Скачать книгу

yanında üzüqara oldum. Məni buraya qulluğa düzəltdiyiniz gündən inanın ki, boş vaxtım olmur.

      Fişgetdin bəy bir Təkinə baxdı, bir müdirə:

      – Siz necə, Təkindən razısınızmı? – deyə soruşdu.

      Müdir:

      – Çox razıyam, əfəndim! – dedi.

      – Şöbə müdiri kimdir?

      Müdir məni göstərdi.

      Fişgetdin bəy:

      – Necədir, Təkin işin öhdəsindən yaxşı gəlirmi?

      – Ah, əlbəttə!

      Çölə çıxdılar. Onlar qapıdan çıxanda Təkin Fişgetdin bəyin əlini bir də öpdü. Biz yerimizdəcə quruyub qaldıq.

      İki ay sonra Təkinin vəzifəsi böyüdüldü.

      Dünən o, yüz lirə versəm, mənə həkimdən biraylıq işdən azadolma kağızı düzəldəcəyini söylədi. Bilmirəm bu pulu ona verim, ya yox. Bu haqda fikirləşirəm.

Tərcümə edəni: Yusif Şirvan

      VƏTƏN BORCU

      Həbsxanaya vəlvələ düşmüşdü, təzə xəbər kameradan-kameraya yayılırdı:

      – Xəbərin varmı, Vazelin Ehsan tutulub.

      – Qardaş, Vazelin Ehsan kimdir axı?

      – Siz cavanlar onu tanımazsınız! Onun qılıncının dalı da, qabağı da kəsəndə siz hələ ananızın qucağında idiniz.

      Vazelin Ehsan əvvəlcə iki həftə xüsusi təcridxanada saxlanıldı. Sonra onu ikinci şöbədəki kameralardan birinə köçürdülər. Orada məşhur dələduzlar saxlanılırdı. Ehsanın keçmiş dostları, köhnə cinayətkarlar onu tanıyırdılar.

      – Xoş gəlmisən, Ehsan ağabəy!4

      – Ehsan ağabəy, nə üstündə tutuldun?

      Kameradakılar çay içirdilər. Vazelin Ehsan çay məcməyisinə saymazyana bir yüzlük atdı. Təzədən çay dəmləndi. O da necə yaxalandığını danışmağa başladı:

      – Vallah, desəm, sizə çox gülməli gələcək, inanmazsınız. Mən özüm də heç inana bilmirəm. Kimə, kimə, daha mənə yox da… Əlli yaşım var, saçım-saqqalım ağarıb, ancaq heç belə oyuna düşməmişdim. Bu dəfə mən vətəndaşlıq borcumu yerinə yetirmək üstündə yaxalanmışam! Vətənim üçün çalışmışdım!..

      Siz bilirsiniz ki, mən çayxana işlədirəm. Bir dəfə polis idarəsindən iki nəfər yanıma gəlib dedi: “Bizimlə polis idarəsinə gedəcəksən”. Köhnə polis işçilərinin hamısını tanıyırdım. Təzələri ilə, əlbəttə, işim olmamışdı. Gedək deyirsiniz, gedək də… Soğan yeməmişdim ki, içim göynəsin. İdarəyə girəndə nə görsəm yaxşıdır?! Şirin Heydər polis idarəsində, yuxarı başda oturub. Mənim vaxtımda o, xəfiyyədə işləyirdi, indi isə baş komissar olmuşdu… Onun bir gözü azca çaş baxırdı və nəzərləri mülayim olduğu üçün hamı onu Şirin çağırırdı. Ancaq əslində, Allah da bilir ki, o, istiotdan acıdır.

      Mən Şirin Heydərdən soruşdum:

      – Qardaş, mənlə işin vardı? Məni çağırtdırmısan?..

      – Əyləş, Ehsan, – dedi və oturmaq üçün stul göstərdi.

      Əlbəttə, o dəqiqə barmağımı dişlədim, başa düşdüm ki, burada nə isə bir iş var. Mən Heydərin şakərinə yaxşı bələdəm. Əgər səndən keçəsi bir işi yoxsa, heyvan kimi üstünə şığıyacaq, təpik və şapalağı işə salacaq.

      Mən onun göstərdiyi yerdə oturdum.

