ТОП просматриваемых книг сайта:
Hekayələr. Эрнест Миллер Хемингуэй
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952243345
Автор произведения Эрнест Миллер Хемингуэй
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Çikotenin köhnə müştərilərinin əksəriyyəti Frankonun tərəfinə keçib, lakin respublikaçılardan da daim bura gələnlər var. Bura çox şən bir yerdir, şən insanlar isə, adətən, ən cəsur adamlar olurlar və birinci ölürlər. Ona görə belə alınıb ki, “Çikote”yə gələnlərin çoxu artıq sağ deyil. Çəllək viskisi aylar öncə qurtarıb, 1938-ci ilin may ayına qədər isə biz sarı cinin də axırına çıxdıq. Düzü, indi ora getməyin mənası qalmayıb və əgər Luis Delqado Madridə bir qədər gec gəlib çıxsaydı, bura girməz, başını da bəlaya salmazdı. Ancaq Delqado Madridə 1937-ci ilin noyabrında gəldi və o vaxt “Çikote”də hələ bir az sarı cin qalmışdı, eyni zamanda burada Hindistan kinəsi almaq olardı. Düzdür, buna görə həyatını təhlükəyə atmağa dəyməzdi, amma, ola bilsin, Delqado, sadəcə, adət etdiyi yerdə oturmaq istəyirmiş. Onu tanıyan və “Çikote” barının vaxtilə necə bir yer olduğunu bilən üçün bunu anlamaq çətin deyil.
Həmin gün səfirlikdə inək kəsmişdilər və qapıçı bizə on funt təzə ət saxladıqlarını demək üçün “Florida” otelinə gəlmişdi. Mən Madrid qışının alatoranlığında ətin dalınca getdim. Əllərində tüfəng iki qvardiyaçı səfirlik binasının qapısı ağzında oturmuşdu, bizim ətimiz isə qarovulxanada idi.
Qapıçı dedi ki, bizə yaxşı tikə düşüb, amma inək çox arıq imiş. Mən qapıçını gödəkçəmin cibində qalmış qızardılmış tumla palıd qozasına qonaq etdim və biz qapının ağzında, girişdəki xiyabanın çınqıllığında dayanıb zarafatlaşa-zarafatlaşa söhbət etdik.
Mən qoltuğumda ağır ət bağlamsı şəhərin küçələri ilə evə yollandım. Qran-Via atəş altında olduğundan ara sakitləşənə qədər “Çikote”yə girməyi qərara aldım. İçəri adamla dolu və səs-küylü idi. Mən küncdə, qabağı kisələrlə tutulmuş pəncərənin ağzında kiçik bir masanın arxasında oturdum, əti yanımdakı skamyaya qoydum və kinə qatılmış cin içdim. Biz yenicə, elə bu həftə aşkar etmişdik ki, barda hələ kinə qalıb. Qiyamdan sonra daha təzə kinə gətirmirdilər, köhnə kinənin qiyməti isə müharibədən əvvəlki kimi qalmışdı. Axşam qəzetləri hələ yox idi və mən qəzetsatan qarıdan müxtəlif partiyaların üç vərəqəsini aldım. Onların hər birinin qiyməti on sentavo idi, bir peset verib qarıya dedim ki, pulun qalığını özünə saxlasın. O da dedi ki, Allah mənim günahlarımdan keçəcək. Mən buna şübhə etdim və vərəqələri oxuya-oxuya kinəli cin içməyə başladım.
Köhnə vaxtlardan tanıdığım yaşlı ofisiant mənə yaxınlaşdı. Onun sözlərinə bərk təəccübləndim.
– Yox, – dedim. – İnanmıram.
– Hə, – ofisiant dediyində israr edib başı və məcməyisi ilə eyni istiqamətə işarə vurdu. – Ancaq arxaya çevrilməyin. Oradadır.
– Bunun mənə dəxli yoxdur, – dedim.
– Heç mənə də dəxli yoxdur.
O getdi, mənsə bara təzə girmiş başqa bir qarıdan axşam qəzetlərini alıb oxumağa başladım. Ofisiantın işarə etdiyi adamı ikimiz də çox yaxşı tanıyırdıq. Onun barəsində öz-özümə fikirləşdim: “Belə də axmaq adam olar?! Lap ağlını itirib”.
