ТОП просматриваемых книг сайта:
Qarlı aşırım. Фарман Керимзаде
Читать онлайн.Название Qarlı aşırım
Год выпуска 0
isbn 978-9952-8449-1-7
Автор произведения Фарман Керимзаде
Издательство JekaPrint
– Faktdı, ya yox?
– Fakt olsa da, mən onu bu kəlmə ilə yox, ürəyinə görə tanıyıram.
Talıbov dönüb katibin gözlərinin içinə diqqətlə baxmış, lakin onun qətiyyəti qarşısında yumşalmışdı:
– Siz nə üçün bu məqsəddən ötrü onu seçibsiniz?
Katib cavab verməkdə gecikməmişdi:
– Böyük nüfuz sahibidir. Kərbəlayı İsmayıl ondan başqa heç kimi eşitməz.
– Onun qiyamçıları döndərəcəyinə zəmanət verirsinizmi?
– Bəli.
– Yaxşı, bizim bu söhbətimiz barədə ona bir kəlmə də danışmayın. Oldu?
Şabanzadə onun sözünə başı ilə cavab vermişdi. Ürəyində isə Talıbova gülmüşdü: «Hələ çiysən, – demişdi, – bişməlisən».
Talıbov isə fikirləşmişdi. «Qoy bu da bir sınaq olsun, onsuz da ailəsi, uşaqları buradadır. Biz heç bir şey itirmirik. Bu sınaqdan yaxşı çıxsa, birdəfəlik inanmaq olar».
Həmin axşam qonaq evinin dar, qaranlıq dəhlizində balacaboy, köhnə şinelə bürünmüş bir adam onun qabağını kəsmişdi:
– Heç bilirsiniz Xəlil kimdi?
Bu nagahani görüşdən xoflanan Talıbov əlini cibindəki tapançaya atmış, sonra soruşmuşdu:
– Kimdi?
– Terrorçu. Mən firqəçiyəm. Bu sözü hamının yanında da deyərəm. Elə bilməyin ki, onun dalınca danışıram. Yox ha!..
Talıbovun onu maraqla dinlədiyini görüb sözünə davam etmişdi:
– Bir kəndxudamız vardı. Xəlil qohum-əqrabası ilə köhnə dəyirman arxına dolub kişini gülləyə basdı. Bu sinfi mübarizədi? Terrorçuluqla inqilab bir araya sığar? Yazığın meyiti də çaylaqda qaldı. İndi özünüz deyin, terrorçuları partiya sıralarında saxlaya bilərdikmi? Sosializmi terrorla qurmaq mümkündürmü? Bunu mən sizdən soruşuram, yoldaş Talıbov. Bolşeviklər partiyasının sıravi üzvünə konkret cavab verin.
– Kəndxuda ölüb. Cəhənnəmə ölsün! Gedib indi də onun sümüklərini axtaracağam?! İşim çox az idi. Biri də bu tərəfdən çıxdı.
Başları top kəsilmiş toxmacarlığa çatanda Talıbov o adamı, həmin söhbəti xatırladı. Atın başını çəkib Xəlillə bərabərləşdirdi. Ondan soruşdu:
– Yoldaş sədr, kəndxudanı niyə öldürdün?
Qəfil sual Xəlili ayıltdı. Ancaq tez cavab qaytarmadı. Atlar yaxınlaşdıqca uçub qabağa düşən qarğaya baxa-baxa:
– Bu sualı mənə çox veriblər, – dedi.
– Demək, siz terrorçuluq eləyirsiniz?
– Hə! Bizim Xəlil terrorçunun yekəsidir, – deyə Abbasqulu bəy ürəkdən güldü. Bu sualı ona «təmizləmə komisyonu» da vermişdi. Cavabında da demişdi ki, padşahı siz öldürdünüz, kəndxudanı da biz. Pis elədik? Şura hökumətini tez qurduq da!..
– «Təmizləmə komisyonu»ndan da keçmisən, Xəlil!
– Bəs necə! Komissiya o təzə aparat kimi… adı nədir onun, Abbasqulu bəy?
– Rentgen. Düz deyir. Rentgendəki kimi adamın bu tərəfindən elə baxırlar o tərəfi görünür. Tərtəmiz çıxdı. Bir ləkə də tapılmadı. Kəndxuda məsələsi də qondarma idi.
«Komissiyadan keçibsə təhlükəsi yoxdur», – deyə Talıbov fikirləşdi.
