ТОП просматриваемых книг сайта:
Məhşər. Muğanna İsa
Читать онлайн.Название Məhşər
Год выпуска 0
isbn
Автор произведения Muğanna İsa
Серия Milli ədəbiyyat
Издательство Hadaf Neshrleri
O ölkə Azərbaycan idi. Qalalar arasında tək bir qala qalmışdı ki, Teymur onu uzun illər ərzində mühasirədə saxlasa da, heç cür ala bilmirdi. O qala Naxçıvanda Əlincə qalası idi. Əlincənin hələ təzə mühasirə edildiyi vaxtlar, Teymurun ordu rəislərindən Əmir Qıymaz, Naxçıvanı dağıtmış, gizlin, yeraltı yollarla Əlincəyə əsləhə və azuqə daşıyan əhalidən beş yüz nəfər kişi seçib, şəhərdə Ziyaülmülk günbəzi adlanan məbədgaha doldurmuş və pəncərələrdən uzun müddət az-az saman tüstüsü buraxaraq, işgəncə ilə boğdurmuşdu ki, bu qırğın salamat qalanlara ibrət olsun, daha heç kəs qala müdafiəçilərinə kömək göndərməyə cürət etməsin. Lakin hələ Ziyaülmülk müsibətindən əvvəl də qalada teymurilərə müqavimət göstərəcək qədər qüvvə vardı. Arazın o tayında Təbrizdən, Kür boyunda Tauş qalasından, Şamxordan və Gəncədən, Şirvan səmtində Şəkidən əli silah tutanların hamısı axışıb Əlincəyə doluşmuşdu. Qalanın içərisindəki geniş dağ yastanasında dəmyə taxıl əkir, mal-davar saxlayır, daşlardan sızan bulaq suyu içir, hündür bürclər və sıldırım qayalar belində gecə-gündüz keşik çəkir və fürsət düşdükcə enişaşağı tökülürdülər.
Lakin teymurilərlə döyüşən yalnız qala müdafiəçiləri deyildi. 1393-cü ilin yazında, Əlincəni mühasirədə saxlayan ordunun qarovul qoşunları ilə, gecə qaranlığında gizlin yolla tuluqlarda qalaya neft aparan naməlum bir dəstə arasında qısa, amma qanlı bir toqquşma baş vermişdi. Bu, uzun illər ərzində, ilin bütün fəsillərində baş verən, həm azərbaycanlılar, həm də teymurilər üçün adi bir hadisə idi. Ancaq Teymurun Bağdad yürüşündən qayıtdığı vaxta düşdüyünə görə bu hadisə narahatlığa və səs-küyə səbəb olmuşdu. Şirvanşah İbrahim, toqquşmada həlak olan alimənsəb teymurilərin qəbirləri üstündə təziyyə namazı qılmaq üçün Şirvan sədrəddini[1] Şeyx Əzəmin və vəzirlər vəziri qazi Bayəzidin başçılığı ilə Şamaxıdan Naxçıvana mötəbər məscid əhlindən ibarət böyük bir dəstə göndərmişdi. Məqsəd qalaya neft aparanların neft mənbəyi Bakıya, bakılılara və ümumən Şirvana dəxli olmadığını, yəni İbrahimin öz qüdrətli müttəfiqinə xəyanət etmədiyini sübuta yetirmək idi. Ancaq iş elə gətirmişdi ki, bu barədə deyib-danışmağa ehtiyac qalmamışdı: Qazi Bayəzid döyüş meydanından neft aparanların mənsubiyyətini göstərən bir papaq tapıb Şeyx Əzəmə vermiş, Şeyx Əzəm isə bu papağı əvvəlcə Teymurun oğluna-İran və Azərbaycan hakimi Miranşaha göndərmək istəmiş, sonra Miranşahın öz iqamətgahı Sultaniyyədə olmadığını öyrənib, bu vaxt sorağı Bağdad-Təbriz yolundan gələn Əmir Teymurun özünə göndərmiş və tapşırmışdı desinlər ki, Əmir Teymurun müzəffər ordusunun yeddi il ərzində Əlincə qalasına bata bilməməsinin sirri bu papaqdadır. Papaq bəyaz keçədən idi. Ərmən, yunan keşişlərinin papaqlarına-mitraya bənzəyirdi. Qabağında göy ipəkdən barmaq enində şəridi, kənarlarında at qılından hörülmüş bir qarış uzunluğunda möhkəm saçaqları vardı.
Şeyx Əzəmin müridləri Bağdad-Təbriz yolunda Əmir Teymurun düşərgəsinə yetişib kim olduqlarını, nə üçün gəldiklərini deyib, hökmdarın hüzuruna çağırılanda, onlarla birlikdə çadıra dəvət olunan alimənsəb seyidlər birağızdan təsdiq etmişdilər ki, bu papaq İran və Azərbaycan əsnafının[2] «Fəzl» adlandırdığı din düşməni kafir Fəzlullah əl-Hürufinin müridlərinə məxsusdur, belə uzunsaçaqlı bəyaz papağı ancaq o məlunlar-hürufilər qoyurlar. Fəzlullah adında və «hürufi» kəlməsində nə hikmət vardısa, deyirlər ki, Teymur qapqara olub, papaq əlində, dinməz-söyləməz çadırdan çıxıb, dərhal səfər elan etmişdi.
