Скачать книгу

dəfn olunduğunu isə sadəcə, bir neçə yaxını bilir.

      Yazı maşını

      Avtobioqrafiya[1]

      “Belə gəlib, belə də gedəcək" ifadəsindən öz mənfəəti üçün istifadə edən bütün istismarçılar, bütün mənfəətçilər, bütün yalançılar və aldadılanlar bunu yaxşı bilsinlər ki: Belə gəlib, amma belə getməyəcək!"

      «Quran», tikiş maşını və stul

      Gözümü dünyaya yanğınla açdım. İlk xatirəm qapqara göy üzünü bürümüş o qıpqırmızı alov dilləridir. Ondan öncə olanları xatırlamıram. Lakin bu ilk xatirə yaddaşıma bütün incəlikləri ilə hopub.

      Anam yuxudan oyandırdı. Sarı toppuzlu bürünc çarpayının baş tərəfində divardan asılmış, içində "Quran" olan gümüşü naxışlı, mavi atlaz torbanı əlinə aldı və öpüb alnına toxundurdu. Sonra o torbanı boynumdan asdı. Bacımı beşikdən aldı.

      Pərdəsi açıq pəncərədən qığılcımlar saçan, od püskürən, atəş qusan qıpqırmızı bir səma görünürdü. Tavanda, döşəmədə, divarlarda qırmızı işıqlar oynayırdı, gah böyüyüb-kiçilir, gah uzanıb-qısalırdı… Güzgüyə baxdım: yanan səma güzgüyə dolmuşdu…

      Həyət qapısı həyəcanla döyülürdü. Bayırda anlaşılmayan bir uğultu, səs-küy vardı… Arabir uğultunu uşaq ağlaması, ya da qadın çığırtısı dəlib keçirdi.

      Qığılcımların, alovun iri böcəklər kimi pəncərə şüşəsinə dəydiyini görür, çırt-çırt səslərini, yanğının səsini eşidirdim… Sonra pəncərənin şüşəsi yox oldu: ya əridi, ya da sındı. Üzümə güclü isti vurdu.

      Birdən otağın qapısı itələnərək açıldı. Bir neçə adam içəriyə doluşdu… Onlar əllərinə keçəni götürüb gedirdilər. Anam elə bilibmiş ki, bu adamlar yanğın zamanı əşyalarımızı xilas etməyə çalışan yaxşı adamlardır.

      Bir qolunda məni, digər qolunda bacımı tutan anam bizi pilləkənlərlə endirdi, açıq qalmış həyət qapısından bayıra çıxardı, oradaca qoydu və yenidən içəri cumdu.

      Küçədəki adamlar evin içinə doluşur, içəridəkilər isə yağmaladıqları əşyalarla bayıra çıxarkən biz ayaqlar altında qalırdıq. Anam qucağında tikiş maşını, bir əlində də stul çölə çıxdı. On səkkiz yaşındakı anamın o yanğından xilas edə bildiyi şey iki uşağı, "Quran", tikiş maşını, bir də stul idi. Tikiş maşını anamın öz qazandığı pulla aldığı cehiziydi. O, bacımın stulunu da o qarışıqlıqda yanğından xilas edə bilmişdi.

      Baş verənlər məni heç qorxutmadı. Sanki bir gecə şənliyində, bir bayram əyləncəsində imişik kimi gəldi. Yaddaşımda beləcə qaldı.

      Sonra yaddaş lenti həyət qapısında qırılır. Həyət qapısı ilə qəbiristanlıq arasında nələrin olduğunu bilmirəm, xatırlamıram.

      Ertəsi gün ayıldığımda qəbiristanlıqda idik. Gecəni orada, açıq havada keçiribmişik. Qəbiristanlıq yanğından qurtulmuş yoxsul ev əşyaları, qorxmuş insanlar, ağlaşan uşaqlarla dolu idi.

      Bacım qəbiristanlıqdakı iki qaraçöhrə ağacının arasına bağlanmış, kəndirləri gərilmiş bir beşikdə yatırdı.

      Çox sonralar öyrəndim ki, evimizin yandığı yer Qasımpaşanın üstündəki "Yeniçeşmə" adlanan yer imiş. Kirayənişin qaldığımız evlərdə illər boyunca bu sözlər deyilirdi: "Yeniçeşmədə bizim də evimiz vardı".

      İl 1919, 1920 olardı… Atam yanımızda deyildi. O bizi eləcə tərk edib lap çoxdan Anadoluya getmişdi… Anadoluda Qurtuluş savaşı gedirdi.

      Tanrı ümidinə qalan uşaq

      Üç yaşında olan bacım xəstələndi, ayaqları tutmurdu. Çox sonralar başa düşdüm ki, bu xəstəlik qidasızlıqdan, baxımsızlıqdan yaranan sümük xəstəliyi olan "raxit" imiş.

