Аннотация

Şeirlərilə tanınan gənc yazar Fəridə Məmmədovanın "Pinqvinlər uçur, Mari” ilk romanıdır. Roman psixoloji dram janrında yazılıb. Əsər yolla başlayır və oxucu ilk səhifədən yola çıxır. Romanın sonlarına qədər qəhrəmanı izləyir və onun düşüncələrinə əsasən qəhrəmanı tanıyır. Əsəri bir cümləylə bu cür ifadə etmək olar: Hər kəsin beyni öz cəhənnəmidir.

Аннотация

Azərbaycan oxucusu ilə ilk dəfə görüşə gələn Frans Hohler İsveçrənin ən məşhur çağdaş yazıçılarından biridir, çoxsaylı romanların, pyeslərin və hekayələrin müəllifidir. 1943-cü ildə İsveçrənin Bern kantonuna bağlı Bile şəhərində doğulub, hal-hazırda Sürixdə yaşayır. Franz Hohler bir çox ədəbiyyat mükafatlarını qazanıb. Əsərlərindəki qrotesk üslubuna görə 2002-ci ildə Kassel mükafatına layiq görülüb, 2005-ci ildə Sürix şəhər müküfatını alıb. Uzun illər boyunca əsərləri Luchterhand Yayınevində basılıb. “Qapı döyülür” adlı bu romanda müasir İsveçrə ailə həyatının psixoloji qatları öz əksini tapıb.

Аннотация

XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi heç şübhəsiz, Molla Pənah Vaqifdir. Vaqif yaradıcılığı ilə xalq şeirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Şairin poeziyası əsrin ziddiyyətlərini, sevinc və kədərini daha parlaq ifadə etdiyi üçün bütövlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq olar. Şairin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər. Əlyazmalar əsasında, cünglərdən istifadə edilməklə tərtib olunmuş bu kitabda böyük şairin qoşma, təcnis, qəzəl, müxəmməs və s. – dən ibarət əsərləri toplanmışdır.

Аннотация

Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən biri, qüdrətli söz ustası M.Y.Lermontova həyatı faciəli şəkildə dərk etmək taleyi nəsib olmuşdur. Ədibin əsərlərində ""məğlubedilməz bir qəhrəmanlıq və cəngavərlik ruhunun bütün qüdrətilə yanaşı dərin bir hüzn, bir pərişanlıq buludlara bürünən aya bənzər bir tutqunluq"" motivlərinin özünü göstərməsi zəmanəsinin faciələrlə dolu olması və şairin ümüdsizliyə qapılması ilə bağlıydı. Məhz bu səbəbdəndir ki, sənətkarın istər şeir və poemalarında, istərsə də nəsr və dram əsərlərində lirizm çox qüvvətli olmuşdur. Bu insana məhəbbət hissindən doğan, ürəkdən qopan və ürəkləri fəth edən, insanı dərindən həyacanlanadırıb düşündürən bir lirizmdir. Kitaba görkəmli yazıçının zəngin ədəbi irsindən seçmələr daxil edilmişdir. Şeir və poemalardan, mənzum dram və nəsr əsərlərindən ibarət bu nümunələrdə Lermontov sənətinin səciyyəvi xüsusiyyətləri parlaq əksini tapmışdır.

Аннотация

Bu kitabda Şəki şəhəri üçün xarakterik olan, mayası səmimi yumorla yoğrulmuş folklor örnəkləri toplanmışıdr. Burada dadlı-duzlu lətifələrlə, məzəli deyimlərlə, ayama-ləqəblərlə, hərəsi xırdaca bir tarix olan məhəllə və bulaq adlarıyla tanış olacaqsınız. Həm də görəcəksiniz ki, şəkililər istədiklərini necə alqışlayır, istəmədiklərini necə qarğayırlar.

