ТОП просматриваемых книг сайта:
Tomris Xan . Əhməd Haldun Dərzioğlu
Читать онлайн.Название Tomris Xan
Год выпуска 0
isbn
Автор произведения Əhməd Haldun Dərzioğlu
Издательство Hadaf Neshrleri
– Ola bilər! – dedi atası. – Ola bilər! Bu, müqəddəs yuxudur.
Nə desin?
– Ey oğul! Mənə, atama, babama və lap əvvəlki əcdadlarımıza verilən müqəddəs vəzifə indi də sənə verilib. İşin çox çətindir, bundan əvvəlki xoşbəxt yuxularını çox axtaracaqsan. Həyatın həqiqətlərlə yuxular arasında bir yerə sığınacaq. Bəzən həqiqətlə yuxunu qarışdıracaqsan. Yaşadığını, yoxsa öldüyünü bilməyəcəksən. Görəcəksən, ancaq görməzlikdən gələcəksən. Çarəni səndə axtaranlar olacaq. Çarəsiz olduğunu unudub onların dərdinə qalacaqsan. Ən çətin hallarda belə, qapına gələnlərə ümid yeri olacaqsan.
Atası o gün əlindən tutub müqəddəs dağın yüksəkliklərinə çıxardı, orada müqəddəs ağac77 əkdirdi. Balaca əllərinin əziyyət çəkməsinə, zəif bədəninin yorulmasına fikir vermədən: – “bu çox vacibdir”, – dedi.
Bu ağac onun daşıyacağı yükün bir hissəsinin hissəsi idi. – Sənə kömək olacaq. Onunla bir böyüyəcəksiniz… – dedi.
Ağac quruyub yox olanda o da yox olacaqdı.
“Hər şamanın müqəddəs ağacı8 var”, – dedi.
Qanlı çayın ağ çaya çevrildiyi yuxunu gördükdən sonra ağ rəngə qarşı sevgi yaranmışdı ürəyində. Hər şeyin ağ rənginə doğru axırdı ürəyindəki hisslər. Anlamayanlar üçün qəribə olsa da, atası vəziyyətini bildiyi üçün dinmirdi.
Nəticədə “Ağ” qaldı adı. Yaşlandı, “Ağ Şaman” oldu.
Ağ ilə sarılmış müqəddəs Göy əri.
– Nə üçün axı Göy rəng deyil, ağ oldu? – soruşdular hər dəfə ondan.
– Çünki Göy rəngi Göy üzünün haqqıdır. Al və qara da öz sahiblərini tapdı. Ağ isə mənə qaldı, – dedi.
Şamanlarda rənglə bağlı xüsusi seçim olmazdı. Ağ şaman, qara şaman98 anlayışı güc və başqa bir neçə amillə bağlı idi.
Ağ Şaman ağ rəngdə tapmışdı yolunu.
“Getdiyim yol ağ mənim!” – deyirdi.
Bir yolçu idi o.
Atını dağlara tərəf çapanda atın dırnaqlarının qayalıqlar üzərindən keçərkən çıxardığı səs qarşı zirvələrdə əks olunurdu. Çox diqqətlə və ehtiyatla çapırdı atı. Getdiyi yerə tez çatmalıydı, ancaq atını da qorumaq məcburiyyətində idi. At onların ən sadiq dostu olduğu üçün əsla ona əziyyət verməzdilər. Yoluna davam etməliydi. Getməli olduğu bir neçə yer var idi. Ağ Şaman hələ çox uzaqdaykən hiss etmişdi atlının gəldiyini. Atlının ayaq səslərini duyması, təlatüm hissi, quşların və çöl heyvanlarının hərəkəti… Sonda isə səslər. Hamısı bunu deyirdi.
Bu səbəbdən çadırından uzaqlaşmamışdı. Atlı birbaşa ona doğru gəlirdi. Gördüyü yuxular pis xəbər alacağının işarəsini vermişdi. Həyəcanla gözləyirdi.
Şamanın yaşadığı yerə icazəsiz yaxınlaşmağın düzgün olmadığını bilən çapar çadıra iki yüz addım qalmış atını saxladı. Əvvəlcə ətrafına göz gəzdirdi. Heç kim yox idi. Sonra yüksək səslə səsləndi:
– Ulu Şaman…
Sonra bir anlıq cavab eşitmək üçün gözlədi. Müqəddəs Göy üzü ərənlərinin hər zaman hər şeydən əvvəlcədən xəbərdar olduqlarını bilirdi. Çaparın səslənməsindən xeyli əvvəl Ağ Şaman onun olduğu yerə tərəf enməyə başlamışdı. Bağıraraq cavab vermək, onu çağırmaq əvəzinə yanına gedib qarşılamağı məsləhət bilmişdi.
