ТОП просматриваемых книг сайта:
Qorxu vadisi. Артур Конан Дойл
Читать онлайн.Название Qorxu vadisi
Год выпуска 0
isbn 9789952244052
Автор произведения Артур Конан Дойл
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Bu variantı ata bilərik, – Makdonald onun sözünü kəsdi.
– Mən də elə fikirləşirəm. Qalır qətl hadisəsi. Onda bunu kimin törətdiyini müəyyənləşdirməliyik: kənardan gələn adamdır, ya evdəkilərdən biri?
– Öz mülahizələrinizi söyləyin.
– Fərz edək ki, qatil evdəkilərdən biridir. Atəş açılandan vur-tut bir dəqiqə sonra mister Berker, hətta Ems də hadisə yerinə gəlib. Necə ola bilər ki, cinayətkar həmin vaxt ərzində pəncərəni açsın, çərçivəni qana bulasın, öldürülənin barmağından nişan üzüyünü çıxarsın, üstəlik də başqa işləri görsün? Bu, mümkün deyil.
– Hər şeyi çox dəqiq izah elədiniz, – Holms dedi. – Bu məsələdə sizinlə tamamilə razıyam.
– İndi qatilin kənardan gəlməsi versiyasına baxaq. Duqlas ömrünün çox hissəsini Amerikada yaşayıb, tüfəng isə Amerika istehsalıdır, çox güman ki, qətl qisas zəminində törədilib. Cinayətkar bu otağa gələrək gecə saat on birə qədər pərdənin arxasında gizlənib. Mister Duqlas otağa girəndə aralarında qısa söhbət olub. Bu söhbət heç olmaya da bilərdi, çünki missis Duqlas deyir ki, əri gedəndən beş dəqiqə keçməmiş atəş səsini eşidib…
– Bunu şamdan da bilmək olur, – Holms dedi.
– Doğrudur. Təzə şam yarım düym yanmağa macal tapıb. Duqlas hücum olmamışdan əvvəl şamı stolun üstünə qoyub, yoxsa şam onunla birlikdə yerə düşərdi. Bu sübut edir ki, ona otağa girən kimi hücum edilməyib. Mister Berker gələndə işıq yanırmış, şam isə söndürülübmüş. Bu fərziyyələr nəticəsində qətl səhnəsini təsəvvürə gətirməyə çalışacağam. Demək, mister Duqlas otağa girib şam yandırır. Əlisilahlı adam pərdənin arxasından çıxır. Nişan üzüyünü tələb edir. Səbəbini bilmirəm. Ancaq, yəqin ki, belə olub. Mister Duqlas üzüyü verir. Duqlas özünü müdafiə etmək üçün xalçanın üstündən tapdığımız çəkici götürür. Cinayətkar ona atəş açır, sonra tüfəngi və “V.V. 341” yazılmış kağız parçasını cəsədin üstünə atıb pəncərədən qaçır. Bəs siz necə hesab edirsiniz, mister Holms?
Söhbət ərzində Holms dinməzcə oturub hərdən diqqətlə ətrafa göz gəzdirirdi.
– Nəticə çıxarmaq üçün daha çox fakt toplamaq lazımdır, mister Mak, – o, meyitin önündə yerə domuşdu. – Ems, mister Duqlasın qolundakı bu damğa sizə tanışdırmı?
– Əlbəttə, ser.
– Bununla bağlı nəsə dediyini eşitmişdiniz?
– Yox.
– Bu, şübhəsiz ki, damğadır… Ems, bəs ağzının küncündəki bu xırda plastırı görmüşdünüz?
– Bəli, ser. Dünən səhər üzünü qırxanda kəsmişdi.
– Bu, təsadüfən də ola bilər, əsəbilik nəticəsində də. Son vaxtlar onun hərəkətlərində nəsə bir qəribəlik hiss etməmişdiniz, Ems?
– Mənə elə gəldi ki, fikri bir az dağınıqdır, həm də nədənsə narahatdır.
– Demək, hücum elə də gözlənilməz olmayıb. Onda keçək “V.V. 341” yazılmış kağıza. Evdə bu cür qalın kağız varmı?
– Yoxdur, ser.
Holms yazı stoluna yaxınlaşdı. Press-papyedə qara mürəkkəbdi, kağızdakı qırmızı.
– Yazı burda yazılmayıb. Düşünürəm ki, burda hansısa gizli təşkilatın əli var. Qolundakı damğa da bu fikri təsdiqləyir.
