Скачать книгу

ləzzəti dillə deyilməz bir sevinclə onun ruhunu sarırdı. "Yarın" qəzetinin müxbiri gənc şairlə söhbətini təqdim edirdi. Fon Sədriştayn, Orxanın sözlərini təkrar-təkrar oxudu. Bu dahi: "Mən hər şeyi anamdan öyrəndim. Anam məni dini bir vəcd içində böyütdü. Şeirlərimdə duyduğunuz "lirizm"in mənbəyi ondan aldığım dini tərbiyənin həyəcanlarıdır.

      Şeirlərimi, hekayələrimi, tragediyalarımı əvvəlcə rəvayət halında ondan eşitdim. Onun xalqdan gələn ruhu mənə xalq sevgisini, xalq eşqini aşıladı. Bundan dolayıdır ki, qafiyələrim xalqın təbirləri, musiqim xalqın dilindəki ahəngdir…" – deyirdi. On cild əsəri başqa-başqa mətbəələr tərəfindən ayrı-ayrı şəkillərdə yayımlanmışdı. "Yarın" qəzeti hər şəkildən bir örnəyin rəsmini göstərir, bütün əsərlərinin mövzularına dair məlumat verirdi.

      Fon Sədriştayn saatlarca bu təfsilatı oxudu. Min ildən bəri bir millətin ruhunda axmadan üst-üstə yığılan enerjisini daşırmaq, yetmiş-səksən milyonluq bir millətin uyuyan vicdanını oyatmaq, şübhəsiz, dünyada görüləcək ilahi işlərin ən böyüyüdür! Heç bir dahi bu qədər gənc ikən milləti tərəfindən anlaşılmamışdı. Turanın hər tərəfindən onu salamlamaq üçün heyətlər gəlmişdi. Kaşqardan, Buxaradan, Fərqanədən, Xivədən, Altay şəhərlərindən, hər yerdən, hər yerdən… Məsud şair, əbədiliyin ləzzətini hələ sağlığında dadırdı. Fon Sədriştayn belə təqdirlər, heyrətlər, məftunluqlar içində düşünərkən qəfildən bütün podaqra sızıltılarını yenə qəlbində duydu. Duyduğu ağrıdan az qala öləcəkdi. Əlini köksünə qoydu. Üzünü büzüşdürdü. Başını əydi. Dişlərini sıxdı. Öz oğlu ağlına gəlmişdi. Gözlərini qapadı. Fəqət xatirəsini qapaya bilməzdi. Arzusuna rəğmən xəyalında onun üzündən çəkdiyi iztirablar keçmişdən daha şiddətli bir açıqlıqla oyanırdı. O da indi Orxan bəy kimi iyirmi yeddi yaşındaydı. Təhsili üçün, tərbiyəsi üçün bu qədər çalışdığı halda, bütün səyləri boşa çıxmışdı. Şübhəsiz, Orxan kimi dahilər milyardda bir doğulurdı. Kim bilir, bu yaradıcı ruhu ona verən anası nə ülvi, nə mükəmməl bir qadındı. Fəqət öz arvadı da məgər pis idimi? Fədakardı. Namusluydu. Qənaətcildi. Çalışqandı. Ciddiydi. Halbuki oğlu xudbin, qətiyyətsiz, israfçı, tənbəl, xaraktersiz bir sərsəriydi. Hələ balaca ikən riyakarlığa başlamışdı. Anasına: "Mən almanam! Türklər eşşəkdir!", ona isə: "Mən türkəm! Almanlığı qəbul etmərəm" deyərək ikisinin arasında gizli-gizli buz dağları yüksəldir; sonra yalanla, düzənlə hər birinin məhəbbətini ayrı-ayrılıqda oğurlar, oğurladığı iki məhəbbəti sahiblərinə qarşı bir şantaj alətinə çevirərdi. Fon Sədriştayn tamam dazlaşmış başını əlləri içinə aldı:

      – Niyə belə oldu? Axı niyə belə oldu? – deyə inlədi. Anasının yaxşı cəhətləri niyə ona keçməmişdi? Özü də pis hallara nifrət edən, sakit, ağıllı, çalışqan bir adamdı. Niyə bu xasiyyətləri oğluna keçməmişdi? Həm də Orxan kimi mükəmməl bir şəxsiyyət yalnız anasının ümidinə qalmış bir yetimdi. Həyat hekayəsinə baxılarsa, hələ bir yaşında ikən atası Çanaqqalada şəhid düşmüşdü. Qəlbi sürətlə döyünməyə başladı. Oğlunun rəzalətlərini xatırladıqca nəfəsi tıxanacaq kimi olurdu… İyirmi beş il içində min bir sıxıntı ilə gələcəkləri üçün quruş-quruş yığdıqları sərvəti bankdakı kassadan Arsen Lüpenvari adlı bir intriqaçı ilə mənimsəyib Amerikaya qaçandan bəri ər-arvad onun adını belə çəkmirdilər. Madam Sədriştayn, oğlu ağlına gəlincə özü kimi həyəcana düşər, üzü qızarar, əlləri-ayaqları titrərdi:

