ТОП просматриваемых книг сайта:
Qarlı aşırım. Фарман Керимзаде
Читать онлайн.Название Qarlı aşırım
Год выпуска 0
isbn 978-9952-8449-1-7
Автор произведения Фарман Керимзаде
Издательство JekaPrint
Zülfüqar qurcalandı. Sevincini gizlədə bilmədi:
– Gözünə dönüm bu hökumətin! Dərgahın hayıfını o köpək oğlundan yaxşı alıb. Buna daha heç kimin dişi batmaz.
– Bir yaxına gəl görüm.
Zülfüqar Kərbəlayıya tərəf bir-iki addım atdı:
– Aşağı kəndli Xudaverənin doğranıb quyuya tökülməsini eşidibsənmi?
– Bəli.
Kərbəlayı «onu mən elətdirmişəm» demək istədi, amma demədi.
– Farağat dayan, – deyə ona təpindi, – Bil ki, səni də eləcə qiymə-qiymə doğratdıraram.
– Düz buyurursunuz, – deyə Zülfüqar adətkərdəliklə cavab verdi.
– Nikolayı təzə hökumət yox, göydəki allah yıxdı. Di, rədd ol buradan,küçük!
– Baş üstə!
O dönüb çıxanda Kərbəlayının səsini eşitdi:
– Qor-qoduğu bir-bir bura çəkin.
Soyuqdan titrəyən, üz-gözü bozarmış cavan bir oğlanı içəri gətirdilər. Onun qara gözləri vardı. Sifətinə baxanda təkcə bu gözləri görünürdü. «Ayı potasının» yanında o çürümüş kötüyün böyründən dik qalxmış cavan şivə oxşayırdı.
– Yaxın gəl görüm, bala. Bir az da. Hə, bax, belə. Gözlərim yaxşı seçmir.
Zülfüqar onu dürtmələdi:
– Yeri də, küçük!
Oğlan bir az da qabağa gəldi. Gözlərini hərləyib Kərbəlayının sifətinə dikdi. Zəhmi canını titrətdi.
«Öldürəcək… Bilir, hər şeyi bilir, bu işdən keçməz, bağışlamaz. Onu yaxşı tanıyıram».
Kəndin üstündəki qayalığa, qayalıqdakı oyuğa bir ailə sığınmışdı. Oyuğun qabağı hörülmüşdü, bir pəncərə, bir qapı qoyulmuşdu. Deyirdilər bu evdən dağların altına lağım var. Orada gözəllik bulağı var. O qızın üzünü bu bulaqda yuyublar. Əvəzsiz gözəl olub. Bulaq məsələsi əfsanə idi. Onu Bəylər özü uydurmuşdu. Axı kənddə bu qızdan gözəli yox idi. Onun nişanlısını öldürməyə heç kəs cürət eləmirdi. Onun nişanlısını öldürmüşdülər. Toy görməmiş qara geyinib. Ona nişanlısı yox, qara bəxti qollarını açıb.
Qız Kərbəlayı İsmayılın gəlini olmalı idi. İş elə gətirdi ki, Yadullanın nişan üzüyü barmağında qaldı. Kərbəlayı əvvəllər Novruz bayramında, əziz günlərdə ona pay göndərərdi, xonça bəzətdirərdi. Yadulladan sonra isə onu qara bayramlarda yada salırdı. Xonçaların üstünü qara kəlağayı ilə örtdürürdü.
Əvvəllər Bəylər evlərindən birbaşa kəndə enərdi. Bir yeri tərləyəndən sonra yolunu dəyişmişdi. Daxmalarının qabağından başlayan yol qızın yaşadığı evin qarşısındakı laləliyi kəsib keçir, kəndin o biri başındakı kənd şurasının yanına enirdi. O, beş-üç ağsaqqal yığıb Kərbəlayının yanına getmək, qızın icazəsini almaq istəyirdi.
