Скачать книгу

dərinliyində bu həqiqəti özümə qosqoca düşmən sayırdım.

      – Səni incitmirlər?

      – Nə bilim… Elə bil, sıxılıram, ürəyim darıxır. Hamı dəli olduğumu fikirləşir. Bilmirəm nə vaxtacan belə olacaq.

      – Niyə gözləmədin məni? Demişdim axı, bir il səbr elə.

      Əqrəbin səsi titrədi. Sarsılmışdı.

      – Yalan danışma. Sən heç vaxt mənə gözlə demədin. – Hıçqırdı. Bir qədər susub özünü ələ almağa çalışdı. – Səni maraqlandıran mənim bədənim olub.

      – Əqrəb, belə danışma. İstəmirəm yaddaşında əclaf kimi qalım. Sən mənim üçün əziz adamsan.

      – Nə vaxt gəlirsən?

      – Apreldə. Lap az qalıb, dörd ay. Yazda gəlirəm yanına. Əsgər paltarında qabağına çıxacam. – Elə həyəcanlı danışırdım, özümə yazığım gəldi.

      – Mənə əsgər papağı gətirərsən!

      – Öz papağımı sənə bağışlayacağam. Amma başqa hədiyyəm də olacaq.

      – Nə?

      – Siqaret filtrindən ürək düzəltmişəm.

      Əqrəb güldü. Yuxulu səsinin şirinliyi bağrımın başını sökdü.

      – Başqa şey tapmadın? Gərək siqaret filtirindən düzəldəydin, avara?!

      Əqrəb hardan biləydi ki, mən qış gecələrində küləyin azğın səsindən vahimələnib şaxtadan donan torpağın üstündə ayaqlarımı hiss etməyəndə, inam və ümid yerim ona siqaret filtrindən düzəltdiyim ürək olurdu. Aylarla doğmalarımın intizarını çəkərkən, cibimdə bircə qəpiyim belə olmurdu və zabitlərin gündüzdən çəkdiyi siqaret kötüklərini yığıb, nəfəsimlə donunu açandan sonra bir qullablıq acı tüstü ilə içimi zəhərləyirdim. Sinəmi göynədən bu qurğuşun dərdə tab gətirmək lazım idi. Günəşli aprel günündə Əqrəblə görüşəndə sürpriz edəcəkdim ki, onun üçün gətirdiyim ürəyi ancaq öz çəkdiyim siqaretlərin filtrindən düzəltmişəm. Həmin axşam telefonu yenə torpağa basdırıb boğazımda düyünlənən qəhəri udmağa kişiliyim çatmamışdı. Hə, arvad kimi ağlamışdım, arvad kimi… Sonra sentimentallığımdan utanıb zabit “kurilka”sından siqaret axtarmağa getmişdim…

      Şaxtalı günlər keçdi. Bir mart səhərini axşam növbəsindən qayıdan əsgər dostumun kösöv rəngli üzündə qarşıladım: telefonumu torpağın altından oğurlamışdılar. Aprelin əvvəlinəcən Əqrəbin səsinə-hənirinə tamarzı qaldım. Qızdan eşitdiyim son söz – “avara” saatbasaat beynimdə dolaşır, sinəmə sərin su kimi səpilirdi.

      Tərxis olunduğum günün səhəri altıncı mikrorayondakı zeytun bağında görüşdük. Bircə cümlə damarlarımı dondurdu, elə bil göylərin ağırlığı çiyinlərimə çökmüşdü: “Onunla yaşamaq dəhşət idi, dözməyib boşandım…” Əqrəbin adına gətirdiyim əsgər papağını qızın başına qoyub, siqaret filtrindən düzəltdiyim ürəyi ovcunun içində gizlətdim. Ərindən nə səbəbə ayrıldığını soruşmadım. Niyəsiz-filansız. Vəssalam!!!

