Скачать книгу

müddət qalmaq üçün qazmaçılardan və hidroloqlardan ibarət ekspedisiya hazırlanırdı, onlar İksin dərinliklərindən çıxarılan suyun şəbəkədə avtomat qurğularla idarə edilən daimi axınını təmin etməliydi. Alpinistlərin terminlərindən istifadə etmiş olsaq, “Paritet” orbital stansiyası İksin yolunda əsas baza düşərgəsiydi. İkslə “Paritet” arasında işləməli olan nəqliyyat gəmilərinin yüklənib-boşalması üçün lazım olan yanalma qurğuları artıq hazır idi. Bir azdan, “Paritet”də əlavə bloklar düzəldiləndən sonra, Yerdən televiziya verilişlərinin qəbulu da daxil olmaqla, burada ən gözəl şəraitdə yüzdən artıq adam yaşaya bilərdi…

      Bu böyük kosmik əməliyyatda İks planetindəki suyun istehsalı və təhlili insanın öz planetindən kənar indiyə qədər keçirdiyi ilk istehsalat fəaliyyəti ola bilərdi…

      O gün yaxınlaşırdı. Bütün işlər buna dəlalət edirdi…

      Sarı-Özək və Nevada kosmodromlarında İksdə hidrotexniki əməliyyat aparılması üçün sonuncu hazırlıq işləri qurtarmaq üzrəydi. “Tramplin” orbitində olan “Paritet” ilk kosmik “xamtorpaqlılarının” işçi dəstəsini qəbul edib, İksə yola salmağa hazırdır.

      Mahiyyət etibarilə, müasir bəşəriyyət özünün Yerdənkənar sivilizasiyasının astanasında dayanmışdı…

      Məhz belə bir anda, hidroloqların birinci dəstəsinin İksə göndərilməsi ərəfəsində “Tramplin” orbitindəki “Paritet”də uzunmüddətli kosmik növbədə olan iki paritet-kosmonavt yerli-dibli yoxa çıxmışdı…

      Onlar, nədənsə, göndərilən siqnalların heç birinə cavab vermirdilər – nə müəyyən edilmiş vaxtdakı rabitə seanslarına, nə də başqa vaxtlarda verilən siqnallara. Bu, çox ağır təəssürat yaratmışdı – stansiyanın yerini müntəzəm olaraq qeyd edən göstərici cihazlardan və onun hərəkətini dəqiqləşdirən kanaldan başqa, radiotelevizion rabitənin bütün qalan sistemləri işləmirdi.

      Vaxt gedirdi. “Paritet” heç bir müraciətə hay vermirdi. “Konvensiya”da narahatlıq getdikcə artırdı. Görəsən, paritet-kosmonavtlara nə olub? Onlar nə səbəbə susurlar? Bəlkə, xəstələniblər, bəlkə, xarab olmuş bir şey yeyib zəhərləniblər? Və ümumiyyətlə, sağdırlarmı?

      Nəhayət, sonuncu vasitəyə əl atıldı – stansiyada ümumi yanğın həyəcanı siqnalının işə salınması barədə xüsusi radio əmri göndərildi. Bu qorxuducu hərəkətə də heç bir cavab verilmədi.

      “Demiurq” proqramı ciddi təhlükə altında idi. Onda “Konvensiya”dakı Biridamərk vəziyyəti aydınlaşdırmaq üçün özünün son imkanına əl atdı. “Paritet”lə birləşmək üçün təcili olaraq Nevada, Sarı-Özək kosmodromlarından iki kosmik gəmi buraxıldı.

      Öz-özlüyündə son dərəcə çətin bir iş olan sinxron birləşmə başa çatandan sonra “Paritet”ə daxil olmuş nəzarətçi-kosmonavtlardan alınan ilk məlumat sarsıdıcı təsir bağışladı.

      Onlar bütün bölmələri, bütün laboratoriyaları, bütün mərtəbələri, lap son künc-bucağacan hər yeri yoxlayandan sonra xəbər verdilər ki, paritet-kosmonavtları stansiyanın bortunda tapa bilməyiblər. Onların nə ölüsü vardı, nə dirisi…

      Belə şey heç kəsin ağlına gəlməzdi. Heç bir təxəyyülün qüdrəti çatmazdı ki, bunu təsəvvür eləyə bilsin. Üç aydan bəri orbital stansiyada olan, üzərlərinə düşən vəzifəni bu vaxta qədər dəqiq yerinə yetirən iki adam hara yox ola bilərdi! Buxarlanıb yox olmamışdılar ki! Açıq kosmosa çıxa bilməzdilər ki!

