Скачать книгу

çox qəribədir! Elə bil bütün dünya səyahətə çıxmaq üçün bu günü gözləyirmiş!

      – Hər halda, ümidvaram ki, bu hörmətli cənaba bir yer təşkil eləyərsiniz. Müsyö Puaro yaxın dostumdur, 16-cı yeri ona verin.

      – O yer tutulub, müsyö.

      – Necə? 16-nı da tutublar?

      – Dediyim kimi, müsyö. Birinci dərəcəli vaqonda bircə boş yerimiz belə qalmayıb!

      – Deməli belə, Belqradda qatara «Afina» vaqonu, bir də «Buxarest-Paris» vaqonu qoşulacaq. Orada sizə yer tapılar, – Buk Puaroya dedi. – Amma biz Belqrada sabah axşam çatacağıq. Bugecəlik sizi harasa yerləşdirməliyik.

      Sonra üzünü bələdçiyə tutub soruşdu:

      – İkinci dərəcəli vaqonda da boş yerimiz yoxdur?

      – Bir yer boşdur, müsyö, amma…

      – Nədir, problem var?

      – Məsələ burasındadır ki, həmin kupedə bir alman xanım var.

      – Əcəb işdir! – cənab Buk qəzəblə donquldandı. – Bu boyda qatarda ən hörmətli qonağa yer tapılmır!

      – Müsyö, əslində, ikinci dərəcəli vaqondakı 7-ci yer də boşdur…

      – Bəs bunu niyə bayaqdan demirsiniz? – Buk bələdçinin üstünə çımxırdı.

      – Bilirsiniz, o yerin sahibi var, ancaq hələ gəlib çıxmayıb. Qatar isə 4 dəqiqədən sonra yola düşür.

      – Sahibi kimdir ki?

      – Hansısa ingilisdir… – bələdçi siyahıya baxıb dedi. – Cənab Harris.

      – Deməli belə, – səbri tükənmiş Buk dilləndi. – Müsyö Puaronun çamadanlarını həmin kupeyə aparın. İşdir, əgər cənab Harris gəlib çıxsa, ona deyərsiniz ki, gecikib, biz onu bu qədər gözləyə bilməzdik. Ya da başqa bir şey fikirləşib taparsınız, bu artıq sizin öz işinizdir.

      – Baş üstə, müsyö!

      Bələdçi Puaronun çamadanlarını gətirən yükdaşıyana kupeni göstərdi. Sonra nəzakətlə Puaroya yol verdi.

      – Lap axıra kimi gedin, müsyö. Axırdan əvvəlki kupe sizinkidir.

      Puaro dəhliz boyunca irəliləyərək kupesinə gedib çatdı. İçəridə bir nəfər vardı. O, mehmanxanada gördüyü cavan amerikalını dərhal tanıdı.

      – Bağışlayın, amma, deyəsən, səhv gəlmisiniz, – amerikalı dedi.

      – Cənab Harris sizsiniz? – Puaro soruşdu.

      – Xeyr. Mənim adım Hektor Makkuindir. Mən…

      Elə bu vaxt bələdçi kupeyə girib günahkarcasına dedi:

      – Vaqonda başqa boş yer yoxdur, müsyö. Bu cənab sizin kupedə qalmalı olacaq.

      Sonra qapını açıq saxladı ki, yükdaşıyan Puaronun çamadanlarını kupeyə yerləşdirsin.

      – 7-ci yer sizindir, müsyö, üstdəki yataq. Bir dəqiqədən sonra qatar yola düşür.

      Bələdçi bu sözləri deyib kupedən çıxdı.

      Elə bu vaxt qatar uzun-uzadı fit çaldı, amma yerindən tərpənmədi.

      – Əgər istəyirsinizsə, yuxarı mən çıxaram, – cavan amerikalı nəzakətlə dedi. – Aşağıda yatmaq daha rahatdır.

      – Yox, nə danışırsınız, buna razı olmaram, – Puaro etiraz etdi. – Onsuz da bu kupedə cəmi bir gecə qalacağam. Belqradda…

      – Hə, deməli, Belqradda düşürsünüz?