      O mənə “Səndən bir şey istəyirəm” deyəndə qanım qaraldı. Məndən nə istəyə bilərdi?! Axı mən axırıncı işdən sonra bu polislərin hamısı ilə halalcasına hesablaşmışdım. Öz payıma düşən məbləğə də çayxana açmışdım.

      – Ağabəy, – dedim, – özün bilirsən ki, axırıncı məsələ zamanı hər kəsin haqqını tamam-kamal vermiş, sənin sayəndə xilas olub keçmişimlə tamamilə üzülüşmüşdüm. Bütün köhnə haqq-hesablar ödənilib. Vaxtı da keçib. İndi məndən nə istəyirsən?

      O mənə qulaq asdıqdan sonra dedi:

      – Köhnə haqq-hesab çürüdülüb, necə deyərlər, keçənə güzəşt deyiblər. İndi sənə başqa bir işimiz düşüb. Biz səni çağırmışıq ki, vətəndaşlıq borcunu yerinə yetirəsən, vətən üçün çalışasan.

      Öz-özümə fikirləşdim ki, görəsən, bu vətəndaşlıq borcu nə deməkdir? Hərbi xidmətdir? Əlbəttə! Demək, məni çağırıblar ki, orduya xidmətə göndərsinlər?

      Şirin Heydərə dedim:

      – Başına dönüm, qardaş, ayaqlarının altında ölüm, mən öz vətəndaşlıq borcumu vermişəm axı. Altı il donanmada xidmət etmişəm. Lap axırıncı gününədək.

      Mən bu sözləri dediyim zaman Heydər əmr etdi ki, çay gətirsinlər, məni siqaretə də qonaq elədi. Başa düşdüm ki, onlar “vətən borcu” sözü altında məndən nə isə qoparmaq istəyirlər.

      – Qardaş, – dedim, – əgər ürəyində başqa bir şey tutmusansa, açıq de. Bacardığım işdirsə, məmnuniyyətlə yerinə yetirərəm. Çayxanam da elə bil mənim deyil, lap sənindir…

      Şirin Heydər dedi:

      –Yox, canım, bu nə hərbi xidmət məsələsidir, nə də çayxana… Vətənin sənə başqa tapşırığı var. Sən indi ölkəmizin və hökumətimizin şərəfini qorumalısan… Hökumətin sənə işi düşüb.

      Mən dedim:

      – Əzizim, gəl sən məni dolama. Mən nə karəyəm ki, bizim qüdrətli hökumətimizin mənə, köhnə bir cibgirə ehtiyacı olsun, ona işi düşsün!

      Şirin Heydər cavab verdi:

      – Elə demə, bu, hökumət işidir, bilmək olmaz. Elə vaxt olur ki, o, istədiyi vətəndaşını köməyə çağırır.

      – Baş üstə, – dedim, – əgər söhbət vətəndaşlıq borcundan gedirsə, mən hər dəqiqə hazıram, desən ki öl, ölərəm də…

      Şirin Heydər məsələnin nə yerdə olduğunu mənə başa saldı:

      – Bizim ölkəyə müxtəlif dövlətlərin nümayəndələrindən ibarət böyük bir heyət gəlib. Onların içərisində amerikan, alman, danimarkalı, fransız da var. İçərilərində tacirinə, həkiminə, professoruna da, bir sözlə, hər sənət sahibinə rast gəlmək olar. Bizə kömək etmək üçün ölkəmizi öyrənmək istəyirlər. Ancaq nümayəndə heyəti hər yerdə qayda-qanunsuzluğa rast gəlib və gördüklərinin heç biri xoşlarına gəlməyib. Meşə təsərrüfatı ilə tanış oldular, xoşlarına gəlmədi. Səhiyyə işlərini öyrəndilər, o da həmçinin. Zavodlara baxdılar, yenə xoşlarına gəlmədi… Bir sözlə, çox pərtlik oldu. İndi hökumət qərara alıb ki, nə olursa olsun, elə bir şey düzəltmək lazımdır ki, bu, əcnəbilərin xoşuna gəlsin. İndi, Ehsan bəy, iş sənə qalıb. Vətənin tapşırığını yerinə yetirməlisən.

      Mən belə başa düşdüm ki, hökumət əcnəbiləri heç bir şeylə razı sala bilməyib,

Скачать книгу


<p>4</p>

Ağabəy (qısa şəkildə – abi) – böyük qardaş, dadaş deməkdir. Türkiyədə özündən yaşlı adamlara müraciətdə də işlədilir.