ТОП просматриваемых книг сайта:
Oğru müharibələri. Bəhram Çələbi
Читать онлайн.Название Oğru müharibələri
Год выпуска 0
isbn 978-9952-8452-1-0
Автор произведения Bəhram Çələbi
Издательство ЖекаПринт
Qanuni oğru deyildi, heç avtoritet kimi də tanınmırdı. Sonuncu srokunda yaxşı oturduğuna görə Moskvadakı bratvaları onu şərtlə Qorkidə “QAZ”a calaya bilmişdilər. Moldovan qazancının tən yarısını tubiklərə qrev verməyi boyun olmuşdu. Şaşanın yazdığı molyavada 50 faiz sözlərinin altında barmağını deşərək çıxardığı qanla xaç işarəsi cızmışdı. Altı il istər zavodda, istərsə də şəhərdə ona “gözün üstə qaşın var” deyən olmamışdı. Şaşanın sərvəti artdıqca artsa da, qrevin miqdarı əvvəlki rəqəmlərdə ilişib qalmışdı.
Arvadı, bir qızı, bir oğlu olduğu halda, iki yerdə məşuqə də saxlayırdı.
Rayon milis idarəsi və prokuror Laura Qafarova iki aydan artıq istintaq aparsa da, qətlin üstünü aça bilmədiklərindən, iş dayandırılmışdı.
Kriminal aləmin adamlarına elə qətlin birinci günü bəlli oldu ki, Manveli uşaqlarının anası sifariş verib. “Sovet milyoneri” son altı ayda iki yerdə mənzil almışdı və hər birində məşuqə saxlayırdı. Və son altı ay müddətində on dörd il bundan əvvəl – Moldaviyadakı kiçmandan çıxandan sonra evində məskən salıb yaşadığı, özündən səkkiz yaş böyük, keçmiş zeçka Daryanın yanına getmirdi. Darya nə az, nə də çox, düz doqquz il Sibirin Omsk vilayətindəki lagerdə vorovixa oturmuşdu və kriminal aləmdə onun nüfuzu Moldovandan qat-qat çox idi. Moldovanın “QAZ”da qaz vurub qazan doldurmasının da səbəbkarı Darya olmuşdu. Vorovixa uşaqlarının çörəyi yavan deyil, yağ-povidlo sürtüb yeməsi xatirinə Manveldən ötrü həm Kiyev qruplaşmasına, həm də Lujnikidə böyük nüfuz sahibi olan avtoritetə ağız açmışdı.
Moldovanın qətli ilə bağlı zavodda işləyən 76 sabiq zek şübhə altına düşdüyündən onların hamısı prokurorluqda və milis şöbələrində dindirilmişdi. Onlardan biri də İqor Boqdanov idi. Onu şəhər prokurorluğunda Laura Osmanovna dindirirdi.
– Adın?
– İqor…
– Familiyan?
– Boqdanov.
– İlk cinayəti nə vaxt və harada törətmisən? – prokuror kənarlarını qatlayaraq yazdığı izahat kağızından başını qaldırmadan soruşdu.
– Elə doğulduğum gün, ana bətnindən azad olan kimi cinayət eləmişəm, – deyən İqor gözlərini qıyaraq gülümsədi.
Laura Osmanovna nəzərlərini qaldırıb hirsli-hirsli İqora baxdı:
– Bura prokurorluqdur, cavan oğlan, bazar deyil. Danışığına fikir ver! – hirslə pıçıldadı.
– Düz deyirəm, yoldaş prokuror. Məgər ictimai yerlərdə dava-dalaş salmaq, haray-həşir qoparmaq, qışqırmaq qanun pozuntusu deyilmi? – Boqdanovun üzünü geniş təbəssüm işartısı bürüdü. – Doğulan kimi elə bərkdən qışqırmışam ki, isselitellər də, sestralar da, hətta anam da səksənib. Lepila mənim ayaqlarımdan tutub başıaşağı sallayaraq yumşaq yerimə şillələr vururmuş və birdən mən ağrılara dözməyərək qışqırmağa, söyməyə başlamışam.
– Bəs detkolona, özü də lap ciddisinə hansı əməlinə görə düşmüsən? – Laura Osmanovna özünü ciddi saxlamağa çalışsa da, təbəssümünü gizlədə bilməyərək soruşdu. – Qroznı detkolonuna, adətən, qatilləri, qatı cinayətkarları göndərirlər.
