ТОП просматриваемых книг сайта:
Oğluma nəsihət. Низами Гянджеви
Читать онлайн.Название Oğluma nəsihət
Год выпуска 0
isbn 978-9952-311-21-1
Автор произведения Низами Гянджеви
Издательство TEAS PRESS
Gül kimi yumşaqlıq göstərmə gerçək,
Olma ikiüzlü bənövşələrtək.
Tikan olmağın da öz məqamı var,
Yerli dəlilik də işə yarayar.
Şair “Yeddi gözəl” poemasında “Sözün tərifi və hikmət haqqında” başlıqlı bölmədə də bu məsələyə toxunaraq oxucuya müraciətlə:
Çarpış dünya ilə şiri-nər kimi,
Yoxsa udar səni o, əjdər kimi,
– deyə xəbərdarlıq edir.
Nizami poemalarında yer alan hekayələr və şairin gənclərə ünvanlanan nəsihətlərində zəhmətə inam, elmin, əməyin faydası haqqındakı didaktiki görüşlər xüsusilə seçilir. Şairin fikrincə, yaradıcı əmək, halal zəhmət, çalışqanlıq insanın özünü mənəvi cəhətdən saflaşdırdığı kimi ətrafdakılara da səadət gətirir, xoşbəxt, şən həyatın əsasını təşkil edir. Odur ki, şair gənc nəslə dədə-babaların əməksevər xasiyyətinə sadiq qalmağı, tənbəllikdən çəkinməyi, boş-bikar qalmamağı tövsiyə edir. Hələ “Xosrov və Şirin” əsərində 7 yaşlı oğlu Məhəmmədə oxumağı, öyrənməyi, elm-bilik qazanmağı təlqin edən böyük sənətkar elmə, biliklərə yiyələnməklə dünyanı almağın mümkünlüyünü söyləyir. Ona və onun həmyaşlarına Nizami “Leyli və Məcnun” əsərində də qəflətdə qalmamağı, öz hünəri, zəhməti ilə cəmiyyətin layiqli üzvü kimi hörmət qazanmağı məsləhət görürdü:
Sən aslanlar kimi keç cəbhələrdən,
Yalnız hünərinin balası ol sən.
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.
“Yeddi gözəl” əsərində oxuyuruq:
Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zər-xara.
Elmin faydası, oxumağa öyrənməyə çağırış Nizaminin bütün əsərlərində özünün parlaq əksini tapmışdır. Gələcək nəsli vətəni, xalqı sevən, elmli, bilikli görməyi arzulayan vətənpərvər şair əsərlərində bu mövzuya dönə-dönə müraciət etmiş, “Oğlum Məhəmmədə nəsihət” başlıqlı ayrıca fəsillərdə və sətirlərarası söylədiyi ibrətamiz fikirləri, təsvir olunan əhvalatlardan çıxarılan fəlsəfi-əxlaqi nəticələri bütün dövrlərdə əhəmiyyətini saxlamış, bu gün də gənclərimizdə nəcib sifətlər tərbiyə etməkdədir.
Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç!
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxarar.
Şair istedada çox da arxayın olmamağı, onu zəhmətlə, çalışmaqla parlatmağı zəruri sayır. İstedadına güvənən çox zehinli adamların öz üzərində işləmədiklərindən axırda heç bir şeyə nail ola bilmədiklərini söyləyir:
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.
Təlimə həvəskar çox korazehin,
İqlimlər qazisi olmadı? Deyin.
Nizami Gəncəvi, qeyd etdiyimiz kimi, təkcə oğlu Məhəmmədə etdiyi nəsihət bölmələrində deyil, özünün lirik haşiyələri, bədii ricətləri, hadisələrin təqdimində oxucuya ünvanladığı öyüdləri, hikmətli beytləri, ibrətamiz nəticələri ilə də gəncliyə xitab edir. Əsərlərində Məhin Banunun, Məcnunun atasının dili ilə gənclərdə yüksək əxlaqi sifətlər, təmiz mənəviyyat tərbiyələndirməyə cəhd göstərir. Şair zəhmətkeş qoca kərpickəsən kişinin, Süleyman şahla qarşılaşan yaşı ötmüş əkinçinin dili ilə zəhmətə, əməyə xor baxan gənclərə müraciət edir, Ərəstu, Büzürgümid, Əflatun, Sokrat və başqa müdrik bilicilər adından danışaraq həyat dərsi verir, əxlaqi-fəlsəfi fikirlər söyləyir, gəncləri həyatı dərk etməyə, əməyi sevməyə, oxumağa, öyrənməyə və həmişə başı uca yaşamağa dəvət edir.
Nizami əsərlərində yaratdığı müdrik qoca obrazları ilə bağlı olaraq gənclərin yaşlı nəslə münasibəti məsələsinə də toxunur.
Hələ “Xəmsə”nin ilk əsəri “Sirlər xəzinəsi”ndən başlayaraq şair nəsillərin qarşılıqlı münasibətindən söz açaraq sələflərinin təcrübəsindən geniş bəhrələnən gənclərin dədə-babalarının qazandıqları nailiyyətləri sadəcə davam etdirməklə kifayətlənməyib onları öz əlavələri ilə zənginləşdirməyin, sonrakı nəsillərə açıq alınla təhvil vermələrinin zəruriliyini bildirirdi.
Keçənlər zəhmətlə əkdiyi bağdan,
Gələnlər meyvəni dərmiş hər zaman.
Keçənlər bir çox şey əkmişlər bizə,
Biz də əkməliyik gənc nəslimizə.
Nizami yaşlı nəslə, gənclərə qayğı ilə yanaşmağı, hünərli cavanların istedadlarını təqdir etməyi, onlara kömək göstərməyi lazım bilir. Gənclər tərəfindən yol verilən səhvlərdə yaşlı adamların da günahı olduğunu xüsusi vurğulayırdı. “Xosrov və Şirin” əsərində belə bir miniatür hekayə ilə qarşılaşırıq:
Deyirlər, bir gün ağıllı bir kəs,
“Mən dəliyəm” deyə elə yayır səs.
Bir uşaq onunla girsə savaşa,
Dərhal böyükləri basarmış daşa.
Soruşurlar: “Uşaq səni vurarkan
Neçin öc alırsan sən qocalardan?”
Gülümsəyib deyir: “Gülməsə qoca,
Uşaq pis iş tutmaz ömrü boyunca”.
“İskəndərnamə” əsərində oxuyuruq:
Gənclik hər kişini coşduran zaman,
Qocanın susması deyilmi nöqsan.
Şair gələcək nəslin tərbiyəsində yaşlı nəslin məsuliyyətini təkrar-təkrar xatırlatmaqla yanaşı, gənclərə də sələflərinə layiq olmağı, əvəz edəcəyi nəslin nəcib xüsusiyyətlərini yaradıcılıqla mənimsəməyi, öz müvəffəqiyyətlərini köhnənin həyat təcrübəsi üzərində qurmağı öyrədirdi. Ataların həyat yolu ən gərəkli məktəbdir. Gənc nəsil bu məktəbdən məhəbbətlə öyrənməli, qabaqcıl ənənələri rəğbətlə yaşatmalı, mədəni mirası qoruyub zənginləşdirməlidir. Gəncliyin qazandığı yeni-yeni nailiyyətlərdə yaşlı nəslin xidmətini danmaq, böyük zəhmətlər bahasına əldə edilən zəngin, faydalı təcrübələrə etinasızlıq göstərmək, nankorluq və ağılsızlıqdır. Bu baxımdan “İskəndərnamə” əsərində maraqlı əhvalatlar