ТОП просматриваемых книг сайта:
Tom dayının daxması. Harriyet Biçer-Stou
Читать онлайн.Название Tom dayının daxması
Год выпуска 0
isbn
Автор произведения Harriyet Biçer-Stou
Издательство Hadaf Neshrleri
“Tom dayı” yalnız uşaqlar və yeniyetmələrin deyil, həm də böyüklərin kitabıdır. Amma yenə təəssüflənirəm, yaşıdlarım kimi mən də bu ölməz əsəri uşaqlıq və yeniyetməlik çağlarında oxuya bilməmişəm.
Hidayət 1991
I FƏSİL
OXUCU “HUMANİST” ADAMLA TANIŞ OLACAQ
Soyuq fevral günlərinin birində Kentukki* ştatının P. şəhərində zəngin bəzədilmiş qəşəng yemək otağında iki centlmen stol arxasında əyləşmişdi, masanın üstünə bir şüşə şərab qoyulmuşdu. Otaqda xidmətçi gözə dəymirdi və onlar bir-birinə yaxın oturub, görünür, hansısa çox vacib bir məsələni müzakirə edirdilər.
Münasib olsun deyə, biz onların hər ikisini centlmen adlandırdıq. Lakin, əslində, onlardan biri bu anlayışa tam uyğun gəlmirdi. O, yöndəmsiz, kobud üzlü, törə, şişman bir adam idi. Sırtıq ədaları nəyin bahasına olursa-olsun, cəmiyyətin yüksək dairələrinə soxulmağa can atan aşağı zümrə adamı olmasından xəbər vərirdi. Geyimi çox bayağıydı: alabəzək jileti və naşılıqla bağlanmış xallı göy yaxalığı onun ümumi görkəmini yaxşı tamamlayırdı. Yoğun, cod barmaqlarını qaşlı üzüklərlə bəzəmişdi. Qızğın söhbət edəndə iri, rəngbərəng breloklar düzülmüş uzun qızıl saat zəncirini, özündən razı halda, əlində oynadır və bu cingiltidən xoşhal olurdu.
Bu adamın söhbətində də nəzakətdən, ədəb-ərkandan əsər-əlamət yox idi, nitqi elə qaba ifadələrlə süslənmişdi ki, tam təfərrüata varmağa çalışmağımıza baxmayaraq, burda onlardan nümunə gətirə bilməyəcəyik.
Onun həmsöhbəti mister Şelbi əsl centlmen təsiri bağışlayırdı, evin cah-calalı isə göstərirdi ki, sahibləri nəinki puldan korluq çəkmir, əksinə çox böyük var-dövlət içində ömür-gün sürürlər.
Qeyd etdiyimiz kimi, masa arxasında əyləşən kişilər ciddi bir söhbətlə məşğuldular.
– Mən istərdim ki, bu işi elə bu cür yoluna qoyaq, – mister Şelbi dedi.
– Xeyr, belə görürəm, deyəsən, mən sizinlə heç cür alver edə bilməyəcəyəm! Dil tapa bilmirik, mister Şelbi, qətiyyən dil tapa bilmirik. Qonaq konyak dolu badəni qaldırıb işığa tutdu.
– Müsaidənizlə, Heyli! Tom bu pula dəyər. Onu başqa zəncilərə tay tutmayın: etibarlı, namuslu, fərasətli zəncidir. Mənim təsərrüfatım onun nəzarəti altında saat kimi işləyir.
– Namusludur, axı, bu zənci namusluluğudur, – Heyli badəsinə konyak süzüb irişdi.
– Xeyr! Onun düzlüyünə, namusuna heç bir şəkk-şübhə ola bilməz. Tom xeyirxahdır, ağıllıdır. Mömin bir zəncidir. O, dörd il əvvəl kilsəyə qəbul olunub; elə o vaxtdan mən ona hər şeyi etibar edirəm: pulu, evi, atları. O mənim təsərrüfatımda hər yerdə sərbəst gəzib dolaşır. Bir dəfə də olsun, onun təmizliyinə və sədaqətinə şübhə etmək ağlıma gəlməyib.
