Скачать книгу

qəlbini çox sıxırdı. Ümumiyyətlə, qəti şəkildə demək olar ki, Bolqarıstan paytaxtında yaşadığı müddətdə qəhrəmanımıza ruh verən yeganə məqam Osmanlı xanədanının qaçılmaza çevrilən süqutundan sonra vətənin xilası idi. Mustafa Kamal özünü həmin günlərə hazırlayırdı. Yəqin, elə buna görə də dostlarından birinə belə yazmışdı: «Mənim iddialarım böyükdür. Ancaq bu iddiaların maddiyyat və karyera ilə heç bir əlaqəsi yoxdur…»

1914-cü il 18 oktyabr tarixli başqa bir məktubda isə Salih adlı dostuna naməlum fransız şairinin aşağıdakı misralarını sitat gətirmişdi: «Həyat qısadır: bir az arzu, bir az sevgi və əlvida. Dünya fanidir: bir az nifrət, bir az ümid və son… və son…» Sonra da əlavə eləmişdi: «Salih, bu misraları yadda saxla və həyatını necə yaşamaq istəyirsənsə, ondan asılı olaraq bu hikmətlərdən birinə əsaslan!»

Əgər Birinci Dünya müharibəsi başlamasaydı və Mustafa Kamal da savaşa qoşulmasaydı, görəsən, onun öz seçimi hansı olardı?!

Mustafa Kamal Birinci Dünya müharibəsində

Birinci Dünya müharibəsi 1914-cü ilin iyulunda başladı. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu. «Antanta»da Böyük Britanya, Fransa və Rusiya İmperiyası, «Üçlər ittifaqı»nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçəcəkdi) təmsil olunurdu. Savaşın əsas hədəflərindən biri getdikcə zəifləyən Osmanlı dövlətinin torpaqlarını bölüşdürmək idi.

Həmin vaxt Ənvər paşa əsas istəyinə çatmış və hərb naziri təyin edilmişdi. Bunda Tələt paşanın rolu da az olmamışdı. Belə ki, o, Camal paşanın Avropa meyilli olduğunu nəzərə alaraq Ənvər paşanın nazir təyin edilməsinə dəstək vermək məcburiyyətində qalmışdı. 1914-cü ilin oktyabrında Osmanlı dövləti rəsmən Birinci Dünya müharibəsinə qoşuldu. Bundan sonra Ənvər paşa eyni zamanda ordunun baş komandanı oldu. Halbuki o vaxtadək həmin vəzifəni sultan yerinə yetirirdi.

Mustafa Kamal məsələdən Sofiyada xəbər tutdu və xeyli pəjmürdə oldu. «Mən almanların qalib gəlməyə qadir olduğuna inananların fikri ilə razı deyiləm – o, 1914-cü ilin dekabrında dostu Salihə yazırdı. – Bu, doğrudur ki, almanlar qarşılarına çıxan hər şeyi və hər kəsi əzərək böyük sürətlə Parisə doğru irəliləyir. Bununla belə, ruslar Karpatlarda15 Almaniyanın müttəfiqi Avstriyanı sıxışdırmaqdadır. Belə davam edərsə, almanlar avstriyalılara köməyə göndərdiyi ordunu geri çağırmalı olacaq. Deməli, müharibənin nə ilə nəticələnəcəyini əvvəlcədən söyləmək çətindir. Odur ki Osmanlı hökuməti öz strategiyasını doğru müəyyənləşdirməlidir». Bu sətirlərdən belə başa düşmək olar ki, Mustafa Kamal proseslərə daha ağıllı və müdrik yanaşıb, 1914-cü ilin avqustunda Osmanlı ilə Almaniya arasında gizli müttəfiqlik sazişinin imzalanmasını yanlış addım kimi qiymətləndirib, bu addımın ağır nəticələr verəcəyini əvvəlcədən doğru hesablayıb. Bir qədər irəli gedərək demək lazımdır ki, hadisələrin gedişi qəhrəmanımızı haqlı çıxardı. Məlum oldu ki, Mustafa Kamal şübhələrində yanılmayıb.

Osmanlı dövləti ilə gizli anlaşmanın əldə edilməsindən bir həftə sonra Almaniya imperiyası «SMS Goeben» adlı müharibə kruvazörü ilə «SMS Breaslau» adlı yüngül kruvazörünü İstanbula yolladı. Hər iki döyüş gəmisi Osmanlı donanmasının mülkiyyətinə keçdi və onu xeyli gücləndirdi. Gəmilərin adları «Yavuz» və «Midilli» olaraq dəyişdirildi. Həmin gəmilərdən oktyabrda rus hərbi bölüklərinə atəş açıldı. Qarşı tərəf xeyli itki verdi.

Bu hadisədən bir neçə gün sonra, 1914-cü il oktyabrın 30-da Rusiya Osmanlıya, bundan bir neçə saat sonra isə Ənvər paşa Osmanlı hökuməti adından Rusiyaya savaş elan elədi. Məsələdən hali olan İngiltərə və Fransa da müttəfiqlərinə – Rusiyaya dəstək olaraq Osmanlıya qarşı müharibəyə başladığını bəyan etdi.