– Keçmişdə nə iş görübsən, Xəlil?
– Torpaq becərirdim.
Atlar baş alıb gedirdi. Dağlar ağ, düzənlər ağ, kəndlər ağ idi. Yalnız geniş düzənlikdəki üç atlı qaralırdı, birdə dağ silsiləsinin zirvələrindəki qar dayanmayan nəhəng uçurumlar boz rəngə çalırdı.
Qara qayanın qabağına çıxanda Talıbov atın başını çəkdi. Məsləhətləşmək məqamı yetişmişdi, amma Abbasqulu bəy heç bir söz demədən qabağa düşdü. Uzun, boz şinel dizlərini örtmüşdü. Ətəkləri atın tərindən islanıb buz bağlamış, gümüş kimi parıldayan üzəngiyə yapışmışdı. Mahud şapkasının günlüyü altından baxan zəhmli gözləri atın yalına dikilmişdi. Bu kəhəri o, üç-dörd il idi ki, minirdi. Atın yalını isə sanki indi görürdü. Xına rəngli yal o tərəf-bu tərəfə aşır, eşilirdi. Elə dolaşıqdı ki…
At aşağı endi. Daşlı cığırda ehmal-ehmal yeridi. Əyilmiş nalı buzu şüşə kimi çilik-çilik elədi. Yerdə buzun duza bənzər ovuntusu qaldı.
Xəlil də atını sürdü. Talıbovla bərabərləşdi. Baxışdılar. Xəlil hiss etdi ki, Talıbovun halı dəyişib. Kənddən çıxanda belə deyildi. Əvvəl qabağa düşən indi yüyəni dartır, geri qalırdı.
Talıbovun ürəyindən qopub gələn bir səs deyirdi ki, o, Abbasqulu bəyə inanmasın, dar ayaqda, ölüm məqamında Kərbəlayı İsmayılın tərəfinə keçə bilər.
Budunda tapançanın soyuq təmasını hiss edib qolunda qüvvə duydu. Onlardan gizlin silah götürdüyünə görə özünə haqq qazandırdı.
Bundan sonra üçüncü at da nişangahın qabağından keçmək üçün aşağı endi.
Daşlar diyirlənib aşağıdakı qayalara dəydi. Dərədə gurultu qopdu. Bu, dağ uçqununun səsinə bənzəyirdi. Keşikçi gözlərini açdı. Daha mürgüləmək vaxtı deyildi. Tüfəngi üzünə qaldırdı. Çaxmağa əl atdı. At fınxırtısı eşitdi. Qayanın arxasından atın qulaqları, alnına tökülmüş xına rəngli yalı, geniş açılmış burun pərləri göründü. At ehtiyatla yeriyir, hərlənən səhnələrdəki kimi yavaş-yavaş böyüyür, bütövləşirdi.
– Kimsən, dayan, vuracağam!
At elə kişnəyirdi ki. Keşikçi tüfəngin qundağını çiyninə söykəyib çaxmağı nə qədər dartdısa, yerindən tərpədə bilmədi. «Kərbəlayı anamı ağlar qoyar…» fikri beynindən ildırım kimi keçdi.
– Ədə, Rəsul!
Onun çağırdığı adam qayanın kahasında ocaq qalayıb qızınırdı. Əllərini quş qanadı kimi alovun üstündə qoşalaşdırmışdı. Kirpiyə oxşayan gəvən kolu arabir tüstülənir, kötüyün ucuna yığılan köpük cızıldayır, buğlanırdı. Gəvənin asqırdıcı iyi daşın dalında dayanmış keşikçiyə çatırdı. Lakin onun çağırışını kürkünün boyunluğunu qaldırmış Rəsul eşitmirdi. Qaya uçub kahanın ağzına tökülsə də, xəbəri olmazdı, kar idi.
Atın boynu, cilovun haçalandığı nöqtədəki iri əl, şinelin qolu, yəhərə sıxılmış diz də göründü.
– Bıy, bu ki, Abbasqulu bəydi…
Keşikçinin qoyun dərisindən tikilmiş yastı-yapalaq papağının üstündə qar ağarır, islanıb lülə-lülə olmuş saçaqlar qaşlarının, qulaqlarının yanlarından sallanırdı.
Şüşə düyməyə bənzəyən gözləri parıldayırdı.
«Abbasqulu bəydi. Heç