Скачать книгу

peşəkar jurnalist olduğunu bilənlər, yəqin ki, onun roman-reportaj üslubunda bədii əsər yazdığını eşidəndə öz-özlərinə ”bu elə məhz jurnalistin müraciət etməli olduğu bir janrdır” deyiblər. Bəlkə də, bunda bir həqiqət var, çünki yazıçılar arasında o qədər də geniş yayılmamış bu yazı üslubunun özünəməxsus üstünlükləri və bəzən də mübahisə doğuran özəllikləri vardır. Ən ilkin və dəqiq jurnalistika janrlarından olan reportajda, adətən, müəllif fikri arxa planda qalır və oxucunun diqqəti quru faktlara yönəldilir. Müəllif mövqeyi, janrın tələblərinə görə, hardasa itib-batır, çünki jurnalist guya tərəfsiz olmalıdır. ”Euronews” kanalının məşhur “No comment”, yəni “şərhsiz” reportajları söylənənlərə gözəl illüstrasiya ola bilər.

      Belə bir fikir var ki, jurnalisti klassik yazıçıdan fərqləndirən əsas məqamlardan biri onun faktlarla işləmək vərdişinin bədii təxəyyülü üstələməsi, təsvirlərinin canlı deyil, qəzet üslubundan irəli gələn quruluğudur. Bununla razılaşmaq da olar, olmamaq da. Məsələn, jurnalistikanın, mənim aləmimdə, dünyaya bağışladığı ən böyük və parlaq yazıçılardan olan Ernest Heminqueyin əsərlərinin böyük əksəriyyəti avtobioqrafikliyi, həyatiliyi ilə seçilir və gerçək faktlar yazıçının daxili aləminin süzgəcindən keçərək oxucuya təqdim olunur. Yazıçı ustalığı oxucunu az qala özünü hadisələrin bilavasitə iştirakçısı kimi hiss etməyə vadar edir, çünki təsvir olunanlar faktoloji cəhətdən reportaj qədər doğru, təsvirlərsə sünilikdən uzaq olduğu üçün həyat kimi sərt, eyni zamanda gözəl və tanışdır. Elə buna görə də Heminqueyin təsvir etdikləri heç kimdə şübhə doğurmur.

      Arif Əliyevin “Son çağrı”sını oxuduqca müasirlərimizin bir qismi özünü tanıyacaq, bir qismi görüb-eşitdiklərini bir daha xatırlayacaq, gənclərsə həmin hadisələrin şahidi olmuş böyüklərindən nəyin “reportaj”, nəyinsə yazıçı təxəyyülünün məhsulu olduğunu ayırd etməyə çalışacaqlar. İstənilən halda “Son çağrı”nın kimisə biganə qoya biləcəyinə inanmıram.

      Əsəri oxumağa başlayanda, adətən, onun adına fikir vermirəm, daha doğrusu, məğzinə varmıram, çünki söhbətin nədən getdiyini, müəllifin adla əslində nə demək istədiyini öyrənmək üçün əsəri oxumaq lazımdır. Ona görə də Arif Əliyevin romanının adını “Son çağrı” qoymaqla nə demək istədiyi barədə düşünməyə lüzum görmədim. Bir yandan da əslində Azərbaycan türkcəsində belə bir ifadə yoxdur, hər halda, son zamanlaradək bunun nə demək olduğunu çoxumuz bilmirdik.

      “ – Dilləri bizim dilə çox oxşayır. Amma qəribə sözləri var: “yolçu”, “çağrı”…

      – “Yolçu”, yəni yol adamı, sərnişin, “çağrı”, yəni çağırış. Bilirsən, mənim bu ifadədən çox xoşum gəlir: “Son çağrı”. Gözəl deyimdir, onda faciəvi bir aydınlıq var”.