      – Əslində, məsələ bir az başqa cürdür…

      Elə bu vaxt qatar silkələnib yerindən tərpəndi. Hər iki sərnişin gözünü pəncərəyə dikdi. «Şərq ekspresi» nin üçgünlük Avropa səyahəti başladı…

      Puaro təklifdən imtina edir

      Ertəsi gün Puaro vaqon-restorandakı nahara bir az gecikmişdi. O, tezdən oyanıb səhər yeməyini yemişdi. Həmin vaxt restoranda heç kim gözə dəymirdi. Sonra günortaya kimi Londondakı təhqiqatla bağlı sənədləri gözdən keçirmişdi. Kupe yoldaşını isə, demək olar ki, görməmişdi.

      Masa arxasındakı yerini çoxdan tutmuş cənab Buk ona əl elədi. Puaro gəlib onunla üzbəüz oturdu. Nahar yeməyi çox ləzzətli idi. Hər ikisinin başı yeməyə elə qarışmışdı ki, yalnız desert verilən vaxt söhbət etməyə başladılar.

      – Ətrafa bir nəzər salın, – deyə cənab Buk dilləndi, – burada hər millətdən, hər təbəqədən adam var. Onlar üç gün boyunca eyni damın altında yatır, yeyir, içir, söhbət edirlər. Üç gündən sonra isə ayrılacaqlar, bir də heç vaxt görüşməyəcəklər…

      – Bir anlıq təsəvvür edin ki, burada bədbəxt hadisə baş verir…

      – Allah xatirinə, belə danışmayın!

      – Mən misal üçün dedim… – Puaro mızıldandı.

      Onun diqqətini yaxınlıqdakı masanın arxasında əyləşən üç kişi cəlb etdi. Onlardan biri yekəpər, qarayanız italyan idi, diş çöpü ilə dişlərini qurdalayırdı. Yanında, çox güman ki, varlı mülklərin birində qulluq eləyən kök ingilis əyləşmişdi. İngilisin yanında isə alabəzək pencək geyinmiş iricüssəli amerikalı oturmuşdu. Puaro gözünü onlardan çəkib restoranın küncündəki təkadamlıq masanın arxasında oturmuş arıq, yaşlı qadına baxdı. Bu, Puaronun indiyə kimi gördüyü yaşlı qadınların ən çirkini idi. Bununla belə, qadın insanda qəribə şəkildə maraq oyadırdı. Boynuna doladığı boyunbağının mirvariləri elə böyük idi ki, adamın onların həqiqi olduğuna inanmağı gəlmirdi. Barmağında üzüklər bərq vururdu. Çiyninə xəz kürk salmışdı. Bahalı qara şlyapası qurbağaya bənzəyən sifətinə qətiyyən yaraşmırdı.

      Yaşlı qadın ofisianta əmrlər yağdırırdı:

      – Kupemə mineral su, bir də portağal şirəsi qoysunlar. Axşam yeməyinə isə toyuq qızartsınlar. Hə, bir də az yağlı balıq…

      Ofisiant «Baş üstə!» deyib getdi. Elə bu vaxt yaşlı qadın bir anlıq Puaro ilə göz-gözə gəldi, lakin aristokratlara xas laqeydliklə gözünü ondan çəkib ayağa durdu.

      – Bu, knyaginya Draqomirovadır, – Buk Puaronun qulağına pıçıldadı. – Rusdur, çox varlı qadındır! Əri inqilaba qədər bütün sərvətini ölkədən çıxara bilib.

      Puaro knyaginya haqqında eşitmişdi.

      Başqa bir masanın arxasında isə Meri Debenhemlə iki qadın əyləşmişdi. Onlardan biri hündürboy, ortayaşlı idi, əynində dama-dama kofta və tvid[5] parçadan yubka vardı. Sarı saçlarını üzünə yaraşmayan tərzdə təpədə toplamışdı, gözlük taxmışdı, sifəti qoyunu andırırdı. Diqqətlə yaşlı, kök, xoşsifət amerikalı qadına qulaq asırdı. Onların arxasındakı masada isə polkovnik Arbetnot tək oturmuşdu. O, gözünü Meridən çəkmirdi. «Qəribədir, görəsən, niyə bir yerdə nahar eləmirlər?» – Puaro öz-özünə fikirləşdi.

      Lap küncdə, divara bitişik masanın arxasında isə ortayaşlı, qara libaslı qadın oturmuşdu. Üzü ifadəsiz idi. «Çox güman ki, bələdçinin bəhs

Скачать книгу


<p>5</p>

Tvid – yun parça; uzun müddət yalnız Şotlandiya və İrlandiyada istehsal olunub. Hazırda bütün dünyada hazırlanır.