Bu vaxt Şeyx Əzəm artıq Şamaxıda imiş, Novruz bayramı və şahın tacgüzarlıq günü münasibət ilə Şirvanşah İbrahimi, ailə üzvləri və alimənsəbləri ilə birlikdə məscidə dəvət edibmiş.Namaz qurtarandan sonra, şah yığışıb getməyə hazırlaşanda, kim isə onu xəncərlə vurmağa cəhd etmiş, amma şahın üstünə cumduğu məqamda özü öldürülmüşdü.
Şamaxıda yayılan xəbərə görə, sui-qəsdçini sifətdən heç kəs tanımamışdı, ancaq ölünün cibindən əlifbanın baş hərfi «əlif» şəklində bir açar tapılmış, bu açarı xüsusi mücrü içində şah dərgahına aparıb İbrahimə təqdim edən Şeyx Əzəm və onu müşayiət edən müridləri demişdilər ki, onlar yaxşı bilirlər – bu açar da hürufilərə məxsusdur.
Bütün bunların nəticəsində, Teymurləng zamanının ən məşhur həkimlərindən[3] və Teymurun ən güclü düşmənlərindən biri-Şeyx Fəzlullah Cəlaləddin Nəimi öz daimi iqamətgahı Bakını tərk edib, böyük qızı, həm də varisi Fatma və yaxın dostları ilə birlikdə, gah Bakı civarının ibadətgah və karvansaralarında, gah da Şirvanın müxtəlif guşələrində, yerini tez-tez dəyişə-dəyişə gizlənməyə məcbur olmuşdu… İllər keçəcək, bir vaxt gələcək, ölünün cibinə qoyulan açarın köməyi ilə düzəldilmiş siyasi fitnə bir də Heratda, Teymurun oğlu Şahruxun iqamətgahında bir qədər başqa şəkildə təkrar olunacaq, hürufilər yalnız «ənəlhəq» deyib Allahı insanda görən küfr əhli kimi yox, həm də sui-qəsdçilər və qatil dəstəsi kimi qələmə veriləcək, bu iftiranın və şəriət qanunlarının əsasında, ən görkəmli islam xadimlərinin imzası ilə, hürufi elminin mahiyyətini təhrif edən fitva[4] çıxarılıb uluslara, şəhərlərə göndəriləcək, beləliklə, Teymur səltənətinin paytaxtı Səmərqənddən başlamış,Teymurun varislərinin və əmirlərinin hakim olduqları yerlərin hamısında, hürufi əqidəsinə qulluq edənləri təqib və qırğınların yeni dalğası başlanacaq, Fəzl müridlərinin böyük əksəriyyəti məhv olacaq, salamat qalanlar yazacaqdılar: «Başımız çox bəlalar çəkmişsə də, biz amal və əqidəmizdən imtina etmirik. Biz bilə-bilə həyatdan əl çəkmiş, arvad-uşaqlarımızı qəddar düşmənin əlində qoymuşuq və son nəfəsimizə qədər mübarizə apararaq, Hüseyn[5] kimi öz həyatımızı əqidəmizə qurban verməyincə sakit olmayacağıq[6]… İllər keçəcək, bir vaxt da gələcək, həyatı əqidəyə qurban verməyi insan üçün ən yüksək kamillik hesab etsələr də, onlar, qələbə arzusu ilə, müxtəlif təriqətlərə qoşulmağa vadar olacaqdılar, bu səbəbdən də bir tərəfdən islam təzkirəçiləri, o biri tərəfdən frəng[7] səyyahları onları şiə, qələndəri, bəktaşi və sair, hürufilikdən kəskin fərqlənən təriqət adları ilə adlandıracaq, beləliklə, bu dolaşıqlıq və hərc-mərclik içərisində, hürufi anlayışı üzərinə qatı bir anlaşılmazlıq dumanı çökəcək, zaman keçdikcə sonrakı əsrlərdə bu duman daha da qatılaşacaqdı.
Teymurun
1
Sədrəddin – yüksək ruhani rütbəsi.
2
Əsnaf – “sinif” sözündən, peşəkarlar.
3
Həkim – filosof.
4
Fitva – hökm.
5
Hüseyn(Həllac Mənsur) – X əsrdə İslam qaragüruhuna qarşı məşhur həllacı hərəkatının başçısı, bütün Şərqdə qəhrəmanlıq rəmzi kimi tanınmışdır.
6
Şahruxa sui-qəsd münasibətilə Səmərqəndə göndərilən məktubdan.
7
Fərng – avropalı.