Скачать книгу

qızardı.

      «Hə, deməli, bizim polkovnik qadınlara qarşı laqeyd deyil» – Puaro öz-özünə fikirləşdi. Cənab Arbetnotun bu xüsusiyyətini kəşf etməsi kefini açmışdı.

      Çox keçmədən qatar Tavr dağlarına yaxınlaşdı. Hər üç sərnişin pəncərədən görünən gözəl mənzərəyə tamaşa edirdi. Puaro qızın həyəcanla söylədiyi sözləri eşitdi.

      – Ah, necə də gözəldir! Təəssüf ki, mən… bu mənzərədən zövq ala bilmirəm.

      Arbetnot əvvəl heç nə demədi, sonra birdən dilləndi:

      – İnanın ki, sizi bütün bunlardan azad eləmək üçün çox şeydən keçərdim!

      – Yavaş danışın, yalvarıram…

      – Yaxşı, yaxşı, – polkovnik Puaroya qəzəblə nəzər saldı.

      «Burada maraqlı hadisələr baş verir» – Puaro öz-özünə mızıldandı.

      Gecə 12-nin yarısında qatar Konyaya çatdı. İngilislər hava almaq üçün qatardan düşdülər və perronda gəzişməyə başladılar. Puaro əvvəl stansiyada baş verənləri kupenin pəncərəsindən izləməklə kifayətləndi, amma bir az sonra o da hava almaq qərarına gəldi. Çamadanında qalın nəyi vardısa, əyninə keçirdi, şərfini boynuna doladı, şlyapasını başına qoydu, çəkmələrinin üstündən də qaloş geyindi. Sonra pilləkənləri ehtiyatla düşüb qatar boyunca gəzişməyə başladı. Yük vaqonunun yaxınlığında gözünə iki tanış siluet[4] dəydi. Miss Debenhemlə polkovnik nə barədəsə möhkəm mübahisə edirdilər. Puaro Meri Debenhemin həyəcanla «İndi olmaz, hər şey qurtarsın, sonra!» dediyini eşitdi.

      – Qəribədir! – xəfiyyə öz-özünə mızıldanıb oradan uzaqlaşdı. O, sonralar bu hadisəni tez-tez yada salacaqdı…

      Ertəsi gün Puaroya elə gəldi ki, ingilislər küsüşüblər, çünki bir-biri ilə kəlmə kəsmirdilər. Miss Debenhem həyəcanlı görünürdü, gözlərinin altı kölgələnmişdi, deyəsən, bu gecə də yatmamışdı.

      Saat 14:30-da qatar qəfildən dayandı. Sərnişinlər pəncərədən boylandılar. Bir dəstə adam qatarın yanında durub hündürdən danışır, əlləri ilə vaqon-restoranın altındakı relsləri göstərirdi. Puaro başını pəncərədən çıxarıb nə baş verdiyini soruşdu. Geri çevriləndə az qala Meri Debenhemlə toqquşacaqdı.

      – Orada nə olub? – qız təşvişlə fransızca soruşdu. – Niyə dayanmışıq?

      – Boş şeydir, madamuazel. Vaqon-restoranın altında nəsə yanıb. Narahat olmayın, yanğını artıq söndürüblər.

      – Amma vaxt gedir! Biz gecikəcəyik!

      – Hə, yəqin ki…

      – Mən yubana bilmərəm! Qatar İstanbula 18:55-də çatmalıdır. Dərhal Bosfor boğazını keçib saat 21:00-da yola düşən «Şərq ekspresi» nə yetişməliyəm. Əgər burada 1-2 saat vaxt itirsək, bu, mümkün olmayacaq!

      – Tamamilə doğrudur, – Puaro dedi. Sonra diqqətlə qızı süzməyə başladı. Meri Debenhemin vaqonun qapısına söykədiyi əli həyəcandan titrəyirdi.

      – Bu sizin üçün belə vacibdir?

      – Bəli, çox vacibdir! Mən mütləq o qatara çatmalıyam!

      Amma qız əbəs yerə təşvişə düşmüşdü. On dəqiqə keçməmiş qatar yerindən tərpəndi və sürətlə irəliləyərək tezliklə İstanbulun Heydərpaşa vağzalına çatdı. Qatar beşcə dəqiqə gecikmişdi.

