Скачать книгу

sənin “azad insan” və “azad vətən” yolunu seçdim. Bu müqəddəs amal uğrunda sənin kimi həyatda hər şeyimi və yenə sənin kimi övladlarımı, ailəmi, qardaşlarımı və sevimli anamı belə Leninin qızıl cəhənnəmindən buraxaraq, heç bir insan ağlına sığa bilməyəcək qədər ağrı-acılara və zülmlərə qatlandım.

      Sevimli atam, lütfən azadlıq eşqilə, azad vətən eşqilə ölümlərin belə ən qorxuncunu gözünə alan oğlunu “sən nə etdiyini düşündünmü? Düşmənin pəncəsindən qaçmaqla həyatda yaxın-uzaq nə qədər günahsız qohum-əqrəbamızın 10 il Sibir deyilən cəhənnəmdə ölümlə pəncə-pəncə gəlməsinə səbəb oldun” – deyərək məni qınama. Çünki mən insan qəlbinin, insan idealının ən yüksək zirvəsi olan azadlıq arzusuna sarılmaqla vətənimə daha faydalı olaram inamına elə möhkəm inanmışdım ki, nə həyatımı, nə də öz qanımdan, öz canımdan olanların həyatını düşünməmişdim. Bəli, bəlkə də bir çoxları bu hərəkətimin yanlış olduğunu söyləyərək məni təqsirləndirəcək, lakin mən “ey azadlıq, sənin yolunda miliyonlarla adam ölmədimi?” –deyib bəşəriyyət tarixinin ölümsüz həqiqətlərinin illərcə mənliyimdə yaşadaraq bu yolu, daha doğrusu, əziz atam, sənin seçdiyin yolu seçdim və bu yolda başıma gəlməyən fəlakət qalmadı.

      Ata, indi lütfən bir dəqiqə məni dinlə, sənə səslənirəm.

      Atama səslənirəm

      Mən Məmməd Altunbay, azadlığından məhrum bir ölkədə doğulmuşam. Orada azadlğın, müstəqilliyin həqiqi mənasının nə olduğunu mənə öyrətmədilər. Yaşadığım cəmiyyətdə insanlar həmişə bir-birindən qorxur, 24 saat ərzində kimin kimi satacağını düşünürdü. Hamımız qorxusuz yaşamaq arzusunda idik. İkimizi vulkan kimi təlatümə gətirən bu hislər günün birində orada yaşayan insanların çörək və su ehtiyacı qədər əziz bir şeyə çevrildi.

      Hamımız bu bulaqdan su içdik. Biz azadlıq aşiqi, müstəqillik və xoşbəxtliyə susamış insanlar Stalin diktatorluğunun o qorxunc rejiminə boyun əyə bilməzdik. Ardı-arası kəsilməyən iftiralar, təhdidlər, bitib-tükənməyən zülm və işgəncə üsulları bir-birinin əvəz edirdi. Orada müstəqillikdən söz açan kəsləri gecə içən yatağından götrüb ya sürgün edir, ya da güllə yağışı altında ölümün qucağına atırdılar.

      O vaxt çox kiçikdim. Lakin sənin və dayımın güllələndiyiniz o dəhşətli günləri heç cür unuda bilmirəm. O gün neçə-neçə azadlıq mücahidi səninlə bərabər güləlləndi. Arvadlarını və uşaqlarını da onlarla birlikdə öldürdülər. Ogünkü azadlıq qəhrəmanlarımızın indi məzarı belə məlum deyil. Çünki, ata, orada adamlar məhkəməsiz, kütləvi halda güllələnirdi. Orada edamsız və sürgünsüz günümüz yoxdu, ata. Nəhayət, Bir gün ölümün astanasından adlayaraq özümü ana vətən Türkiyədə azad insanların yaşadığı müstəqilliyin qucağında gördüm. Lakin bu o qədər də asan başa gəlmədi. Məqsədə çatmaq yolunda zindanlarda zəncirlərə vuruldum. Saysız-hesabsız işgəncənin ağrı-acısını çəkdim. Bütün təhlükə və çətinliklərə baxmayaraq qüvvəmi daxilimdə odlanan azadlıq məşəlindən aldım və bu məşəl mənə müstəqillik və azadlıq yolunda işıq oldu.

