı. Pulu cibimə dürtüb həyasız-həyasız razılığımı bildirdim: əlim sinəmdə, qara başım hüzurunda əyildi. Özüm ölüm, ciddi deyirəm! Hətta üst-başını təmizləməyə də əl yetirdim, nainsaf deyiləm, axı! Ayrılanda dilindən iltizam aldım ki, bir daş altda, bir daş üstdə, xəbər tutan olsa, özünü ölmüş bil! Onun hürküsü məndən beşbetərmiş, yalvardı ki, qonum-qonşuya deməyim.
Ayrıldıq. Qızın arıq bədəni binanın tinində itəndə, yenə fıştırıq çalıb səntirləyə-səntirləyə yoluma davam etdim.
Otağımın işığını yandırıb gözlərim acışa-acışa əl-üzümə su vurdum. Yenə Əqrəbi xatırladım, yenə onun ərindən ayrılmasının səbəbini axtarmağa çalışdım. Hirslənmişdim, əl-ayağım əsir, dişim-dişimi döyəcləyirdi. Saata baxdım, beşə on dəqiqə qalırdı. Yuxu gözümdən tökülsə də, Əqrəbin dərdini başımdan ata bilmirdim. Bir az mürgüləyib diksindim, küçədəki qız yuxuma girmişdi. Yerimdə qurcuxub ürəyimin şübhəsini çalxaladım, ilan vurmuş kimi narahatçılıqdan can qurtara bilmirdim. Elə bil, mədəmin üstünə mərmi qoymuşdular. Bu işin mütləq bir zibili olmalıydı. Dünən Zorge parkının yanında veyilləndiyim üçün özümə yeddi qatımdan keçən söyüş söydüm. Hardansa ağlıma gəldi ki, stolun üstündəki çirkli qab-qaşığı götürüb var gücümlə divara çırpım. Ya da elə küçənin ortasına vızıldadıb səsinə bütün qonşuları durğuzum. Lənət şeytana, polisin qorxusu ürəyimdən çıxmırdı. Allah bilir, sabah başıma nə iş gələcəkdi.
Əqrəbə sms yazdım: “Yunanlar deyir, ərinə itaət edən qadın dul qalmaz. Sən yaxşı qadın olsaydın, ərindən ayrılmazdın”. Yatanda telefonu bağlamaq adəti yoxdur. Bilirdim ki, sms-in səsi şirin yuxusunu gözündən gətirəcək.
Nə vaxtdan bəri beynimin küncündə ilişib qalan bu cümlənin təsirinə inanırdım. Yuxudan oyanmasaydı, səhər oxuyan kimi əhvalı zəhərə dönəcək, hıçqıra-hıçqıra gözünün yaşını tökəcəkdi. Ola bilərdi, mənə zəng edib dişinin dibindən çıxanı desin.
Əqrəbin zəngini gözləyə-gözləyə yuxuya getdim. Bu dəfə yuxuma qoca professorla dul qadın gəldilər. Dul qadın 2005-ci ilin qışında ona bağışladığım İran qaloşuna görə mənə borclu olduğunu deyib, alnımdan öpdü. Əlbəttə, mən o vaxtlar məsum idim. Utandım, üzgörənlik elədim ki, sənə kömək etmək mənim borcumdur. Deyəsən, vicdandan-zaddan da dəm vurmuşdum.
Üç
Ertəsi gün on birin yarısında yuxudan oyandım. Dünənki pivə böyrəklərimə sancı verirdi. Tualet lazım idi, tualet, bircə dəqiqə geciksəydim, biabırçılıq olacaqdı. Yorğanı üstümdən atıb ayağa durmaq istəyəndə, itdamına oxşayan otağımın balaca pəncərəsinin önündə bir adam gözümə dəydi. Papağı, çiyninin paqonu görünməsə də, qolundakı şevronda iri hərflərlə yazılmış “DİN. Polis” sözünü oxumaq kifayət idi ki, mənim qara günlərimin baiskarı ilə tanış olum. Yox, belə olmazdı. Meyitimi itpayı vəsiyyət edərəm, nolar; can mənim, cəhənnəm Tanrının, amma diri canımı polisin əlinə vermək kişilikdən deyil axı, gözgörəti debillikdi. Özümü polis bölməsində təsəvvür edəndə, elə bil bədənimin tüklərini quru-quru yolurdular. (Bunun necə məşəqqətli olduğunu bilsəydiniz!) Çöldonuzuna oxşar zırpı rəisin sorğu-sualına tab gətirmək mənim işim deyildi. Bəlkə televizora çəkib düzü-dünyaya yayacaqdılar ki, “Qələbə” kinoteatrının yanında dələduz yaxalamışıq. Özümü düz aparmasaydım, zorlama maddəsini də boynuma yıxıb anamı ağlar qoyacaqdılar. Soyuq kamera divarlarını, polis dəyənəyini də bunun üstünə gələndə, bədənim gizildədi, başımın arxasında küt ağrı hiss etdim.