Скачать книгу

üzləri, adları tez-tez dəyişmişdi. Lakin üzləri, adları dəyişsə də onlar Vəsfinin tay-tuşu idi… Onun yaşadığı dünyanın adamları idi… Vəsfi onlara öyrənmişdi. «Mən də bir qatiləm…» Bunu fikirləşəndə bütün bədəni ürpərdi… Qəflətən yuxudan oyanmış kimi oldu…

      «Mən qatiləm…»

      Həbsxanada çoxlu qatillər arasında bir qatil olmaq o qədər də dəhşətli deyildi… Lakin burada, yenidən yaşamalı olduğu bu dünyada, adam öldürməyən bu insanlar arasında, özünü qatil saymaq dözülməz bir işgəncə idi.

      İndi isə geniş bir prospektlə irəliləyirdi… «Əvvəlcə bir mehmanxana tapmalıyam» – deyə düşündü…

      Dustaqlardan xəzinədar Nəzmi bəy adlı birisi Ankarada uzun müddət yaşamışdı… Nəzmi bəy ona bir mehmanxananın ünvanını vermişdi. Bu Anafartalar prospektinə yaxın yerdə kiçik bir mehmanxana idi. Nəzmi gözünün qabağına gəldi… Qısaboylu, qırmızıyanaqlı, kök bir adam idi. Etdiyi oğurluqdan danışmağı da çox sevərdi…

      «İndi bu saatda Xoca Müsləhəddin əfəndi, uzunboylu Şövkət, rəssam Artin onun ətrafına toplaşmışlar»– deyə düşündü. Onların arasında təkcə Vəsfinin yeri boş idi. Bir saat bundan əvvələ qədər, Vəsfinin həmdərdi olanlar, yəqin ki, bu gecə əsəbi və qəmgin idilər. Hər buraxılış zamanı elə beləcə də olurdu. Birinin buraxılmasına bir neçə gün qalmış kameralarda xoş əhvali-ruhiyyə yaranar, bir gün əvvəl böyük şənlik başlayardı.

      Hamını azadlığa çıxmaq ümidi bürüyər, canlandırardı. Adətən, həbsxanada bir bayram əhvali-ruhiyyəsi yaranardı… Buraxılmaq vaxtı çatanda hamı onu gülər üzlə qapıya qədər ötürər, ona yaxşı yol, xoşbəxtlik və səadət arzu edərdilər. Arxasınca deyərdilər:

      – Allah bir daha sənə qismət eləməsin.

      Lakin buraxılanın ardınca qapılar kip-kip bağlanan kimi məhbusların üzünü kədər bürüyərdi. Yenə zarafatlaşmağa, yenə gülməyə çalışardılar, amma… Bütün bunların hamısı süni çıxırdı. Bütün məhkumlar hələ neçə il, neçə ay, neçə saat azadlıq həsrətində qalacaqlarını hesablayıb sızlardılar…

      Belə gecələrdə hamı fikirli olardı, məhbusların hər biri özünü həbsxanada tək, yalqız, kimsəsiz sanar, kameralar və dəhlizlər onlara boş, adamsız görünərdi…

      Bütün bu hisslər Vəsfiyə çox tanış idi. O da neçə dəfə buraxılan yoldaşlarını yanaşa biləcəyi son qapıya qədər ötürmüşdü. Azad olanlar çıxıb gedəndən sonra qapı kip-kip dustaqların üzünə bağlanarkən onun da qəlbini ağır bir kədər hissi çulğalamışdı. Bəli, bu gecə ordakıların hamısı qəmli idi. Onlar həmişəki kimi zarafatlaşmır, dinib-danışmırdılar, cürətlərini qeyb etmişdilər. Vəsfinin ürəyindən bir ağrı qalxdı Məhbusları orada qoyub tək başına məhbəsdən çıxmasından utanır kimi idi.

      Hər axşam saat beşdə xəzinədar Nəzmi özü üçün qəhvə hazırlayırdı. Bəzən kamera yoldaşlarını da qonaq edərdi. Yəqin ki, bu axşam da dustaqlar kameranın küncünə toplaşıb dərdləşir, Vəsfidən danışırlar. Təbii ki, şən görünməyə çalışırlar… Nəzminin əhvalı başqalarına nisbətən daha yaxşı olmalıdır. Axı, Nəzminin cəza müddətinin qurtarmasına altı ay qalmışdır. Müsləhəddin xoca isə yeddi il də yatmalıdır. Hələ bu zavallı, altmış yaşlı Artin kişinin iyirmi ili qalıb… Əgər əmri vəfa etsə o, iyirmi ildən sonra «gözəli» uğrunda qeyb etdiyi azadlığına qovuşacaq… Vəsfi Artinin «gözəlim» deyə xatırladığı qadını yadına salıb gülümsədi. Vəsfi onu şəklindən tanıyırdı: Artin həmişə cibində gəzdirdiyi fotonu ona göstərmişdi. O, əlinə düşən kağız parçasına, divara, qapıya «gözəli»nin şəklini çəkərdi.

