Скачать книгу

evinir və ölümdən sonrakı həyata inanırlar…

      Cavid Zeynallı. Günəşi gözləyənlər.

      Bakı, “Köhlən” nəşriyyatı, 2021.

      © Cavid Zeynallı / 2010

      © Köhlən Nəşriyyatı / 2021

      İSBN:978-9952-8411-5-2

      Bir

      Onu Əqrəb çağırardım. İnciməzdi. Gözlərini qıyıb fındıq burnunu qırışdıranda dodağına qonan təbəssümdən bilərdim ki, xoşuna gəlir. Deməli, hər şey gözəl idi, gözəl! Hə, bircə çimdik qayğıkeşlik lazım idi, vəssalam! Ki, hamının gözü qarşısında onun əlinə toxunmaq üçün ürəyimdə güc tapım.

      Doğulduğu ay noyabr, il 1986. Hikkəli adam! Amma həm də uşaq kimi sözəbaxan, sadəlövh, özünü sevdirə bilən istiqanlı qız!

      Mən fakültəyə sonradan köçürüldüyümə görə Əqrəblə gec tanış olmuşdum. Yaddaşım korşalıb; xatırlaya bilmirəm ki, hansı aydın sabahda, hansı işıqlı gündə gözlərimiz bir-birinə dikilib. İndi Alatavada kirayə qaldığım itdamı boyda otağımda əllərimi başımın altında cütləyib tavandakı milçək ölülərini sayıram. Bəs, iki daşın arasında bu tarixçəni yada salmağın nə mənası var? Bilmirəm! Güman, onun da bu uzaq, bu qüssəli başlanğıcda özünü yormağa həvəsi olmayıb. Qəribədir, son vaxtlar içimdən bir arxayınlıq boylanır; heç şəksiz: fakültəmizin köhnə, məftili çıxmış pillələri o günü yadda saxlayıb. Əvvəla, Əqrəblə tanış olduğum gün onun dikdaban ayaqqabısı pilləkəndə ağaran saqqıza yapışıb az qala qızı yıxmışdı. Maraqlı başqa şeydir: biz beş ildir tələbəliyin daşını atmışıq, amma həmin saqqız, onun ortasındakı dikdaban izi hələ də pilləkəndədir.

      …Sonra bəd xəbərdən hamı sarsıldı: fakültəmizin qapısının ağzında oturan dul qadın ölmüşdü. Onun nə işə qulluq etdiyini bilmirəm. Deyək ki, xadimə-nəzarətçi idi. Dərs vaxtı mürgüləyən, zəngin gur səsindən diksinib deyinən bu talesiz qadın fakültəmizin tələbələrini əlinin içi kimi tanıyırdı. Bu da aqibəti: Balaxanıdakı daxmasında tək-təkcənə can tapşırmışdı. Aman-zaman bir qızı varmış, o da fahişə. Yola getməyiblər. Dava-dalaşdan, biabırçılıqdan bezən qonşular polisə şikayətçi düşüblər. Sonra arvad qızını evdən qovub. Və beş il tək yaşayandan sonra döş xərçəngindən həyata məğlub düşüb. Sonralar, çox sonralar Əqrəb danışırdı ki, həmin o qadın fakültəmizə qız dalınca gələn oğlanlara qənim kəsilibmiş. Özüm də görmüşdüm: onun sözünə baxmayıb dərs vaxtı əlindəki siqareti fısqırda-fısqırda auditoriyaların qapılarını açıb-bağlayan oğlanların halı xoş olmurdu. Qapı ilə bir yerdə qadının ağzı da açılardı:

      – Oğraşın balası, anana-bacına baxmağa gəlmisən?

      Hə, vallah, belə də deyirdi. Bundan sonrakı həngaməni deməsəm də, olar: dava-dalaş, auditoriyalardan boylanan başlar… Bir də, dul qadının kirli döşəmə taxtasını gözümüzə soxub fakültənin oğlanlarına nakişi deməsi, biqeyrət deməsi…

      Ertəsi hər şey unudulurdu. Yalan-doğru, laborantlar danışırdılar ki, dul qadının tüfeyli oğlanları zəhərləməyinə bənd olma, könlünə yatan qızların ər tapıb bəxtəvər olmağına altdan-altdan kömək edirmiş.

      Bəxtimə növbətçilik düşəndə, qadın 55 illik həyatından danışıb, kasıbçılıqdan gileylənirdi.

      2005-ci ilin qış günü. Pilləkənləri qalxıb fakültənin şüşəli qapısından dul qadını mürgü döyən gördüm. Ev başmağındaydı. Dabanı yırtıq corabın altından geyindiyi sellofan torbanı görəndə yazığım gəldi ona. Dərs-filan vecimə deyildi, camaatın cır-cındır bazarı dediyi yerdən bir cüt İran qaloşu alıb gizlədə-gizlədə fakültəyə gəldim. Bəxtimdən foyedə bir inni-cinni gözə dəymirdi. Onun bəbəklərini yaş tutdu, boynumu qucaqlamasından mən də doluxsundum.

      Üçüncü kursda bu qadınla bağlı qulağıma çatan söz-söhbətlərin doğruluğuna inana bilmirdim. Bu əhvalatların çoxunu Əqrəbdən eşitmişdim və ürəyimdə şübhə qalsa da, nə qıza inanmadığımı deyə bilmişdim, nə də sonralar qadının özündən bir kəlmə soruşmağa üzüm gəlmişdi.

      Həmin gün universitetin doqquzuncu mərtəbəsindəki darısqal otaqda Əqrəblə öpüşəndə, qapının qəfil açılması ilə qoca fəlsəfə professorunun içəri girməsi bir olmuşdu. Hiyləgər gözlərini əvvəlcə Əqrəbin lifçiyində gizlətmək istədiyi döşlərinə zilləmişdi. Sonra mənə göz vurub istehza ilə gülmüşdü. Otaqdan çıxanda dalınca sırtıq-sırtıq qışqırmışdım:

      – Professor, 1:1.

      Qapının arasından düşən işıq zolağında professorun sifətinin bir hissəsini görmüşdüm. O, lap astadan xırıldamışdı:

      – Mən də elə bunu istəyirdim. Sən əclaf adama oxşayırsan. Sonra orda-burda ağzına gələni danışardın.

      Əqrəb üzümə zilləndi. Hər şeyi bitdə-bitdə danışdım ona. On gün əvvəl fəlsəfə kafedrasından gələn səsdən şübhələnib, qulağımı şəkləməyimlə qapını açmağım bir olmuşdu. Nə qəribədir: dünyanın hər üzünü görən professor qapını arxadan bağlamağı unutmuşdu. (Görünür, belə məsələlərdə Hegeli bilmək işə yaramır). Bizim yaxalandığımız vəziyyətdən də biabırçı mənzərə ilə qarşılaşmışdım: Əqrəbdən fərqli olaraq cavan lobarantın lifçiyi də əynində deyildi və yekə döşlərini gizləməyə əlləri bəs eləmirdi. Professor isə arxasını mənə çevirib, şalvarının qabağı ilə əlləşirdi. Elə bilirdim, qoca şorgözün macəralarını məndən başqa bilən yoxdur. Sən demə, Əqrəbin canında gizlənən sözlərdən xəbər tutmamışam. Dul qadınla qoca professorun arasında olan əhvalatları elə həmin öpüşdüyümüz otaqdaca Əqrəbin öz dilindən eşitdim.

      1978-ci ildə dul qadının Müşfiq adlı sevgilisi Biləcəri dəmiryol stansiyasında qatarın altında qalanda, qatar gənc qızın arzularını da alıb aparıbmış. Tələbə oğlan stansiyada fəhləlik edirmiş. Əqrəbdən eşitdiyim sentimental sözlərə inansam, Müşfiqin tikə-tikə olan cəsədinin yanından nişan üzüyü də tapılıb. Bir il sonra cavan, gözəgəlimli qız həmin bu professorla tanış olub və özündən on yaş böyük olan kişinin ailəli olmasını biləndə, bir-iki gün küsülü qalsa da, sonradan barışmaq üçün ilk məktubu özü yazıb. Əqrəbə deyirmiş:

      – Yaraşıqlı kişi idi. Pis yaşamırdı. Qardaşı Moskvadan Bakıya pal-paltar gətirib gizli satırdı. Hamısı da bahalı olurdu. Birini arvad-uşağına əyin-baş edəndə, birini də mənə verirdi.

      Dostunun İçərişəhərdəki evi həftənin tək günləri təzə məşuqəsiylə görüş yeriymiş. Düz üç il professorla sevişəndən sonra uzaq qohumlarından biri ona evlənmək təklifi edib və qadın professorun təkidilə razılaşıb. Dul qadının qırış basmış sifəti, kobud əlləri, yöndəmsiz bədənini gözümün qabağına gətirəndə, Əqrəbin danışdığı əhvalatlara inanmağım gəlmirdi. Alnımı qırışdırıb narazılıqla başımı bulayırdım. Amma ağlıma batan bir fikir də demişdi:

      – Qadına uzun müddət kişi əli dəyməyəndə, bütün hissiyatı kütləşir. Hissiyatın kütləşməsi də bədənin eybəcərləşməsi deməkdir.

      Dul qadın ərə gedəndən sonra da qoca professorla görüşürmüş. Dənizçi ərinin evdən bir aylığa uzaq düşməsi bəs edirmiş ki, professor görüş yeri üçün dostuna minnətçi düşməsin. Həftənin istənilən günü qadının qapısı onun üzünə açıq imiş.

      Yaxalandığımız gün Əqrəb çantasını eşələyib salfetə bükülmüş paxlava çıxarmışdı. Barmağının ucunda mənə uzadanda, birinci mərtəbənin pilləkənlərinin altına yığılmış sınıq-salxaq partaların arasından bir siçan çıxıb onu qorxutmuşdu. Cır səslə qışqırıb məni də diksindirmişdi. Bizə baxa-baxa ehtiyatla yerdəki paxlavaya yaxınlaşan siçanı öldürmək istədiyimi biləndə, ərklə qolumdan vurub üz-gözünü turşutmuşdu. Sonra kənara çəkilib siçanın iştahla paxlavaya girişməsinə tamaşa etmişdik.

      Universiteti bitirdiyimiz il Əqrəb kitabxanaya işə düzəldi. Mən əsgər getdim. 2007-ci ilin dekabrında – çiynimdə avtomat silah-sursat bazasını qoruyurdum. Gecə saat beşin yarısında hərbi hissənin yaxınlığındakı dəyirmandan uzun-uzadı qışqırıq, dalınca sərxoş gülüşlər, mahnı səsləri eşidildi. Ahmet Kayanın hüznlü səsi

Скачать книгу