ТОП просматриваемых книг сайта:
Hekayələr. Азиз Несин
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242089
Автор произведения Азиз Несин
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Onlar evə göz gəzdirib:
– Bu divanı götürək! – deyə təkid etdilər.
Onların “divan” deyə əllərini uzatdıqları şey üstü əsgi parçaları və yırtıq yorğanlarla örtülü qənd qutuları idi. Vəkil bunları görüb bu səfər:
– Radionu götürək! – dedi.
“Bu radionu aparsalar, canım qurtarar”, – deyə sevindim. Radiomuz ilin on ayı təmirdə olur. Güclə pul qazan, onu da radio təmirinə ver. Əslində, bizi bu vəziyyətə salan elə radiodur…
Onları yola salıb mən də qapıdan çıxanda arvadım:
– Qız məktəbə getmir, – dedi.
– Nə üçün?
– Bədən tərbiyəsi müəllimi ona ağ rezin ayaqqabı gətirməyi tapşırmışdı. Onsuz dərsə buraxmayacaq.
– Yaxşı, bir şey fikirləşərik… – dedim.
Küçəyə yüyürdüm. İşə gecikmişdim. “Bu gün işə getməyəcəyəm”, – deyə qərar verdim. Şiddətli yağış yağırdı. Bizim tərəflərdə tramvay xəttini də sökmüşdülər. Avtobus da yarım saatdan bir gəlir. Minmək mümkün olmur. Ağzına kimi adamla dolu olur.
Yağış isə hey tökürdü. Ayaqqabılarım da su keçirirdi. Yamanca islanmışdım. Tir-tir titrəyirdim. Cavan bir oğlan mənə yaxınlaşdı.
– Bağışlayın, əmican! – dedi.
Mənə elə gəldi ki, vaxtı soruşacaq. O isə soruşdu:
– Dünənki futbol oyunundan xəbəriniz varmı? Deyə bilməzsinizmi?..
– Lənət sənə, kor şeytan. Heç yeridirmi? – dedim və yoluma davam etdim.
Orada bir çayxana var. İçəri girdim. Üst-başımdan su sızırdı. Bir çay istədim. Yanımda da şillə vurduğum bu adam oturub qəzet oxuyurdu. Mən bu vaxt öz-özümə “Yarəbbi, mənim halım necə olacaq? Axırımız haraya gedib çıxacaq?” – deyə düşünürdüm. Mən bu fikirdə ikən həmin adam əlindəki qəzeti qəzəblə kənara atdı:
– Bəli, – deyə bağırdı. – Ölkə uçuruma yuvarlanır!
Onun da mənim kimi dərdli olduğunu zənn etdim. Fikirləşdim ki, söhbət edərik, dərdimizi bir-birimizə açarıq:
– Cənab, nə olub? – deyə soruşdum. – Bağışlayın, işinizə qarışıram, niyə hirsləndiniz?
O, yenə hərarətlə:
– Daha nə olacaq ki! – dedi. – Ölkənin bir sahibi yoxdur, canım! Namusuma and olsun ki, sahibi yoxdur!
Ondan sonra daha nə olduğunu deyə bilmərəm. Vallah, heç özüm də başa düşmürəm, komissar bəy! Mən ömrümdə heç kəsə çırtma belə vurmamışam. Amma necə oldu, bilmirəm. Bədənimdə sanki bir düymə basıldı, oraya elektrik qüvvəsi buraxıldı, bu sağ əlim birdən havaya qalxdı. Hərifin üzünə bir şillə çəkdim. Bunu inkar etmirəm. Vurdum, amma qəsdən yox. İradəmdən xaric bir işdi, baş verdi.
Komissar şillə yemiş adama baxdı və dişlərini qıcıdaraq bir-birinə sıxdı. Sonra sağ ovcunu qaşımağa başladı və cüssəli adama:
– Haydı, uzatmayın, barışın! – dedi.
Cüssəli adam:
– Barışmaram! – deyə inad etdi.
Komissar makina arxasındakı polis nəfərinə:
– Onda yaz! – dedi. – “Şikayətçi: “Ölkə uçuruma yuvarlanır, ölkənin sahibi yoxdur” deyərək…”
Cüssəli adam bu sözlərin komissarın dilində necə səsləndiyini görcək:
– Yaxşı, cənab komissar, siz deyən olsun. Niyə uzadırıq ki, barışaq, – dedi.
BİZ EVƏ QƏZET ALMIRIQ
Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq olduğum yerdə də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə gedib. Bir az sonra dostumun arvadı salona gəldi.
– Sabahınız xeyir!
– Sabahınız xeyir.
– Rahat yata bildinizmi?
– Çox rahat yatdım.
– Xidmətçidən qəzet istəmisiniz?
– Bəli.
Qadın pıçıltı ilə dedi:
– Biz evimizə qəzet almırıq.
Mən də onun kimi pıçıltı ilə soruşdum:
– Nə üçün?
O, yenə də pıçıltı ilə dedi:
– Əvvəllər hər səhər üç qəzet alırdıq, amma indi altı aydır ki, evimizə qəzet gəlmir.
Mən yenə də pıçıltı ilə:
– Nə üçün yavaşcadan danışırsınız? – deyə soruşdum.
O, bir az da qulağıma tərəf əyilib dedi:
– Uşaqlar eşitməsin deyə…
Bu zaman dostum o biri otaqdan arvadını çağırdı.
Səhər yeməyində özümü saxlaya bilməyib dostumdan soruşdum:
– Nə üçün sizin evə qəzet gəlmir?
O, gözü ilə uşaqlara tərəf işarə etdi, barmağını dodağının üstünə qoydu:
– S-s-s.
Az sonra uşaqlar bağçaya oynamağa getdilər. O zaman dostum mənə dedi:
– Evə necə qəzet alım? Başımıza nə oyun gəldiyini bilsəniz, bunu soruşmazsınız. Oğlum ikinci sinifdə, qızım birdə oxuyur. Ən kiçiyi isə hələ məktəbə getmir. Amma o da artıq oxumağı öyrənib.
Bir dəfə bazar günü idi. Hamımız evdə idik. Biz bazar günü beş, başqa günlər isə üç qəzet alırdıq. Anam paltar ütüləyirdi. Bu zaman oğlum:
– Nənəcan, striptiz nə deməkdir? – deyə soruşdu.
Anam:
– Sus, o nə sözdür… Bu saat ağzına istiot tökərəm. Belə tərbiyəsiz sözləri haradan öyrənirsən?! – deyib oğluma acıqlandı.
Mən həmişə düşünürdüm ki, uşaqların bütün suallarına cavab vermək lazımdır. Əlbəttə, onların anlaya biləcəkləri bir şəkildə… Həm də uşaqların sual vermək arzu- sunu boğmaq çox böyük səhvdir. Bu onlarda daha böyük maraq oyadır və mütləq başqa adamlardan suallarına cavab axtarırlar. Bunun isə nəticəsi çox vaxt ürəkaçan olmur.
Oğlum anamın sualına:
– Heç kimdən öyrənməmişəm,