ТОП просматриваемых книг сайта:
Hekayələr. Ömər Seyfəddin
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952241792
Автор произведения Ömər Seyfəddin
Серия Hekayə ustaları
Издательство Altun Kitab
– Mən əziz imperatriçəmiz qədər çalışıram. Niyə yorulum ki? – deyirdi.
Sonra dərhal imperatriçələrinin həyatını, onun heç vaxt xidmətçidən istifadə etmədiyini, son dərəcə qənaətə riayət etdiyini, hətta böyük uşaqlarının geyimləri köhnələndə atmayıb bir yaş kiçik uşaqlarına geydirdiyini… Yeganə qızının da köhnə libaslarını söküb yenidən bəzədiyini, artıq xərc olmasın deyə ən ləzzətli yeməyi hətta bir dəfə yeməkdən vaz keçdiyini danışmağa başlardı. Bu iri, canlı, gözəl, qüvvətli qadının bəyaz və təmiz dişlərini göstərərək söylədiyi bütün bu qənaət hekayətlərini dinlərkən qeyri-ixtiyari olaraq İstanbulu, öz həyatımızı, zəifcanlı arvadımın israfçılığını, beş lirəyə ancaq ikicə dəfə geyilən bluzları, beş məcidiyyəlik9 ipək corabları, hər iki ayda bir dərziyə iyirmi lirəyə tikdirdiyi kostyumları, otuz lirəlik krujevalarını xatırladım. İstan- bula dönmək saatları yaxınlaşdıqca içimdə bir sıxıntı peyda olur, böyüyür, məni kədər boğurdu. Bu rahatlığı, səadəti məmləkətimdə tapacağım mümkün deyildi. İztirabımı dostuma açıb danışdım. Acıdı. Mənə haqq verdi. Fəqət:
– Bu rahatlıq, səadət Almaniyanın torpağında, daşında, coğrafiyasında deyil, alman qadınındadır, – dedi, – Almaniyanın səadətini, rifahını, zənginliyini alman qadını yaradıb. Sənə bir alman qızı tapaq. Onunla evlənib İstanbula qayıdarsan. Eynilə Almaniyadakı intizam, Almaniyadakı istirahət içində yaşarsan.
Bu, mümkünmüydü? Evli olduğumu söylədim. Arvadımı boşasam, bir neçə yüz lirə boşanma haqqı verməyə pulum olmadığını dedim. Dostum:
– Heç qorxma, – dedi. – Alman arvad səni on lirə ilə Türkiyə kimi ucuz bir yerdə yüz lirəlik rifah içində yaşadar. Bir ilin içində heç bir borcun qalmaz. Ölümdən qurtularsan.
Düşündüm, daşındım. Alman qadınını gördükdən sonra mənim israfçı, modabaz arvadım xəyalıma qorxunc bir ziyanverici kabus kimi gəlirdi. İstanbula dönmək, borc içində, rəzalət içində sürünərək ac, səfil ölmək… Yaxud alman qadını deyilən bir səadət maşını alaraq hər şeyi silib atmaq… Rahat, bütün qayğılardan azad, məsud yaşamaq… Bu iki yoldan birisinə mütləq gedəcəkdim. Ölüməmi? Yaşamağamı? Ölümü seçə bilmirdim. Qeyri-ixtiyari olaraq İstanbuldakı zənginlərin, ən çox maaş alan məmurların israfçı- lıq, idarəsizlik üzündən çəkdikləri səfalətləri, ən zəngin paşaların, bəylərin ölümlərindən bir ay sonra arvad-uşaqlarının dərhal dilənəcək dərəcələrə endiklərini ağlımdan keçirdim. İdarəsiz, qənaətsiz, intizamsız bir həyatın pul nöqteyi-nəzərdən nə qədər taleyi olsa da, yenə gələcəyi qapqaraydı. İstanbuldakı evimdən, arvadımdan ürkdüm. Qurtulmaq, yaşamaq üçün alman qadını qəti bir əlac, bir dərmandı. Bir dirilik suyu, abi-həyatdı! Təkrar evlənməyə qərar verincə qız tapmaq uzun sürmədi. Dostumun arvadı tərəfdən əqrəbası olan indiki arvadımı bir bazar günü mənə təqdim etdilər. Çox xoşuma gəldi. Atası iki il əvvəl vəfat etmiş bir mühəndisdi. Nişanlandıq. Qızın kiçik bir çehizi vardı. Nikahlandıq. Sizə and içərəm ki, rəsmi sənəd rüsumundan başqa artıq məsrəfim olmadı. Bal ayı səfərinə yollanırmış kimi İstanbul yolunu tutduq. Arvadım birincidərəcəli sərnişinlər arasında səyahət etməyimizə razı olmadı. Aldığımızı, qəzet puluna qədər bir dəftərə yazmağa başladı: "Pul qazanmaq ərin, qazanılan pulun alıcılıq qüvvəsini artırmaq isə qadının vəzifəsidir" deyirdi. İstanbula gəldik. Bəyoğluda bir hotelə düşdük. Mən yoxkən keçmiş zərif və qəşəng arvadım özü kimi yaraşıqlı, zərif bir bəyə aşiq olmuşdu… Onun arzusuyla əlüstü ayrıldıq. Yeni arvadımı evimə gətirdim. Aşpaz ilə xidmətçiləri görüncə ağlı çaşdı. "Bizdə bankirlər belə ayrı aşpaz, ayrı xidmətçi tutmaz" dedi. Hər üçünü başımızdan elədik.
