Скачать книгу

orden olanların üçü də ov quşuna – şahinə bənzəyirdi. Mən isə şahin deyildim. Hərçənd heç vaxt ovda olmayanlar məni şahinə bənzədə bilərdilər. Onların üçü də bunu çox gözəl anlayırdı və beləliklə, yollarımız tədricən ayrıldı. Cəbhəyə düşdüyü elə ilk gündə yaralanan gənclə isə biz dost qaldıq. Çünki o özü də bilmirdi ki, yaralanmasa, nələrə qadir ola bilərdi və bu səbəbdən onu da özlərininki hesab etmirdilər. Mənim fikrimcə, ondan şahin çıxmazdı və buna görə həmin gəncdən xoşum gəlirdi.

      Əvvəllər məşhur qılıncoynadan olmuş mayor qəhrəmanlığa inanmırdı və biz aparatda oturan müddət ərzində mənim qrammatik səhvlərimi düzəltməklə məşğul idi. Bir dəfə o mənim italyan dilini pis bilmədiyimi söylədi və biz uzun-uzadı bu dildə söhbət etdik. İtalyan dilinin, zənnimcə, asan olduğunu və bu səbəbdən də onunla ciddi şəkildə maraqlanmağa lüzum görmədiyimi söylədim. “Əlbəttə, – mayor dedi. – Amma siz nə üçün qrammatikaya fikir vermirsiniz?” Beləliklə, biz qrammatikaya fikir verməyə başladıq. Tezliklə italyan dilinin çox çətin olduğunu anladım. Bundan sonra qrammatik qaydalar beynimdə həkk olunana qədər italyan dilində danışmaqdan çəkinməyə başladım.

      Mayor hospitala davamlı olaraq gəlirdi. Deyəsən, onun bura baş çəkmədiyi bir gün də olmamışdı. Hərçənd aparata inanmırdı və bir dəfə bu müalicə üsulunun cəfəngiyyat olduğunu söyləmişdi. Aparatlar o vaxtlar yeni çıxmışdı və onları bizim üzərimizdə sınaqdan keçirməli idilər. “Axmaq ixtiradır, – mayor dedi. – Ağılsızlıqdan başqa bir şey deyil”. Həmin gün mən qrammatika dərsimi hazırlamamışdım. Mayor mənim bütün bəşəriyyət üçün üz qarası, özünün isə mənə baş qoşduğu üçün sarsaq olduğunu bildirdi. Mayor balacaboy idi. O, kresloda dik oturmuşdu. Sağ əli aparatın içində idi. Gözünü qarşı divara zilləmişdi. Barmaqlarını arasına soxduğu qayışlar isə boğuq bir taqqıltı ilə yuxarı-aşağı hərəkət edirdi.

      – Müharibə qurtarandan sonra, əlbəttə, əgər qurtarsa, nə ilə məşğul olacaqsınız? – deyə o soruşdu. – Amma qrammatikanı unutmayın ha.

      – Amerikaya qayıdacağam.

      – Evlisiniz?

      – Xeyr, amma evlənəcəyimə ümid edirəm.

      – Çox nahaq yerə, – mayor dedi. Deyəsən, yaman əsəbiləşmişdi. – Adam evlənməməlidir.

      – Nə üçün, signor maggiore?3

      – Mənə “signor maggiore” deməyin.

      – Yaxşı, bəs niyə adam evlənməməlidir?

      – Olmaz, ona evlənmək olmaz! – hirslə dedi. – Əgər insan hər şeyini itirməyə məhkumdursa, gərək üstəlik bunu da təhlükə altında qoymasın. O gərək itirilməsi mümkün olmayan bir şey tapsın.

      Mayor acıqlı-acıqlı danışır və əsəbi halda qarşısında bir nöqtəyə baxırdı.

      – Axı o nə üçün mütləq itirməlidir?

      – İtirəcək, – mayor dedi. O, divara baxırdı. Sonra nəzərlərini divardan çəkib aparata baxdı, qurumuş əlini qayışların arasından çıxarıb ayağına çırpdı. – İtirəcək, – o qışqırdı. – Mənimlə mübahisə etməyin! – Sonra o, sanitarı çağırdı: – Bu lənətə gəlmiş zəhrimarı dayandırın.

