Скачать книгу

pərdələri çəkmək ağlıma gəlmədi. Sonra missis Duqlasın addım səslərini eşitdim; onun içəri girib bu dəhşəti görməsinə imkan verə bilməzdim.

      – Bəs körpü qaldırılmışdısa, qatil evə necə girib?

      – Bu suala cavab verməkdə acizəm, – Berker dedi.

      – Körpü saat neçədə qaldırılıb?

      – Təxminən saat altıda, – Ems cavab verdi. – Mister Duqlasın qonaqları vardı. Onlar gedənə qədər körpünü qaldıra bilməzdim.

      – Demək, qatil kənardan gəlib körpünü saat altıya qədər keçməliydi, mister Duqlas saat on birdən sonra öz otağına gələnə qədər isə pusquda gözləməliydi… – Birdən serjant meyitin yanındakı kağızı gördü. Kağızda “V.V.”, onun altında isə “341” yazılmışdı. – Bu nə olan şeydir?

      – Mən də indi görürəm, – Berker maraqla kağıza baxdı. – Yəqin, qatil əlindən salıb.

      – “V.V. 341”? Heç nə başa düşmürəm. – Serjant kağızı əlində fırladı. – Özgə nə tapılıb?

      Berker xalçanın üstünə atılmış ağır çəkici göstərdi.

      – Mister Duqlas dünən tabloların yerini dəyişirdi.

      – Heç nəyə toxunmayın, – serjant əmr etdi. Sonra pərdəni çəkib həyəcanla dedi. – Pərdələr saat neçədə salınıb?

      – İşıqlar yandırılanda, – eşikağası dedi, – saat dörddən sonra.

      – Kimsə burda gözləyib, – serjant küncdəki çirkli çəkmə izini göstərdi. – Mister Berker, belə çıxır ki, qatil evə pərdələr salınanda, ancaq hələ körpü qaldırılmamış, saat dördlə altı arasında girib. Otaqda gizlənməyə yer olmadığından pərdənin arxasında daldalanıb.

      – Biz vaxt itirmirik? – Berker soruşdu. – Qatil gizlənməyə macal tapmamış ətrafı axtarsaq, yaxşı olmazmı?

      Serjant bir az fikrə getdi:

      – Burdan altıdan tez gedən qatar yoxdur, deməli, qatarla gedə bilməz. Əgər yolla getsə, çirkli çəkməsi diqqət çəkərdi.

      Doktor diqqətlə cəsədi gözdən keçirirdi.

      – Bu işarə nə deməkdir? – soruşdu. – Bunun cinayətlə bir əlaqəsi ola bilərmi? – Öldürülən adamın xalatdan çıxan sağ qolunda qəribə işarə vardı: dairənin içində üçbucaq. – Bu, döymə deyil. Heyvanlara vurulan damğa kimi bir şeydir.

      – Bu işarədən Duqlasın da qolunda var idi, – Berker dilləndi.

      – Mən də görmüşəm, – eşikağası onun sözünü təsdiqlədi. – Ağa hər dəfə qolunu çırmalayanda bu qəribə damğa gözümə sataşırdı.

      – Deməli, bu işarənin qətllə heç bir əlaqəsi yoxdur, – serjant Uilson dedi. – Daha nə var?

      – Qatil onun nişan üzüyünü çıxarıb, – eşikağası öldürülən adamın əlini göstərdi. – Mister Duqlas nişan üzüyünü sol əlinin çeçələ barmağında gəzdirirdi. Bax bu qızıl üzüyü isə onun üstündən taxırdı.

      – Onda qatil əvvəl qızıl üzüyü, sonra nişan üzüyünü çıxarıb, sonra da qızıl üzüyü təzədən onun barmağına taxıb?

      – Elə görünür, – Berker dedi.

      Uilson başını buladı:

      – Bu işi Londona nə qədər tez ötürsək, bizim üçün bir o qədər yaxşı olar. Bu qəliz iş bizim qüvvəmiz xaricindədir.