      Puaro gəmi ilə Bosfor boğazını keçərkən ingilisləri gözdən qaçırdı. Sonra o, Qalata körpüsünü adlayıb «Tokatliyan» mehmanxanasına gəlib çatdı.

      «Tokatliyan» mehmanxanası

      Mehmanxanada Puaro özünə vanna otağı olan nömrə sifariş verdi. Sonra da ona məktub gəlib-gəlmədiyini soruşdu. Onu üç məktub və bir teleqram gözləyirdi. Teleqramı görüb təəccüblə qaşlarını qaldırdı. Sonra tələsmədən səliqə ilə kağızı açıb oxumağa başladı:

      «Təxmin etdiyiniz kimi, Kassner məsələsində çətinliklər yarandı, dərhal gəlməyinizi xahiş edirik».

      – Bu heç yaxşı olmadı, – Puaro öz-özünə mızıldandı.

      Sonra başını qaldırıb saata baxdı.

      – Mən burada qala bilməyəcəyəm, – o, mehmanxana işçisinə dedi. – «Şərq ekspresi» nə vaxt yola düşür?

      – 9 tamamda, müsyö.

      – Mənə bilet ala bilərsiniz?

      – Əlbəttə. Bu mövsümdə bilet tapmaq çətin deyil. Qatar, demək olar ki, boş gedir. Birinci dərəcəli vaqona bilet istəyirsiniz, yoxsa ikinci?

      – Birinci.

      – Əla! Bəs müsyö hara gedir?

      – Londona.

      – Oldu, müsyö. Mən sizə Londona bilet alaram.

      Puaro yenə saata baxdı. 8-ə 5 dəqiqə qalmışdı.

      – Sizcə, şam eləməyə vaxtım çatar?

      – Əlbəttə, müsyö.

      Puaro mehmanxananın restoranında yemək sifariş elədiyi vaxt kimsə əlini onun çiyninə qoydu.

      – Əziz dostum! İnanmazdım ki, sənə burada rast gələ bilərəm!

      Çevrilib baxdı. Bəstəboy, dolubədənli, saçları biz-biz duran yaşlı bir adam ona baxıb gülümsəyirdi.

      – Müsyö Buk! – Puaro onu tanıyıb qışqırdı.

      – Müsyö Puaro!

      Cənab Buk da belçikalı idi, Beynəlxalq Dəmiryolu Şirkətinin direktoru idi, Puaronu isə çoxdan tanıyırdı.

      – Siz hara, bura hara?!

      – Suriyada balaca bir təhqiqat işi vardı.

      – Bəs nə vaxt qayıdırsınız?

      – Elə bu gün.

      – Çox gözəl! Mən də bu gün yola düşürəm. Daha doğrusu, Lozannaya qədər gedəcəyəm, orada bir işim var. Yəqin ki, «Şərq ekspresi» ilə gedirsiniz?

      – Elədir. Əslində, İstanbulda bir neçə gün qalmaq istəyirdim, amma vacib işim çıxdı.

      – O zaman hələlik sizi rahat buraxım. Sonra görüşərik.

      Puaro yeməyə başladı. Restoranda beş-altı adam var idi, onlardan ikisi xəfiyyənin diqqətini daha çox cəlb eləmişdi. Yaxınlıqdakı masanın arxasında oturmuşdular. Biri 30-35 yaşlı yaraşıqlı oğlan idi. Baxan kimi amerikalı olduğu bilinirdi. Həmsöhbəti isə təxminən 65-70 yaşlarında, başının ortası dazlaşmış, genişalınlı kişi idi, ağappaq taxma dişləri dərhal diqqəti cəlb eləyirdi. İlk baxışdan alicənab insan təsiri bağışlasa da, çuxura düşmüş xırda göy gözlərindən qəddarlıq yağırdı. Birdən qocanın gözü Puaroya sataşdı. Dərhal oğlana «Hektor, hesabı ödəyin» – deyib ayağa durdu.

      Puaro da yeməyini bitirib qalxdı və vestibülə tərəf addımladı. Orada yenidən müsyö Bukla qarşılaşdı. Təzəcə söhbət etməyə başlamışdılar ki, bayaqkı mehmanxana işçisi Puaroya yaxınlaşdı.

Скачать книгу


<p>4</p>

Siluet – kölgə; obyektin uzaqda, qaranlıqda, dumanda kölgə kimi görünməsi