      Həkim, dərman hardan olacaqdı?! Təkcə adını eşitdiyimiz həkim bizə əlimizin, səsimizin çatmaq imkanı olmayan fövqəladə bir varlıq kimi görünürdü. Ölən uşaqlar üçün "Allah verdi, Allah aldı" deyilirdi. Həkimdən, dərmandan daha əvvəl bacıma yaxşı baxa, ona bol qida verə bilsəydik, yaxşılaşardı. Pul ödənmədən oluna biləcək bütün türkəçarəni elədik. Sonra anama məsləhət verdilər:

      – Axşam azanı oxunan vaxt uşağı qəbiristanlığa apar, bir qəbir daşının yanında qoy… Arxaya qətiyyən dönüb baxmadan, bircə damla gözyaşı da tökmədən qayıdıb evinə gəl. Sizin arxanızca gələn başqa bir adam isə onu götürüb evə gətirsin.

      Anam bacıma başa salmışdı ki, sağalması, əvvəlki-tək yeriyə, qaçıb-oynaya bilməsi üçün belə bir şey edəcək və lazım idi ki, onu qəbiristanlıqda qoyub getdikdən sonra ağlamasın. Bacım ağıllı, gözəl qız idi.

      Anam hər axşam onu qucağına götürər, mənim əlimdən tutar və biz Qasımpaşa ilə Bəyoğlu arasındakı Çürüklük qəbiristanlığına gedərdik. Qəbiristanlığın sıx-sıx əkilmiş qaraçöhrələri axşamın kölgəsini daha da qatılaşdırar, bu qaranlıqda qəbir daşları daha böyük görünərdi. Azan səsi minarələrdən qəbiristanlığa yayılan vaxt anam qucağında tutduğu bacımı bir qəbir daşının yanına oturdar, əlimdən tutub geriyə boylanmadan iti addımlarla gedərdi. Beləcə, bu, aylarla davam etdi – düz qış girənədək…

      Bir dəfə də olsun, nə anam dönüb geriyə baxdı, nə də qəbir daşının yanında qalan üç yaşlı bacım ağladı…

      Anamın çadrası altından üzü görünməzdi, yolda ağlamamaq üçün içində kim bilir, nələr çəkərdi. Evə çatan kimi özünü döşəkçənin üstünə atıb ürəyini boşaldaraq ağlayardı, ta ki kimsə bacımı gətirib çıxaranadək…

      Xəstə bir uşağın son yaxşılaşma ümidinin nəyə görə qəbiristanlıqla bağlı olması haqqında sonralar çox düşündüm. Uşağın qarnını doyuracaq gücü belə olmayan həkimsiz, dərmansız yoxsullar tanrılarına yalvarırdılar:

      "Tanrım!.. Bax, balamı sənə həvalə edirəm, balamın xəstəliyini torpağa göm, onu mənə həyat dolu, sapsağlam qaytar!.."

      Bir gün atam evə alma gətirmişdi. Mənə: "Üzünü çevir!" – dedi. Üzümü divara çevirdim. Önümə bir alma düşdü, sonra daha biri… Atam: "Bax… Bu almaları sənə Allah göndərib, dua elə!" – dedi. Amma alma göndərən Allah bacımı sağaltmadı. Öldü bacım.

      Evin həyətindən atamın qucağında balaca bir tabut çıxarkən mən bunu bir oyun zənn edərək Zəhra xalanın evinin qabağında durub gülürdüm. Bu bir oyun olacaqdı: bacımı bu kiçik taxta qutunun içində aparıb qəbiristanlığa qoyacaqdılar, o da orada sağalıb qaça-qaça evə qayıdacaqdı…

      "Uşağı içəri aparın!" – dedilər. Məni otağa saldılar. Anam ağlayaraq yanıma gəldi, məni öpdü, "Bacın öldü, buna gülməzlər!" – dedi.

      Pis bir şey etdiyimi başa düşüb utandım…

      Həmişə necə, nəyə görə yumorist olduğumu soruşurlar… Bilmirəm. Amma ola bilsin, məni yumorist edən öz həyatım olub. Mən bu yerə gözyaşları içindən gəlmişəm…

Скачать книгу


<p>1</p>

Əziz Nesinin həyat hekayəsi yazıçının “YOL. Belə gəlmiş, belə getməz I” (“Nesin” Nəşr., 6-cı nəşr, 2012), “YOXUŞUN BAŞI. Belə gəlmiş, belə getməz II” (“Nesin” Nəşr., 6-cı nəşr, 2013), “YOXUŞLA YUXARI. Belə gəlmiş, belə getməz III” (“Nesin” Nəşr., 6-cı nəşr, 2013) kitablarından götürülmüşdür.