Скачать книгу

arın davranışlarını müəyyənləşdirən tarixi şərait həyatdan götürülüb. N.Z.Rubaşovun taleyi “Moskva prosesləri” adlandırılmış hadisələrin qurbanı olan bir neçə insanın həyatının ümumiləşdirilməsidir. Müəllif onlardan hansılarısa şəxsən tanıyırmış. Bu kitab həmin insanlara həsr olunub.

      Parij, oktyabr 1938 – aprel 1940.

      Diktator, Brutu öldürən və respublikanın qurucusu deyil, heç Brutun oğullarını öldürən və müvəqqəti idarə edən də deyil.

      Makiavelli, “Söhbətlər”.

      Mərhəmətli hökmdar, mərhəmətli hökmdar, axı istənilən insanın onun bağışlanacağı bir yeri olmalıdır.

      Dostoyevski, “Cinayət və cəza”.

      Birinci sorğulama

      “İstənilən hökmdar qanla ləkələnib.”

      Sen-Jüst

      1

      Kameranın qapısı cingiltiylə cırıldadı.

      Rubaşov kürəyini qapıya dirədi, bir neçə saniyə belə dayanıb siqaret yandırdı. Sağ tərəfdəki dar yatacaqda iki ədəd yuyulmuş adyal və içinə təzə saman doldurulmuş döşək vardı. Solda yerləşən su kranından su damır, pas dəmir rakfinanı korlayırdı. Rakfinanın yanında unitaz vardı, onu təzəlikcə dezinfeksiya etmişdilər; ondan xlor iyi gəlirdi. Kərpic divarlar səsi udurdular, amma istilik sisteminin borularını tıqqıldadıb səs çıxarmaq olardı, bəlkə də olardı, çünki borular da səskeçirməz idi. Pəncərə göz hündürlüyündən başlayırdı və o, barmaqlığın yuxarı hissəsindən yapışmadan da həbsxananın həyətini görə bilirdi. Nəticəyə gəldi ki, hər şey qaydasındadır.

      Rubaşov əsnəyib paltosunu soyundu, büküb yatağın baş tərəfinə qoydu. Sonra diqqətlə həyətə baxdı. Ay və fənərlərin işığı qarı mavi-sarımtıl rəngə boyayırdı. Divarların ətrafında təmizlənmiş cığır uzanırdı, deməli, burada gəzintiyə icazə verilirdi. Səhərə hələ çox vardı; fənərlərin parlaqlığına baxmayaraq, səmada ulduzlar buz kimi və aydın parlayırdı. Onun kamerasıyla üzbəüz çöl divarın dar girişində növbətçi sanki paraddakı kimi gəzişirdi: yüz addım irəli, yüz addım geri. Arada fənərlərin sarı işığı onun silahının ucunda parlayırdı.

      Elə pəncərənin yanındaca ayaqqabısını soyundu. Yorğun halda yatağa çökdü, ayaqqabını siqaret kötükləri topasının üstünə qoydu və bir neçə dəqiqə beləcə tərpənmədən oturdu. Sonra durub yenə pəncərəyə yaxınlaşdı. Həbsxananın həyəti sakit və kimsəsiz görünürdü; növbətçi növbəti döngəsindən qayıdırdı, yuxarıda növbətçi qülləsi fonunda Süd Yolunun çıxıntısı gümüşü rəngə çalırdı. Nəhayət, o uzandı, ayaqlarını büküb lap üstdəki adyal ilə möhkəm örtdü. Saatı beşi göstərirdi, çətin ki, burada məhkumları yeddidən tez oyatsınlar, xüsusilə də qışda. Yuxulayarkən düşündü ki, onu üç və ya dörd gün ərzində hələ sorğulamağa çağırmayacaqlar. Pensnesini çıxarıb döşəməyə qoydu, gülümsəyərək gözlərini yumdu. Ona isti və çox rahat idi, xeyli aydan sonra ilk dəfə yuxuqabağı yaranan qorxunu hiss etmədən yata bilirdi.

      Gözətçi kameraya girmədən işığı yandırıb qapının dəliyindən baxanda, keçmiş Xalq Komissarı Rubaşov kürəyi divara çevrilmiş və sol əlini başının altına qoymuş halda yatırdı. Əl bərkiyib döşəməyə uzanmışdı və yalnız ovcu könülsüz titrəşirdi.

      2

      Hələ bir saat əvvəl Xalq Komissarlığının daxili işlər üzrə iki əməkdaşı Rubaşovun qapısını döyüb, onu həbs etmək istəyirdilər, yuxusunda görmüşdü ki, həbs olunur.

      Taqqıltı səsi ucadan gələndə Rubaşov adət etdiyi yuxunu özündən qovaraq diksindi. O, gecə kabuslarından yayınmağı bacarırdı, çünki ilk həbsi haqdakı yuxusu onun üçün dəyişilməz vərdişə çevrilmiş, saatın rəhmsiz əqrəbi kimi təkrarlanıb dururdu. Bəzən qəzəblə özünü məcbur edərək saatını dayandırırdı, amma indi heç bu da köməyə gələ bilməzdi: son həftələrdə çox yorulmuşdu, indisə bədənini tər basır, yuxu nəfəsini kəsirdi, saatlar isə çıqqıldamağında, yuxu uzanmağında idi.

