ТОП просматриваемых книг сайта:
Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə
Читать онлайн.Название Son mənzili Xəzər oldu
Год выпуска 0
isbn 978-995-255-748-0
Автор произведения Qumral Sadıqzadə
Серия Xatirə ədəbiyyatı
Издательство Hadaf Neshrleri
– İranda təzə nə xəbər-ətər?
Kəblə Ələkbər çayından bir-iki qurtum içib stəkanı nəlbəkiyə qoydu:
– Xəbər deyəndə, nə bilim, vallah, belə bir şayiə, yayıblar ki, guya İranda vəba başlayıb. Bilmirəm düz deyirlər, ya yox.
Mehinbanu tez dua etdi: “Allah, sən özün saxla bizi bu bəladan!”
Seyid Sadıq başını yırğaladı:
– Deyirlər, od olmayan yerdən tüstü çıxmaz. Camaatın dediyi həmişə doğru çıxır. Bircə, Allah eləməmiş, buralara gəlib eləməsin bu bəla!
Kəblə Ələkbər ah çəkib dedi:
– Eh, bunu bilmək olmaz. Özün görürsən də Ağa, Bakıda vəziyyət necədir. Şirin su tapılmışdır. Bu boyda İçərişəhərdə cəmisi iki-üç şirin su quyusu var. Bu quyuların da suyu hələ iyirmi-otuz il bundan qabaq yararsız hesab edilib. Evlərin, həyətlərin zir-zibili, çirkab suları birbaşa küçələrə tökülür. Elə vəba da bunlardan törəyir də…
Seyid Sadıq əlini uzun ağ saqqalına çəkdi:
– Mən bilən bir çarə tapılar. Qoymazlar xəstəlik Bakıya və başqa şəhərlərə yayılsın. Arada o boyda dəniz var…
– Bu çox çətin işdir, Ağa. Bakı limanına sən hamıdan yaxşı bələdsən. Gündə neçə gəmi yan alır körpüyə?
– On, on iki.
– Gör İrandan nə qədər mal alırıq: taxıl, qənd, çay, ipək, pambıq, quru meyvə, balıq, yun, tütün, xalça-palaz, taxta-şalban… Hələ sərnişin gəmilərini demirəm. Bunların hansını yoxlayasan? Tutalım, sərnişinləri və gəmi heyətini yoxladılar. Bəs mallar necə olsun, onları ki, yoxlamaq mümkün deyil.
Seyid Sadıq ciddi surətdə dedi:
– Onda gərək İranla tamam əlaqəni kəsək. Nə mal gətirək, nə də oranın camaatı gəlsin Bakıya. Xəstəliyin qabağını ancaq belə almaq olar.
Kəblə Ələkbər onun fikrini təsdiq etdi:
– Düz deyirsən. Ancaq bu da çox çətin məsələdir. Bir özün fikirləş, Ağa. İndi Bakıda doqquz mindən çox tacir var. Əgər İranla əlaqə kəsilsə, onlar mallarını harda satarlar? Ən yaxşı ticarət İrandadır. Hər tacirin neçə ticarət gəmisi var. İstədikləri vaxt İrana mal göndərirlər. Yolar bağlansa bəs bu yazıqlar mallarını harda satsınlar?
– A kişi, nə çoxdur başqa ölkələr, şəhərlər? Elə gərək mütləq İrana göndərsinlər? Ursiyyətin o qədər iri şəhəri var ki… Bilirsən hər şey insanın öz əlindədir. Onu de ki, bu tacir tayfası ki, var, canını güdaza verər, ancaq gəlirinin bir abbası da azalmasına razı olmaz. Xətrinə dəyməsin a, sən də xırda tacirsən. Amma bilirəm ki, sənin kimi adamlar öz arvad-uşaqlarının sağlamlığına görə hər şeylərindən keçərlər. Heyif ki, hamı sənin kimi deyil… nə deyim, vallah, Allah bilən yaxşıdır. Onun yazdığını heç kəs poza bilməz. Görək bundan sonra başımıza nə gələcək, – o üzünü Mehinbanuya tutdu, – Hə, arvad, hələ görəcək günlərimiz daldadır.
– A kişi, ağzını xeyirliyə aç, hələ heç nə olmayıb indidən başlamısan ah-ufa. Bəlkə, heç xəstəlik-zad yoxdur, bu söz-söhbət yalandır?
