ТОП просматриваемых книг сайта:
Mustafa Kamal Atatürk. Aleksandre Jevaxoff
Читать онлайн.Название Mustafa Kamal Atatürk
Год выпуска 0
isbn 9789952244779
Автор произведения Aleksandre Jevaxoff
Серия Tarixi yaradanlar
Издательство Altun Kitab
Ənvər paşanın Qafqaz istiqamətində hərəkətə keçməsindən bir qədər əvvəl, 1918-ci il martın 17-də Rusiyada yenicə hakimiyyətə gələn bolşeviklərlə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı – Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında sülh imzalanmışdı. Brest-Litovsk25 sazişi adlanan həmin sənədə əsasən bolşeviklər hələ 1878-ci ildə baş verən rus – türk müharibəsi zamanı Osmanlı dövlətinin əlindən çıxan Qars, Ərdəhan və Batumu tərk etməyə razılaşdılar. Həmin ərazilərin sonrakı müqəddəratı isə yerli əhalinin öz seçiminə buraxıldı. Beləliklə, təşkil olunan referendum nəticəsində yerli əhalinin mütləq əksəriyyəti – 87.048 səsvermə iştirakçısından 85.124-ü Osmanlı dövləti ilə birləşməni dəstəklədi. Ənvər paşa məhz bundan həvəsləndi və Qafqaza doğru yola çıxdı. Azərbaycan böyük qardaş gözü ilə baxdığı Osmanlı ordusunun26 gəlişini sevinclə qarşıladı. Ermənistan isə müqavimət arzusunda olsa da, buna gücü yox idi. Yalnız Gürcüstan Osmanlı ordusunun gəlişi ilə barışmaq istəmədi və kömək üçün Almaniyaya müraciət etdi. 1918-ci ilin iyun ayında tərəflər arasında müqavilə bağlandı və Gürcüstana üç min nəfərlik alman qoşunu göndərildi.
Bütün bu hadisələrin baş verdiyi bir vaxtda Mustafa Kamal, əvvəl də qeyd etdiyimiz kimi, Karlsbadda idi. Qəhrəmanımızla tanışlıqdan sonra buradakı həkimlərdən biri ona heyranlığını gizlədə bilməmişdi: «Siz gənc yaşda general olmusunuz. Ölkənizdə sizin kimi cavan olan başqa generallar da varmı?» Mustafa Kamal bu suala belə cavab vermişdi: «Doktor, ordumuzda yaşlı generalların sayı daha çoxdur. Lakin əgər biz gənc yaşda generallığa yüksəlmişiksə, deməli, fövqəladə vəziyyətlərdə Vətənimizin bizə ehtiyacı olub».
Yeri gəlmişkən, həmin günlərdə Mustafa Kamalın Karlsbadda nahar etdiyi restoranda maraqlı hadisə baş vermişdi. Restoranın baş ofisiantı onu polkovnik hesab etdiyinə görə töhmət almış, üstəlik, qəhrəmanımızın əyləşdiyi masa ancaq onun üçün ayrılmışdı. Masanın üzərindəki kiçik lövhənin üstünə isə «Ordu generalı Mustafa Kamal paşa» sözləri yazılmışdı.
Qəhrəmanımız Karlsbadda qaldığı müddətdə Osmanlı ordusu barədə kitab hazırlayan bir qadınla görüşmüşdü. Əslən türk olan həmin qadınla görüşdə müharibə xatirələrini dilə gətirən Mustafa Kamal əlavə etmişdi: «Bir sərkərdənin mətinliyi daha çox onun öz hərəkətlərinə nə dərəcədə məsuliyyətlə yanaşması ilə ölçülür». Bununla Mustafa Kamal eyni zamanda Osmanlıdakı mövcud hərbi şəraitin mürəkkəbliyinə işarə vururdu. O hesab edirdi ki, ordunu idarə edənlər öz işlərinə kifayət qədər məsuliyyətlə yanaşmır. Bu isə imperiyanı təhlükəli sonluqla üz-üzə qoyur.
Qeyd etmək yerinə düşər ki, Mustafa Kamal Karlsbadda müayinə və müalcə ilə məşğul olmaqla bərabər, kübar məclislərinə qatılır, tez-tez gəzintiyə çıxır, əyləncələrdə iştirak edir, eyni zamanda almancanı və fransızcanı daha mükəmməl öyrənməyə çalışırdı. Hətta bunun üçün müəllim də tutmuşdu. Bununla belə, qəhrəmanımız daxilən heç cür rahat ola bilmirdi. Onun ağlı Osmanlı daxilində getdikcə ağırlaşan hərbi-siyasi vəziyyətdə qalmışdı.
Onu da deyək ki, Mustafa Kamal gündəliklərinin müəyyən qismini fransızca yazıb. Bu onun həmin dili kifayət qədər mükəmməl mənimsədiyini göstərir. Mustafa Kamalın Karlsbadda yalnız fransız müəlliflərinin romanlarını oxuması da maraqlı məqamdır. Bu sırada Andre Bomyenin «Qiyam», Onere de Balzakın «Şaqren dərisi», Baron Batsın «Edam kürsüsünə doğru» kimi əsərləri var idi.