      Adətən yuxusuna girirdi ki, qapısını möhkəm döyürlər, pilləkəndə isə onu tutmağa hazırlaşan üç nəfər dayanıb. Bağlı qapıdan onları aydın görür, titrəşən divarlardan səslərini eşidirdi. Onların əynində tikanlı yeni forma – Üçüncü imperiyanın pretoriyançıların mundirlərindən, papaqlarının qabağı və qollarında isə gənc Diktaturanın emblemi – vəhşi hörümçəyəbənzər xaç olurdu; əllərində yekə tapança tuturdular, ayaqqabıları, bel və çiyin kəmərlərindən isə təzə dəri iyi gəlirdi. Və budur, onlar artıq burada idilər, onun otağında: balıq gözlü iki yekəpər kənd oğlanı və balacaboy cılız adam. Çarpayının baş tərəfində dayanmışdılar, o, sakit mənzildə dəqiq eşidilən arıq adamın astmalı, digərlərinin isə çaşqın nəfəsini duyurdu. Qəfildən yuxarı mərtəbədəkilərdən kimsə suyu çirkab borusuna tökəndə boğuq uğultulu səs gəldi.

      Saatlar dayandı; taqqıltı daha möhkəmləşdi; Rubaşovun arxasınca gələn iki adam növbəylə qapını yumruqlayır, sonra donmuş əllərini isidirdilər. Rubaşov yuxuya güc gələ bilmədi, hərçənd, ən dəhşətli şeyin başladığını duyurdu: onlar artıq çarpayıya sıx dayanmış, o isə xalatını geyinməyə çalışırdı. Amma sanki qəsdən qoltuğunda astar çevrilmişdi, əli ilişib qalırdı. Rubaşovun sonuncu cəhdi də nəticəsiz oldu və qəfilən sanki iflic tutdu: tərpənə bilmədi, anladı ki, indi xalatın lənətəgəlmiş qolunu vaxtında tapması həyati əhəmiyyətli hərəkətdir. Zəhlətökən əlacsızlıq bitib-tükənmək bilmirdi, Rubaşov bağırır, çarpayıda qıvrılır, gicgahından soyuq tər axır, qapı döyülməsi isə beyninə baraban zərbəsi kimi vururdu; bir əli balışın altında ilişib, obiri də xalatın qolunda sancı verirdi və nəhayət, yekun zərbə onu dəhşətli kabusdan oyatdı.

      Son illərdə yüz dəfələrlə yaşanmış ənənəvi təəssüratla (qulaqlarının yanında açılan tapança atəşi səsindən bir az da ağır eşidirdi) Rubaşov gözlərini açırdı. Hərçənd, titrəşməsi tez keçmədi, elə əli də hələ balışın altında çırpınır, digəri xalatın qolundan çıxmaq istəyirdi, çünki tamamilə oyanmamışdan əvvəl sonuncu sınağı keçməliydi: əmin olmalıydı ki, yuxuda deyil, əslində, kamerada – ayağının altında zir-zibil, su dolu aftafa, boyat çörək qırıntıları tökülmüş soyuq və rütubətli döşəmənin üzərindədir.

      Heç indi də cansıxıcı qorxu Rubaşovu tez tərk etmədi, çünki əlinin aftafaya, yoxsa tumbanın üzərindəki lampaya toxunmasını heç cür təyin edə bilmirdi. Lampa yananda təlaşı səngidi. O, sanki qurtuluşun həzzini çıxarmaq üçün bir neçə dəfə dərindən nəfəs aldı, cib dəsmalıyla başının tərini siləndə seyrək tüklər islandı və Birincinin rəngli portreti kinayə ilə bərq vurdu – vaxtında ondan qəhrəmanlıq və çətin sınaqlar, indisə öz hökmdarının bağlı qanadlarına səcdə tələb etməklə o, Rubaşovun çarpayısında kök atmışdı, bütünlüklə Rubaşovların çarpayı, şkaf və komodlarının üzərində, şəhərinin bütün mənzil və otaqlarında, ucu-bucağı görünməyən vətəninin bütün şəhərlərində beləcə dayanırdı. İndi Rubaşov tamamilə oyaq idi, amma qapı döyülməsi yenə eşidilirdi.

      3

      Rubaşovun arxasınca gələn iki nəfər pilləkənin yarıqaranlıq meydançasında durmuşdular. Həyət gözətçisi Vasiliy mövcud vəziyyəti qəbullanaraq liftin açıq qapıları önündə dayanmış, qorxudan ağır-ağır nəfəs alırdı. O, arıq, cılız qoca adam idi; gecə köynəyinin üstündən geyindiyi, çiyinlərində şaxta izi olan cırıq şinelindəki geniş sarı çapıq ona qızılı görkəm verirdi. Rubaşovun məşhur briqadasında vuruşarkən Vətəndaş Müharibəsində yaralanmışdı. Sonra Rubaşovu ölkə xaricinə göndərdilər, Vasiliy bundan yalnız gecələr qızının ona oxuduğu qəzet vasitəsiylə xəbər tutdu. Partiya adından ezamiyyətə getmiş Rubaşovun açıqlamaları uzun və anlaşılmaz idi, ən əsası, Vasiliy bu açıqlamalarda, hətta, Kazanın Tanrı Anasının səmadan ona baxıb gülümsədiyi, hər kəsin qayğısına qalmaq bacarığında olan öz saqqallı briqada komandirinin səsini eşitməmişdi. Adətən, Vasiliy açıqlamanın ortasında mürgüləməyə başlayır və yalnız qızının son cümlələri oxuyub alqış hay-küyü yaradanda oyanırdı. “Yaşasın Partiya! Yaşasın İnqilab!

Скачать книгу