– Evdə nə iş olsa, mən görəcəyəm, – deyirdi. – Yemək, camaşır, tikiş, təmizlik, bulaşıq, döşəmə silmək, ayaqqabıları təmizləyib boyamaq-filan…
Gəldiyimizin ertəsi axşamı evin kirəsini soruşdu. Mən altı lirə deyincə heyrətdən gözləri yerindən oynadı.
– Adam da varidatının yarısından çoxunu ev kirəsi verərmi? – deyə bərk heyrətləndi, türk xalqının heç hesab bilmədiyini söylədi: – Sizdə bir, iki, üç, dörd, beş, on, iyirmi, otuz rəqəmləri varmı? Ümumiyyətlə, yazınızda rəqəm işarətləri varmı? – deyə əcaib suallar verirdi.
Əvvəlcə artıq mebelləri satdırdı. Pullarını banka qoydu. O ay evi də dəyişdirdi. Heydərpaşada bir alman evinin üst qatını səkkiz məcidiyyəyə kirələdi. Bura mətbəxiylə, hamamxanasıyla ayrılmış bir bina mənzili kimiydi. İki otağı vardı. Birini yataq otağı elədi, birini də qonaq… Bu ikinci otaqda həm qonaqlarımızı qəbul edir, həm də yeməyimizi yeyirdik… Rahat, məsud yaşamağa başladıq. Kirə daxil olduğu halda aylıq məsrəfimiz tam beş lirə edirdi. Maaşımdan artan beş lirəni arvadım hər ay banka aparır, mebel- lərdən aldığımız pulların üzərinə əlavə edirdi. O vaxtdan bəri hər ay beş lirə xərcləyirik. Mən saat səkkizdə vağzala gedirəm. Hər gün günortaüstü arvadım bir səfər qazançasıyla yeməyimi, çörəyimi ayağıma gətirir, hər axşam gəlir, mən işdən çıxıram, bərabər gəzirik. Saat yeddinin yarısı olanda məni gəzintidə yalqız buraxır, evə qayıdıb səkkizin yarısına qədər yeməyi hazırlayır, mən gəlincə hazır süfrə arxasına keçirəm. Yeməkdən sonra skripkada klassik musiqilər çalır, klassik şeirlər oxuyur. Saat on birdə yatırıq. Arvadım altıda yataqdan qalxar. Səhər yeməyini hazırlar. Mənimlə bərabər bazardan o günün ərzağını almaq üçün çıxar. Bazar günləri yay-qış mütləq dağlara gəzməyə çıxarıq. Axşama qədər dolaşarıq. Arvadıma görə, ən gözəl əyləncə meşədə ayaqyalın gəzmək, meşələrin havasını udmaqdır. Üç ildir bax həyatımız bu proqram içində keçir. Bir gün olsun bu proqram pozulmadı.
Keçən il maaşım on beş lirə oldu. Arvadım bunun məsrəfimizə heç bir təsiri olmayacağını söylədi. Hər ay banka beş lirə yerinə on lirə aparmağa başladı. Arvadımın fikrincə, xərc varidata görə deyil, ehtiyaca görə olmalıdı. Varidat arta bilərdi. Amma varidatın artması məsrəfin çoxalması üçün məntiqi bir səbəb sayıla bilməzdi. Xərc yenə ehtiyacın dərəcəsində qalmalı idi. Bunu mən də götür-qoy etdim. Doğru olduğunu gördüm. Bir türkün aylıq varidatı iyirmi beş lirə ikən otuz lirə oldumu, o saat evini dəyişdirmək, daha bir xidmətçi tutmaq fikrinə düşər. Halbuki bizim şirkətin müdir müavini yüzlərcə lirə maaş aldığı halda məsrəfi ehtiyacına görədir. Yəni eynilə mənimki kimi… Onun da arvadı xidmətçidən, aşpazdan, nökərdən istifadə etməz. Bazara ərzaq dalınca da özü gedər, özü alar, özü evinə gətirər. Arvadım ancaq doğulan uşaqlar əlavə xərc istər deyir, çünki ehtiyac dəyişir.
Bəli, nəhayət, bizim də bir gün məsrəfimizin çoxalması vacib oldu. Arvadım hamiləydi. Bax mən əsl qənaətin nə
9