      Bu, əsərin iki qəhrəmanının, daha doğrusu, baş qəhrəmanın öz-özüylə söhbətindən bir parçadır. Müəllif əsəri roman-reportaj janrında yazsa da, “Son çağrı” bədii təxəyyüldən irəli gələn fantasmaqorik bünövrəyə söykənir. Yəni bu reportaj dediyimiz romanı iri və pərli-budaqlı ağaca bənzətsək, onun gövdəsi özəyində baş qəhrəman Asif və onun mənindən irəli gələn daxili dünyasının mentoru balaca Asifdir. Fantasmaqorik bir metoda əl atan müəllif, zənnimcə, çox maraqlı bir ədəbi priyomdan istifadə edib. Böyük Asif gerçək həyatı yaşayır, romanın reportaj hissəsini yaradır, balaca Asifsə, yəni onun uşaqlıqdan gələn özü, hələ saf, pak, həyat çirkabına bulaşmayan bir növ vicdanı, böyük Asifin bütün həyatı boyu yolunu azmasın deyə qulağında sırğa olan kiçik zəngi, həddini aşdığında isə son çağrısıdır. Asif prezidentin mətbuat katibi işləyəndə və dünyanı vəzifə kabinetinin pəncərələrindən baxaraq yanlış qavramaq təhlükəsi ilə üzləşəndə balaca Asif məhz həmin pəncərədən həyat həqiqətlərini elə özü kimi çılpaqcasına içəri gətirir, növbəti dəfə xəbərdarlıq edir. Xəbərdarlıqların sayı isə məhduddur. Əslində, Asif həyatı boyu öz məninə xəyanət etmir, insan kimi, vicdanının əmri, ətrafı və yaxınlarının dincliyini düşünərək hərəkət edir. Amma həyat amansızdır, nə qədər öz məninə xəyanət etmədən yaşamaq istəyirsənsə, bir o qədər də əziyyət çəkirsən, düşünürsən ki, doğrudanmı insanlar özlərinə düşmən kəsildiklərinin fərqində deyillər? Onları oyatmağa, özlərinə gəlməyə çağırırsan. Alınırmı? Səni eşidən olurmu? Dediklərin və etdiklərin kimisə düşündürürmü? Ümumiyyətlə, bu kiməsə lazımdırmı? Bu sualları hərə bir cür anlayır və ona görə də hərənin özünə görə cavabı olur. Bir çoxlarınınsa ağlına heç belə suallar da gəlmir və ona görə də onların yanına nə “balaca mənləri” gəlir, nə də hədlərini aşdıqlarını bildirən olur… Elə beləcə də bu dünyadan nəyə gəlib nəyə getdiklərini bilmədən gedirlər. Bəlkə də, elə onlardır ən xoşbəxt insanlar, çünki onlar son çağrılarını duymadan gedirlər bu dünyadan, amma əsəri oxuduqca anladım ki, hərənin mütləq öz balaca, saf və çirkaba bulaşmamış “məni” var ki, onu heç cür itirmək olmaz, çünki itirsəniz, “son çağrınızı” duymaya bilərsiniz. Və belələrinin sayı çoxaldıqca son çağrılar böyük bir əcəl zənginə çevriləcək…

      “Dəymə, oğul! Daha o mənə lazım deyil. İman – ürəkdə olur, şübhə başda.

      Mən dikəldim. Biz qucaqlaşdıq.

      Nəhayət, bildim ki, rahatlıq üçün adama nə lazımmış!”

18.06.2013

      Kabab yeyən toplum

      Bu yaxınlarda oxudum ki, millət son 10 ildə balacalaşıb. Hündürboy azərbaycanlıların sayı bu müddət ərzində statistikaya gələcək dərəcədə azalıb. Keçən il millətin boyu ortalama 167,1 sm, kişilərdə 170,6 sm, qadınlarda isə 163,9 sm olub, yəni son 10 ildə boyumuz 0,5 sm azalıb. Abrımızı qadınların boy göstəriciləri örtür, yoxsa dünya üzrə ortaboylu xalqlar sırasına da düşə bilməzdik.

      “ – Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız?

      Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı:

      – Mərdlik! Cəsarət. Bəs siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözüqıpıq… Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır”.

      Atam İsmayıl Şıxlının son romanı “Ölən dünyam”dan bir parçadır. Yazının əvvəlindəki xəbəri oxuyanda yadıma “Ölən dünyam”, bir də atamın danışdığı bir əhvalat düşdü. Dediyinə görə, ötən əsrin 27-29-cu illərində Qazağın Qaymaqlı kəndini rus-bolşevik ordusunun xüsusi cəza dəstələri tutub tərk-silah əməliyyatı keçirirmiş. O zamanlar başında papağı, altında atı və üstündə silahı olmayan KİŞİ yoxdu. Rus-bolşeviklərə isə KİŞİ lazım deyildi, çünki KİŞİ hər adama baş əyməz, bu isə hakimiyyət üçün təhlükəli idi. Ələlxüsus da məşhur Gəncə qiyamı və bütün

Скачать книгу