Ümumiyyətlə, Mustafa Kamal qiraət vurğunu idi. Yalnız Karlsbadda deyil, hətta savaş zamanı, hərbi əməliyyatların ən çətin vaxtlarında belə bu ehtirasından əl çəkmirdi. 1916-cı ildə Şərqi Anadoluda ruslara qarşı vuruşarkən vaxt tapıb Alfons Dodenin «Safo» romanını, Namiq Kamalın «Osmanlı tarixi», «Siyasi və ədəbi məqalələr» kitablarını, Tofiq Fikrətin şeirlərini oxumuşdu…
Mustafa Kamalın iddiaları
1918-ci il iyulun 3-də 74 yaşlı sultan Mehmed Rəşadın ölüm xəbəri yayıldı. Xəbəri eşidən Mustafa Kamal İstanbulda olmadığına təəssüfləndi. «Sultanın dəyişməsi – ölkə və millət üçün çox vacib məsələdir» – o, gündəliyində yazmışdı.
Çox keçmədi ki, Vəhdəddinin yeni sultan elan edildiyi xəbəri gəldi. Mustafa Kamal həmin vaxt 57 yaşında olan Vəhdəddinə teleqram vurub onu təbrik edir. Ürəyi Osmanlı paytaxtında cərəyan edən siyasi proseslərlə birgə döyünən qəhrəmanımız Karlsbadda qalmağa məcbur idi – müalicəsini davam etdirməkdən başqa yolu yox idi. Böyrəyindəki sancılar onu taqətdən salırdı. Uzun müddət yaşadığı məhrumiyyətlər, hədsiz gərginlik və çətin sınaqlar onun səhhətində özünü erkən biruzə verməyə başlamışdı. Böyrəyindəki ağrılarla yanaşı, zöhrəvi xəstəlikdən də əziyyət çəkirdi. İyulun sonunda Karlsbadı tərk edərkən Mustafa Kamal gündəliyində yazmışdı: «Karlsbad mənə arzuladığım sağlamlığı bəxş etmədi, səhhətim əvvəlki kimi yerində deyil». Bununla belə, o, əvvəlki kimi iddialı idi. Gündəliyindəki başqa bir qeyd də bunu təsdiqləyir: «Demişəm və yenə də deyirəm; əlimə fürsət və səlahiyyət düşərsə, cəmiyyətimiz üçün arzu edilən islahatları qətiyyətlə gerçəkləşdirə bilərəm. Başqalarından fərqli olaraq, inanmıram ki, xalqı tədrici yolla mənim kimi düşünməyə vadar edə bilim. Mən nə üçün kütlənin səviyyəsinə enməliyəm? Əksinə, onu öz səviyyəmə qaldırmalıyam! Mən özümü kütləyə oxşatmalı deyiləm, kütlə özünü mənə oxşatmalıdır. Bu isə inqilabi qərarlarla mümkündür. Lakin öncə hər şeyi yaxşıca ölçüb-biçmək vacibdir, əks halda atacağım addımların faydasından çox fəsadları ola bilər».
Mustafa Kamal yuxarıdakı sətirləri yazarkən Cümhuriyyətin qurulmasına beş il, inqilabi islahatların başlanmasına isə on il qalırdı. Lakin belə görünür ki, gələcəkdə həyata keçirmək istədiyi reformlar qəhrəmanımızın ağlında artıq hazır idi. Bircə qalırdı məqsədə nail olmaq üçün birinci və əsas şərtin reallaşması – hakimiyyətin əldə edilməsi!
İyulun 8-də Mustafa Kamal gündəliyində Ənvər paşanın hələ də ona qarşı açıq mövqe sərgilədiyini yazmış, ardınca isə sual etmişdi: «Bəs mənim buna reaksiyam necə olmalıdır?» Görünür, həm də bu sual üzərində xeyli götür-qoy elədikdən sonra o, Karlsbadı tərk eləmək qərarına gəlmişdi. Belə ki, 1918-ci il avqustun 5-də Mustafa Kamal artıq İstanbulda idi…
Osmanlı imperiyası məhvin astanasında
Mustafa Kamal Osmanlı paytaxtında olduqca gərgin əhval-ruhiyyə hökm sürdüyünü gördü. Hökumət dairələrində Antanta ilə gizli sülh müqaviləsi bağlana biləcəyi barədə söz-söhbət dolaşırdı. Bunun da səbəbi aydın idi: ölkə ağır savaşlardan yorulub əldən düşmüşdü. İstər Anadoluda, istərsə də İstanbulun özündə qıtlıq hiss olunurdu. Bazarlar, dükanlar
25
Brest-Litovsk sazişi eyni zamanda tarixə Osmanlı dövlətinin torpaq qazandığı son müqavilə kimi düşüb.
26