Çaparın gedəcəyi başqa yerlər olduğu üçün gözləməyə vaxtı yox idi.
– Ağ Şaman! Göy üzünün müqəddəs ərəni, Orda şəhərindən xəbər var?! Haradasan?
Atlı öz qarşılığını tapmayan səsinin əks-sədasından həyəcanlanmışdı, yerində dura bilmirdi. Atı da dayanmır, dəli çöl atları kimi kişnəyirdi. Bir o yana, bir bu yana dönərək üstündəki sahibinin tarazlığını pozurdu.
Əlbəttə, gördüyü otlar da diqqətini dağıtmasına səbəb olmuşdu. Halbuki, çapar bərk tutduğu yüyəni boşaltmaq, onun istəyini yerinə yetirmək niyyətində deyildi.
– Ulu Ş…
Bu dəfə tamamlaya bilmədi sözünü. Bir anda qarşısında bitmiş kimi gördü Ağ Şamanı. Atı da ürkdü, bir neçə addım geriyə çəkildi.
Çapar gənc bir igid idi. Həyəcan içərisində nə edəcəyini unutmuşdu. Sonra qarşısındakının Ulu Şaman olduğunu xatırlayıb cəld atından endi, diz üstə çöküb qarşısında heykəl kimi dayanan müqəddəs Göy adamını salamladı.
– Tanrı səni qorusun, Ulu Şaman. Bağışla. Çox vacib vəzifə olduğu üçün sizə səsləndim. Yox-sa gözləyərdim. Gedəcəyim başqa yerlər də var, xəbəri çatdıracağım yerlər, şəxslər…
Sak yurdunda çaparlar xəbərləşməyi təmin edən, məktub daşıyaraq lazım olan yerlərə çatdıran xüsusi yetişdirilmiş igidlər idi. Dayanmadan at çapır, dağ-daş demədən, isti-soyuq bilmədən çölləri gəzirdilər. Onlara at hazırlayan, gecikmədən atlarını dəyişdirmələrini təmin edən və hazır yeməklər təklif edən qonaq yerləri də vardı ki, vəzifələrində yubanma olmasın.
Onlar üçün dayanmaq yox idi. İstirahətləri də, yuxuları da, yeməkləri də, içməkləri də at üstündə olurdu. Yorucu vəzifə olduğu üçün tez-tez çaparlar dəyişdirilir, yerlərinə yeniləri təyin edilirdi. Onların işini əngəlləməyin, onları gecikdirməyin ağır cəzaları olurdu.
İgidin təcili yola çıxmalı olduğunu bilən Ağ Şaman sözü uzatmadan, – “Söylə!” – dedi.
Çapar ayağa qalxdı. Əzbərində olan məlumatı onu göndərənin adından birnəfəsə söylədi:
– Sak xaqanı Alp xan xəstəliyə düçar olub. Uzun zamandır, bunu bilmədən yatır. Xaqanlıq həkimləri, təbiblər dərdinə çarə tapa bilmədilər. Xanın həyat yoldaşı Tomris10 xatın Sak ölkəsindəki müqəddəs Göy üzü ərənlərinə xəbər yolladı ki, hamısı paytaxta gəlsin. Alp xanın dərdinə dərman tapsınlar.
Buyruq bu idi.
– Sənə də bu əmri çatdırdım, Ulu Şaman! – çapar igid sözlərini tamamladı.
– Yaxşı, – dedi Ağ Şaman. – Buyruğu aldım. Gedə bilərsən, igid! Yolun uğurlu olsun.
Çapar yerindən qalxıb şamanı salamladı, sonra da atına minib yoluna davam etdi.
Ağ Şaman bir müddət durduğu yerdəcə heç tərpənmədən onun uzaqlaşmasını izlədi. İgidin atının dırnaq səslərinə diqqətlə qulaq asdı. Çapar gözdən itdikdən sonra çadırına geri qayıtdı.
Gedərkən yolda düşündü:
– Sak xanı xəstələnib! Çox pis… Müharibə qapımızdadır.
Müharibə, yağı basqınları hər zaman olub. Hər zaman da olacaq. Bu döyüşlərdə həmişə