ТОП просматриваемых книг сайта:
Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə
Читать онлайн.Название Son mənzili Xəzər oldu
Год выпуска 0
isbn 978-995-255-748-0
Автор произведения Qumral Sadıqzadə
Серия Xatirə ədəbiyyatı
Издательство Hadaf Neshrleri
– Vallah, nə deyim bacı, elə Ağa (Seyid Sadıq) özü də bir-iki dəfə bu barədə söz salıb. Mənə elə gəlir ki, uşaqları yad arvadın əlinə salmaq istəmirlər. Deyəsən, fikirləri var, rəhmətliyin bacılarından birini versinlər mənə. Qalmışam məəttəl. Sən, buna necə baxırsan?
– Əgər öz fikirləri varsa, gərək razılaşasan. Doğurdan da, uşaqlarçün yaxşı olar. Doğma xaladır onlara, öz balaları kimi baxar. Ancaq bir iş var: yəqin Zübeydəni nəzərdə tutublar, onun da xasiyyəti bir az tünddür. Kiçik bacı Zəhra yaxşı qızdır, ancaq böyüyünü qoyub onu sənə verməzlər. Hər halda pis olmaz. Fikir eləmə, qardaş, inşallah hər şey düzələr. Götür çayını iç, bəlkə soyuyub, bu saat deyim, təzələsinlər…
– Lazım deyil, bacı, zəhmət çəkmə, eybi yoxdur belə də içərəm. Ələkbər bir az da söhbət edib getməyə hazırlaşdı. Şərəbanı onu qapıyadək ötürdü:
– Tez-tez gəl, lap bizi yaddan çıxarmayasan, uşaqları da gətir, – dedi.
* * *
Zübeydənin ərə getmək vaxtı artıq ötmüşdü. Bir-birinin dalınca qardaşı ilə bacısının vəfatı onun ərə getməsinə xeyli mane olmuşdu. İki-üç il əvvəl onu bir-iki yerdən istəyən olmuşdu. Ancaq həmin ailələri Seyid Sadıq özünə layiq bilmədiyindən elçilərə rədd cavabı vermişdi.
Seyidxanımın ölümündən il yarım sonra Şərəbanı xanım Mehinbanu ilə Zübeydə barədə söhbət etdi. Hər iki tərəf başa düşdü ki, əgər bu evlilik baş tutmasa, Zübeydənin bundan sonra ərə getməsi bir az da çətinləşəcək. Həm də uşaqlara görə hər iki tərəf bu izdivacın tərəfdarı idi. Ona görə də tezliklə razılığa gəldilər və bir balaca məclis düzəldib Zübeydəni Ələkbərin Qız qalası yaxınlığındakı ikimərtəbəli evinə gəlin köçürdülər.
Çox təəssüf ki, həm Ələkbərgilin, həm də o baba ilə nənənin ümidləri boşa çıxdı. Zübeydə öz bacısı uşaqlarına həqiqi ana ola bilmədi. O hər xırda işin üstündə əsəbiləşir, söyüb qışqırır, uşaqları qarğıyır, deyinirdi. Özü iki dəfə doğmuşdu, lakin uşaqlar körpəykən ölmüşdülər. İndi o üçüncü dəfə hamilə idi.
* * *
Seyid Sadıq oğul nəvələrindən razı idi. Hər üçü fərasətli çıxmışdı: On yeddi yaşına girmiş Rübabə oxuyub qurtarmış, Quranı çoxdan başa vurmuşdu. Molla Zeynəbxanımla haqq-hesab çəkib yola salmışdılar. İndi qız nənəsinin köməyilə evin işini görür, tikiş tikmək, corab toxumaq, xörək bişirmək öyrənir, boş vaxtlarında kitab oxuyurdu. Babası qızın oxumağa olan həvəsini görüb, onun üçün maraqlı kitablar tapıb gətirir, kürəkənini İrana gedəndə ona kitab sifariş edirdi.
Baba, 1901-ci ildə Seyid Hüseynlə Mirpaşanı molla məktəbindən çıxardıb İçərişəhərdə açılan rus-tatar məktəbinə qoydu.
… 1903-cü ilin yayı idi. Seyid Sadığın ailəsi Ləəşdəki bağlarında istirahət edirdi. Günlərin birində günortaya az qalmış, Mehinbanu mətbəxdə yerə döşənmiş köhnə palazın üstə oturub ət döyür, Rübabə xəmir yoğururdu. Qutab bişirəcəkdilər. Hava çox isti idi. Mehinbanu qapıdan boylanıb meynəliyin arasında oynayan nəvələrini gördü, onları içəri çağırdı.
