ТОП просматриваемых книг сайта:
Dağlar arxasında üç dost . Ильяс Эфендиев
Читать онлайн.Название Dağlar arxasında üç dost
Год выпуска 0
isbn 978-9952-8210-5-8
Автор произведения Ильяс Эфендиев
Издательство JekaPrint
– Xoş günün olsun, bacı, – deyib oğlan ədəblə cavab verdi. Onun anamla danışanda utancaq uşaq kimi başını aşağı dikməsi, səsindəki yumşaqlıq mənə çox təəccüblü gəldi. O vaxtacan mən ayrı cür fikirləşirdim. Elə bilirdim qaçaq Bəndalı çox zəhmli, acıqlı bir kişidir. Haqqında elə şeylər danışırdılar ki… – Buyurun içəri, – deyə anam təklif elədi.
– İçəri isti olar, bacı, elə burada oturarıq, – deyə oğlan, sapı ceyran ayağından olan qamçısını çəkməsinin boğazına sancdı. Anam təzə xalça gətirib, qapıya salanda o soruşdu ki, bəs hacı özü haradadır? Anam cavab verdi ki, biçin üstünə gedib.
Oğlan başını aşağı salıb, yavaş səslə dedi:
– Yaxşı olmadı.
Anam qonaq-qara görmüş arvad idi. Əli ilə yaşmağını tutub: – O nə sözdü Bəndalı, – dedi. – Hacı oldu-olmadı, öz evindir.
Burada Gülnisə susub qaçaqbaşının birinci dəfə ona saldığı nəzəri xatırladı. Uzun illər, çoxdan sovuşub getmiş gənclik o ilk baxışın təsirini silib apara bilməmişdi. Qaragöz cavan qaçağın xəncər kimi iti nəzərləri, o zaman on dörd yaşlı ətli-canlı sağlam bir qız olan Gülnisənin ürəyinə həm bir vahimə salmış, həm də gənc bir qız olduğunu ona xatırlatmışdı. Anası böyründən keçərkən himlə onu içəri çağırıb: – Batmış – deyə pıçıldamışdı, – yekə, nişanlı qızsan, utanmırsan? Üz-gözü açıq, ağzını əngəldib cahil oğlana baxırsan?
– Sonra nə oldu? – Səlimə səbirsizliklə soruşdu.
– Həmin əhvalatdan bir neçə vaxt keçmişdi. Bir gün mən qızlarla çölə, dovğa pencəri yığmağa getmişdim. Bir də gördük Bəndalı öz atlıları ilə böyürdən çıxdı. Əvvəl heç nə anlamadıq. Mən yenə də ağzıma yaşmaq vurmağı unudub, qaçaqbaşıya baxırdım. O, atını səyirdib yanımıza gəldi. Heç bir söz demədən məni qaldırıb, yəhərə basdı.
– Qışqırdınız?
Gülnisə xeyli susdu. Nəhayət: – Yox, – dedi, – qışqırmadım.
– Bəs qorxmadınız?
– Nədən qorxacağam. Yeməyə aparmırdı ki…
– Axı deyirsiniz nişanlı idiniz…
– Orası eləydi… Ancaq nə bilim… qorxmadım…
Səlimə qaranlıqda gülümsədi.
– Sizi hara apardı?
– Öz obalarına.
– Bəs nişanlınız nə elədi?
Gülnisə ah çəkərək:
– Heç nə, – dedi,– nahaqca yerə bir qızın üstündə özünü heyf elədi. Axı o da özünə görə bir oğlan idi. Tay-tuşu var idi. Dayanıb baxa bilməzdi ki… Özü də doğmaca əmim oğlu idi.
Gülnisə yenə də susdu. – Sonra məni, – dedi, – gərdəyin dalına yenicə oturtmuşdular ki, «Bəndalı hey!» – deyə uzaqdan çağırdılar. Səsi o saat tanıdım. Pəncərədən baxıb gördüm ki, tək atlı gəlib dayanıb kəndin qənşərində, balaca təpə var onun üstündə.
