ТОП просматриваемых книг сайта:
Hekayələr. Эдгар Аллан По
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242096
Автор произведения Эдгар Аллан По
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə izaholunmaz dərəcədə meyil göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.
Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib sahələrində qələbə çalmaq bacarığı ilə birsləşir, burada zəka ilə ağıl yarışır. “Məharətli oyun” dedikdə kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəngdir, insan fikirlərinin elə dərinliklərində özünə məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur.
Analitik bacarıq adi bacarıqla qarışdırılmamalıdır; çünki analiz edən hökmən məharətli olduğu halda, məharətli adamın çox vaxt analiz etmə bacarığı olmur. Məharət, adətən, özünü yaradıcılıqda və hadisələr arasında əlaqə yaratmaqda büruzə verir, çox vaxt o elə adamlarda müşahidə edilir ki, onların əqli səviyyəsi yerdə qalan bütün hallarda, məişət və adətlərdən yazan yazıçıların qeyd etdiyi kimi, kəmağıllılıq səviyyəsində olur. Həqiqətən də, bacarıqlı adamların çox xəyalpərəst, zəngin təxəyyüllü adamların isə analizə daha meyilli olduğunu görmək mümkümdür.
Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ əyani olaraq əks edəcəkdir. 18..-ci ilin yazını və yayının da bir hissəsini Parisdə yaşadığım zaman Ogüst Düpen adlı bir cənabla tanış oldum. O, əsilli-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən taleyin dönüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki, təbiətinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, əldən çıxmış var-dövləti qaytarmağı xəyalına belə gətirməmiş, yüksək cəmiyyətdə nüfuzunu bərpa etməyə səy göstərməmişdi. Kreditorların ona olan rəğbəti sayəsində atadanqalma mirasın bir hissəsi Düpen üçün saxlanmış, ondan gələn gəliri ilə dolanmış, ciddi qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həyatın nəşələrinə yad olmuşdu. Yeganə israfçılıq etdiyi şey kitablardı, onları da Parisdə asanlıqla əldə etmək olardı.
İlk görüşümüz Monmartr küçəsində aztanınan bir kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq. İkimiz də çox nadir və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun ailə tarixi ilə dərindən maraqlandım. O hər bir fransıza xas səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütaliəsi məni heyran etmişdi. Ən başlıcası isə həyat hadisələri haqqında aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi riqqətə gətirirdi. O zaman Parisdə yaşayırdım, müəyyən bir məqsədim vardı. Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim üçün əvəzsiz xəzinə tapmaq kimidir. Səmimiyyətlə bu barədə ürəyimdən keçənləri ona danışdım. Nəhayət, şəhərdə qaldığım müddətdə bir yerdə yaşamağı qərara aldıq.
Mənim maddi vəziyyətim Düpenə nisbətən bir qədər yaxşı olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım. Qəribə mülk idi. Sen-Jermen yaxınlığında sakit bir yerdəydi. İllər keçdikcə ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl gəzdirilməmişdi, artıq dağılmağa doğru gedirdi. Bu mülkdə keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, bizi dəli hesab edərdilər. Tamamilə tənha yaşayırdıq, heç kəsi görmək belə istəmirdik. Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım. Düpen isə Parislə əlaqəsini kəsmişdi, onu yada salan da yox idi.
Dostumdakı qəribəliklərdən biri (bunu başqa cür necə adlandırım?) gecə füsunkarlığına vurğunluq idi, başqa sözlə, o, gecə dəlisi idi. Digər cəhətləri ilə yanaşı, buna da alışaraq özümü unutdum və tamamilə dostumun qəribəliklərinə öyrəşdim. Təbii ki, gecə daimi olmadığından süni gecə yaradırdıq: səhər dan yeri ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam yandırardıq. Şamlar yandıqca ətirli iy verər və ətrafa tutqun zəif işıq saçardı. Şamların işığında şirin xəyallara dalar, divar saatı həqiqi qaranlığın düşdüyünü xəbər verənəcən oxuyar, yazar və söhbət edərdik. Söhbətləri davam etdirər və yaxud izdihamlı şəhərin yanıb-sönən işıqları və qaranlığı içində veyillənərdik. Gecənin sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi. Belə anlarda Düpenin əqlinə, qabiliyyətinə bələd olsam da, onun zəkasına qeyri-ixtiyari olaraq heyran qalırdım.
Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa uzaqlara baxar, adətən, məlahətli səsi zilə qalxar, sakit və təmkinliliyinə baxmayaraq, danışığı əsəbi olardı. Bu cür əhvali-ruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək niyyətindəyəm. Xeyr, mən onun xasiyyətini, sadəcə, təsvir edirəm. Onda bu xasiyyət coşqun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.
Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı