ТОП просматриваемых книг сайта:
Gözqamaşdırıcı zülmət. Артур Кёстлер
Читать онлайн.Название Gözqamaşdırıcı zülmət
Год выпуска 0
isbn
Автор произведения Артур Кёстлер
Издательство Hadaf Neshrleri
Qışqırıq kəsildi. Cavan qapıya təpiklə vurmağa başladı. Zərbələr bütün dəhlizi titrədirdi. Nəhayət, sınıq qapı açıldı.
Üç adam çarpayının ətrafında toplandılar; cavan olanı əlində tapança tutmuş, nisbətən yaşlı olanı sanki “Fərəqət!”dəki kimi dik dayanmış, bir az arxadakı Vasiliy isə divara söykənmişdi. Rubaşov alnının tərini silib gələnlərə çəp-çəp baxdı.
– Vətəndaş Nikolay Zalmanoviç Rubaşov, – cavan işçi ucadan dedi, – İnqilab adından həbs olunursunuz!
Rubaşov balışın altından pensnesini götürüb çarpayıda dik oturdu. Yalnız eynəyini taxanda o, Vasiliy və böyük işçinin qəzet və portretlərdə gördüyü Rubaşova bənzədi. Böyük işçi ehmalca yaxınlaşmaq istəyəndə, cavan işçi yeni qəhrəmanlara xas olan çevikliklə iri addım ataraq çarpayıya yaxınlaşdı – həm Vasiliy, həm Rubaşov, həm də böyük işçi gördülər ki, o, ya danışığı, ya da hərəkətiylə bağışlanmaz kobudluq etmək istəyir: yaranmış bu vəziyyət onu qane etmirdi.
– Bir dəqiqə, silahınızı yığışdırın, yoldaş, – Rubaşov bildirdi, – və izah eləyin, nə məsələdir?
– Nədi, eşitmədiniz? Siz həbs olunursunuz, – cavan dedi, – Tez olun, paltarınızı geyinin!
– Orderiniz var? – Rubaşov soruşdu.
Böyük işçi cibindən kağız çıxarıb ona verdi və yenə yerində donub qaldı.
Rubaşov diqqətlə sənədi oxudu.
– Nə deyirəm ki… Yaxşı, – o deyindi, – Özgə xətalarından dərs ala bilməzsən. Onun anasını…
– Cəld olun, geyinin, – deyə cavan işçi dedi.
Onun kobudluğu heç də süni deyildi, elə xasiyyəti beləydi. “Hə, şərəfli davamçılar yetişdirmişik” deyə Rubaşov düşündü. O, gənclərin daim gülümsədiyi afişaları xatırladı.
– Ordan xalatımı verin, – dedi, – və bəsdir burda tapançalarınızla xoruzluq etdiniz.
Cavan qızardı, amma heç nə demədi. Böyük işçi xalatı Rubaşova verdi, o da elə ilk cəhddən xalatın qolunu geyinə bildi.
– Alındı, – gərgin təbəssümlə dedi.
Qalanları heç nə anlamayıb qaşqabaqla susdular. Rubaşov asta-asta çarpayıdan qalxıb yerə səpələnmiş paltarlarını yığışdırdı. Evdə bu hay-küydən sonra yenə ölü sükut hökm sürməyə başladı, onların dördündə də qəribə təəssürat vardı ki, sakinlər yatmayıb, sadəcə yerlərinə girərək necəsə nəfəs almamağa çalışırlar. Sonra yuxarı mərtəbələrdən kimsə suyu çirkab borusuna tökəndə boğuq uğultulu səs gəldi.
4
Binanın qarşısında yeni amerikan modellərindən bir maşın dayanmışdı. Küçə tamamilə zülmət idi, ətraf binaların sakinləri yatır, ya da özlərini yatmış kimi göstərirdilər. Sürücü parlaq işıqlarını yandırdı və onlar bir-bir maşına oturdular: öncə cavan işçi, sonra Rubaşov, arxasınca da böyük işçi. Özü də Komissarlıqdan olan sürücü maşını işə saldı. Şəhərin mərkəziylə getmələrinə baxmayaraq, döngədən o yana asfalt örtüyü bitirdi, ətrafda səkkiz, doqquz və ya on mərtəbəli müasir binalar ucalırdı; buz və tapdanmış qarla örtülü olan çınqıl daşların düzüldüyü yol dərin və qeyri-bərabər təkər izləriylə dolu idi. Sürücü çox asta sürürdü, hərçənd, yaxşı təchiz olunmuş maşın köhnə araba kimi cırıldayır, ulartı səsi çıxarırdı.