      Hər şey də, bundan sonra başladı…

      İki

      Veyllənirdim Bakı küçələrində çar-naçar. Naümid. İş sorağında. Yaz gəlmişdi, rus qızlarının qıvrımtük itləri sevinirdi: küçənin ortasında atılıb-düşməkləri necə gözəl idi. Mən nə edirdim? İşədüzəltmə mərkəzlərinin zəngini basmaqdan yorulmurdum. Düzdür, Əqrəb soruşanda özümü sındırmırdım. Guya hansısa dərman firmasının reklam meneceriyəm. İş-güc də tökülür başımdan. Şalvarımın ətəyi Zorge parkındakı skamyanın dəmirinə ilişib cırılmasaydı, Allah bilir qızın yanında kişilənməyim havaxtacan çəkəcəkdi. Bəxtim onda gətirdi ki, qarşıdakı binanın tinini burulan idbar çinli qızı gözdən qoymadım. Əlimi ağzıma aparıb əvvəlcə çığırdım. Sonra başımda qalan çoxdankı vərdişimi işə saldım: barmaqlarımı ağzıma təpib elə bərkdən fışdırıq çaldım ki, yanımdan keçən bir dəstə tələbə qız yırtıq şalvarıma baxıb pıqqıldaşa-pıqqıldaşa uzaqlaşdılar. Çinli qıza idbar ona görə deyirəm ki, onun qulaqlarının içindəki sarı ərpi gözlərimin qabağına gətirib, düz iki ay süfrə başında özümü qusmaqdan güclə saxlayırdım. Uzun dırnaqlarının altında qaralan çirki görəndə, şalvarımın yırtığını tikmək üçün aldığım iynə-sapla bir yerdə, dırnaq tutan üçün də 40 qəpik saymalı oldum. Küfr də olsa deyəcəm: elə bil, həmin gün Allahın işi-gücü qurtarmışdı və məni ən arzuolunmaz vəziyyətlərə salmaqla, günahlarımı birbəbir başıma qaxırdı. Əqrəbin qəfil zəngindən diksinib əsəbiləşdim. “Nə edirsən?” deyəndə, özümdən ixtiyarsız bağırıb üstünə çəmkirdim: şalvarımı tikirəm!

      – Gəl kitabxanaya, darıxıram.

      Kitabxanaya getməyinə getdim, amma Əqrəb şalvarımın yırtıldığına inansaydı, gözünə görünməyimə də razı olmazdı. Rəfiqələri ilə kataloq yeşiklərinin arxasından çıxıb məni görər-görməz, zəhər tuluğuna oxşar sifətimi bir az da qırışdırdım; gözü ayağıma sataşan kimi yazıq qızın necə utandığını hələ də unuda bilmirəm. Qızların dörd tərəfdən üzümə zillənən baxışlarının altında ölüb yerə girməyi arzulasam da, bacardıqca özümü şax tutmağa çalışırdım – kişi olmaq lazım idi, kişi! Bu vaxt kitabxananın gombul işçilərindən elə bir qışqırıq qopdu, mənim yırtıq şalvarıma fikir vermək kimsənin ağlına gəlməzdi. Hardansa peyda olmuş bir siçan özünü ora-bura çırpıb, parket döşəmənin üstündə başını soxmağa yer axtarırdı. Bu hissi yaşamaq nə gözəldi, Tanrım: parkda fıştırıq çalmağıma, yırtıq şalvarıma gülən ədəbaz qızlar arxamda gizlənib siçanı öldürməyimi istəyirdilər. Kitab şkafının arxasına soxulan siçanın başını əzib, qanını parket döşəməyə yaydım. Əqrəbin içini çəkməsi ilə illər əvvəl universitetin foyesində öldürmək istədiyim siçan gözümün qabağına gəldi. Hamının sualdolu baxışlarının altında əlini üzünə tutub hönkürməyinin səbəbini isə, məndən başqa kimsə bilmədi.

      Gözügöy xadimə siçan ölüsünü xəkandaza süpürüb küçədəki zibil qabına atdı. Sonra qara, sısqa bir pişik zibil vedrəsinə dırmaşdı. Əqrəblə mən bu mənzərəni ikinci mərtəbədən seyr edirdik. İlahi, taleyin mənə etdiyi bu istehzasına hələ də inana bilmirəm: Əqrəb çantasından çıxardığı paxlavanı iki yerə bölüb, yarısını mənə uzatdı və:

      – Tanışlığımız mübarək, – deyib, gözünün yaşını sildi.

      Əqrəb işdən çıxanda, hər şeyi olduğu kimi danışdım. Utanıb-çəkinmədim, sadəcə dedim, vəziyyətim yaxşı deyil, iş tapa bilmirəm, az qala küçənin sümsük itinə də borcum var. Qız bircə kəlmə soruşmadı ki, indiyə qədər özümü öyməyimin, dikbaşlığımın səbəbi nədir? Ayrılanda on manat pulu ovcuma basmağa çalışsa da, razı olmadım. Gopladım ki, evdə iki dəst təzə şalvarım var. Yalançıya güllə dəysin…

      Alatavanın göbəyindəki rütubətli otağımda uzanıb, gecə yarsınacan Əqrəb haqqında düşündüm. Onun ərindən ayrılmasının səbəbini hələ də bilmirdim. Düzdür, bu barədə söhbətimiz olmuşdu,

Скачать книгу