Ovaxtkı Osmanlı Şeyxül-islamı bu savaşın cihad olduğunu bildirdi. Onun xeyir-duası ilə Osmanlı ordusu həm torpaqlarını qorumaq, həm də ilk Balkan müharibəsindəki məğlubiyyətin qisasını almaq üçün döyüşə girişdi. Döyüşçülərin əhval-ruhiyyəsi yüksək idi: hərb naziri Ənvər paşanın qısa vaxtda həyata keçirdiyi islahatlar, eləcə də ordu sıralarına yeni qüvvələrin cəlb edilməsi zabit və əsgərlərdə qələbəyə şübhə yeri qoymurdu.

Mustafa Kamal isə I Dünya müharibəsinə 1915-ci ildə qoşuldu. O, Mərmərə dənizinin Avropa sahilində mövqe tutan 19-cu diviziyanın komandiri təyin edildi. Əslində, bu diviziya sadəcə kağız üzərində mövcud idi. Odur ki qəhrəmanımızın ilk işi haqqında danışılan hərbi birləşməni təşkil eləmək oldu. Bu zaman cəbhədən ürək açmayan xəbərlər gəlirdi. Bir çox istiqamətlərdə, xüsusilə Sarıqamışda16 şəxsən Ənvərin başçılıq etdiyi ordu hissələri ağır itkilər vermişdi. 1914-cü il dekabrın 4-dən 1915-ci il yanvarın 18-dək davam edən Sarıqamış döyüşündə yol verilən hərbi səhvlər Osmanlı ordusunun ağır məğlubiyyəti ilə nəticələnmiş, onminlərlə zabit və əsgər öldürülmüş, yaxud əsir düşmüşdü. Süveyş kanalı17 yaxınlığında baş verən döyüşdə isə ingilis ordusu Camal paşanın rəhbərlik etdiyi Osmanlı qoşununun hücumunu asanlıqla dəf etmişdi.

1915-ci il fevralın ortalarında məlum oldu ki, 18 hərbi gəmi fransız, ingilis və rus bayraqları altında Seddülbahir burnunda toplaşıb. Bura bütövlükdə Çanaqqala adlanan geniş əraziyə daxil idi. Seddülbahir burnu isə həm Bosfor və Dardanel18 boğazlarını, həm də İstanbul keçidini qoruyurdu. Buradan Osmanlı paytaxtına cəmi 250 km məsafə var idi. Odur ki düşmən hərbi gəmilərinin hədəfini anlamaq çətin deyildi. Lakin onlar İstanbulu ələ keçirməyin asan olmayacağını tezliklə başa düşəcəkdilər. Belə ki, elə ilk həmlədən sonra istənilən nəticəni əldə edə bilməyən müttəfiqlər 1915-ci il martın 18-də növbəti hücumu gerçəkləşdirdilər. Çanaqqala savaşının başlanğıcı kimi qiymətləndirilən bu hücum da uğursuzluqla nəticələndi – müttəfiqlərin üç gəmisi batırıldı, üçü isə ciddi zədələndi. Vəziyyəti bu cür görən düşmən ordusunun admiralları qurudan hücuma keçməyi qərara aldı.

Antantanın Çanaqqaladakı ilk həmlələri uğursuzluqla nəticələnsə də, İstanbulda təlaş hökm sürürdü. Şəhər əhalisinin böyük hissəsi işğalın qaçılmaz olduğuna inanırdı. Görünür, sultanın sarayında da eyni ovqat hökm sürürdü. Bu səbəbdən də xəzinə və dövlət arxivi İstanbuldan kənara köçürülmüşdü. Hətta Osmanlı padşahı V Mehmedin də şəhəri tərk eləmək üçün hazır vəziyyətdə gözlədiyi deyilirdi. Halbuki müttəfiqlər üçün də işlər qaydasında deyildi. Düşmən admiralları yerli şəraiti yaxşı bilmədiklərindən düzgün hücum taktikası qurmağa çətinlik çəkirdilər. İstifadə olunan xəritələr köhnə və qeyri-dəqiq idi. Bütün bunlar azmış kimi, əsgərlər arasında qarın yatalığı yayılmışdı.

1915-ci il aprelin 25-də təxminən 65 min nəfərlik fransız və ingilis ordusu Osmanlı qoşunları üzərinə hücuma keçdi. Fransızlar Anadolu19 tərəfdən – Qumqaladan, ingilislər isə sağ cinahdan – Suvala və Qabatəpə istiqamətindən

Скачать книгу

15

Karpatlar – Mərkəzi Avropada yerləşən Karpat dağlarının əhatə etdiyi ölkələr (Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya) nəzərdə tutulur.

16

Sarıqamış – indiki Türkiyə ərazisində, Qars vilayətində yerləşən qəsəbə

17

Süveyş kanalı – müasir Misir Ərəb Respublikasının ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalı.

18

Dardanel boğazı (və ya Çanaqqala boğazı) – Asiyanı Avropadan ayıran boğazlardan biri. Egey dənizi və Mərmərə dənizi arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır.

19

Anadolu (və ya Kiçik Asiya) – Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.