      Müstəqillik üçün yaşadım. Yaşadım ki, iyrənc və qorxunu Lenin rejiminin iç üzünü azad dünyanın azad insanlarına göstərim, ata Bəli, ata bu gün sənə səslənərkən ölümündən neçə il sonra Leninin bayrağı altında yaşayan türk yurdlarını qarış-qarış gəzmişdim. Gördüyüm və hiss etdiyim pərişanlıq, bəşəriyyətə üz qarası və dizə qədər səfalət tablosundan başqa bir şey deyildi. Bu səfillər dünyasının gözüyaşlı insanları ilə aylarla birlikdə yaşadığım üçün özümü onların bir parçası kimi görüb və deyirəm: “mən azadlıq aşiqi, azərbaycanlı, mən şimali qafqazlı, mən türküstanlı, mən urallı, krımlıyam” və bu səslənməni eyni zamanda səninlə birlikdə şəhid olan aslan ürəkli vətən övladlarının və azadlıq yolunda şəhid olan bütün dostlarımızın və adsız qəhrəmanlarımızın əziz ruhuna ithaf edirəm.

      Bəli, atacan, bu qədər acı və bu qədər insanlıqdan kənar zülmlərdən sonra buz kimi zindanlarda ölümü gözlədim. “Öldürmək istəmədiyini Allah öldürməz” – deyiblər. Mən buna inanıram. Çünki mən də qadir Allahın bir lütfü sayəsində üç dəfə ölümdən qurtarmışam, lakin yenə də sənin etdiklərinin mində birini edə bilməmişəm. Düzdür, bu gün sənin ömrün boyu arzuladığın, lakin hç vaxt görə bilmədiyin, azad insan kimi yaşamadığın azad dünyada, daha doğrusu, ana vətənim Türkiyənin müşfiq qoynunda yaşayır və bu torpaqlarda da dərdlərimə, ağrı və acılarıma, azad insan kimi yaşamaq təşnəsinə şərik olan son dərəcə anlayışlı, nəcib və azadlıq aşiqi vətənpərvər insanlarla bərabərəm, lakin inan, atacan, qəlbimin iztirabı heç vaxt sakitləşmir, ruhum müdhiş bir əzab içindədir. Çünki ata və oğul vətənimiz azərbaycan uğrunda apardığımız azadlıq mübarizəsi heyf ki, sənin iyrəndiyin, nifrət etdiyin və “bəşəriyyətə üz qarası” – deyərək lənətlədiyin, Leninin əsgər və yoldaşları tərəfindən orta əsrin yonulmamış xunxar zehniyəti ilə həm gəmirilir, həm də əsarət zəncirində saxlanılır.

      Bəli, atacan, qadir Allahın insanlara verdiyi səbrin, deyəsən, həddi-hüdudu yoxdur. Olsaydı, indiyədək min dəfə ölməliydim. Lakin mən hələ də yaşayıram və lənətə gəlmiş qırmızı istilaçıların zülmü qarşısında heç vaxt ümidsiz olmamışam sən həmişə “bir gün ilahi ədalət mütləq surətdə təcəlli edəcək” – demirdinmi? İndi budur, mən də eyni ümidlə yaşamış və yaşayıram.

      Bəli, sevimli oxucularım!

      Düşmən kimdir? – sualının geniş izahı və şəhid atamın qorxunc ölüm səhnəsinin necə, harada və hansı şəraitdə oynanıldığı barədə sonra danışacağam. İndi təkrar uşaqlıq xatirələrimə dönməzdən əvvəl mühüm bir həqiqəti bilməyinizin əhəmiyyəti var. Belə ki, danışacağım hadisələrin heç bir yerində kiçik bir şişirtmə və mübaliğə yoxdur. Əksinə, çox kiçik olduğum üçün bir çox hadisələri unutmuş, fəqət kiçik beynimin unutduqlarını, yenə də kiçik olduğum üçün anlamadığım sözlərin boşluğunu qismən mərhum anamı və səksən yaşına çatmasına baxmayaraq mənimlə məktublaşmaqdan böyük qardaşım Cəmilin hekayələrinin doldurmuş olduğunu söyləməliyəm.

      Anam gizli-gizli ağlayırdı.

      Atamın uzun müddət idi ki, gecələr evə gəlməməsi anamı çox üzür və bizi də boynubükük, kimsəsiz, yetim halına salırdı. Qonşuların, daha doğrusu, bu bizə elə gəlirdi, xüsusilə əd evimizin yanındakı erməni dığalarının bizi “qaçaq İbrahimin balaları” – deyə çağırmasını sataşmaq kimi qəbul edərdik. Böyük qardaşım Cəmil həmişə bizi belə çağırıb, lağ edən dığaları o ki var döyərdi. Mən də ona qoşulardım. Buna görə də qonşumuz Haykanuş tez-tez anamın yanına gəlib Cəmildən şikayət edərdi. Anam isə Cəmilin qulağını çəkərək ona təpinərdi:

      – Bir də uşaqlarla dalaşsan atana deyəcəyəm. Qulaqlarını kəsəcəyəm sənin, bildin?

      Qardaşım heç vaxt “bildim, başa düşdüm” deməzdi. Yalnız sadəcə razılıq mənasında başını tərpətməklə kifayətlənər, lakin yenə də qovğadan əl çəkməzdi.

Скачать книгу