– Təki sən deyən olsun. Ancaq şər deməsən xeyir gəlməz. Hər halda təhlükəni qabaqcadan bilib hazırlıqlı olmaq yaxşıdır.
Ələkbər getməyə hazırlaşdı, ayağa durdu.
– Hazırlıqlı olub neyniyə bilərik, ay Ağa? – soruşdu.
– Elə demə, Allah eləməmiş, Bakıda xəstəlik baş versə uşaqları yığıb bağa köçərik.
Mehinbanu:
– Guya bağ Bakıdan çox uzaqmış… – dedi.
– Yenə bir xeyli aralıdır. Havası təmizdir. Həm də şirin suyu öz quyumuzdan işlədərik, burdakı kimi qapıya gələn sudan almarıq. Azuqəni elə indidən alıb tədarük eləmək olar. Daha bazar-dükandan evə şey gətirmərik.
Arvad onunla razılaşdı:
– Yaxşı da, nə deyirəm ki? Onda günü sabahdan başlayaq azuqə yığmağa, havalar bir balaca qızan kimi köçək bağa.
– Allah qoysa, novruzdan bir az sonra köçmək olar. Deyirlər, mart çıxdı, dərd çıxdı. Çətini bu mart ayını başa vuranadır.
Kəblə Ələkbər gecədən xeyli keçmiş qocalarla vidalaşıb evinə getdi.
Adətən, o səfərdə olanda Gülnisə ilə Əli evdə qalıb onun qayıtmasını gözlər, ev-eşiyini sər-sahmanda saxlayardılar. Nə qədər bivaxt qayıtsa da, sadiq qulluqçu və nökər onu sevinclə qarşılayıb lazım olan xidməti edərdilər. Bu gün gəmidən düşən kimi şeylərini hamballa evə göndərmişdi. Deməli, Gülnisə ağasının qayıtmasından xəbərdardı. Ancaq qapıya çatanda içəridən işıq gəlmədiyin görüb təəccübləndi və qanı qaraldı. Yorğun olduğundan evə çatan kimi isti yatağında rahatlanmaq istəyirdi.
Qapını bir-iki dəfə bərk döyəndən sonra Əli əsnəyə-əsnəyə gəlib açdı.
– Bəs bilmirsiz ki, mən gəlmişəm, nə əcəb belə tez yatmısız?
Əli tələsik ağasının kürkünü, papağını alıb ondan üzr istədi.
– Ağa, biz gözlədik, çox gec olduğundan elə bildik daha gəlməli olmadın. Dedik, yəqin uşaqların yanında gecələmisən. Bağışla, ağa, bu saat hər şey hazır olar.
Səsə Gülnisə də ayılıb əl-ayağa düşdü:
– Kəbleyi, bağışla, elə bildik bu gün daha gəlməyəcəksən. Bu saat kürsünü qalayıram… Əli, sən də tez samovar qaynat.
Ələkbər əlini yellədi:
– Samovar lazım deyil, otaqları qızdırın, – dedi.
O yataq otağına keçib soyuq yorğan-döşəyin üstündə, çarpayıda oturdu. Bir azdan Gülnisə közərmiş kömürləri gətirib kürsüyə qoydu. Qapı ağzında dayandı:
– Genə bir şey lazımsa, gətirim, – dedi.
– Yox, heç nə lazım deyil, get yat. Səhər məni tezdən oyat.
– Baş üstə, Kəbleyi, – deyib qadın otaqdan çıxdı.
Ələkbər ayaqlarını qızdırmaq üçün kürsüyə yaxın gəldi. Çarpayının üstündən yorğanını götürüb kürsünün üstünə saldı ki, qızışsın. Sonra yatağına uzanıb fikrə getdi. Yuxusu gəlmirdi. Gah, bayaq qaynatasıgildəki vəba söhbəti yadına düşür, narahat olurdu, gah da keçmişləri xatırlayırdı. Bəxtindən razı deyildi. Doğrudan da ailə məsələsində onunku gətirməmişdi. İki dəfə evlənib dörd uşaq atası olsa da, avara-sərkərdan idi. Uşaqları onunla yaşamır, evdə rahat güzəranı, qayğısına qalıb can yandıran yoxdu. Hiss edirdi ki, üçüncü dəfə də evlənmək lazım gələcək. Həm özü nisbətən cavandı, qırx beş yaşı vardı, həm də uşaqlarına ana lazımdı. Nənə ilə baba nə qədər onların nazını çəkib tərbiyə etsələr, qayğısına qalsalar da həmişə