ТОП просматриваемых книг сайта:
Keçmişdən gələn səslər. Болеслав Прус
Читать онлайн.Название Keçmişdən gələn səslər
Год выпуска 0
isbn
Автор произведения Болеслав Прус
Издательство Alatoran yayınları
Anelka başını aşağı dikərək oturmuşdu və gündəliyə baxmadığı kimi görünürdü. Amma onun göy gözləri tündləşdi, dodaqlarının küncləri aşağı endi və o fikirləşdi:
“Oynamağa icazə vermir və yalnız “məqbul” yazır. Tezliklə günəş batacaq”
Mürəbbiyə kitabı götürdü.
– Bax, buradan, – dedi, – “Böyük Toskana knyazlığı”ndan … – iki səhifə çevirdi, -“Italiya krallığı tərkibinə daxil oldular”a qədər. Gəmirilmiş dırnağilə kitaba qeyd etdi.
Sonra öskürdü və səmimiyyətlə dedi:
–Latıncada və ona qohum dillərdə “a”, “o”, “i”nin qarşısında “tse” “k” kimi tələfüz olunur. Bunu sənə dəfələrlə təkrar etmişəm. Anelka, sənin tərbiyən dəhşətli dərəcədə pozulub, axı artıq on üç yaşın var. Sən həmyaşıdlarına çatmaqdan ötrü çox çalışmalısan.
Anelka mürəbbiyənin nəsihətini qulaqardına vurdu. Oğrunca açıq pəncərənin qarşısında xışıldayan cökə ağacının yaşıl budaqlarına baxdı və bağlamağa hazırlaşaraq, əlini kitaba uzatdı.
– Hələ tezdir! – panna Valentina onu dayandırdı.
Anelka saatın beşə iki dəqiqə qalmasını göstərdiyinə əmin olaraq, əyləşdi. Onun gözləri tünd-göydən yenidən mavi oldu, gözəl haşiyələnmiş ağzı aralandı. Hər bir əzələsi titrədi. Uzun öyrənmə saatlarından sonra bağa qaçmaq istəyi vardı, burda isə tam iki dəqiqəni gözlə!..
Otağın narıncı divarları parlaq günəş işığında metal kimi işıldadı, küncdə Anelkanın çarpayısı ağlığı ilə göz qamaşdırırdı, masanın üstündə güzgü ulduz kimi parıldayırdı. Gökə ağacı bal ətri yayır, həyətdən çığırqan xoruzların qışqırtısı eşidilirdi. Quş civiltisi arıların vızıltısı və bağdakı qoca ağacların xışıltısı ilə qarışırdı.
“Ah, görünür, saat beşi heç vaxt vurmayacaq!” – deyə Anelka isti mehin əsməsini sifətində hiss edərək, fikirləşdi. Hüdudsuz göy qübbəsindən axan işığın öz parıltısı ilə onu doldurduğu kimi görünürdü.
Panna Valentina damarlı qollarını sinəsində çarpazlayaraq və baxışını boz paltarının kəndlilərin ətək adlandırdıqları hissəsinə yönəldərək, kresloda əyləşmişdi. Çoxdan soyumuş, yorğun təxəyyülündə özünü başdan-ayağa boz paltar geymiş və zəngə qədər cilovda saxlamaq gərək olan yüz qızlıq pansionun rəisi kimi görürdü. Gənc qızlar izdihamının bağa can atması xəyalına gəlirdi; onu sıx həlqə ilə əhatəyə almışdılar; lakin o bu canlı dalğaya qarşı qranit möhkəmliyi və yenilməzliyi ilə dayanıb. Bu mübarizə onu əldən salır, amma, bununla bərabər, qəlbini izaholunmaz həzzlə doldurur. Panna Valentina öz istəyinin və yüz qızın gənc coşqusunun ziddinə hərəkət edərək, borcun hər şeyə qadir səsinə itaət edir.
Daha bir dəqiqə…
Pəncərənin arxasında it zingildədi, o bu vaxt Anelka ilə oynamağa öyrəşib. Qız gah saata, gah da küləkdən qabaran pərdəyə baxaraq, narahat halda əllərini ovuşdurdu, amma farağat oturdu.
Nəhayət, hündür, tünd-sarı futlyardakı, gün, saat və saniyələri sayan saat əvvəlcə zərif və tələsik şəkildə dörd dəfə dörddəbir saatı çaldı , sonra isə ucadan və asta-asta beş dəfə vurdu.
