ТОП просматриваемых книг сайта:
Oğluma nəsihət. Низами Гянджеви
Читать онлайн.Название Oğluma nəsihət
Год выпуска 0
isbn 978-9952-311-21-1
Автор произведения Низами Гянджеви
Издательство TEAS PRESS
Gözləri eyb axtaranlar gizlətdilər hünərimi,
Ləyaqətim pis görünür hər eyibdən, hər qüsurdan.
Mərifətin şöləsilə işıqlanmış bir Ayam mən.
Ay haləsi əskik olmaz həlqələnmiş vücudumdan.
Min düyünlü bir kələfəm, azca qalan həyatımdan
Hansı düyün açılacaq, şəfa verər hansı loğman?
Mənim ömür çinarımı yıxmaq üçün enir fələk,
Ayağıma balta vurur, qulpunacan baltası qan.
Nə mənadan xəbərim var, nə surətdən məlumatım.
Mənalar da, surətlər də itdi gözdən, çıxdı yaddan.
Elə ağır günahkaram, cəhənnəmə vasil olsam,
Cəhənnəmin sakinləri qaçar mənim dörd yanımdan.
Mən bu üsyan bağçasının əyilmiş bir ağacıyam,
Cəhənnəmdə yandırmaqçün qurutmaqda məni Yəzdan8.
Qələminin ucu ilə qəza mənim səhifəmə
Xəta kəlməsindən savay söz yazmadı bu vaxtacan.
Peşmanlığın göz yaşıyla mən silimmi bu kəlməni?
Nə fayda ki, taleyimə tabe deyil qəza-filan.
Haqq qəzanın tərəfində… mənsə məğmun, qolubağlı.
Xəyalına nə gətirsən, inan, pisəm hamısından.
Zay etdiyim həyatımın qisasını alan olsa,
Ona mənim qanım halal… müfti ağıl, haqdı fitvan.
Sinəm yatmış bir cəhənnəm… bir gün qalxıb alovlansa
Atəşindən, bəlkə, qaynar bu “çərx” adlı mavi ümman.
RÜBAILƏR
Ədalət yer üzündə zəfərlərin tacıdır
Ədalət yer üzündə zəfərlərin tacıdır,
Zülm – dərd ağacıdır, yalnız şərin tacıdır.
Səxavət… pərdəsilə hər cür eybi gizlədir,
Xoş tale, bəxtəvərlik – hünərlərin tacıdır.
Dünyada ədalətlə zəfər tapmışlar
Dünyada ədalətlə zəfər tapmışlar,
Zülm ilə bu dünyada zərər tapmışlar.
Hər yerdə paxıllıq hünəri danmışdır,
Mərdlər eyb örtüb də, hünər tapmışlar.
Gəncliyinə güvənmə, yel əsər, solub gedər
Gəncliyinə güvənmə, yel əsər, solub gedər,
Ömrün bircə gecədə payimal olub gedər.
Zülm eləmə, anla ki, bircə qarğış fəryadı
Səni dünya bağından alaqtək yolub gedər.
Etmirsə vəfa, ömrə amansız rüzgar
Etmirsə vəfa, ömrə amansız rüzgar,
Sən yaxşılıq ək, ta nə qədər ömrün var.
Bir halda ki, heç kimsəyə qalmır dünya,
Barı qoruyun, inciməsinlər dostlar.
XƏMSƏ
SIRLƏR XƏZINƏSI
Söz qoşmağın fəziləti haqqında
İlk dəfə tərpənəndə sözdən güc aldı qələm,
Sözdən doğuldu ilk hərf… şahiddir bütün aləm.9
Xəlvət pərdəsini ki qaldırdılar, atdılar,
Öncə söz cüvələndi. Sözdən can yaratdılar.
Sözdən bir səs, bir nəfəs gəlməmiş… inan mənə:
Can girmədi palçıqdan xəlq olunmuş bədənə.
O gündən ki, qələmlə kağız çatdı şərəfə,
Cahan açdı gözünü, sözü gördü ilk dəfə.
Söz olmasa… yerində dünya donardı, sözsüz,
Nə qədər söz dedilər, yenə əskilmədi söz.
Söz – canımızdır. Eşqin lüğətinə baxsana!
Biz sözük, gövdəmizsə yalnız xarabaxana!10
Yalnız qələm gücünə düşüncələr saxlanır,
Misra söz quşlarının qanadına bağlanır.
Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,
Tükü qırx yerdən bölən sözdən kəskin nə var, nə?
Düşüncənin əvvəli, rəqəmin, sayın sonu,
Təkcə sözdür, təkcə söz, yadında saxla bunu.11
Tacidarlar özü də tac söyləmişlər sözə,
Vasiflər vəsf eyləmiş, durub sözlə göz-gözə.
Gah sözün bayrağını çəkərlər eldən-elə,
Gah qələmin yazdığı saçar dünyaya şölə.
Bayrağını ən uzaq ellərə sancan da söz,
Qələmilə ən yeni iqlimlər açan da söz.
Bomboş fikrə, xəyala təslim olan kəslərə,
İlham üz göstəribmi məgər barı bir kərə?12
Biz ki gözlərimizi sözə dikmişik artıq,
Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq.13
Damarları donanlar sözdə tapar atəş, köz,
Bağrı yananlar14 üçün dirilik suyudur söz.
Sözdür bərbad aləmin abad qalan guşəsi,
Bu fələk süfrəsinin ən dadlı azuqəsi!
Hər boyadan an söz, ömür-günsən, ömür-gün,
Dillə vəsfini vermək, bəlkə də, qeyri-mümkün.
Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər,
Dilin, nitqin qüdrəti olur sözlə müyəssər.
Söz tapa bilməsəydi candakı şah damarı,
Can
8
Yəzdan – qədim zərdüştilərdə xeyir allahı
9
Nizami cahanın Tanrı tərəfindən “Kun – Ol!” əmrilə yaradılmasına işarə edir. Onun əzəli qələmi “Lövhi-məhfuz”da kainatın taleyini sözlə yazıb, deməli, hər şeydən öncə sözü yaratmışdır.
10
Yaradıcı şəxsiyyətin canı – bu aləmə yadigar qoyub getdiyi sözündədir, bədəni, cismi, gövdəsi gəldi-gedərdir, tələl (skelet) hökmündədir.
11
Kainatın yaradılışında məqsəd sözdür, onun sonu da sözdən ibarətdir. Əbədi qalan yalnız sözdür.
12
Yalnız həqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa və bu sözün sayəsində yaşamağa qadirdirlər. Sözü gerçəkliyi pərdələmək vasitəsinə çevirənlərə, bomboş xəyal uydurmaçılarına söz heç vaxt üz göstərmir, yalançıları, saxtakarları yaxına buraxmır.
13
Yaradıcı insanın taleyi yaratdığı sözün dəyərindən asılıdır.
14
Damarları donanlar, bağrı yananlar – bədii və elmi söz yaradıcıları, şairlər və alimlər