ТОП просматриваемых книг сайта:
Bir gəncin manifesti. Мир Джалал Пашаев
Читать онлайн.Название Bir gəncin manifesti
Год выпуска 0
isbn 978-9952-8245-7-5
Автор произведения Мир Джалал Пашаев
Издательство JekaPrint
«Anam məni öpəcək. Deyəcəyəm kəkliyimə qəfəs al, bala çıxartsın, çöldən sünbül gətirim, yemləyim, böyüdüm, qağam biçindən qayıdanda, Suren əmim qonaq gələndə biz də quş kəsək…»
Bahar qucağında quş, əl ağacını qoltuğuna sıxmış, xoşbəxt xəyallar içində yoxuşu sürətlə çıxırdı. Birdən qəlbindən bir pıçıltı qopdu. Sanki ürəyi sinəsindən uçub getdı. Bahar yüngülləşən kimi olub xəyaldan ayıldı, dayandı. Dərəyə sarı uçan, güclü və iti qanadları ilə havanı yarıb gedən kəkliyə həsrətlə baxdı. Qucağının soyuduğunu hiss etdi. Bəlkə birtəhər tutmaq, daşla vurmaq gümanı ilə yüyürdü. Xeyli qaçmışdı. Səs eşitdi. Deyəsən kimi isə çağırırlar. Söyüd ağaclarının altında iki adamın əl elədiyini gördü. Dayandı. Gələnləri gözlədi. Biri Ağarəşidə bənzəyirdi, o birini tanımaq olmurdu. Bahar dizində soyuqluq duydu. Diqqət edəndə dizliyinin bir yandan sapsarı saraldığını, yumurtaların ovxam-ovxam olduğunu gördü. Çiynindən çörək dəsmalını açıb təmizlədi, cibini qurutmaq üçün tərsinə çevirdi. Bayaqkı aydın, təzə və xoş xəyalların yerinə yenə həmişəki ağır, qaranlıq, həsrətli yetimlik pərdəsi çulğadı.
Gələn Ağarəşid ilə Yassar Lətif idi. Bahar onların harasa ötüb gedəcəklərini güman edirdi. Dümdüz ona sarı gəldiklərini görüb məəttəl qaldı. «Mənnən nə işləri var?»
Çatan kimi Ağarəşid Baharın qolundan tutub sürüdü:
– Sən bizə gərəksən!
Bahar qorxdu, qışqırıb ağladı. Yassar yüzbaşı ona toxtaq verirdi:
– Qorxma. bala, söz soruşacağıq, qorxma!
Bahar getmək istəmirdi:
– Soruşun da, burada soruşun, deyim!
– Bura yeri deyil, gəl!
– Quzularım başınadı!
– Gəl, sənə deyirlər, gəl!!!
Yassar Lətif uşağı itələdi. Bahar elə zənn etdi ki, dərəyə, döyməyə aparırlar, Ağlayıb yalvardı:
– A Lətif dayı! Qurban olum, a yüzbaşı! Məni hara aparırsan?
– Qaraçılıq eləmə, gəl!
Bahar qorxusundan bilmədi nə etsin. «Ana, ana!» deyib gözünün yaşını tökdü.
Yassar bir qoltuğundan, Ağarəşid də bir qoltuğundan götürüb canavar quzu aparan kimi Baharı apardılar. Uşağın ayağı yerdən üzülmüşdü.
Baharın qışqırtı və yalvarışı gövşənə düşmüşdü. Biçinçilər haraya çatmaq üçün səs gələn tərəfə dikləndilər. Yassar çömçə kimi iri və sərt ovcunu uşağın ağzına basanda quzeydən qışqırdılar:
– Bağrı çatlar, ay kişi!..
– Sürümək nə üçün, özü gedir ki!..
Birisi bərkdən deyirdi:
– Sənin Allahın yoxdurmu, a namərd, uşağın nə günahı var? Acizmi tapmısan, a yüzbaşı!
– Qansız!
Bu səsləri Yassar eşidir, daha da hirslənirdi. Dişi bağırsağını kəsirdi. «Nə üçün gecə ilə uşağı çağırıb xəlvəti danışdırmadı, onda, belə hay-küy düşməzdi! Kəndlinin ağzını yummaq da asan deyil!»
Yassar, Baharın qollarından bərk-bərk tutub sürüyürdü. Dodağını gəmirə-gəmirə, qızaran gözlərini düzlərə yayındırıb baxırdı. Baxırdı, ürəyində hədə gəlirdi: «Ay it uşağı, yüzbaşını uzaqda görürsünüz! Əlbət başım açılar, sizə də bir əl qataram. Baxarsınız, Allahım var, ya yoxdur!»
Mürsəl quzularını dərəyə suvarmağa aparmışdı, Baharın qışqırıq səsini eşidib diksindi. Ona elə gəldi ki, Baharı ilan vurub, ya cana-vara rast gəlib. Çomağını qapıb səs gələn tərəfə yüyürdü. Uca, sıldırım qayalar Baharın səsini alıb bir az da bərk və bir az da yanıqlı təkrar edir, sanki bütün aləmi – dağları, daşları köməyə çağırırdı. Mürsəl var gücü ilə qaçırdı. Səsin boğulduğunu duyub ağlamsındı. Özünü Baharın yanına saldı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.