      Mayor qonşu otağa keçdi. Orada işıq və masajla müalicə edirdilər. Onun həkimdən zəng etmək üçün icazə aldığını və qapını bağladığını eşitdim. O geri qayıdında mən artıq başqa aparatda oturmuşdum. Mayorun əynində plaş və papaq var idi. O mənə yaxınlaşıb salamat əlini çiynimə qoydu.

      – Məni bağışlayın, – deyib çiynimi şappıldatdı. – Kobudluq etmək istəmirdim. Arvadım təzəcə rəhmətə gedib. Bağışlayın.

      – Aman Allah, – onun halına acıyaraq dedim, – nə böyük bədbəxtlikdir.

      O, yanımda dayanıb dodaqlarını çeynəyirdi.

      – Çox çətindir, – dedi. – Barışa bilmirəm. – Mayor arxamdakı pəncərəyə baxırdı. Birdən ağladı. – Heç cür barışa bilmirəm, – dedi və səsi qırıldı. Sonra göz yaşları axa-axa başını qaldırdı və heç yana baxmadan, dodaqlarını gəmirə-gəmirə əsl hərbçi kimi qamətini düzəltdi və aparatların yanından keçib otaqdan çıxdı.

      Həkim mənə danışdı ki, onun gənc arvadı sətəlcəmdən ölüb. Mayor yalnız hərbi xidmətə tam yararsız hesab ediləndən sonra onunla evlənibmiş. Xəstəlik cəmi bir neçə gün çəkib. Onun öləcəyini heç kim gözləmirmiş. Mayor üç gün hospitalda görünməyib. Sonra, həmişəki kimi, təyin olunan vaxt mundirinin qolunda qara sarğı gəlib. Bu üç gün ərzində isə aparat otağının divarlarına müxtəlif yaraların müalicəyə qədərki və sonrakı şəkilləri vurulub. Mayorun aparatının qarşısından üç şəkil asılıb. Bu şəkillərdə eynilə onun əlinə bənzər əllər təsvir olunmuşdu. Müalicədən sonra onlar normal hala düşmüşdü. Heç bilmirəm, həkim bu şəkilləri haradan tapıb gətirib. Həmişə düşünmüşəm ki, bu aparatlarla ilk müalicə alan bizik. Amma həmin şəkillər mayorda heç bir ümid oyatmadı, mayor onlara yox, pəncərədən bayıra baxırdı.

Tərcümə: Fərrux Şıxlinski

      AĞ FİLLƏR

      Ebro4 çayı vadisindən o tərəfə uzun və ağ təpələr görünürdü. Bu tərəfdə isə nə ağac, nə də kölgə tapmaq olurdı. İki dəmir yolu xətti arasındakı stansiya günün altında yanırdı. Təkcə tikilinin qabağında qaynar kölgə var idi, barın açıq qapısından isə bambuk qamışlarından pərdə asılmışdı. Çox isti idi. Barselonadan gələn ekspres qırx dəqiqədən sonra keçməli idi. Bu stansiyada o, iki dəqiqə dayanır, sonra Madridə yola düşürdü.

      – Nə içsək yaxşıdır? – qız soruşdu və şlyapasını çıxarıb masanın üstünə qoydu.

      – Dəhşət istidir, – kişi dedi.

      – Gəl pivə içək.

      – Dos cervezas5, – kişi pərdəni aralayıb dedi.

      – Böyük? – qapının arxasından qadın soruşdu.

      – Hə. İki böyük.

      Qadın iki parç pivə və keçədən iki altlıq gətirdi. O, altlıqları masanın üzərinə, pivə dolu parçları isə onların üstünə qoydu. Sonra gözlərini kişi ilə qıza zillədi. Qız uzaqlara, sıra ilə düzülmüş təpələrə baxırdı. Onlar günəşin altında ağarırdı, ətrafda isə hər şey qurumuş və bozarmışdı.

      – Sanki ağ fillərdir, – qız dedi.

      – Ömrümdə ağ fil görməmişəm. – Kişi pivəsini içdi.

      – Harada görəydin?!

      – Niyə də yox? Sən çox şey söyləyə bilərsən, bu heç nə demək deyil.

      Qız bambuk pərdəyə baxdı.

      – Onun üstündə nəsə yazılıb, – dedi. – Nə yazılıb?

      – “Anis del Toro”. Arağın adıdır.

      – Gəl

Скачать книгу


<p>3</p>

”Cənab mayor” (ital.)

<p>4</p>

Ebro – Pireney yarımadasının şimal-şərqində çay

<p>5</p>

“İki parç pivə” (isp.)