– Mən də elə hesab edirəm, – Meyson dedi.
– İndi bu fərziyyəni əsas götürək, görək vəziyyət nə qədər aydınlaşır. Təşkilatın üzvü evə girir, tüfəngdən açdığı atəşlə Duqlasın başını parçalayır, kağızı meyitin yanına ataraq qaçır. Nəyə görə? Ona görə ki təşkilatın digər üzvləri qisas alındığını sonra qəzetdən öyrənə bilsinlər. Bəs niyə silah növlərindən məhz bu tüfəng seçilib?
– Doğrudan, qəribədir.
– Bəs nişan üzüyü hara yoxa çıxıb? Niyə indiyə qədər heç kim həbs olunmayıb? Ümid edirəm ki, zəruri tapşırıqlar verilib, paltarı islanmış şübhəli adam hər yerdə axtarılır.
– Əlbəttə, mister Holms.
Holms stola yaxınlaşıb lupa vasitəsilə qan izini tədqiq etməyə başladı.
– Çəkmə izi olduğuna şübhə yoxdur. Ancaq necə də böyükdür! Küncdəki ayaq izi daha kiçikdir… Bəs stolun altındakı nədir?
– Mister Duqlasın idman eləmək üçün ağırlıq daşlarıdır, – Ems dedi.
– Burda bir daşdır. Bəs ikinci daş hanı?
Bu yerdə qapı bərk döyüldü və hündür, gündən qaralmış centlmen otağa girdi. Onun Sesil Berker olduğu aydındı.
– Mane olduğum üçün bağışlayın, – o dedi. – İndicə velosiped tapılıb. Kimsə onu giriş qapısından yüz metr aralıda atıb.
Berkerlə gedib kolluqdan çıxarılmış velosipedi gördük. Velosiped palçığa batmışdı, görünür, uzaq yoldan sürüb gəlmişdilər.
– Polisin işinə yaraya bilər, – inspektor dedi. – Cinayətkarın harda gizləndiyini bilməsək də, heç olmasa, hardan gəldiyini öyrənməyə çalışarıq. Bəs velosipedi, görən, burda niyə atıb? Onda lazım olduğu yerə necə gedəcək? Mister Holms, deyəsən, bu qaranlıq dolanbaclardan işığa heç vaxt çıxa bilməyəcəyik.
5
– Evdəkilərin ifadəsini almaq istəyirsiniz? – geri qayıdanda inspektor soruşdu.
Holms başını tərpətməklə kifayətləndi.
İlk olaraq eşikağası Emsi dinlədilər. O, mister Duqlasın yanında beş ildi işləyirdi. Hadisə baş verdiyi gün mister Duqlasın narahat olduğunu sezmişdi; hövsələsiz və səbirsiz idi, bu da ona heç yaraşmırdı. Ems güllə səsini eşitməmişdi, çünki anbar və mətbəx evin o biri ucundaydı. Qəfil zəng səsinə dəhlizə qaçmışdı, qulluqçu ilə də orada qarşılaşmışdı. Pilləkənin ayağına çatanda aşağı düşən missis Duqlası görmüşdülər. Qorxduğu, ya həyəcanlandığı hiss olunmurmuş. Bu yerdə mister Berker onun üstünə qaçıb, geri qayıtması üçün dilə tutub: “Allah xatirinə, otağınıza qayıdın! Zavallı Con ölüb! Daha ona heç cür kömək eləyə bilməyəcəksiniz! Otağınıza qayıdın!” Missis Duqlas ona qulaq asıb geri qayıtmışdı. Emslə mister Berker hadisə yerinə getmişdilər. Qaranlıq olduğundan bayırda heç nə görünmürmüş. Bundan sonra Ems körpünü aşağı salmışdı ki, mister Berker polis çağırmağa gedə bilsin.
Qulluqçu Allen eşikağası Emsin danışdıqlarını təsdiqləyib ona heç nə əlavə etmədi.
Sonra şahid qismində mister Berker dindirildi. O, cinayətkarın pəncərədən qaçdığına əmin idi, bunu qan izi də sübut edirdi. Mister Berker qətlin səbəbini aydınlaşdırmaq üçün öz versiyasını irəli sürdü. Duqlasın həyatının heç kimə danışmadığı qaranlıq tərəfləri var idi. Onlar ilk dəfə Kaliforniyada rastlaşmışdılar, zəngin qızıl yatağının