Скачать книгу

Buk başını tərpətdi:

      – Səhv eləmirəmsə, macar səfirliyindəndirlər. Gözəl cütlükdür!

      Vaqon-restoranda iki nəfər də vardı: Puaronun kupe yoldaşı Hektor Makkuin və onun rəisi cənab Retçett. Amerikalı qoca Puaro ilə üzbəüz oturmuşdu. O, bir daha bu xoşagəlməz simaya diqqətlə baxdı. Elə bu vaxt ofisiant Puaronun qəhvəsini gətirdi. Cənab Buk sağollaşıb masadan qalxdı. Restoranda Makkuin, Retçett və Puarodan başqa heç kim qalmamışdı. Retçett Makkuini harasa göndərdi, özü isə ayağa qalxıb Puaroya yaxınlaşdı:

      – Kibritiniz olmaz? – o, yumşaq səslə soruşdu. – Mənim soyadım Retçettdir.

      Puaro yüngülcə baş əyib əlini cibinə saldı, kibrit qutusunu çıxarıb amerikalıya uzatdı.

      – Səhv eləmirəmsə, cənab Erkül Puaro ilə danışıram.

      – Tamamilə doğrudur, müsyö, – Puaro dedi.

      – Bu tanışlıq mənim üçün böyük şərəfdir.

      Xəfiyyə amerikalının xırda göy gözləri ilə onu təpədən dırnağa kimi süzdüyünü hiss elədi. Retçett, nəhayət, dilləndi:

      – Mənim vətənimdə, müsyö Puaro, sözü uzatmağı xoşlamırlar. Odur ki dərhal mətləbə keçmək istəyirəm. Sizə bir iş təklifim var.

      Puaro qaşlarını çatdı.

      – Son zamanlar müştərilərimin sayını xeyli azaltmışam, müsyö, indi yalnız mənə maraqlı gələn işləri boynuma götürürəm.

      – Sizi çox yaxşı başa düşürəm. Amma mən böyük məbləğdə pul təklif eləyirəm. Çox böyük məbləğdə…

      Puaro bir-iki dəqiqə fikirləşəndən sonra soruşdu:

      – Sizə necə kömək eləyə bilərəm, cənab?

      – Müsyö Puaro, mən imkanlı adamam. İmkanlı adamların isə düşməni çox olur. Mənim də düşmənim var.

      – Elə bircə düşməniniz var?

      – Bir, ya beş, bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, məni onlardan qoruyasınız. Həyatım təhlükədədir! Düzdür, mən özümü qorumağı bacarıram, – Retçett bu sözləri deyib cibindən tapançasını çıxardı. – Lakin yenə də bəzi qabaqlayıcı tədbirlər görmək pis olmaz. Məncə, siz bu işin öhdəsindən layiqincə gələ bilərsiniz.

      – Müsyö, çox təəssüf ki, sizin təklifinizi qəbul eləyə bilməyəcəyəm, – Puaro dedi.

      – İstədiyiniz məbləği deyin, çəkinməyin, – Retçett əl çəkmək istəmirdi.

      Puaro başını buladı.

      – Dedim axı, indi yalnız məni maraqlandıran işləri qəbul eləyirəm.

      – Çox inadkar adamsınız. Bəs sizə 20 min dollar təklif eləsəm, necə, fikriniz dəyişər?

      – Xeyr, müsyö.

      – Əgər məqsədiniz məndən daha çox pul qopartmaqdırsa, bu, mənasızdır. Çünki mən hər işin dəyərini yaxşı bilirəm.

      – Elə mən də, cənab Retçett.

      – Onda təklifimi niyə rədd eləyirsiniz?

      Puaro ayağa qalxdı.

      – Səbəbini söyləmək istəmirdim, amma çox təkid eləyirsinizsə, deyim; sir-sifətiniz xoşuma gəlmədi.

      Puaro bu sözləri deyib vaqon-restorandan çıxdı.

      Gecə eşidilən çığırtı

      Axşam saat 20:45-də «Şərq ekspresi» Belqrada çatdı. Qatar burada yarım saat dayanmalı idi. Puaro vaqondan düşüb perronda gəzişməyə başladı. Bayırda qar yağırdı. Vaqona qayıdanda bələdçi qapının ağzında onu gözləyirdi.