– Kitabları yığışdıra bilərsən, – hündür, yüngülcə beli bükük və çiyinləri çıxmış müəllimə belə dedi və qalxdı; ac və maraqlı milçəklərin bürüdüyü nəlbəki ilə qapadılmış stəkanda soyuq kofe olan komoda ağır addımlarla yaxınlaşdı.
Anelka bir anda tanınmaz dərəcədə dəyişildi. Xırda ağ dişləri şıltaq təbəssümündə parıldadı, gözləri qığılcım saçdı və tünd-yaşıl çalar aldı. Daha əvvəl nədən yapışacağını bilməyərək, bir neçə dəfə masanın başına fırlandı. Anasının otağının qapısına doğru sışradı, sonra qayıtdı və yenə kitablardan yapışdı. Başını yana əyərək, xahişlə dedi:
– Karusiki içəriyə buraxmaq olarmı?
– Bir halda, valideynlərin sənə onunla oynamağa icazə verir, mən qadağan edə bilmərəm, – deyə mürəbbiyə cavab verdi.
Anelka sonuna kimi dinləməyərək, çığırdı:
– Karus, bura gəl!
Üstəlik də fit çaldı.
Panna Valentinanın fiti eşidərək, hər şeyi – içində kofe olan stəkanı, nəlbəkini, qaşığı əlindən buraxmamasını yalnız qeyri-adi iradə qüvvəsi ilə izah etmək olar. Elmli qadının solmuş sifətində böyük hiddət ifadə olundu. Amma it qapını onun üçün açmalarını gözləməyərək, pəncərədən otağa sıçrayana qədər o, çörəyi udmağa və ədəb qaydaları barədə uzun nəsihətə başlamağa imkan tapmadı.
–Sən ərköyün, tərbiyə edilməmiş qızsan! – deyə panna Valentina təntənə ilə söylədi və böyük dilxorluqdan dolayı, ikiqat kofe porsiyasını, loqqultu səsi çıxarmaqla, uddu.
–Yaramaz Karusik! Otağa pəncərədən sıçramaq harda görünüb ? – deyə Anelka iti yamanladı.
Amma Karusun sahibəsinin öyüdünü dinləməyə vaxtı yox idi. Sıçrayaraq, onun dodaqlarını yaladı, paltarından dartdı, mürəkkəbə bulaşmış əllərini iylədi, sonra dişlərilə hündür başmağının düyməsindən yapışdı. Bütün bu hərəkətlərini zingilti və hürüşlə müşayiət edərək, sonunda kürəyi üstə sərələndi və dilini çölə çıxararaq, döşəmədə diyirlənməyə başladı. Sol gözündə qara ləkəsi olan bu ağ itin olduqca canlı temperamenti vardı.
Panna Valentina bütünlüklə qida qəbulu və acı düşüncələrlə məşğul olaraq, daha bir kəlmə də demədi.
“Mənim həyatım, – deyə möhtərəm qoca qarımış qız fikirləşdi, – bu bir stəkan kofeyə bənzəyir. Stəkanda kofe və qaymaq, mənim həyatımda isə iztirab və əmək var, bax, bu onun bütün məzmunudur. Şüşə qab mayenin axmasına imkan vermədiyi kimi, mənim özümü saxlamağım da ümidsizlik tutmalarını saxlayır. Dərsi bitirməyə macal tapmamış it artıq burdadır…Iyrənc heyvan! Yalnız bütün evə bit yayır… Ancaq heç nə etmək olmaz, vəzifə və qüssələrin ağır yükünü daşımaq lazımdır”.
Bu yerdə kofedə şəkərin də olduğu ağlına gəldi. Əgər onun həyatında da hansısa şirinlik olsa? Onu nə rənginləşdirə bilər?.. Bəlkə isti birduyğu?
Panna Valentinanın elə də canlı olmayan təxəyyülündə bu “istiduyğu”, düzdür, illərlə dəyişən, hansısa simvola çevrilmişdi. Lap çoxdan, ilk dəfə mürəbbiyə kimi kəndə gedəndə bu simvol gənc və gözəl mülkədar görünüşü almışdı.
O şəhərə qayıdanda ürəyindəki gözəl mülkədarın yerini gözəl olmayan, amma əvəzində ciddi və düşünən təbib tutdu.
Lakin zaman-zaman simvollar fərdi cizgilərini itirəcək qədər çox