      – Şeytan alıb aparsın, şeytan alıb aparsın! Onun üzünü bir daha bizə göstərmə, Allahım! – deyə diz çökərək yanıqlı-yanıqlı ibadət etməyə başlar, gözlərindən acı göz yaşları axardı. İndi kim bilir haradadır? Nə türk ola bilmişdi, nə də alman… Hər millətin xaricində, hər əxlaqdan kənar, pis bir etalondu. İki işıqdan qaranlıq hasil olması kimi, anasının, atasının milliyyətlərindəki yaxşı cəhətlər də sanki onda birləşincə bir rəzalət halına keçmişdi. Fon Sədriştayn gənc yaşında millətinə məfkurə peyğəmbəri olan Orxanın ailəsini düşündü. Oğullarının bu şan-şöhrəti, bu şərəfi üçün nə qədər məsud olmuşlar, nə qədər iftixar etmişdilər! Daim xəyalın fövqündə, olmayacaq şeyləri istəyən xəstəhal bir ata qibtəsiylə: "Ah, mənim Hasibim də belə bir dahi olsaydı…" – deyirdi. Orxan bəy – hər dahi kimi onu da anası yaratmışdı.

      Görəsən, anası necə ülvi, necə mükəmməl bir qadındı? Oğlunu ilhamın, həyatın, həqiqətin təbii mənbələrinə aparan, qocaman bir millətə xilaskar hazırlayacaq qədər milli bir tərbiyə verən bir qadın əcəba necə bir vücuddu? Fon Sədriştayn, içindən ruhuna əks edən bu sualları düşünə-düşünə zəif əhvalını yordu. Kreslosunda bir tiryək sərxoşu kimi sızıldadı.

      Arvadı pəncərəni örtərkən mürgüdən oyandığı zaman günəş çoxdan batmış, hava tamamilə qaralmışdı. Körfəz, qarşı tərəf, saraylar, bütün liman, Üsküdar körpüsü, Çamlıca təpəsi elektrik “çiçəkləri”ylə bəzədilmişdi; alqış, musiqi, orkestr səsləri uğultulu bir tufan kimi hər tərəfi bürümüşdü.

      – Mən çıxacağam.

      Madam Sədriştayn soruşdu:

      – Nə üçün?

      – Gəzməyə…

      – Məqsədin şənliyi görməkdirsə, buradan daha yaxşı görünür. Küçədə nə edəcəksən?

      – Heç.

      – Özün bil…

      İkisi ta yemək zamanına qədər pəncərədən gözəl İstanbulun nur içində parlamasına uzun-uzadı baxdı. Heç biri dillənib bir söz demirdi.

      Fon Sədriştayn bu milli bayramın ertəsi günü, ondan bir gün sonra da rahatlaşmadı. Podaqra sızıltıları dayanmışdı. Lakin "sabit bir fikir" ruhuna sakitlik vermirdi. Görəsən, cahana belə bir dahi yetişdirən qadın necə bir varlıqdı?

      – Ah, bir onu görsəm… – deyirdi.

      Arzusunu unuda bilməyən xəstə bir qoca əsəbiyyəti ilə üzülür, kreslosunda otura bilmirdi. Günorta yeməyindən qalxan kimi yataq otağına keçdi, geyindi. Yoğun palıd əsasını götürdü. Süfrəni yığışdıran arvadı:

      – Hara gedirsən? – deyə soruşdu.

      – Gəzməyə.

      – Gec qalma. Axşamlar rütubətli olur.

      – Yaxşı.

      Qapıdan çıxdı. Dar, qaranlıq pilləkənləri dayana-dayana endi. Yoxuşa döndü. Ayazpaşa parkının önündəki kiçik telefon mərkəzinə girdi. Məlumat kitabında Orxan bəyin ünvanını tapdı. Telefonun dəstəyini götürdü:

      – Alo.

      – Buyurun…

      – Orxan bəyin evidirmi?

      – Bəli.

      Bu, incə bir qız səsiydi. Fon Sədriştayn təkrar soruşdu:

      – Orxan bəyin anası evdədirmi?

      – Evdədir.

      – Mən onları təbrikə gəlmək, ziyarət etmək istəyirəm. Qəbul buyurarlarmı?

      – Kimsiniz? Sizi necə təqdim edim?

      – Bir yaşlı adam, deyin.

      – Adınız?

      – Məşhur

Скачать книгу