ТОП просматриваемых книг сайта:
Həsən bəy Zərdabi xatirələrdə. Коллектив авторов
Читать онлайн.Название Həsən bəy Zərdabi xatirələrdə
Год выпуска 0
isbn 978-995-255-746-6
Автор произведения Коллектив авторов
Серия Xatirə ədəbiyyatı
Издательство Hadaf Neshrleri
1867-ci ildə Həsən bəy “Quberniski pravleniye”yə girərək kəndlilər həqqində rəis ilə danışığa girişir. Bu xüsusda ona ərizələr yazılır, təbiidir ki, Həsən bəyin böylə hərəkətləri çinovniklərin xoşuna getməyir. O zaman qubernator olmuş (Kulebakin) Həsən bəyi küçədə görürkən qarşı-qarşıya gəlməsin deyə o tərəfə keçirdi. Bütün bunların nəticəsində Həsən bəy “Quberniski pravleniye”dən uzaqlaşmaq məcburiyyətində qaldı. Vəzifəsini öz arzusu ilə tərk etməsəydi, şübhəsiz ki, kənar ediləcəkdi.
Bir müddət sonra Həsən bəy Quba məhkəməsində katib olur, o zamanlar məhkəmə işlərində bir taqım islahat yapılmışdı. Bu xüsusda rus dilində ədəbiyyat dəxi mövcud idi. O vəqt türk kəndlilərinin bunlardan xəbəri yoxdu. Advokatlar, tərcümanlar (dilmanclar) məhkəməyə işi düşən zavallı kəndlilərin dərisini soyardılar. Həsən bəy burada da böyük bir həqsizliyə təsadüf edirdi. Təbiidir ki, bütün mövcudiyyəti ilə bu kimi həqsizliklərə qarşı qoyan Həsən bəy burada sakit oturamazdı. Yenə də fəaliyyətə başlayır, bacardığını yapır, kəndlilərə əlindən gələn müavinəti edir. Onlara parasız ərizələr yazır, yol göstərir. Vəlhasil dayanmadan çalışırdı. Bunun bütün bu fəaliyyəti məhkəmə qurdlarının və soyğunçularının xoşuna getməyir. Çünki Həsən bəy kəndlilərə hüququnu anlatdıqca, onlara yol göstərdikcə advokatların və tərcümanların mədaxili az olurdu. Buna görə də bütün müftəxor dəstəsi Həsən bəyin düşməni kəsilmişdi. Bunlar mədaxillərinə mane olan Həsən bəyi aradan qaldırmaq məqsədi ilə bir gecə ona sui-qəsd edirlər. Evdə oturduğu vəqt pəncərədən ona güllə atırlar. Bir təsadüf olaraq güllə isabət etməyir, bununla da Həsən bəy ölümdən qurtarır.
Bu müftəxor güruhu həqqində Həsən bəy “Əkinçi” qəzetəsinin birinci il 15-ci nömrəsində aşağıdakı sözləri yazır:
“Bizi əvvəl mikroblar (qədim pristavlar) və indi də bəzi advokatlar soymağına səbəb biz özümüzük. Nə qədər avamıq, bizi aldadan olacaqdır. Əmələcatdan və advokatdan bizləri xilas etməklə biz xoşgüzaran olmayacağıq. Onlar olmayanda bir qeyri-müftəxor bizim malımıza şərik olacaqdır. Pəs şəkva etmək əvəzində səy edin, qanacağınızı artırın, yəni elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakəti olmasın”.
Yenə də “Əkinçi” qəzetəsinin birinci il altıncı nömrəsində (səhifə 4) advokatlar xüsusunda Qubadan almış bir məktubu dərc edərək yazır: “Bu kağızı yazan öylə fikir edir ki, qeyri yerlərdə həlva yeyirlər. Əzizim, siz istədiyiniz vəkili Rusiyanın paytaxtında da tapmaq olmur”.
O zaman Qubada boyaq böhranı idi. Bundan istifadə edərək advokatlar əhalini soyurdu, bu “hüquqşünaslar” bir quldur dəstəsinə oxsayırdı. Vəqtilə Həsən bəy bunları çox gözəl təsvir etmişdir.
* * *
Həsən bəy hər hanki bir hökumət müəssisəsinə gedirsə, fikrini yürüdəməyərək vəzifəsini tərk etməyə məcbur olub. Bunların hamısı Həsən bəyə, yalnız bir nəfərin çar hökuməti ilə mübarizə aparması imkan xaricində olduğunu sübut edir. Bu mübarizəni müvəffəqiyyətlə aparmaq və arzu olunan nəticələri əldə etmək üçün oxumuşlar kadrosunun lazım olduğunu hiss edir. Bunu da təbiidir ki, əski üsul məktəblər verə bilmə- yəcəkdi. Fəqət çar hökumətinin ruslaşdırmaq siyasətini yürüdən yeni açılmış bu məktəblər, türk kütləsini özündən uzaqlaşdırmış və onların hüsnrəğbətini qazanamamışdılar.
