Скачать книгу

mümkün qədər tez atmalıdır. Yedigey Sabitcanla ağız-ağıza verməyi lazım bilmədi, onsuz da hər işi özü görməliydi, sağ olsunlar, qonşular da əl yetirirdilər. Dəmiryolunda növbədə olanlardan başqa, hamı sabahkı dəfn mərasimi və ehsan üçün hazırlığa kömək eləyirdi. Qadınlar qonşulardan qab-qacaq yığır, samovarları sürtüb təmizləyir, xəmir qatıb çörək bişirirdilər. Kişilər də su gətirir, yollarda öz işini görüb qurtarmış, indi çürüməkdə olan şpallardan odun doğrayırdılar. Quru çöllərdə yaşayanlar üçün yanacaq da su qədər vacib şey hesab edilir. Bu ümumi işdə təkcə Sabitcan əl-ayağa dolaşır, öz yersiz söz-söhbəti ilə onu-bunu işindən-gücündən avara eləyirdi. Nə bilim, vilayətdə filankəs filan işdədir, filankəsi işdən çıxartdılar, filankəsi də qabağa çəkdilər. Amma arvadının öz qayınatasını basdırmağa gəlməməsi heç vecinə gəlmirdi. Lap məəttəl qalmalı iş idi! Sözündən belə çıxırdı ki, onun konfransı var, bu konfransda da xarici qonaqlar iştirak edəcəklər: nəvələrin heç adı çəkilmirdi. Nəvələr də məktəb yolunda can qoyurdular ki, aldıqları attestatları instituta girəndə işə yarasın. “Belə də adam olar! – deyə Yedigey ürəyində söyürdü. – Onlara ölümdən başqa hər şey vacibdir!” Bu məsələ ona rahatlıq vermirdi. “Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yoxdursa, deməli, həyatın da qədir-qiyməti yoxdur. Onda nə məqsədlə yaşayırlar, niyə yaşayırlar?”

      Yedigey hirsini Qaranərə tökdü:

      – Nə səsini salmısan başına, timsahın biri, timsah!

      – Yedigey öz dəvəsinə çox nadir hallarda, lap özündən çıxanda “timsah” deyərdi. Qaranərə timsah adını iri, dişli ağzına və kinli xasiyyətinə görə gəlmə dəmiryolçular qoymuşdular.

      – Kəs səsini timsah, qanımın qara vaxtı dişlərini qıraram!

      Dəvəni alıxlamaq lazım idi. Başı işə qarışdı, hirsi bir az soyuyub sakitləşdi. Qarşısında dağ kimi ucalan Qaranəri baxışlarıyla oxşadı, Yedigey boyca uca olsa da, əli Qaranərin başına çatmırdı: dəvəni yatmağa məcbur elədi, əlindəki qamçının sapı ilə dəvənin döyənək olmuş dizinə döyə-döyə, zəhmlə “kıx” elədi, nər bərkdən nərə çəkib narazılığını bildirsə də, sahibinin əmrinə tabe oldu, dizlərini altına qatlayıb döşünü yerə verərək çöküb toxtadı. Yedigey işə başladı. Dəvəni tam qaydasıyla alıxlamaq, ev tikmək kimi çətin işdir. Alığı hər dəfə təzədən düzüb-qoşmaq lazım gəlir, bu da xüsusi bacarıq və güc istəyir, illah Qaranər kimi bir dağ ola!

      Boranlının dəvəsi “Qaranər” adını da nahaqdan almamışdı. O, qapqara kilkəli başı, qulaqlarının dibinəcən bitmiş sıx qara saqqalı, nərlərin yaraşığı boynunun altıyla dizinəcən sallanan qara-burum yalmanı, belində qoşa qala kimi ucalan donqarı və bütün bu gözəlliyə nöqtə qoyan quyruğunun ucundakı qara saçaqlı qotaza görə almışdı “Qara” adını. Bu da eyni zamanda həm qara, həm də böyük demək idi. Nərin qalan yerləri, boynunun üstü, döşü, böyürləri, ayaqları, qarnı, əksinə, açıq-şabalıdı rəngində idi. Qaranər elə rənginə və qamətinə görə şöhrət qazanmışdı. Qaranər nərlik dövrünün ən gözəl çağındaydı. Üçüncü onilliyə təzəcə qədəm qoymuşdu.

      Dəvələr çox yaşayırdılar, görünür, elə buna görə də anadan olandan beş il keçməlidir ki, yelinləsin, özü də iki ildən bir doğur, balasını da qalan heyvanlardan çox qarnında gəzdirir. Ən çətini odur ki, köşəyi bir il-il yarım qoruyasan, çölün acı küləklərindən soyuqlayıb tələf olmasın.

      Sonra daha ona zaval yoxdur, nə soyuqdan qorxacaq, nə istidən, nə susuzluqdan, böyüyüb boy atacaq.

