Аннотация

"Kitabi Dədə Qorqud" («Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan» (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər). Ənənəyə görə, «Kitabi Dədə Qorqud» da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Аннотация

Azərbaycan nağılları – Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: Heyvanlar haqqında olan nağıllar: M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar. ’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri. «„Göyçək Fatma“» , «„Fatmanın inəyi“» Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s. Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlikməmməd’’ və s. Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s. Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s. lk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür. Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür. Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.

Аннотация

Romanda gənc, cürətli və sədaqətli şotlandiyalı Kventin Dorvardın qazanc və dolanışıq dalınca Fransaya səfər edərkən başına gələn macəralardan danışılır. Kventin istəmədiyi halda, məcburən öz vətənini tərk etməli olur. Çünki o dövrdə Avropa ölkələrinin hər birində tez-tez qanlı ara müharibələri baş verirdi. Belə müharibələrdən birində onun bütün ailəsi həlak olmuşdur. Kventinin özü də ölümdən təsadüfən qurtula bilmişdir. Anası düşmənlərə yalvara-yalvara, onu ağır yaralanmış halda, bu şərtlə xilas edə bilmişdir ki, Kventin ömrünü monastırda başa vuracaqdır. Düşmənlər Kventinin cismani oldürməmişlər. Lakin düşmənləri Dorvardlar nəslinin davam etməməsi üçün Kventini monastırda yerləşdirib ömürlük rahibliyə məhkum etmişlər. Lakin rahiblik həyatı bu gənc oğlanın ürəyincə olmadığından o, Şotlandiyadan qaçır. Kventinin öz qüvvəsinə inamından və sədaqətlə özünə bir parça çörək qazanmaq arzusundan başqa heç nəyi yoxdur. Lakin o, zadəgandır, o zamankı zadəgan adət və inamlarına görə, onun üçün sənətkarlıq və ya kəndli kimi dinc zəhmətlə yaşamaq mümkün deyildir. Ara müharibələri və yoxsulluq ucbatından öz ana yurdlarından qovulmuş olan bir çox gənc şotlandiyalılar kimi, Kventin də fransız kralı XI Lüdovikin Şotlandiya qvardiyasının muzdlu əsgəri olur. Onun dayısı qoca cəngavər də çoxdan vətənini tərk edib həmin bu qvardiyada xidmət edir…

Аннотация

Dünya şöhrətli Avstriya yazıçısı Stefan Sveyqin “İblislə savaşanlar” adlı kitabı XIX əsr Alman mədəniyyətinin 3 böyük şəxsiyyətinin – Hölderlinin, Kleystin və Niçşenin sarsıntılarla dolu həyatından bəhs edir.

Аннотация

“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır. Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir. Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır. Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.

Аннотация

Dəfinələr adası Müəllif: Robert Stevenson Janr: macəra Orijinal nəşr olunub: 1883 Dəfinələr adası – Şotlandiyalı yazıçı Robert Louis Stevensonun məşhur macəra romanıdır.Bütün romanların bəlkə də ən çox müzakirə olunanıdır. Tropik adalar, X işarəli xəzinə xəritələri ilə tək gözü kor, bir əli qancalı, çiynində tutuquşu ilə yaddaşımızda canlandırdığımız dəniz döyüşçüsü anlayışları Dəfinələr Adası romanının böyük təsiri olmuşdur. Kitabda İngiltərədə bir işçinin oğlu olan Jim Hawkins'in əlinə keçən bir xəzinə xəritəsi üzərinə çıxdığı xəzinə axtarışı mövzu edilir. Müəllif, əsəri 30 yaşında olarkən yazmağa başlamış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir. İlk on beş bölüm 1881 də, müəllifin həyat yoldaşı və ögey oğlu ilə birlikdə yaşadığı Şotlandiya yaylaqlarından biri olan Braemar'da yazıldı. Kitabı yazıçıya ögey oğlu sifariş etmişdi. Ayrı bir kitab olaraq 1883-ci ildə çıxan bu əsər, daha əvvəl 1881-1882 illərdə bir uşaq jurnalında seriallar halında nəşr olunmuşdur.

Аннотация

Arktika çöllərinin yorulmaz norveç araşdırmaçısı və Şimal qütbünün fatehi Roald Amundsen öz kitabında necə qütb araşdırmaçısı olması barədə ətraflı danışır. Oxucuların gözü önündə onun uşaqlıq illəri, ilk yürüşləri canlanır, Amundsenin həyatının dəfələrlə ölümcül təhlükələrə məruz qaldığı bütün gözəl səyahətlərinin maraqlı təsviri verilir. Kitab həm də onunla maraqlı və faydalıdır ki, qütbçünün müvəffəqiyyətinin kökünü açır, öz zamanının texniki imkanlarını, digər alimlərin təcrübəsini və nəzərdə tutulan yerin təbii xüsusiyyətlərini göz önünə alaraq, Amundsenin hər səyahətinə necə düşünərək hazırlaşdığını göstərir. “Mənim həyatım“ kitabının oxucusu görəcək ki, gözəl təşkilatçı və tədbirli olması onun hər ekspedisiyasını fərqləndirir, ona ən çətin vəziyyətlərdən üzüağ çıxmağa kömək edər.

Аннотация

XIII əsr görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Bir çox həmkarları onu həm filosof, həm də alim kimi tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M.Qəzali, Bəhmənyar, əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir. Azərbaycanlı alim yuxarıdakı abzasda adları çəkilən alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və Dimnə”, “Ərdəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyətləri” kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor ədəbiyyatından, “Siyasətnamə”, “Mərzbannamə” kimi tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitablardan da yeri gəldikcə “Əxlaqi-Nasiri”yə daxil etmişdir. Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində “Əxlaqi-Nasiri” kimi ikinci orijinal əsər yaranmamışdır.