Məktəb müəllimləri əksərən ruslardı və yaxud rusca bilən başqa millətlərdən idi. Bunların arasında “dərman üçün də olsun” bir türk müəllimi yoxdu.
Digər cəhətdən mollaların da bu işə böyük təsiri vardı. Bütün bunların nəticəsi olaraq bu məktəblərdə türk tələbəsi bulmaq çox zor idi. Olan beş-on kişi də bəy, mülkədar, varlı övladları idi. Kəndli işçi çocuqlarının birini də bu məktəblərdə görmək olmazdı. Geniş əməkçi kütləsini bu məktəblərə yalnız bu kütlənin bütün mənafeyini gözləyən və onu ürəkdən sevən müəllim cəlb edə bilərdi.
Həsən bəy darülfünundan aldığı şəhadətnamə üzrə məktəblərdə müəllim ola bilərdi. Buna görə də Qubadan Bakıya köçərək gimnaziyanın təbiyyat müəllimi olur. O zamanlar türklərin orta məktəblərdə müəllim olmaq həqqi yox idi. Həsən bəy buna yalnız öz bilik və məharəti sayəsində müvəffəq ola bilmişdi. Gimnaziyanın müdiri Həsən bəyin köhnə dostlarından olduğundan bu məsələnin Həsən bəy nəfinə həll edilməsi üçün çox çalışmışdı.
Həsən bəy məktəbə müəllim təyin edildikdən sonra türklərin bu məktəblərə cəlb olunması üçün çox çalışırdı, fəqət az nəticə əldə edə bilirdi. Buna da o zamankı türk mühitinin cəhalətdən ibarət olması imkan verməmişdi.
Altmış il bundan əvvəlki Bakı indiki mədəniyyət mərkəzi olan Bakıya heç bənzəməzdi, o zamanlar deyil ki, qızları, hətta oğlanları böylə məktəbə buraxmazdılar. Bəzi atalar oğlanlarının evdən dışarı çıxmasına razı olmazdı.
Avropa libası geyənləri şairlər həcv edər, mollalar da minbərdən onlara lənət yağdırarlardı.
Qaranlıq düşəndən sonra heç kəs küçəyə çıxmazdı. Xəstə qadınları faytona mindirmək lazım gəldikdə onları örtülü faytona mindirərlərdi. Cəhalətin böylə hakim bulunduğu bir mühit içərisində Həsən bəy müəllimlik fəaliyyətinə başlayır.
Müəllimlik iqtidarına gəlincə bununla birlikdə müəllimlik etmiş rus arkadaşları daima onu alqışlar, Həsən bəyin qəzetə və məcmuələrdə yazmış olduğu məqalələr onun ixtisasına dair böyük məlumata malik olduğunu göstərir.
Tələbələrin ruhlarını öyrənmək, onlara yanaşmaq, onları hər tərəfdən tədqiq etmək, zəif tərəflərini daima nəzərdə tutmaq işlərində Həsən bəydə fövqəladə bir bacarıq var idi. Bunun tələbələrə böylə yaxın bulunması, onların məhəbbətini tamamilə qazanmışdı. Həsən bəy bütün rus, erməni və gürcü şagirdləri arasında böyük hörmət və məhəbbət qazanmışdı.
Saçı-saqqalı ağarmış tələbələri indi də Həsən bəyin adını hörmətlə yad edərlər.
Həsən bəy türk əməkçi kütləsinin övladlarını məktəbə tərəf etmək üçün çalışır. Bunun üçün yollar arayır. Bu məqsədlə Həsən bəy boş vəqtlərini xəlq arasına çıxar, dəllak, xarrat, dərzi dükanlarında saatlarla vəqt keçirərək onlarla söhbətlər edərdi. Bunun dükanlardakı söhbətinin əsas mövzusu savad, elm, sənətdən ibarət olurdu. Həsən bəyin sözlərini dinləyənlər onun nə qədər doğru danışdığını təsdiq edər. Fəqət yenə də çocuqlarını məktəbə verməzdilər. Bəzən də bir çox nalayiq sözlərə hədəf olurdu. “Şapqalı rus” və “Sünni Həsən bəy” kimi bir çox ləqəblər də qazanmışdı.
Cəhalət içərisinə qərq olmuş o vəqti ki, Bakı müsəlmanlarının arasında “Ömər toyu”,