– Çoxları danışır ki, guya Yer üzündə əslində mömin zənci yoxdur, ancaq, məncə, bu doğru deyil, – Heyli etimadla dillənib əlini yellədi. – Bu il Orleana apardığım sonuncu dəstədə biri vardı. Dini mahnılar oxudu, ləzzət elədi! Sanki ibadət mərasiminə düşmüşdük! Özü də elə üzüyola, elə başıaşağı zənciydi ki… Ondan pis qazanmadım. Bir nəfərdən ucuz qiymətə almışdım, biçarə bütün var–yoxunu dəyər-dəyməzinə satmağa məcbur olmuşdu, xalis gəlirim altı yüz dollar oldu. Əlbəttə! Mal əgər yaxşı maldırsa, möminliyi də qiymətli keyfiyyətdir.
– Arxayın ola bilərsiniz, Tom bu sarıdan, doğrudan, qiymətlidir, – mister Şelbi dedi, – Bir özünüz fikirləşin, keçən payız onu Tsinsinnatiyə bir iş üçün göndərmişdim, ordan mənə beş yüz dollar gətirməliydi. Gedəndə ona dedim: “Tom! Sənə inanıram, xaçpərəstə inandığım kimi inanıram. Bilirəm ki, sən öz ağanı aldatmazsan”. Və o qayıdıb yenə evə gəldi. Bəzi əclaflar olub, istəyiblər dilə tutsunlar onu: “Tom, gərək qaçıb gedəydin Kanadaya!”*. “Yox, bacarmaram, – Tom cavab verib, – ağam mənə inanır”. Mən bunu sonradan bildim. Sözün düzü, Tomdan ayrılmaq mənimçün çox ağırdır. O mənim bütün borclarımın ödənci kimi getməlidir, azca insafınız olsa, Heyli, haqq–hesabı bitmiş hesab edərsiniz.
– İnsaf məndə bizim tacir qardaşımıza lazım olan qədərdir, daha doğrusu, çox azdır, – Heyli zarafata saldı, – Dostlarınsa qulluğunda həmişə hazıram. Lakin siz məndən həddən artıq güzəşt tələb edirsiz, həddən artıq! O, kədərlə köks ötürüb, yenidən badəsinə konyak süzdü.
– Yaxşı, siz nə təklif edirsiniz, Heyli? – mister Şelbi narahat sükutdan sonra soruşdu.
– Sizdə Torna əlavə oğlan, ya qız uşağı tapılmazmı?
– Hm, xeyr, olanımız budur. Ümumiyyətlə isə, bu işə məni çıxılmaz vəziyyət vadar edir. Öz zəncilərimi satmaq mənimçün olduqca xoşagəlməz bir işdir.
Bu vaxt qapı açıldı və otağa üç-beş yaşlarında qəşəng kvarteron** oğlan uşağı daxil oldu. Çox sevimli məxluq idi. Qara ipək saçlarının zərif burumları zənəxdanlı üzünü haşiyələmişdi. İşıqlı, iri qara gözləri yumşaq, uzun kirpiklərin arasından maraqla böyür-başına baxırdı. Əyninə yaxşı oturan, qırmızı-sarı şotlandkadan tikilmiş paltarı onu xüsusilə qəşəng göstərirdi. Hər halda, bir ürəksizlik, cəsarətsizlik hiss olunsa da, ədalarındakı məzəli qətiyyət, onun hamının qayğısına öyrəşməsindən və ərköyünlüyündən xəbər verirdi.
– Ey, qaraca! – Mister Şelbi fışqırıqlayıb onu çağırdı və bir üzüm salxımı tulladı. – Tut!
Uşaq sahibkarın qəhqəhələri altında ona atılan payın dalınca götürüldü.
– Bir bura gəl, görüm, qaraca, – mister Şelbi səsini qaldırdı.
Oğlan ona tərəf qaçdı. Ağa uşağın buruq saçlarına sığal çəkdi, çənəsini qıdıqladı.
– Necə oxuyursan, rəqs edirsən, bir göstər görüm centlmenə. Uşaq melodiyanı qollarıyla, ayaqlarıyla və bütün bədəninin məzəli, oynaq hərəkətləriylə müşayiət edərək, aydın, zil səslə şıltaq bir zənci mahnısı oxudu.
– Əhsən! – Heyli ona bir portağal dilimi ataraq qışqırdı.
– İndi isə göstər, görək, Kaco əmi yeli tutanda necə yeriyir? – Mister Şelbi dilləndi.
Oğlanın plastik bədəni bir andaca dəyişdi: o donqarlanıb kədərlə üz-gözünü büzüşdürdü və ağasının əl ağacını götürərək, sağa-sola tüpürə-tüpürə, qocalarsayağı axsaya-axsaya otaqda o baş-bu başa gəzinməyə başladı.
Centlmenlər uğundular.
– İndi