– Kafedə birisi “antilopama”2 sataşmışdı, yaşladım, – İqor başını aşağı salıb, təəssüf hissi ilə əlavə etdi. – Bədbəxtlikdən çuvak kopıta otdal. Balaca cib bıçağı ilə onu qorxutmaq istəyirdim.
– Dünən saat on iki ilə üç arasında harada olmusan?
– Dostlarımla “Bakı” restoranında idik. On birdən düz saat beşədək. Bunu bizimlə oturan devaxalar da təsdiqləyə bilər. Məndə həmin müddət üçün alibi dəmir kimidir.
– Məclisdəki dostlarının adlarını sadala! – Laura Osmanovna “Bakı” restoranının adını eşidəndə bir qədər tutulsa da, tez özünü ələ alıb davam etdi, – qızların da ünvanlarını, adlarını demək lazım gələcək.
– Qızları bu işə calaşdırmayaq, yoldaş prokuror. Tələbələrdir. Yataqxanada olurlar. Dilə-dişə düşərlər, institutda narazılıq yaranar.
– Mənə iş öyrətmə, cavan oğlan! Dostlarının adını, ünvanlarını de görək!
– Həmyerlim Əlizadə, bir də Saşa, Aleksandr – xoxol. Üç nəfər biz idik, üç də zolotoy dukat. Onu da deməliyəm ki, biz ümumi zaldakı stol arxasında əyləşdiyimizdən əriniz Ruslan (Rüstəmi tanış-bilişləri Ruslan kimi çağırırdılar) restorana girib-çıxdıqca dəfələrlə bizi görüb. Hətta stolumuza yaxınlaşaraq mənimlə salamlaşıb da.
– Rüstəm səninlə salamlaşıb? – prokuror qrafindən büllur stəkana su süzüb bir neçə qurtum aldı, izahatın yazılışını saxladı.
– Mən bütün həyatım boyu Rüstəmə minnətdar olacağam. Qorkiyə gəldiyim ilk gündən əlimdən tutub, kömək edib, işə düzəldib məni. Ölənədək bu yaxşılıqlarını unutmaram.
– Bütün bunlara baxmayaraq, mən həmin qızlardan, tələbələrdən də izahat almalıyam, – Laura Osmanovna dərindən nəfəsini dərib sınayıcı nəzərlərini İqorun sakit, təmkinli, bir qədər də özündənrazı sifətinə zilləyərək pıçıldadı.
– Buyurun, nə qədər kefiniz çəkir dindirin, ancaq yataqxanada.
Bu qarayanız, sağlam, iri qonur gözlü gəncin səsi, danışıq tərzi və bütün hərəkətləri təkəbbürlü olduğunu aşkarca göstərirdi. Baxışlarında nə isə bir inciklik, narazılıq oxunurdu.
“İqorda dəmir iradə var” deyənlər yanılmırdı.
Qətl və oğurluqda İqor iştirak etməsə də, nakolkanı məhz o vermişdi və dönə-dönə tapşırmışdı ki, meyitin üstündən heç nə götürülməsin…
PODELNİK RAFAEL
Rafa bir il bundan əvvəl İqorla tanış olmuşdu. Ondan iki il əvvəl isə Tiraspolda siqaret-araq mafiyasının xod gedən “Kent”i və onun məşuqəsini qətlə yetirmişdi.
Bakatinin dövründə İttifaqda xaos, özbaşınalığın baş alıb getdiyi zaman Moldaviya və Tiraspolda qətllərin sayı-hesabı yox idi. Tiraspolda ərzaq qıtlığına camaat birtəhər dözürdüsə, siqaret və spirtli içkilərin çatışmazlığı hay-küyə səbəb olmuşdu. Və birdən həm siqaret, həm də araq peyda oldu. Bunları “Kent” təşkil etmişdi və iki həftə ərzində milyonlara sahib çıxmışdı.
Rafa onda həbs düşərgəsindən yenicə qayıtmışdı. Bir müddət özünü gah bazara, gah da müxtəlif kommersiya nöqtələrinə vursa da, heç bir nəticəsi olmadı. Hamı öz qohum-tanışı ilə işləməyə, kommersiya sirlərini dörd qıfıl arxasında saxlamağa çalışırdı.
Rafanın nakolkasında
2
sevgilimə