Bu vaxt bir yunan yoldaş gəlib yanımda oturdu. O, on beşinci briqadada bölük komandiri idi və bombardman vaxtı yaralanmışdı. Yanındakı dörd nəfər həlak olmuşdu, onu isə bir az hospitalda, sadəcə, nəzarət altında saxladıqdan sonra istirahət evinə – indi adına nə deyirlər, bilmirəm, ora – göndərirdilər.
– Con, işlər necədir? – mən soruşdum. – Qonaq olun.
– Sizin içdiyinizin adı nədir, mister Emunds?
– Kinəli cin.
– Hansı kinədi?
– Hindistan kinəsi. Dadına baxın.
– Mən çox içən deyiləm. Amma kinə qızdırmaya qarşı yaxşıdır. İçərəm.
– Con, bəs həkimlər sağlamlığınız barədə nə deyirlər?
– Mənə həkim lazım deyil. Sağlamam. Təkcə qulaqlarım aramsız cingildəyir.
– Hər halda, həkimə dəysəniz, pis olmaz, Con.
– Dəymişəm. Qanıb-qandırmır. Deyir, göndərişin olmalıdır, yoxundur.
– Mən deyərəm. Hamısını tanıyıram. Sizin getdiyiniz hansı həkimdir, almandır?
– Elədir ki var, – Con dedi. – Almandır, ingiliscə pis danışır.
Yenə həmin ofisiant mənə yaxınlaşdı. Bu dazbaş qocanın köhnə ədalarını müharibə də dəyişə bilməmişdi. O, yaman həyəcanlı idi.
– Bir oğlum cəbhədədir, – dedi, – o birini isə öldürüblər. Biz indi nə edək?
– Öz işinizdir.
– Bəs siz? Əgər mən sizə bu barədə söz açmışamsa…
– Mən bura şam yeməyindən qabaq boğazımı yaşlamaq üçün gəlmişəm.
– Mənsə burda işləyirəm. Deyin görək, biz nə edək?
– Bu sizin işinizdir, mən siyasətə qarışmıram, – dedim. – Siz ispanca başa düşürsünüz? – yunan yoldaşdan soruşdum.
– Yox. Bir-iki söz bilirəm. Amma yunan, ingilis, ərəb dillərində danışıram. Vaxtilə ərəb dilində lap yaxşı danışırdım. Torpağın altında necə qaldığımı bilirsiniz?
– Yox. Bildiyim bircə odur ki, bombardmana düşmüsünüz. Vəssalam.
Onun qarabəniz, qəşəng sifəti və daim hərəkətdə olan tündrəngli əlləri var idi. Əslən hansısa yunan adasından olduğu görünürdü, həm də çox inadla danışırdı.
– Onda sizə söyləyim. Hərbi işlərdə böyük təcrübəm var. Əvvəllər yunan ordusunun kapitanı olmuşam. Mən yaxşı əsgərəm. Bir aeroplanın bizim Fuentes-del-Ebrodakı səngərlərimizin üzərində uçduğunu görəndə onu izləməyə başladım. Gördüm ki, uçub keçdi, sonra yana döndü, dövrə vurdu (o bu hərəkətləri əlləri ilə göstərirdi) və bizi müşahidə etməyə başladı. Öz-özümə dedim: “Aha! Bu, yerimizi dəqiqləşdirir. Tapıb. İndi başqaları da uçub gələcək”.
Və budur, dediyim kimi, başqaları da gəldi. Dayanıb baxıram. Müşahidəni davam etdirir və nələr baş verdiyini bölüyə izah edirəm. Təyyarələr üç-üç gəlirdi: biri qabaqda, ikisi arxada. Növbəti üçü keçəndən sonra bölüyə dedim: “İndi okey. İndi ol rayt. İndi daha qorxulu bir şey yoxdur”… Və iki həftədən sonra ayıldım.
– Bu nə vaxt olub?
– Bir ay olar. Bilirsiniz, mən torpağın altında qalanda dəbilqəm üzümü örtübmüş və içində hava qalıbmış. Bu da mənim oradan çıxardılana qədər nəfəs almağıma imkan veribmiş. Amma havaya partlayışdan yaranan tüstü də qarışıbmış. Buna görə uzun müddət xəstə yatdım. İndi mən okey-əm, bircə qulaqlarım cingildəyir. Deyirsiz, içdiyinizin