Kolxozlar qurulanda, varlılar tutulanda Bəylər fikrindən dönmüşdü. O, Kərbəlayının torpaqlarını həvəslə ölçüb kolxoza götürürdü. İcazə məsələsi yadına da düşmürdü. Laləlikdən keçən cığır getdikcə daha çox ağarır, bərkiyir, əsl yola çevrilirdi. O, daha cəsarətli addımlayırdı. Sinfi düşməndən icazə istəməyəcəkdi ki! Bu, onun adına yaraşmazdı. Bəylərin ürəyindəkilərdən qızın xəbəri yox idi.
– Demək, komsomolsan, hə?
Oğlan susurdu.
Qəmlo dirəyə söykənib baxırdı. Bəylər onun qaranlıq meşədə pələng bəbəkləri kimi yaşıl bir alovla yanan gözlərini gördü. İki əllə iki tərəfdən tutulub dartıldığını, çənəsinə isti bir şeyin axdığını hiss etdi.
– Anası deyirmiş ki, mənim oğlum komsomol Bəylər dördböyrəkdir. Kərbəlayının torpağına urlekta qoyur, ölçüb kolxoza götürür. Diqqət verir ki, birdən əskik çıxar. Hə, necə oldu sənin dörböyrəyin? Dodağın dörd yerdən partlayıb.
Qəmlonun ayı pəncəsinə oxşayan uzun, qara dırnaqlı sol eli Bəylərin sifətini örtdü. Sanki gözlərinin qabağına qaranlıq çəkdilər. Qəmlonun sağ əlinin tili boynuna küt balta kimi enəndə bu qaranlıqda parlaq ulduzlar uçuşdu. O, çul kimi yerə düşdü. Burnundan açılan qan dodaqlarının qanına qarışdı. Qəmlo tapançasını siyirdi, çaxmağı baş barmağı ilə geri basdı.
– Dayan!
Kərbəlayı İsmayılın səsi onun qolunu boşaltdı. Qəmlo tapançanı bacaya tuşlayıb tətiyi çəkdi.
Dustaqlar qaranlıqda oturub gözlərini qapıdan düşən zolaq-zolaq işığa dikmişdilər. Tapançanın gurultusunu onlar da eşitdilər. Yoğun bir səs dedi:
– Gədəni vurdular.
Qız səsinə oxşayan səs ona cavab verdi:
– Yox, güllə boşa getdi. Ətə dəysəydi, belə vıyıldamazdı.
– Bədbəxtin əti qalıb ki!..
Xırıltılı səs də söhbətə qoşuldu:
– Onun anasının başına görən nə gəldi?
– Deyirlər Qəmlo nəsə eləyib.
Kərbəlayı Zülfüqara tapşırdı ki, oğlanın üst-başından peyin qoxusu gəlir, əl-üzünü yusun, özünü də sürüyüb çölə qoysun.
Qaranlıq birdən-birə düşmüşdü. Ay işığı mavi rəngə çalan qarın üstündə parıldayırdı. Bir az aralıda dəyirmanın binası və yumru pəri qaralırdı. Soyuq, solğun işıqda meşəli, qarlı dağlar seçilirdi. Meşənin bir tərəfi qapqara idi.
Üzünə soyuq hava dəydikcə Bəylər ayılırdı. Qıvrılıb zarıyırdı.
O qalxıb oturdu. Gözlərini ovuşdurdu:
– Mən hardayam?
– Cənnətin qapısında.
Onu bir də içəri apardılar. Kərbəlayı bu dəfə səsinə mülayimlik verdi:
– Bala, sən uşaqsan. Yoldan çıxardıblar. Atan yerdə kişiyəm, iki gün qızışdırmaqnan mənim də üzümə ağ olmuşdun. Neynək, sənin günahından keçərəm. Qoy sənə də tüfəng versinlər, qoşul bizim uşaqlara. Nə deyirsən?
– Axı mən ikiüzlülük eləyə bilmirəm, Kərbəlayı, gərək heç özün də məsləhət görməyəsən.
– İkiüzlü niyə olursan: əvvəl başa düşməyibsən, biz də səni bağışlamışıq.
Bu saat bir nəfər də onlar üçün böyük qüvvə idi. Beş-altı kəndin hərəsində əlli-altmış kişi vardı. Onların da yarısı yaxasını kənara çəksə, o, düşmən qabağına kimi göndərəcəkdi?!
– Yox,