Аннотация

Süleyman Vəliyev 1916-cı ildə Bakının Ramana kəndində fəhlə ailəsində anadan olmuşdur. Yazıçı hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərmiş, rus və Azərbaycan yazıçılarının əsərlərini həvəslə mütailə etmişdir. O, ilk gənclik illərində Ramana kəndində yazıçı Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində, sonra Bakıda təşkil olunmuş fəhlə müəllifləri dərnəyində fəal iştirak etmişdir. Bu dərnəklər onun bir yazıçı kimi yetişməsinə böyük kömək etmişdir. Onun respublikamızda çıxan qəzet və jurnallarda dərc olunmuş “Sədaqət”, “Rütbə”, “Fotoqraf”, “Hədiyyə” hekayələri və neftçilər həyatından yazdığı “Qaladan – Buzovnaya” oçerki oxucular tərəfindən maraqla qarşılanmışdır. Bundan başqa yazıçının uşaqlar üçün yazdığı, kitab halında nəşr edilmiş “Molla Məmiş və sandıq” əsəri ilə yanaşı 1938-ci ildə qələmə aldığı “Şor cüllütü” povesti də ayrıca kitab şəklində nəşr edilmişdir. “Şor cüllütü” povesti, inqilabdan əvvəlki Bakı fəhlələrinin və uşaqlarının ağır, məşəqqətli həyatı, onların ictimai quruluşa qarşı apardıqları inqilabi mübarizədən bəhs edir.

Аннотация

Ü.Tahirin bu ilk kitabında oxuculara bir povesti və 18 hekayəsi təqdim olunmaqdadır. ""Povest və Hekayələr bu günkü Azərbaycan reallıqlarının adi gözlə görünməyən qatlarını gözlər önündə sərgiləməkdədir"".

Аннотация

Mirmehdi Ağaoğlu: “Mən çalışmışam ki, oxucularıma dəyərli və maraqlı bir kitab hədiyyə edim. Bu kitab iki il müddətinə ərsəyə gəlib və üzərində dəfələrlə çalışıb, yaxşı bir əsər ərsəyə gətirmək istəmişəm. Arzum oxucularımın bu əsəri bəyənməsidir. Ümid edirəm ki, belə də olacaq”. Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır. Mirmehdi Ağaoğlu: “Bu gün səbr elə” oxucu ilə oyundur. Səfərovlar ailəsinin sonrakı taleyi isə oxucuların ixtiyarına buraxılıb. Əsərin vahid sonluğu yoxdur. Qoy hər kəs öz sonluğunu seçsin. Bəziləri elə fikirləşsin ki, Səfərovlar ailəsi əsərdə gördüyümüz kimi dağılıb. Digərləri isə fikirləşsin ki, Səfərovlar ailəsi dağılmayıb, nə Dilbər ərinə belə təklif edib, nə də Nəsimi ailəsini atıb Amerikaya gedib. Onlar bizimlə birlikdə Bakıda yaşayır, bizimlə birlikdə eyni şəhərin havasını udurlar və özlərinin yoxsul, acınacaqlı həyatlarına davam edirlər”.

Аннотация

Fələstinli bir uşaq olan Samir təsadüfən İsraildəki uşaq xəstəxanalarından birinə düşür. Qəza nəticəsində dizindən əməliyyat olunmalıdır. Burada o israilli həmyaşıdı Yonatanla tanış olur. Müəllif Daniella Karmi hər iki oğlanın həyatının ən incə aspektlərini təsvir edir. İki oğlanın dostluğu timsalında İsrail-Fələstin konfliktinin doğurduğu faciələri göstərir və çıxış yolunun yetişməkdə olan yeni nəslidə olduğuna diqqət çəkir.

Аннотация

Fransua Rable yeni dövr Avropa romanının banisidir. Fransız İntibahının əsas problemləri, fransız humanizminin mahiyyəti Rable yaradıcılığında öz əksini tapmışdır. Onun “Qarqantua və Pantaqruel” romanı orta əsr Avropa ədəbiyyatının populyar janrlarına – cəngavərlik romanlarına, kralların və sərkərdələrin bioqrafiyalarına, dini sxolastikaya, hüquqşünasların bəlağətli nitqlərinə parodiyadır. Əsərin əsas personajı olan Panurqu kələkbazlıq romanlarının qəhrəmanlarından biri hesab etmək olar. Romanın süjeti, obraz və ifadələri xalq deyimlərindən, folklor düşüncəsindən qaynaqlanır. “Qarqantua və Pantaqruel”in poetikası üçün xalq romanlarından, mifoloji təfəkkür tipindən İntibah realizminə keçid səciyyəvidir. Süjeti ölüm və gülüş, ölüm və yemək, ölüm və içki motivlərinin üzərində qurulan bu fəlsəfi əsərin mahiyyəti kef-damaq içində, müdrik və şən yaşam tərzindən ibarətdir. Roman çoxplanlılığı ilə fərqli janrları və üslubları ehtiva edən qeyri-adi struktura malikdir ki, bu da onun oxucu kütləsini artırır.