ТОП просматриваемых книг сайта:
Tom dayının daxması. Harriyet Biçer-Stou
Читать онлайн.Название Tom dayının daxması
Год выпуска 0
isbn
Автор произведения Harriyet Biçer-Stou
Издательство Hadaf Neshrleri
O üzünü gizlədərək yana çevirdi və bir dəqiqə sonra üzgün səslə davam elədi: – …Ona deyərsiniz ki, qoy necə vardı əvvəlki kimi, eləcə də yaxşı adam olaraq qalsın… Onda biz o dünyada bəlkə görüşə bildik. Brunonu zəncirləyin, – sözünün sonunda əlavə etdi, – yoxsa, zavallı arxamca gələcək.
Qısa, hay–küysüz vidalaşma, bir neçə damla göz yaşı, son xeyir-dua… və özünü itirmiş Eliza qorxmuş uşağını sinəsinə sıxaraq səssizcə qapının arxasında gözdən itdi.
VI FƏSİL
QAÇMAĞIN ÜSTÜ AÇILDI
Axşamkı uzun mübahisədən sonra mister və missis Şel-bilər çox gec yuxuya getdilər və səhər həmişəkindən gec oyandılar.
– Başa düşmürəm. Eliza nə üçün belə ləngidi? – missis Şelbi artıq neçənci dəfəydi ki, zəngi çəkirdi.
Mister Şelbi güzgünün qabağında dayanıb ülgücü itiləyirdi. Bu dəm qapı açıldı və yataq otağına zənci oğlan daxil olub üz qırxmaq üçün su gətirdi.
– Endi, – missis Şelbi ona müraciət elədi. – Elizanın qapısını döy və de ki, artıq üçüncü dəfədir zəngi çalıram. – Köks ötürüb yavaşcadan əlavə etdi. – Zavallı.
Bir neçə dəqiqədən sonra Endi təəccübdən gözləri bərəlmiş halda qayıtdı.
– Missis! Lizzinin otağında bütün siyirmələr açıqdır, şeylər hara gəldi atılıb. Deyəsən, qaçıb.
Mister və missis Şelbilər bir anda baş vərmiş hadisəni anladılar. Mister Şelbi qışqırdı:
– Deməli, Eliza nədənsə şübhələnib və qaçmağı qərara alıb?
– Allah eləsin, elə belə də olsun, – missis dedi.
– Siz cəfəngiyat danışırsınız, missis! Nə vəziyyətdə qalacağam mən? Heyli görürdü ki, uşağı satmaq istəmirəm və bu işdə mənim əlim olduğundan şübhələnəcək. Bu mənim şərəfimə toxunur. – Və o, surətlə otaqdan çıxdı.
Sonrakı on beş dəqiqə ərzində evdə vurnuxma kəsilmədi: qapılar çırpılır, qapıların dalından həyəcanlı sifətlər boylanırdı.
Təkcə bir nəfər baş vermiş hadisə barədə nəsə danışa bilərdi, lakin təmkinlə susurdu. O, baş aşpaz Xloya xala idi. Onun güləş üzünü ağır düşüncə kölgələmişdi. Sükutla səhər yeməyi üçün qoğal bişirməyində idi, elə bil ətrafındakı qaçaqaçı, vurnuxmanı nə görür, nə də eşidirdi.
Eyvanın bəzəkli sürahisində şüvülə düzülmüş qarğalar kimi on nəfərə yaxın qara əcinnə oturmuşdu, onlar yad sahibkarın düşdüyü müsibəti necə qarşılayacağını birinci görməyə çalışırdılar.
– Ay qəzəblənəcək ha! – Endi dedi.
– Sən qulaq as, gör bir necə söyüşlər söyəcək, – balaca Ceyk ona səs verdi.
–U–ux, yaman söyüşcüldü! – Qıvrımsaç Mendi dilləndi. – Mən dünən onlar nahar edəndə eşitmişəm. Missisin böyük bardaqları saxladığı anbara girmişdim. Sözbəsöz eşitmişəm.
Başqalarının söhbətinə pişik balasından çox diqqət yetirməyən Mendi qeyri-adi, çoxbilmiş görkəmlə, şəstlə eyvanda gəzişirdi. Həmin vaxt o anbarda olsa da, yumaq kimi yumurlanıb bardaqların arasında şirin yuxuya getdiyini tamamilə unutmuşdu.
Çəkməli və mahmızlı Heyli nəhayət ki, gəlib çıxdı və hər tərəfdən onun üstünə bəd xəbərlər yağış kimi yağmağa başladı. Eyvanda vurnuxan balaca əcinnələr yanılmamışdılar. Onlar hirslənmiş yad sahibkarın bir-birinin ardınca yağdırdığı söyüşlərə diqqət kəsildilər. Sahibkarın qamçısından qəhqəhəylə yayınaraq axırda aşıb eyvanın qabağındakı solub-saralmış çəmənliyə yıxıldılar, var səsləri ilə bağıra-bağıra ayaqlarını havada oynatmağa başladılar.
– Əlimə düşərsiz, şeytanlar! – Heyli dişlərini qıcayıb mırıldandı.
– Hələ ki, düşməmişik! – Endi təntənəylə əlini yelləyib qışqırdı, uğursuz qul alverçisi bir qədər aralandıqda isə, üz-gözünü turşutdu, sifətini eybəcər şəklə salaraq onu yamsıladı.
– Bu nə işdir, başıma gətirirsiz, Şelbi! – Heyli icazəsiz qonaq otağına girdi. – O məlun uşağı da götürüb aradan çıxıb?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.