– Bir az tez sür də! – içəridəki sükutu pozan cavan işçi dilləndi.
Sürücü çevrilmədən çiyinlərini çəkdi. Hələ Rubaşov maşına minəndə sürücü ona soyuq düşmənçiliklə baxmışdı. Bir dəfə Rubaşovun halı pisləşmişdi, onda çağrılan “Təcili tibbi yardım” maşınının sürücüsü də eynilə bu cür baxırdı. Maşının bu adamsız, sanki, ölü küçədə darıxdırıcı, heç vaxt olmayan kimi asta gedişi, faraların titrək işıq saçması adama dəhşətli əsəb gətirirdi.
– Hələ çox gedəcəyik? – Rubaşov qarşıdakı çalalı yollara boylanaraq soruşdu. Az qala, “sizin xəstəxanaya” deyəcəkdi.
– Otuz dəqiqə, – böyük işçi dilləndi.
Rubaşov cibindən siqaret çıxarıb birini özü üçün götürdü, qutunu müşayiətçilərinə uzatdı. Cavan dərhal başını buladı, böyük işçi isə iksisini götürüb, birini qabağa – sürücüyə ötürdü. O da bir əliylə sükanı saxlayıb, digəriylə kibrit çöpünü papağının dimdiyinə sürtüb yandırdı. Rubaşov daxilən bir az sakitləşdi, amma sonra nədənsə acı utancaqlıq hissi keçirdi. “Ah, necə də təsirlidir!” deyə düşündü. Əvvəl-axır öz iztirablarına qalib gəlməyəcəyini bilib, donmuş dörd insanın arasındakı rəsmiliyi əritmək üçün danışmağa başladı:
– Heyif bu maşından! – astaca dedi, – Biz xarici maşınları qızıl bahasına alırıq, amma gətirib bu yollarda cəmi bir neçə ay sürə bilirik.
– Həə, elədir. Yollarımız pisdir hələ ki, – böyük işçi bildirdi. Səsinin tonundan bilinirdi ki, Rubaşovun narahatçılığını duyub. Rubaşov özünü qabağına sümük atılan küçə iti kimi hiss etdi və dərhal danışığı kəsməyinə qərar verdi. Hərçənd, cavan cəsarətlə soruşdu:
– Guya kapitalistlərdə yollar yaxşıdır ki?
Rubaşov könülsüz gülümsədi.
– Bəs siz nəvaxtsa ölkə xaricində olmusunuz?
– Mən belə də onların nə etdiyini bilirəm. Mənə ki burjuaziya propaqandası təsir eləmir.
– Maraqlıdır, siz məni necə tanıyırsınız? – tamamilə sakit şəkildə Rubaşov ondan soruşdu və dərhal da özünü saxlaya bilməyib əlavə etdi, – Partiyanın tarixini oxumağınıza ehtiyac var.
Cavan işçi cavab verməyib sürücünün kürəyinə zillənib qaldı. Daha heç kim heç nə demədi. Mühərrik yenə, üçüncü dəfə söndü və sürücü lənət oxuyaraq onu yenidən işə saldı. Maşın şəhərətrafı küçələrlə tullana-tullana gedirdi – yollar heç dəyişmək bilmirdi. Ətrafda sıxıcı kənd evləri gözə dəyirdi, onların donqar damlarının üzərindən soyuq və solğun Ay asılıb qalmışdı.
5
Yeni tikilmiş həbsxananın dəhlizində güclü lampalar yanırdı. Cansız, gözqamaşdırıcı işıq lüt, ağ divarları, soyadlar çap olunmuş karton lövhəciklərin asıldığı kamera qapılarını, içəri baxmaq üçün qara gözlükləri və ikinci mərtəbənin dəmir qalereyasını yalayırdı. Bu güclü rəngsiz parıltı və daş lövhələrdən ibarət döşəmədəki əks-sədasız, qırıq-qırıq addım səsləri Rubaşova o qədər tanış gəldi ki, gecə kabuslarının illüziyası bir neçə saniyə onu tərk etmədi. O, cidd-cəhdlə özünü bütün bunların gerçək olmadığına inandırmağa çalışırdı. “Əgər yatmış olduğuma inansam, – deyə düşünürdü, – bunlar həqiqətən də yuxu olacaq”. Özünü inanmağa elə məcbur etdi ki, bir saniyəlik başı fırlandı – bu hərəkəti ona dözülməz