      “Paritet”in yoxlanılması “Konvensiya”dan birbaşa radiotelevizion rabitə vasitəsilə, hər iki müştərək Baş rəhbərlər – Baş paritet-planetoloqların bilavasitə iştirakı ilə gedirdi. Nəzarətçi-kosmonavtların orbital stansiyanın bölmə və otaqlarını çəkisizlik şəraitində üz-üzə, danışa-danışa necə keçdikləri Biridamərkin ekranlarında yaxşı görünürdü.

      Onlar stansiyanı addım-addım yoxlayır, müşahidələri barədə məlumat verirdilər. Bu danışıqlar maqnitofon lentinə yazılırdı:

      “PARİTET”: Fikir verirsinizmi? Stansiyada heç kim yoxdur. Biz heç kimi görmürük.

      “KONVENSİYA”: Stansiyada sınmış şeyləri, pozuntu, dağıntı izi görürsünüzmü?

      “PARİTET”: Yox. Hər şey öz qaydasında, hər şey öz yerindədir.

      “KONVENSİYA”: Qan izinə rast gəlməmisiniz?

      “PARİTET”: Qətiyyən.

      “KONVENSİYA”: Paritet-kosmonavtların şəxsi şeyləri harada və nə vəziyyətdədir?

      “PARİTET”: Deyəsən, şeylər öz yerindədir.

      “KONVENSİYA”: Yenə də olsun, diqqətlə baxın.

      “PARİTET”: Adama belə gəlir ki, onlar, lap bu yaxınlarda burada olublar. Kitablar, saat, valoxutduran, qalan şeylər də yerindədir.

      “KONVENSİYA”: Yaxşı. Divarda, ya kağızda yazıdan-filandan yoxdur?

      “PARİTET”: Gözümə belə bir şey dəyməyib. Yox, yox, dayanın! Növbə jurnalının açıq səhifəsində nə isə böyük bir yazı var. Çəkisizlik şəraitində üzməsin deyə, qısqaclarla bərkidilib, açıq səhifələri də girişə tərəf çevrilib…

      “KONVENSİYA”: Oxuyun, niyə ləngidirsiniz?

      “PARİTET”: Başlıq “Yer sakinlərinə məktub”. Mötərizədə izahatnamə.

      “KONVENSİYA”: Saxla. Oxumayın. Rabitə seansı dayandırılır. Gözləyin. Bir azdan sizi yenə çağıracağıq. Hazır olun!

      “PARİTET”: Okey!

      Bu yerdə orbital stansiya ilə Biridamərkin dialoqu dayandırıldı. “Demiurq” proqramının birgə Baş rəhbərləri öz aralarında məsləhətləşdikdən sonra iki paritet-operatordan başqa bütün rabitə heyəti yenidən təzələndi. Paritetkosmonavtların “Tramplin” orbitində qoyduqları mətn bundan ibarət idi:

      “Hörmətli kolleqalar (sənətdaşlar), “Paritet” orbital stansiyasını son dərəcə qeyri-adi bir vəziyyətdə tərk etdiyimiz üçün qayıtmağımız misli görünməmiş əməlimizlə bağlı bir sıra amillərdən asılı olacağına, stansiyanı qeyri-müəyyən, bəlkə də, sonsuz bir müddətə tərk etdiyimizə görə, bu hərəkətimizin motivlərini izah etməyi özümüzə vacib vəzifə bildik.

      Biz yaxşı başa düşürük ki, hərəkətimiz, şübhəsiz, nəinki gözlənilməz, hətta aydın məsələdir ki, ən adi intizam baxımından belə yolverilməz şeydir. Lakin kosmosdakı orbital stansiyada olduğumuz vaxt üz-üzə gəldiyimiz nadir bir fakt, bəşər mədəniyyəti tarixində misli çətin təsəvvürə gətirilə biləcək bir fakt, heç olmasa, bizi başa düşəcəyinizə ümid verir…

      Bir neçə vaxt əvvəl biz, əsasən, ardı-arası kəsilməz səs-küy və maneələrlə dolu olan Yer ionosferasından gələn, kosmik mühitdəki saysız-hesabsız radioimpulsları arasında dar tezlikli zolaqda istiqamətləndirilmiş bir radiosiqnalı qəbul etdik: o ən dar zolaqda olduğu üçün asanlıqla seçilirdi, həmişə eyni vaxtda, eyni fasilələrlə, müntəzəm olaraq səslənirdi. Əvvəlcə biz ona o qədər də diqqət vermirdik. Lakin o, təkidlə səslənməkdə davam edirdi, sistematik olaraq Kainatın eyni nöqtəsindən bizim orbital stansiyaya yönəldilirdi. İndi

Скачать книгу