Скачать книгу

etməyə çalışırdı. Almaniya ilə iqtisadi münasibətlərin qurulması haqqında tezislərdə (15 may 1918-ci il) deyilirdi ki, Rusiya öz gücü hesabına təsərrüfatını tez bir zamanda bərpa etmək iqtidarında olmadığı üçün onun “Mərkəz dövlətləri ilə yenidən iqtisadi münasibətlər qurmağa nəinki hüququ çatır, hətta buna borcludur.”48 Eyni fikir ABŞ ilə əlaqələrin inkişafı planında (12 may 1918-ci il), Ümumrusiya xalq təsərrüfatı şuralarının qurultayında (26 may 1918-ci il) qəbul olunmuş beynəlxalq əməkdaşlıq proqramında da irəli sürülmüşdür. Bir sözlə, bolşeviklər Qərb dövlətləri ilə iqtisadi əlaqələrin bərpasına və bu məqsədlə hətta təsərrüfatın bəzi sahələrində, ilk növbədə, neft sənayesində xaricilərə konsessiyaların verilməsinə hazır idilər.

Moskvada irəli sürülən və siyasi rəhbərliyin ən yuxarı səviyyəsində razılıqla qarşılanan bu fikirlərə rəğmən Bakıda neft müəssisələrinin (o cümlədən, xarici kapitala məxsus) milliləşdirilməsi məsələsini qəti həll olunmuş hesab edirdilər. Bakı XKS-i neft sənayesinin, dəniz nəqliyyatının və digər sahələrin milliləşdirilməsini özünün başlıca vəzifəsi kimi müəyyənləşdirmişdir. Rusiya mərkəzi hökuməti ilə fikir ayrılıqlarını çözmək və milliləşdirmənin zəruriliyini əsaslandrmaq məqsədilə Bakı XKS-i S.Ter-Qabrielyanı Moskvaya göndərməyi qərara aldı. 1918-ci il aprelin 28-də hələ Həştərxanda olarkən o, Bakıya – S.Şaumyana yazırdı: “…Neft məsələsinə gəldikdə isə sənə deməliyəm ki, burada olduqca şübhəli şeylər baş verir. Xalq Komissarları Sovetindəki Qukovski [RSFSR xalq maliyyə komissarı – F.C.] cənab neftçilərə həm hasilatda və qazmada, həm də neftin paylaşdırılmasında və satışında tam sərbəstlik vermək fikrinə düşüb. Dünən Nobelin buradakı işlər müdiri Nobelin idarə heyətindən teleqram alıb. Teleqramda deyilirdi ki, Qukovski ilə əldə edilən razılığa görə, bütün nəzarətedici və paylaşdırıcı təşkilatlar ləğv olunmalıdır, buna görə də nefti yalnız firmaların idarə heyətlərinin göstərişi ilə göndərmək lazımdır.”49 Göründüyü kimi, hökumətin neft sənayeçilərinə etdiyi güzəştlər olduqca əhəmiyyətli və ən başlıcası, zəruri idi. Lakin radikal addımların tərəfdarı olan S.Ter-Qabrielyan dərhal burada hansısa gizli sövdələşmənin baş verdiyi qənaətinə gəldi: “Açıq-aşkar danışırlar ki, Leninin və başqalarının bu məsələdən xəbərsiz olmasından istifadə edən Qukovski iri neft sənayeçilərinin siyasətini həyata keçirir.”50

Sonralar S.Ter-Qabrielyan V.Lenini milliləşdirmənin vacibliyinə necə inandırdığını belə xatırlayırdı: “Mən, bizdə ümumiyyətlə nələrin baş verdiyi haqqında danışırdım, üç saat ərzində danışırdım. O, mənə sual verir: bəs nə etmək fikrindəsiniz? Mən deyirəm ki, neft sənayesinin milliləşdirilməsini elan etmək lazımdır. Deyir: “Sağ olun, milliləşdirməyimiz yetər. Bəs bizdə kim işləyəcək?” …Bakı fəhlələri. “Bəs kim idarə edəcək?”… Bakı mühəndislər ittifaqı. “Xeyr, bu olmaz.”… Milliləşdirmə məsələsini həll etmədən geri qayıda bilmirəm… V.İ.Lenin AXTŞ-in sədri A.İ.Rıkova məktub göndərdi – “əhval-ruhiyyəyə baxın.” Aleksey İvanoviçin yanına getdim. Deyir: “Yox, edə bilmərik, bu, neft sənayesinin məhvi deməkdir…”51 Göründüyü kimi, Bakı XKS-i milliləşdirmə işini tələsdirirdi, Moskva isə bu tədbirin təxirə salınmasına tərəfdar idi.

