ТОП просматриваемых книг сайта:
Hekayələr. Ömər Seyfəddin
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952241792
Автор произведения Ömər Seyfəddin
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Ertəsi gün Mıstıq məktəbə gəlməmişdi. O biri gün yenə gəlmədi… Anama Hacı Budaqgilə gedib Mıstığa dəyməyi təklif etdim.
– Xəstədir, oğlum, – dedi, – inşallah, yaxşılaşanda yenə oynarsınız, indi onu narahat etmək ayıbdır.
Ondan sonra mən hər zaman Mıstığı yaxşılaşmış görəcəyim ümidiylə məktəbə gedərdim. Heyif ki, o bir də məktəbə gəlmədi… Köpək quduzmuş. Müalicə üçün Mıstığı Bandırmaya apardılar. Oradan İstanbula göndərəcəkdilər.
Nəhayət, bir gün eşitdik ki, Mıstıq ölüb…
Erkən qalxdığım açıq, buludsuz səhərlər hər kəs kimi mənə də uşaqlıq illərimi xatırladır. Yaddaşımda sonsuz və bənövşəyi bir dan yeri ölkəsi kimi qalan doğulduğum torpağı gözümün önündə canlandırıram. O dəqiqə, özüm də fərqində olmayaraq, sol əlimin şəhadət barmağına baxıram. Barmağımın birinci buğumunun üstündə hələ də bəyaz cizgi şəklində qalmış kiçik çapıq izi mənim üçün çox müqəddəsdir. Andı üçün ölən, həyatını məhv edən qəhrəman qan qardaşımın isti dodaqlarını təkrar barmağımın ucunda duyur, məni qurtarmaq üçün özündən böyük, qudurmuş, iri, qara çobaniti ilə güləşən o aslan qəhrəmanın xəyalını görürəm.
Bugünkü türk mentalitetindən uzaq, əxlaqsızlıq, mənəviyyatsızlıq, bayağılıq və miskinlik yağan bir cəhənnəmin dibində bu saf, nurlu cənnətin uzaq, ani ilğımı gözümün önündə açılır. Saatlarla Mıstığı anaraq zaman keçdikcə daha çox dəyəri artan kədərli xatirənin həzin dadını duyuram.
QAŞOV
Tövlənin iç həyətində oynarkən aşağıda, gümüşü söyüdlər altında görünməyən dərədəki çayın hüznlü şırıltısını eşidirdik. Evimiz iç çəpərdəki böyük şabalıd ağaclarının arxasında görünməz kimiydi. Anam İstanbula getdiyi üçün məndən bir yaş kiçik olan qardaşım Həsənlə artıq Dadaruhun yanından heç ayrılmırdıq. Bu, atamın işçisi, yaşlı bir adamdı. Səhər erkəndən tövləyə qaçardıq. Ən sevdiyimiz şey atlardı. Dadaruhla birlikdə onları suvarmağa aparmaq, çılpaq minmək doyulmaz bir zövq idi. Həsən qorxar, tək minə bilməzdi. Dadaruh onu qucağına alırdı. Torbalara arpa qoymaq, axura ot doldurmaq, altlarını kürümək əyləncəli bir oyundan daha çox xoşumuza gəlirdi. Hələ tumar – bu ən zövqlü şeydi. Dadaruh əlinə qaşovu alıb işə başladımı, çıq… çıq… çıq… çıq… sanki bir saat kimi səs çıxarırdı. O saat yerimdən oynar:
– Mən də edəcəyəm! – deyə əl çəkmirdim.
O halda Dadaruh məni Tosunun belinə qaldırar, qaşovu verər:
– Di başla! – deyərdi.
Bu dəmir ləvazimatı heyvanın gövdəsinə sürtər, amma o ahəngdar xışıltını çıxara bilməzdim.
– Quyruğunu yelləyirmi?
– Yelləyir.
– Hanı, baxım?..
Əyilirdim, uzanırdım, amma atın sağrısından quyruğu görünməzdi. Hər sabah tövləyə gələr-gəlməz:
– Dadaruh, tumar mənlikdir, – deyərdim.
– Bacarmazsan.
