ТОП просматриваемых книг сайта:
Toy gecəsi. Qasımov Əlfi
Читать онлайн.Название Toy gecəsi
Год выпуска 0
isbn 978-9952-8210-9-3
Автор произведения Qasımov Əlfi
Издательство ЖекаПринт
Turalın ürəyi yenə başladı titrəməyə: «Nə sandıq, nə pambıq, bu arvad dəli olub, nədir?»
Bəli, açıldı Dürnisə bibinin kül ağzı.
– Atalar deyib ölünü öz xoşuna qoysan, kəfənini o söz… Heç bilirsən oğlunun ürəyindən kim keçir, gözaltısı kimdir?
Ana gileyli-gileyli:
– Deyərsən, bilərik, – dedi.
– Özünü tülkülüyə vurma, sən canın. Sən elə çoxdanın saman altdan su axıdanısan. Doğrudan bilmirsən? Sən Salehin didərgin canı, bilmirsən?
Ana and içdi, aman elədi ki, heç nədən xəbəri yoxdur.
– Elə isə, bil. Oğlun Gülbutanı gözaltılayıb. Məktəb uşaqları danışırlar ki, lap Leyli-Məcnunu da vurub keçiblər. Dünən də kövşəndə bir yerdə görüblər onları.
Tural yerindən dik atılıb qulağını taxta arakəsməyə dirədi. Bu dəqiqə anasının bir kəlmə sözü məsələni birkərəmlik həll etməli idi. Ya hə, ya yox… Tural Gülbutanın xətrinə hamıdan, bütün qohum-əqrəbadan üz döndərə bilərdi, amma anasının sözünü yerə salmağa iqtidarı çatmazdı. Saçının birini ağ, birini qara hörüb onu atasız böyüdən anasının.
Ana and içib aman elədi ki, xəbəri yoxdur bu məsələdən. Sonra da astadan əlavə elədi ki, Gülbuta heç pis bala deyil, suyuşirin, istiqanlı uşaqdır.
Cəlil od düşmüş pambıq tayası kimi içindən gorul-gorul odlandı və partladı:
– Hansı Gülbutadır, ey, bu? Çəkməçi Qaranın nəvəsi, naxırçı Söynalının qızı?
– Hə, özüdür ki, var, arığın, çəlimsizin biridir, üfürsən yıxılar.
Dürnisə bibinin bu atmacasından sonra Cəlil daha da qızışdı. Elə bil od üstünə yağ tökdülər. Qalxdı ayağa:
– Day mənim sözüm yoxdu sizə! Vallah, billah, o çırağa kor baxım ki, dəli olmusunuz. Oğlun da dəli olub, sənin də ağlın çaşıb. İndi də çoban Söynalının küçüyünü gətirib oturdacayıq süfrəmizin başında?! Hayıf sənin zənninə, Cəlil! Hayıf sənin əziyyətinə! Özün bilərsən, bacı, day mən sizin işinizə qətiyyən qarışmaram. Amma qulağından pambığı çıxart, yaxşı eşit. Gülbutadır, Gülqönçədir, nədir, əgər onun ayağı bu evə dəysə, dağıdaram dünyanı, yandıraram bu xarabanı!
Anasının qəhərli səsi Turalın ürəyinə od saldı:
– Niyə elə deyirsən, Cəlil qardaş? Elə demə, sən allah. Biz nə vaxt sənin sözündən çıxmışıq ki, indi də çıxaq?
– Özünüz bilin! Qalxın, getdik!
Qapı qeyzlə açılıb çırpıldı. Ayaq səsləri uzaqlaşdı…
Tural yatağından dik atıldı. Şalvarını tələsik ayağına çəkdi. Hirs onu boğurdu. Az qala bütün ədəb-ərkan qaydalarını pozacaq, böyük-kiçik bilməyəcəkdi, ağzından çıxanı əmisinə deyəcəkdi. Deyəcəkdi ki, bizə bir parça çörək vermisən deyin, gərək sənə qul olaq? Gərək, sən necə çaldın, biz də elə oynayaq? Nə olar ki, əmisən, üstümüzdə haqq-sayın var, amma biz sənin əlibağlı qulun deyilik! Əmisən, öz yerini bil! Böyüksən, böyüklük elə bizə!