Sovet Rusiyasının lideri V.Leninin mötədil mövqeyi bəzi əsərlərdə onun Bakı bolşeviklərinin apardığı dağıdıcı milliləşdirmə siyasətinə hələ 1918-ci ilin yazından tərəfdar olduğu haqqında müddəanı təkzib edir. Məsələn, A.Mikoyan öz xatirələrində bu məsələyə toxunaraq yazırdı: “Şaumyan bir neçə dəfə bu məsələ [milliləşdirmə məsələsi – F.C.] barədə Leninlə məsləhətləşmişdir. Lenin Şaumyanın təxirəsalınmaz [kursiv mənimdir – F.C.] milliləşdirmə haqqında qərarını dəstəkləyirdi.”52 Lakin hadisələr heç də A.Mikoyanın təsvir etdiyi kimi deyil idi. İrəlidə göstərildiyi kimi, V.Lenin S.Şaumyanın Moskvanın razılığını almadan milliləşdirməyə başlaması haqqında xəbəri eşidəndə buna çox təəccüblənmişdir.

Bakıda iqtisadi vəziyyət isə gündən-günə kəskinləşirdi. Xəzinəni doldurmaq üçün neft sənayeçilərinin müvəqqəti həbsləri yerli hökumət qarşısında duran maliyyə problemlərini həll etmədi. Şəhərdə ağır ərzaq böhranı başladı. 1918-ci il mayın 10-da keçirilən mitinqdə qəbul olunan qətnamədə fəhlələr bəyan etmişlər ki, əgər bir həftə ərzində şəhərə çörək gətirilməzsə, hökumət Sovetə yeni seçkilər təyin etməli və neftçilərin Bakıdan sərbəst çıxışına icazə verməlidir. İki gün sonra Bakı XTŞ-i sahibkarları günahlandıraraq, neft sənayesinin milliləşdirilməsini özünün “birbaşa vəzifəsi” elan etdi.53 Hadisələr göstərirdi ki, S.Şaumyan artıq Moskvanın mövqeyi ilə hesablaşmadan hərəkət etməyi qərara alıb.

Neft sənayesinin dövlətin sərəncamına götürülməsi istiqamətində ilk addım 22 may 1918-ci il tarixində atıldı. Həmin gün Bakı XKS-i yeraltı sərvətlərin milliləşdirilməsi haqqında dekret qəbul edərək, Bakıda neft və ozokerit çıxarılan, özəl mülkiyyət hüququnda ayrı-ayrı şəxslərə, şirkətlərə, kənd cəmiyyətlərinə məxsus olan, istər sahibi, istərsə də icarədar tərəfindən istismar olunan torpaqları dövlətin mülkiyyəti elan etdi. 1917-ci il oktyabr çevrilişinə qədər torpaqların icarəsinə dair keçmiş hökumətlə imzalanan bütün müqavilələr ləğv olunurdu və onlara yenidən baxılmalı idi. Müqavilələrin təkrar baxılmasına qədər isə bütün əvvəlki hüquqlar və vəzifələr qüvvədə qalırdı.54

Lakin bu dekret neft çıxarılan və kəşfiyyat işləri aparılan torpaqlara aid idi. Emal edən, köməkçi müəssisələr, anbarlar, nəqliyyat hələ də dövlət nəzarətinə alınmamışdı. Bu səbəbdən Bakıdakı sovet hökuməti neft sənayesinin tam milliləşdirilməsini tələsdirirdi. Mayın 27-də V.Leninə göndərilən teleqramda Bakı XKS-i tezliklə müvafiq dekretin veriləcəyinə ümid etdiyini bildirmişdir.55 Həmin gün İ.Stalindən S.Şaumyanın adına aşağıdakı məzmunda radioteleqram daxil olmuşdur: “Qabrielyan, Yeltsov yük ilə gəlirlər, paroxodlar və sairə təmin olunub, milliləşdirmə təsdiq edilib. Dərhal neftin və pambığın daşınmasına başlayın…”56

1918-ci il mayın 28-də İ.Stalin S.Şaumyana daha iki teleqram göndərdi. Onların birində deyilirdi: “Xalq Komissarları Soveti neft sənayesinin milliləşdirilməsini təsdiq edib… Neft Komissarlığı ləğv olunub, bütün işlər Baş Neft Komitəsinə verilib.”57 İ.Stalinin teleqramı Bakıda anlaşılmazlığa səbəb oldu. Bakı bolşevikləri İ.Stalinin teleqramını göstəriş kimi qəbul edərək milliləşdirməni həyata keçirməyə başladılar, halbuki sənəddə milliləşdirmənin yaxın gələcəkdə baş tutacağına və müvafiq dekretin verildiyinə dair heç bir söz deyilmirdi.

1918-ci il iyunun 1-də Bakı XKS-i mərkəzi hökumətin rəsmi qərarını gözləmədən və yalnız İ.Stalinin teleqramına istinad edərək,

Скачать книгу

48

Документы внешней политики СССР: Т.1, с. 676-677.

49

Шаумян С. Бакинская коммуна, с. 96.

50

Шаумян С. Бакинская коммуна, с. 97.

51

Косторниченко В.Н. К вопросу о национализации…, с. 90.

52

Микоян А.И. Так было. Москва, 2002. // http:biblioteka.org.

53

Косторниченко В.Н. К вопросу о национализации…, с. 90.

54

ARDA: f. 11, siy. 1, iş 295, vv. 26-27.

55

Азизбекова П.А., Мнацаканов А.Н., Трускунов М.Б. Göst. əsəri, s. 72.

56

ARPİİSSA: surət fondu, iş 378.

57

ARPİİSSA: f. 1, siy. 38, iş 221, v. 27.