– Hüseyn, Paşa, nə eşələnirsiz günün altında? Bu saat ilan mələyən vaxtıdır. Gəlin kölgədə oturun.
Uşaqlar könülsüz gəlib mətbəxin qapısı ağzında, səkinin üstündə oturdular.
– Bəlkə, gedib quyudan bir vedrə sərin su çəkib gətirəsiz. Hə? – deyə nənə xahiş etdi.
Oğlanlar qaça-qaça quyuya tərəf getdilər. Dolamaçarxı hərləyib bir vedrə su çəkdilər, mətbəxə gətirdilər. Mehinbanu əti döyüb qurtarmışdı. Vedrəni suaxana aparıb əydi, əlini-üzünü yudu, ovcunu doldurub bir-iki qurtum içdi.
– Bəh, bəh, əcəb sudur, – dedi çox sağ olun, sucan ömrünüz olsun… Rübabə, gəl sən də sərinlən.
Bir azdan küçə qapısından Mirpaşanın səsi eşidildi:
– Nenə, Nisə ilə Səriyyə bizə gəlirlər.
– Xoş gəlib, səfa gətirirlər.
Seyidxanımın qızları içəri girib salamlaşandan sonra keçib palazın üstündə oturdular. Mehinbanu narahatlıqla soruşdu:
– Nə var, nə yox, Nisəxanım, anan necədir?
16 yaşlı Nisəxanım yoğun, uzun hörüklərinin ucunu hörüb arxaya atdı, utana-utana dedi:
– Pis deyil. Anam dedi ki, mümkün olsa bizə gəlsin. Atam da tapşırdı ki, qoy Bircəbacı da gəlib bizimlə hamama getsin, Maxrivetin başını yumağa sənə kömək eləsin.
– Necə, ananın sancısı başlayıb?
– Hə, deyəsən.
Mehinbanu əl-ayağa düşdü. Tez yerindən qalxdı.
– Rübabə, xəmirin üstünü ört, qoy qalsın bir tərəfdə. Döyülmüş ətdən beş-altı dənə tava kababı elə uşaqlarçın, baban da gəlib yeyər. Sonra hazırlaş, gedək görək, başımıza nə gəlir dedi.
Bir saatdan sonra gəlib Zübeydəgilin Şüvəlandakı bağlarına çatdılar. Həyətə girəndə birinci Gülnisəni gördülər: əlində bir vedrə isti su, çiynində təmiz dəsmal yuxarı mərtəbəyə qalxırdı. Ələkbər həyətin ortasındakı tut ağacının kölgəsində, taxtın üstündə əyləşib mütəkkəyə söykənmişdi. Mehinbanu salamdan qabaq xəbər aldı:
– Mama çağırmısız?
– Həri, içəridə, yanındadır.
Arvad çarşabını qoltuğuna vurub cəld qızının yanına getdi. Ələkbər Rübabənin salamını alıb Nisəyə dedi:
– Hə, szin burda işiniz yoxdur, tez yığışın haydı hamama.
Mama Mehinbanunu otaqdan çıxartdı:
– Ah-ufunla mənə mane olursan, – dedi, – qızının doğmağına hələ çox qalıb. Darıxma, hər şey yaxşıdır. Get otur həyətdə, kürəkəninlə söhbət elə, lazım olsan, çağırarıq səni.
Arvad ürəyində allaha yalvara-yalvara qapıdan çıxanda, sonbeşiyi Zəhranın nökəri Səmədi həyətdə gördü, ürəyi qopdu. Qorxa-qorxa onu yanına çağırdı.
– Ay uşaq, xeyir ola, nöş gəlmisən? Evinizdə nə var, Zəhra necədir? – deyə dalbadal suallar verdi. Axırıncı dəfə, iyirmi gün bundan qabaq qızıgildə olanda onu yorğan-döşəkdə görmüşdü. Ancaq sonra Seyid Sadıq xəbər gətirmişdi ki, Zəhra yaxşıdır, ayağa durub.
Səməd böyük xanımla danışmaqdan elə bil ehtiyat edirdi. Arvadın gözlərini dikib ondan cavab gözlədiyini görəndə əlacsız qalıb dilləndi:
– Zəhra xanım elə