Anasının zümzüməsini eşidib duruxdu. Oxşaya-oxşaya ağlamaq onun xasiyyəti idi. İstədi anasının yanına keçib könlünü alsın. Fikirləşdi ki, lazım deyil. Bəlkə anası bu söhbəti ondan gizlədəcək, bəlkə məsələni açıb-ağartmasa yaxşıdır. Yenə qayıdıb yerinə girdi. İstidən od tutub yansa da yorğanı üstünə çəkdi…
Bir az sonra qapı açıldı. Anası idi, gəlib düz başının üstə dayandı. Əyilib onu yorğan qarışıq qucaqladı. İsti göz yaşları Turalın üzünü islatdı. O, qollarını açıb anasını bağrına basdı.
– Hamısını eşitdim ana, – dedi, – hamısını… Bu əmim niyə belə eləyir? Ona nə olub, görəsən?
Anası birbaşa mətləb üstə gəldi:
– Əmiyin qarnının dərdi var, oğlum. Görürəm ki, elə hey «mus-mus» deyir. Mən biləni sözünün Mustafası budur ki, qızını calamaq istəyir sənə!
– Sarıteli? – deyə Tural təəccüblə soruşdu. – Ola bilməz! Sən bunu hardan bildin, axı?
– Söz burda qalsın, oğlum. Bir ay bundan əvvəl əmiyin arvadı mənə elə-belə, sözarası demişdi. Görünür ağzımı aramaq istəyirmiş.
Tural hövsələsizlik elədi:
– Bəs sən nə dedin ona? Ağzından vura bilmirdin?
– Dedim ki, nə deyim, vallah. Oğlan da bizim, qız da bizim. Özləri bilərlər, ulduzlarını allah barışdırsın. Axşamkı məsləhətin də mətləbi bu idi ki, görsün məndən bir söz ala bilərmi. Əmiyin köylündən keçən bu idi ki, məndən fikrimi soruşanda deyim: «Niyə dağa-daşa düşürük, allaha şükür, özümüzün qızımıza nə gəlib?» Mən də bunu necə deyəydim? Demədim, ona görə də əminin qəzəbi tutdu… Elə bircə çolağımız əskikmiş…
Anasının sözləri Turalın qəlbinə toxundu:
– Elə demə, ana, Sarıtel yaxşı qızdır, – dedi. – Çolaqlığı da ondan asılı deyil…
Söhbət elə buradaca kəsildi. Tural Sarıteli xatırladı. Onun həmişə kədərli, gileyli bənövşəyi gözləri, xurmayı saçları, kəpənəyi xatırladan sarımtıl donu, gülümsəyərkən sol yanağında yaranan qəribə zənəxdan gözləri önündə canlandı.
Həmişə olduğu kimi yenə də qızın suallı baxışları ondan soruşdu:
– Nədir mənim günahım? Axı mən nə üçün anadan gərək belə doğulaydım! Bütöv bir ömrü belə əzab içərisində yaşamaqdansa, əzəldən heç dünyaya gəlməsəydim, yaxşı olmazdımı, qaqaş?
– Elə demə, Sarıtel! Allaha şükür, sənə nə olub ki? Gözəl-göyçək qızsan. Heç bilirsən mən səni necə də çox istəyirəm?
Sarıtel doğma bacı ərki ilə Turala sığınaraq deyirdi:
– Mənim ağıllı qaqaşım. Nə yaxşı ki, həyatda sən varsan.
Tural cəmi 6 ay böyükdü ondan. Bir yüyrükdə yüyrünmüş, bir qabdan xörək yemiş, həyətdəki gül-çiçək arasında saatlarla evcik-evcik oynamış, bir-birinin əlindən tutub uşaq bağçasına, məktəbə getmişdilər. Bir sözlə, onlar qardaş-bacı kimi böyümüşdülər. «Görəsən bu səfeh fikir haradan gəlib əmimin beyninə düşüb?» Tural xeyli götür-qoydan sonra anasına qəti sözünü dedi:
– Əmimə deynən bu mətləbsiz söhbəti bir də dilinə gətirməsin. Sarıtel mənim bacımdır!
– Mən necə deyim, oğlum? Əmiyin xasiyyətinin necə tünd olduğunu yaxşı bilirsən. Bir də mənə nə düşüb ki, «qarğa, məndə qoz var» bağıram? Əmin söhbəti nə vaxt açıb-ağardar, mən də fikrimi deyərəm.
– Yaxşı, ana, demirsən demə! Amma onu bil ki, mən bu söhbətdən sonra kənddə qətiyyən qala bilmərəm! Gedəcəm oxumağa. Girdim – girdim, girmədim – işə düzələrəm. Bilirəm sənə çətin olacaq. Amma başqa