      Onun sevgilisi heç də gözəl deyildi… Amma Artin qadını dəlicəsinə sevmiş və müdhiş bir qısqanclıq üzündən vəhşicəsinə öldürmüşdü.

* * *

      Birdən Vəsfi başını qaldırıb dörd yol ayrıcına çatdığını gördü. Dayandı, gəlib-keçənlərə baxdı. Bu adamların hamısı bir azdan evlərində olacaqlar. Yəqin ki, hamısını gözləyən var, hamısının gedəsi müəyyən yeri var. Elə buna görə də tələsik keçib gedirlər. Vəsfinin isə gedəcək bir yeri, yolunu gözləyən bir adamı yoxdur. Tanımadığı şəhərin bir küçəsində yerləşən mehmanxananın ünvanından başqa heç bir şeyə gümanı gəlmir.

      Gəlib-keçənlərə ölgün nəzərlə baxıb öz-özündən soruşdu: «Bu adamların arasında yaşamağa alışa biləcəyəmmi?» Ürpəşdi.

      Şəhəri xeyli dolaşdığı üçün bərk yorulmuşdu. Azadlığa çıxdığı ilk gecəni keçirəcəyi həmin o kiçik mehmanxananı tez tapmalı idi. «Görəsən birbaşa dayanacağa gedim? Qatar düşsə, dərhal İstanbula getməyim yaxşı olar» – deyə düşündü. Sonra o saatdaca bu fikrindən əl çəkdi: «Uzun illər yaşadığım, lakin heç bir yerini görmədiyim bu şəhəri gəzib tanımadan İstanbula getmək mənasızdır. Məni ki, orada bir kimim, kimsəm gözləmir?» O bunu düşündükdə birdən-birə bu mühüm qurtuluş günündə, nə üçün bu qədər kədərləndiyini dərhal anladı. Mehmanxananın yerini soruşmaq lazım idi… Ətrafına baxındı. Nəzəri avtobus dayanacağında cavan bir qadına sataşanda vücudunu xoş bir hiss titrətdi. Həyəcandan yanaqları alışıb-yanmağa başladı.

      «Gör necə də Zeynəbə oxşayır…» – deyə düşündü. Bu, incəbelli, uzunboylu, bədəni tunc rəngi almış, qaragözlü bir qadın idi…

* * *

      Ona verilən otaq dörd yataqlı idi. Xidmətçi pəncərəni açdı və Vəsfiyə dedi:

      – Soldakı iki çarpayının sahibi var, siz sağdakılardan, hansını istəsəniz seçə bilərsiniz.

      – Mən pəncərənin yanında olanı istəyirəm.

      – Baş üstə…

      Xidmətçi sivriburunlu, tülkübaxışlı, qısaboylu bir adamdı… Çölə çıxarkən qapının yanında dayandı:

      – Siz bura adamına oxşamırsınız…

      – Bəli, ankaralı deyiləm…

      – Ankara çox gözəldir…

      – Bəli…

      – Ankaraya ilk dəfə gəlirsiniz?

      Vəsfi bir an nə cavab verəcəyini kəsdirə bilmədi. Sonra yavaş səslə:

      – Bəli, – dedi.

      – Mehmanxananın qabağında restoran var… Yaxşı şərabları olur, yeməkləri də olduqca ləzzətlidir.

      – Təşəkkür edirəm…

      – O biri tində daha böyük, daha təmiz bir restoran var… Ancaq orada içki yoxdur, əgər çölə çıxmaq istəmirsinizsə, mən bufetdən sizin üçün buterbrod gətirə bilərəm…

      – Təşəkkür edirəm, indi çıxıram… Bir az şəhəri gəzib görmək istəyirəm.

      – Özünüz bilən məsləhətdir…

      Xidmətçi gedəndən sonra Vəsfi şiddətli diş ağrısından qurtulmuş kimi bir fərəh duydu… Şəhərin hay-küyü onu yorub əldən salmışdı. Piyada gəzib dolaşmaq da, ayaqqabı geymək də ona çətin gəlmişdi, ayaqları sızıldayırdı.

      Çantasını

Скачать книгу