Аннотация

N.Nərimanov dramaturgiyasının ən kamil və yetkin əsəri, şübhəsiz kı, onun «Nadir şah» faciəsidir. Bu əsər Azərbaycarı ədəbiyyatında tarixi faciənin ilk nümunəsidır. Əsərin mövzusu XVIII əsrin birinci yarısında İranda hökmdarlıq etmiş Nadir şah Əfşarın həyatından götürülmüşdür. Yazıçı bu əsərlə Şərq dövlət quruluşunun xalq mənafeyinə zidd olan mahiyyətini açıb göstərmək istəmiş, tarixi hadisələri müasır vəzifələr nöqteyi-nəzərindən mənalandırmağa çalışmışdır. Faciənin mərkəzi surəti Nadir şahdır. Nadir şah sülaləsindən çıxan, taxt-tacı bir varis kimi qəbul edən şahlardan deyildir. O, eşq içərisindən gələn, quldurluqda ad çıxaran bir adamdır. Əsrin əvvəlində biz Nadiri məhz bir quldur kimi, bir qaçaq kimi görürük. Lakin onda mərd sifətlər də az deyildir və Nadirin həqiqi siması dayısı Cavadla söhbətindən sonra üzə çıxır. O, dayısı ilə söhbətindən sonra dövlət və vətən uğrunda vuruşa başlayaraq qəhrəmanlıqları olan şah bir xalq sərkərdəsinə çevrilir. Sərkərdələr dövründə Nadir xalqı və vətəni düşmənlərdən qoruyur, xalqın və qoşunun böyük məhəbbətini qazanır. Nadirin bu nüfuzundan qorxuya düşən Təhmas şah onu aradan götürmək istəyir, lakin Nadir daha ağıllı və qoçaq tərpənərək Təhmas şahı məğlub edərək hakimiyyəti əlinə alır. Hakimiyyət başına keçdikdən sonra Nadir şah dövlətin mənafeyi, çiçəklənməsi və siyasi nüfuzunun artması naminə işlərə başlayır. O, hər şeydən əvvəl, iki düşməni – sünni və şiə məzhəblərini barışdırmaq, ölkə daxilindəki müxtəlif əqidəli tayfaları birləşdirmək, «qeyri tayfanın dinini bilmək və onunla dininə müvafiq rəftar» etmək üçün onlann müqəddəs dini kitabı olan İncili öz dillərinə tərcümə etdirmək istəyir. Onun həyata keçirmək istədiyi islahatlardan biri yoxsulluq və səfalətin aradan qaldırılması ilə bağlıdır. Nadir şah deyir: «Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmasına ehtimal var…» Nadir şahın xalqın xeyrinə həyata keçirmək istədiyi fikirlər çoxdur. Lakin sarayda xain və yalançı vəzirlər, yaltaq və ikiüzlü saray məmurları onu hər tərəfdən əhatə edərək xalqla əlaqəsini kəsir və kütlədən uzaqlaşdırırlar. Həmişə dövlətin və xalqın xeyrinə çalışan, dövlətin daxili və xarici qüdrətinin yüksəlməsi uğrunda yorulmadan çalışan Nadir şah nəticədə saray xainlərinə inanır, özü də bilmədən onların mənfur niyyətlərinin həyata keçirilməsinə köməklik göstərir. O, ədalətli dövlət başçısı olmaq istərkən ədalətsiz bir hökmdara və əzazil bir adama çevrilir. Ədalətli bir hökmdar kimi Nadir şah despotizmi aradan götürmək istəyir, ancaq özü ən böyük despot olur. Əsərin əvvəlində «qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər» deyən, yalnız vətən və millət yolunda qılınc çalacağına, xalqa xoşbəxtlik gətirəcəyinə and içən Nadir şahlıq taxtına çıxandan sonra öz ailəsini də xoşbəxt edə bilmir. O, dövlət və xalq mənafeyini əldə əsas tutaraq öz yeganə övladını da məqsədi yolunda qurban verir. Lakin özü də bilmədən alətə çevrilən Nadir şah nümunəvi hökmdar və nümunəvi vətəndaş səviyyəsinə yüksələ bilmir. Nadir şahın əsl faciəsi aldandığını başa düşdükdən, oğlunun gözlərini nahaqdan çıxartdırdığını biləndən sonra başlayır və bu mənəvi faciə onun cismani ölümü ilə sona çatır. Nərimanov Nadir şahın faciəsini mütləq monarxiya quruluşunda ixtiyar sahibinin faciəsi kimi şərtləndirir, bu faciəni feodal-ictimai münasibətlərin doğurduğu bir fəlakət kimi qiymətləndirir. «Nadir şah» faciəsi özünün yüksək ideya dəyərinə və sənətkarlıq xüsusiyyətlərinə görə kamil bir sənət əsəri kimi diqqəti cəlb edir. Bu əsər uzun müddət Azərbaycan teatrının repertuarında mühüm yer tutmuş, oxucu kütləsinin diqqət mərkəzində olmuşdur. «Nadir şah» mütləqiyyət quruluşunu ifşa edən, siyasi problemləri maarifçilik mövqeyindən həll edən bir əsər kimi bu gün də aktuallığını saxlayır və oxucular tərəfindən maraqla qarşılanır.

Аннотация