      – Müsyö Puaro, çamadanlarınızı birinci vaqona daşıdıq, – bələdçi dedi. – Həmin vaqonda əvvəl cənab Buk qalırdı.

      – Bəs hara getdi?

      – «Afina» vaqonuna keçdi. Onu qatara yenicə qoşublar.

      Puaro dostunun yanına gedib onu öz vaqonuna qayıtmaq üçün dilə tutdu.

      – Narahat olmayın, belə daha yaxşıdır, – cənab Buk qətiyyətlə dedi. – Bu vaqon bomboşdur, bir mənəm, bir də yunan həkim, vəssalam! Havanı görürsünüz, müsyö Puaro, lap çovğundur. Burada qış heç bu qədər soyuq keçməmişdi. Ümid eləyək ki, qar yolu bağlamayacaq.

      Puaro vaqon-restoranın yanındakı yeni kupesinə keçdi. Qatar 21:15-də yola düşdü.

      Səyahətin ikinci günü sərnişinlər artıq bir-birini tanımağa başlamışdılar. Hektor Makkuinlə polkovnik Arbetnot dəhlizdə söhbət eləyirdilər. Makkuin xəfiyyəyə təəccüblə baxdı:

      – Müsyö Puaro! Elə bildim, siz artıq qatardan düşmüsünüz. Axı demişdiniz ki, Belqrada kimi gedəcəksiniz.

      – Yox, dostum, görünür, siz məni səhv başa düşmüsünüz, – Puaro dedi. – Başqa vaqona keçdim.

      O bunu deyib irəlilədi. Qarşıda kök amerikalı qadınla (Puaro onu «missis Habbard» deyə çağırdıqlarını eşitmişdi) sifəti qoyunu andıran isveçli xanım dayanıb söhbət edirdilər. İsveçli qadın başının ağrıdığını deyib kupeyə girdi. Missis Habbard bu dəfə üzünü Puaroya tutdu:

      – Zavallı qadın! Heyif ki, ingiliscə pis danışır, amma qızım haqqında danışdıqlarıma diqqətlə qulaq asır.

      Missis Habbard qatara mindiyi andan bəri qızından o qədər çox danışmışdı ki, Puaro da daxil olmaqla bütün sərnişinlər artıq onun haqqında hər şeyi bilirdilər.

      Elə bu vaxt yaxınlıqdakı kupenin qapısı açılıb-örtüldü, kök ingilis lakey[8] kupedən çıxdı. Qapı açılanda Puaro cənab Retçetti yatağına uzanmış vəziyyətdə gördü. Onunla bir anlıq nəzərləri toqquşdu, Retçett qaşqabağını töküb üzünü çevirdi.

      Missis Habbard Puaronu bir kənara çəkib pıçıldadı:

      – Bilirsiniz, mən bu adamdan çox qorxuram. Qızım həmişə deyir ki, mənim intuisiyam çox güclüdür. Əgər kimsə xoşuma gəlmədisə, deməli, burada nəsə var. Bu adamı görən kimi ondan zəhləm getdi. Lap qatilə oxşayır! Tərslikdən qonşu kupelərdə qalırıq. Bəlkə də, bu, axmaqlıqdır, amma intuisiyam mənə deyir ki, tezliklə bu qatarda dəhşətli hadisə baş verəcək!

      Puaro öz kupesinə gəlib yatağına uzandı, yarım saat kitab oxuyandan sonra işığı söndürdü.

      Bir neçə saatdan sonra xəfiyyə dəhşətli qışqırıq səsinə oyandı. Ardınca da zəng çalındı. Əlini uzadıb işığı yandırdı. Hiss elədi ki, qatar dayanıb. «Yəqin, hansısa stansiyaya çatmışıq» – o öz-özünə fikirləşdi.

      Qapını açıb dəhlizə çıxdı. Vaqonun o biri başından hövlnak qaçıb gələn bələdçi cənab Retçettin qapısını döyürdü. İçəridən səs gəlmədi. Bələdçi qapını ikinci dəfə döyəndə yenə sərnişinlərdən hansısa zəngi çaldı və kupelərdən birinin qapısının üstündəki kiçik lampa yanıb-söndü.

      – Üzr

Скачать книгу


<p>8</p>

Lakey – nökər