– Kim?
– Əmim oğlu. Bəndalı indi yatdıqları otaqda oturub yoldaşları ilə çörək yeyirdi. Səsi eşidən kimi çölə çıxdılar. Əmim oğlu Bəndalını görüb qışqırdı:
– Kişisənsə, atını min, çıx düzə. Mən sənin atlılarına göstərmək istəyirəm ki, özgənin nişanlısını binamus oğru kimi çöldən götürüb qaçıranın anasını necə ağlar qoyarlar.
Yoldaşları yüyürüb tüfənglərini götürəndə Bəndalı qoymadı.
– Kişisiniz, – dedi, – o mənim üstümə tək gəlib.
Sonra bu otağa girib tüfəngini götürəndə mən özümü saxlaya bilməyib, ayaqlarına yıxıldım: – Arada qan olmasın, – dedim. O məni kənara itələyib, «Sən otur yerində» – dedi. Sonra bayıra çıxıb yoldaşlarına and içdi ki, onun köməyinə gələni öz əli ilə öldürəcək. Anası, bacıları qabağını kəsdilər. Olmadı. Atını minib sürdü çölə. Səngərə girib bir saatdan artıq vuruşdular. Mən pəncərənin qabağında durub güllə səsi gələn tərəfə baxırdım. İkisinin də tüfəngi dalbadal açılırdı. Mən allaha yalvarırdım ki, ziyanlıq olmasın. Sonra ikisi də atın belinə qalxıb, güllə ata-ata bir-birinə tərəf çapdılar. Mən əllərimlə üzümü tutub yerə çökdüm. Birdən ikisinin də tüfənginin səsi kəsildi… Hay düşdü, ki, ikisinə də güllə dəyib…
Gülnisə susdu. Sonra yavaş səslə dedi:
– Əmim oğlu elə güllə dəyən kimi rəhmətə getmişdi. Bəndalı isə dörd yerdən yaralanmışdı. Düzü, heç sağalmağına ümid yox idi. Ancaq görünür kəndiri üzülməmiş imiş.
– Demək, aralığa qan düşdü.
– Bəli. Ancaq camaat qoymadı qırğın olsun. Tökülüb barışıq elədilər.
– Bəs nə əcəb sizinkilər barışığa razı oldu?
– Çünki arada qız məsələsi var idi. Əgər mən düşmən qapısında olmasaydım bəlkə də barışmazdılar. Atamgil tikanlı adamlar idi.
Lap yaxında xoruz banladı. Sonra haralardansa ona səs verdilər. Sobadan düşən işıq sönmüşdü. Bayırda küləyin vıyıltısı yavaşımışdı.
– Bəndalı əmi neçə il qaçaq oldu?
– Sovet gələnəcən.
– Yəqin ki, çox əziyyətlər çəkmisiniz…
– Bəndalının əziyyətinin yanında mənimki nəydi… İyirmi dörd il gecə-gündüz at belində olmaq zarafat döyüldü. O dözürdü, gərək mən də dözəydim. Canım-canından artıq döyüldü ki…
Xoruzlar bir ağız da banladılar. Gülnisə əsnəyib o biri böyrü üstə çevrildi.
– Yat. Gecə keçir. Səhər açılsın, xeyir gəlsin.
Bu sözləri deyərkən onun səsində gələcəyə qarşı möhkəm bir ümid var idi. O, qaçaq ərinin dağda-daşda ömür sürdüyü o ağır günlərdə özünün keçirdiyi iztirabları, qorxu nə əzabları heç bir zaman heç kəsə söyləmədiyi kimi indi bu şəhərli qızına da demirdi. Bəlkə bunu heç Bəndalı özü də bilmirdi. Yəqin o hisslər, o xatirələr bundan sonra da kimsəyə söylənilmədən Gülnisə ilə birlikdə qəbrə gedəcək. Bunlar Gülnisə üçün iki gözü kimi əziz idi və başqa birisinin bilib-bilməməsi də onun üçün qətiyyən maraqlı deyildi. O çəkdiyi bütün