      Yedigey belə şeyləri yaxşı bilirdi. Buna görə də Boranlı Qaranəri gümrah saxlayırdı. Qaranərin sağlamlığının və gücünün əlaməti belindəki çuqun kimi bərk donqarları idi. Bu Qaranəri bir vaxt ona yupyumru, tüklü ördək balasına oxşayan südəmər vaxtında Qazanqap bağışlamışdı, Yedigey cəbhədən qayıdıb Boranlıda məskən salıb kök atanda vermişdi bu dəvəni ona. Yedigey özü də cavan bir oğlan idi. Heç ağlına gəlməzdi ki, burada ömürlük qalıb saç-saqqal ağardacaq. Hərdənbir o illərin fotosuna baxır, gözlərinə inanmırdı. Yamanca dəyişib, saç-saqqalı, hətta qaşları da ağarıb, söz yox, sifəti də dəyişib, amma yaşına görə bədəncə hələ möhkəm idi, ağırlaşmamışdı. Bığ-saqqalı da, elə bil, öz-özünə əmələ gəlmişdi əvvəlcə bığ buraxdı, sonra da saqqala toxunmadı. İndi də özünü saqqalsız heç təsəvvürünə gətirə bilmirdi. Saqqalsız olmağını elə çılpaq olmaq kimi bir şey bilirdi. Eh, o vaxtdan nə qədər sular axmışdı. İndi Yedigey hıxlanıb oturan, hərdən də uzunboyunlu, kilkəli başını döndərib şir kimi nərə çəkərək dişlərini ağarda-ağarda narazılığını bildirən nəri gah səsi, gah da əli ilə hədələyərək toxdadır, işləyə-işləyə o illərdə olub-keçənləri xatırlayır, xatırladıqca da yumşalırdı…

      Yedigey alığı, noxtanı, qalan bənd-bağı yerbəyer eləyənəcən xeyli əlləşdi. Bu dəfə alığın altından dəvənin belinə əlvan xallı, naxışlı, qədim tikməylə işlənmiş bir səfər tərliyi saldı. Axırıncı dəfə bu tərlikdə Qaranəri nə vaxt bəzədiyi heç yadına da gəlmirdi. Ukubala tərliyi yaman qoruyub saxlayırdı. İndi fürsət düşmüşdü…

      Qaranəri səfərə hazırlamaq üçün çox əlləşməli oldu, taxt-rəvan düzəldənə qədər onun belinə Ukubalanın qısqanclıqla qoruyub saxladığı əlvan naxışlı, qədim tikməli tərliyi saldı. Qəzanın işinə bir bax, gör nəyə qismət oldu bu təmtəraq, halalı olsun!

      Boranlı Qaranər hazır olanda Yedigey onu ayağa durğuzdu və öz işindən razı qaldı, hətta ürəyində fəxr də elədi. Qotazlı tərliklə bəzənmiş, iki donqarı arasında ustalıqla taxt-rəvan qoyulmuş Qaranərin çox əzəmətli və cüssəli görkəmi vardı. Qoy bu cavanlar, xüsusilə bax, o Sabitcan baxıb gözünə su versin. Qoy başa düşsün ki, ləyaqətlə yaşamış adamın dəfni artıq yük, əngəl deyil, əksinə, kədərli də olsa, çox böyük şərəf işidir. Matəmin də şərəfli cəhətləri var, birində musiqi çalınır, bayraq sallanır, başqasında yaylım atəşi, o birində gül-çiçək əklilləri…

      O özü isə, Boranlı Yedigey, sabah tezdən matəm mərasimi üçün qotazlı tərliklə bəzədilmiş Qaranərin üstündə gedəcək, dünyada ona ən əziz adam olan Qazanqapı öz əbədi mənzilinə Ana-Beyitə yola salacaq. Bütün yolu intəhasız və kimsəsiz Sarı-Özək düzənliyindən keçərkən ancaq Qazanqap haqqında düşünəcək. Mərhumun öz vəsiyyətinə görə onun cənazəsini dədə-baba qəbiristanlığında torpağa tapşıranda da onu düşünəcək. Aralarında belə bir danışıq olmuşdu. Bəli, Ana-Beyitə gedən yol yaxındır, ya uzaq dəxli yoxdur, Qazanqapın bu vəsiyyətini yerinə yetirmək fikrindən Yedigeyi heç kim daşındıra bilməzdi, hətta mərhumun öz doğmaca oğlu da!..

      Qoy hamı bilsin ki, ayrı cür ola da bilməz, onun Qaranəri də bu məqsəd üçün bəzədilib, hazırlanıb.

      Qoy hamı görsün deyə, Yedigey Qaranəri yedəkləyib evlərin qabağından keçirtdi, sonra da gətirib Qazanqapın daxmasının qabağında bağladı. Qoy hamı görsün, ola bilməz ki, Boranlı Yedigey verdiyi sözü yerinə yetirməsin!

      Yedigey dəvəni sahmanlayan vaxt Caydaq Ədilbəy fürsət tapıb Sabitcanı kənara çəkdi:

      – Gəl

Скачать книгу