– Niyə?
– Hələ balacasan, ona görə…
– Bacararam.
– Böyü, sonra…
– Nə zaman?
– Boyun at qədər olanda....
At, tövlə işlərində təkcə tumarı bacarmırdım. Boyum atın qarnına belə çatmırdı. Halbuki ən əyləncəli şey buydu. Sanki qaşovun düzənli səsi Tosunun xoşuna gəlir, qulaqlarını qısır, quyruğunu enli bir qotaz kimi yellədirdi. Tumar tam bitənə yaxın narahat olur, o zaman Dadaruh "Höyt!.." deyə sağrısına bir şapalaq endirir, sonra o biri atları tumara başlardı. Bir gün təkbaşıma qalmışdım. Həsənlə Dadaruh dərə kənarına enmişdilər. Ürəyimdə bir tumarlamaq istəyi oyandı. Qaşovu tapa bilmədim. Tövlənin bucağında Dadaruhun pəncərəsiz kiçik bir otağı vardı. Buraya girdim. Rəfləri aradım. Yəhərlərin arasına-filana baxdım. Yoxdu ki, yoxdu! Yatağın altında yaşıl taxtadan bir sandıq dururdu. Onu açdım. Sevincimdən hayqıracaqdım. Anamın bir həftə öncə İstanbuldan göndərdiyi ərməğanlar içindən çıxan gümüşü qaşov par-par parlayırdı. Onu qapıb Tosunun yanına cumdum. Qarnına sürtmək istədim. Rahat durmurdu.
– Bəlkə, ağrıdır? – dedim.
Gümüş kimi parlayan bu gözəl qaşovun dişlərinə baxdım. Çox kəskin, çox sivriydi. Bir az korşaltmaq üçün divarın daşlarına sürtməyə başladım. Dişləri pozulan kimi yenidən sınadım. Yenə atların heç biri durmurdu. Hirsləndim. Acığımı sanki qaşovdan çıxmaq istədim. On addım irəlidəki çeşməyə qaçdım. Qaşovu yalağın daşına qoydum. Yerdən qaldıra bildiyim ən ağır bir daş taparaq üstünə var gücümlə endirməyə başladım. İstanbuldan göndərilən, üstəlik, Dadaruhun istifadəyə əli gəlmədiyi bu gözəl qaşovu əzdim, parçaladım. Sonra yalağın içinə atdım.
Atam hər sabah evdən çıxarkən bir kərə tövləyə baş çəkər, oyan-buyanına baxardı. Mən o gün yenə tövlədə yalqızdım. Həsən evdə xidmətçimiz Pərvinlə qalmışdı. Atam çeşməyə baxarkən yalağın içində qırılmış qaşovu gördü; Dadaruha hayqırdı:
– Gəl buraya!
Nəfəsim kəsiləcəkdi, bilmirəm nədən, çox qorxmuşdum. Dadaruh təəccübləndi, qırılmış qaşov ortaya çıxınca atam bunu kimin etdiyini soruşdu. Dadaruh:
– Bilmirəm, – dedi.
Atam gözlərini mənə çevirdi, dinməzcə üzümə baxdı.
– Həsən, – dedim.
– Həsənmi?
– Bəli, dünən Dadaruh yatarkən otağa girdi. Sandıqdan çıxardı. Sonra yalağın daşında əzdi.
– Niyə Dadaruha xəbər vermədin?
– Yatırdı.
– Çağır onu görək.
Çəpərin qapısından keçdim. Kölgəli yoldan evə doğru gedib Həsəni çağırdım. Zavallının heç nədən xəbəri yoxdu. Arxamca gəldi. Atam çox sərt adamdı. Bir baxışından ödümüz ağzımıza gələrdi. Həsənə dedi:
– Əgər yalan söyləsən, səni döyərəm!
– Söyləmərəm.
– Çox yaxşı, bu qaşovu niyə qırdın?
Həsən, Dadaruhun əlindəki alətə mat-məəttəl baxdı! Sonra sarısaçlı başını silkələyərək:
– Mən qırmadım, – dedi.
– Yalan söyləmə, deyirəm.
– Mən