      4

      Bizi Birlstounda yerli polis zabiti mister Uayt Meyson qarşıladı. Artıq on dəqiqə sonra vəziyyəti müzakirə etmək üçün otelin qonaq otağında yığışmışdıq.

      – Əla! – Meysonun ətraflı məlumatına qulaq asandan sonra Holms bərkdən dedi. – Sizi inandırım ki, çoxillik təcrübəmdə hələ bu qədər maraq oyadan hadisəyə rast gəlməmişəm.

      – Sizin belə deyəcəyinizi gözləyirdim, mister Holms, – Meyson gülümsədi. – Uilson faktları toplayıb, mənsə onları yoxlayıb öz gəldiyim nəticələrlə tamamlamışam.

      – Hansı nəticələrlə? – Holms tezcə maraqlandı.

      – Birincisi, mən çəkicdə heç bir izə rast gəlmədim. Əgər mister Duqlas müdafiə olunsaydı, çəkicdə hökmən qan ləkəsi qalardı.

      – Qalmaya da bilər, – inspektor Makdonald etiraz etdi. – Bəzən çəkiclə qətl törədilsə də, heç bir iz tapmaq olmur.

      – Ola bilsin. Tüfəngin lülələri kəsildiyindən onu paltarın altında gizlətmək mümkündür. Lülələrin arasındakı lövhədə çap hərfləri ilə “Pen” yazısı oxunur. Sözün qalan hissəsi lülələrin kəsilən yerinə düşüb.

      – “Pensilvaniya silah şirkəti”. Tanınmış Amerika firmasıdır, – Holms dedi. – Şübhəsiz ki, Amerikada istehsal olunmuş ov tüfəngidir. Deməli, evə soxulub onun sahibini öldürən adam amerikalıdır.

      – Bunu əminliklə söyləmək çətindir, – Makdonald başını buladı. – Evdə yad adamın olduğuna mən hələ də inana bilmirəm.

      – Bəs pəncərə, pəncərə altlığındakı qan ləkəsi, qəribə kağız, küncdəki çəkmə izi, tüfəng?

      – Bunlar qurma da ola bilər. Duqlas amerikalıdır, ya da Amerikada çox yaşayıb. Berker də həmçinin. Bütün bunları amerikalının ayağına yazmaq üçün onu evə kənardan soxmağa ehtiyac yoxdur.

      – Bəs Emsə güvənmək olarmı?

      – Ems çox etibarlı adamdır. O heç vaxt evdə bu cür tüfəng görməyib.

      – Onda öz mülahizələrinizi bizimlə bölüşün, mister Mak, – Holms hakim kimi hökmlə dedi.

      – Bu adam oğru deyil. Üzük, tapdığımız o kağız da qətlin şəxsi zəmində əvvəlcədən düşünüldüyünü göstərir. O, qətli törədəndən sonra çətinliklə üzləşəcəyini bilirdi, çünki ev su doldurulmuş xəndəklə əhatə olunub. Ona görə az səs çıxaran silah seçib.

      – Meyson, siz xəndəyin çöl tərəfini araşdıranda sudan çıxan adamın ayaq izinə rast gəlmədiniz? – dostum fikirli-fikirli soruşdu.

      – Heç bir iz yoxdur, mister Holms.

      – Mister Meyson, ləngimədən həmin yerə gedə bilərik?

      Hər iki tərəfində qarağac və palıd ağacları bitmiş mənzərəli kənd yolu ilə getdik. Sərt döngədən sonra qarşımızda tünd-qəhvəyi kərpicdən tikilmiş alçaq, ancaq böyük ev və qaraçöhrə ağacları əkilmiş bağ çıxdı. Yaxına gələndə asma körpü və su doldurulmuş enli xəndək gördük.

      Holms xəndəyin içinə boylandı.

      – Kiminsə xəndəkdən dırmaşıb çıxdığını göstərən heç bir iz yoxdur… Su həmişə bulanlıqdır?

      – Demək olar, həmişə.

      – Dərinliyi nə qədərdir?

      – Burda hətta uşaq da boğulmaz.

      Asma körpüdən keçib arıq, hündür adamla rastlaşdıq.

Скачать книгу